Elida Muxayeva: Lüğətimizdə ÜMİD adlı bir söz var...

Elida Muxayeva: Lüğətimizdə ÜMİD adlı bir söz var...Dəstəsində üç qəpik qalır!

Həyat kimiyə kefdir, nəşədir, kimiyə ağır şələdir. Hər gün rastlaşdığım hadisələr isbat edir bu deyimi, sizə söhbət açacağım taledə kef, nəşə yox, həyat ona ağır şələ, bir qadının zərif, zəif bir məxluqun çəkə bilməyəcəyi yüklər yüklədi, həyat onunla elə oyunlar oynadı ki, bu oyunlardan usandı, bezdi, daha bəsdir, kifayətdir, bağırdı, üsyan etdi, lakin həyat dur demədən, tanri hökm etmədən dayanmır bu əzablar!
Əzablar onu qocaltdi, simasında o dəqiqə hiss olunur necə acılar çəkdiyi, əziyyətlərə qatlaşdığı!
68 yaşlı Səriyyə nənə Salyan rayonundandir, artıq neçə illərdir paytaxt küçələrində binaların qarşısında göyərti satır, qışın şaxtasında, yayın istisində bir gün belə tərk etmir alverini, hətta onu dəfələrlə xəstə gördüm, yenə də gəlmişdi taleyin ona qismət etdiyi işinin başına!
Bu, nənənin səfalar sürdüyü vaxtlarda oldu, lakin cəfa çəkdiyi, min bir əziyyətlərə qatlaşdığı, bir qarını ac, bir qarını tox yaşadığı vaxtlar əksəriyyət təşkil etdi!
“İçdiyim şərbətlər qan, irin oldu, burnumdan gəldi, qışda içdiyim dəmsiz, soyuq çaylar, yayda içdiyim qan tək sular, məni həyatda mübarizəyə , yaşamağa, həyatıma davam etməyə səslədi” - söyləyir Səriyyə nənə!
Əziz oxucum,yəqin ki təssəvür etdiniz bir qadının yaşadıqlarını və bu iki cümləylə nələr demək istədiyini, əslində bu iki cümlə danışır sizə bu qadının nələr yaşadığını!
Həftənin iki gününü yaşadığı rayondan paytaxta qədər gələn nənə, bir parça çörək arxasınca galir, xəstə həyat yoldaşının, fərsiz oğlunun ona yedirə bilmədiyi çörək arxasınca!
Yeddi nəfərdən ibarət olan ailənin yükü bu nənənin çiyinlərindədir, onsuz da hər ağırlığa qatlaşan çiyinlərində. Bu ailənin taleyi isə nənənin göyərti ,qatıq alverinin necə getməsində!
Bir dəstə göyərtidən üç, bir balon qatiqdan əlli qəpik tutan nənə bununla ailənin gündəlik çörək pulunu çıxarır, qeyrətsiz oğul və atasına çəkmiş nəvə nənənin göyərtilərinin pulu ilə keçinib, günləri ayları beləcə yola verirlər!
Nənə hamının qorxduğu ölümdən qorxmur, əksinə o günü özünün qurtuluş günü, yaradanın onu mükafatlandıracağı gün adlandırır!
Həyatın gözünə dik baxdığı kimi ölümün də gözünə dik baxır, həyatdan giley-güzar edəndə, təsəllisini ölümlə mükafatlanacağı günlə tapır, fələk ona oyun oynayır, fələklə qumarda uduzan bu mərd qadın bir gün onu məğlub edəcəyinə ümidlə yaşayır!
Yaxşı ki lüğətimizdə ümid adlı bir söz var, hamımızı yaşamağa ruhlandıran ÜMİD!!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: