Elida MUXAYEVA: Nuş olsun, müdirə!..

Elida MUXAYEVA: Nuş olsun, müdirə!.. Son vaxtlar insanların özbaşınalığı, adam saymazlığı, mənəm-mənəmliyi ənənəvi hal alıb. “Burda mən, Bağdadda kor xəlifə” düşüncəsi insani keyfiyyətlərə zidd olsa da, insan bilib vəzifə başında oturdulanların şüarıdır. Sizə nəql edəcəyim də elə buradakı “xəlifə” ilə bağlıdır.
Müdir, müdirə - bunlar çox məsuliyyətli və cavabdehlik daşıyan vəzifələrdir. Bəli, VƏZİFƏ! Yuxarıda vurğuladığım kimi cavabdehlik daşıyan vəzifə! Lakin bu dəlalət etmir ki, vəzifədən sui istifadə edib insanlarla kobud davrana və adi vətəndaşları görməzdən gələsiniz. Görəsən sizə kim və nə bu hüququ verir!? Ey vəzifələrinə cavabdeh şəxslər, bir sualı dinləyib cavab vermək bu qədərmi çətindir, bu qədərmi mürəkkəbdir!?
Hər bir normal valideyn çalışır ki, yetişdirdiyi övlad bütün mənfi xüsusiyyətlərdən uzaq bir şəxsiyyət olsun. Bunun üçün əvvəlcə uşaqlar uşaq bağçalarına, sonra məktəblərə müəllim, tərbiyəçi adını daşıyan insanlara həvalə olunur.
Əgər bağça müdirəsinin özü göz görə-görə yalan danışırsa, tərbiyəsini həvalə etdiyimiz uşağın gələcəyini təsəvvür etmək o qədər də çətin deyil.
Bu gün uşağı aylar öncə yazdırdığım bağçaya onun növbəsinin çatıb, çatmadığını öyrənmək üçün yollandım. Müdir otağına çatanda otağı boş gördüm. Qarşı otaqda qadınların səsini eşidib oraya üz tutdum. Sən demə həmin otaq yemək otağı imiş. “Üzr istəyirəm, müdirə xanım lazımdır” – deyə dilləndim. Və o an kiminsə başını arxaya çəkdiyini gördüm. Başsız ayaqlar isə müdirə xanımı ələ verirdi. Xanımlar bir-birlərinin üzünə boylanaraq “Müdirə xanım sabah olacaq” dedilər. İçimdəki maraq qadınların niyə o tərəfə baxaraq danışdıqlarını öyrənməyə vadar etdi. Görəsən o ayaqları görünən başsız bədən kim idi, niyə xanımlar onun üzünə baxıb danışırdılar. Bəli hisslərim məni aldatmamışdı. Müdirə xanım oturub iştahla nahar edirdi. Müdirə xanım eşidib ki, texnika dövrüdür, gənclərin gözləri zəifdir. Bəli, bu acı həqiqətdir. Ancaq, əziz müdirə xanım, siz özünüzü bir iynə və ya bir hərflə deyəsən səhv salmısınız.
Çörək üstündən insanı qaldırmaq insafsızlıqdır. Özü də ki o adam “müdirə xanım ” ola, o boyda bağça “müdirəsi”. Mən kiməm ki, sadə bir insan, Azərbaycan vətəndaşlığı belə olmayan şəxs. Nə olsun ki mən də müsəlmanam, mən də milliyyətcə azərbaycanlıyam, mən də bir qadınam. Amma mən müdirə deyiləm, heç müəllim də deyiləm. Axı mən kiməm müdirə xanım qızıldan qiymətli vaxtını ayırıb mənim salamıma dil yorub salam desin. Və ya qızıldan qiymətli dəyərli başını sadəcə yırğalasın.
Sözün qısası, mən müdirə xanımı çörək üstündən qaldırmaq cəsarətini özümdə tapa bilmədim. Tapsam belə müdirə xanımın qaşığını əlindən yerə qoymaq fikri yox idi. Deyəsən sözün əsl mənasında müdirə xanım çox ac idi. “Nuş olsun, müdirə xanım, sizi bayırda gözləyirəm”- dedim və otağı tərk etdim. Mən bayırda müdirə xanımı gözləməkdə olum, o da qarnını doydurmaqda. Çöldə cəmi 20-30 saniyə gözləmişdim ki, bağçanın texniki işçisi yaxınlaşaraq “Çıxırsınız, qapını bağlayıram, müdirə sabah olacaq” - dedi. İndi mən gördüyüməmi inanım, yoxsa bu xanımın sözlərinə? Mən sözlərimin üstündə qətiyyətlə dayansam da, xanım “boşuna gözləmə, müdirə sabah olacaq, sabah gələrsən” - sözlərinin üstündə durmaqda məndən daha qətiyyətli oldu.
“Ay xanım, evdə xəstəm var, hər gün evdən çıxa bilmirəm”. Görün bir nə danışıram, axı müdirə xanıma nə mənim xəstəmdən. Burada deyərlər: “Qarın qardaşdan irəlidir”.
Bəli, ey millətim, oxuyun siz qərar verin. Göz görə-görə yalan danışan bağça müdirəsindən və müdirənin yalanına ortaq olan tərbiyəçilərdən hansı tərbiyəni görə bilərik. Həmişə günahı zamanda axtarırıq. Zamanı öz yalanları və özbaşınalıqlarına alət edən dırnaqarası insanlarda deyil. Qınaq obyektimiz nədənsə bu tip canlılar deyil, öz axarı ilə səssiz-sədasız axıb gedən zaman olur.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: