C.Məmmədquluzadə elə ilk məqaləsindən avam camaatın anlayacağı sadə bir dildə yazır, qələm sahiblərini bu yola çağırırdı. Xalqda öz ana dilinə məhəbbət duyğularını oyatmağa çalışırdı. “Salınız yadınıza o günləri ki,ananız sizə bu dildə layla çalırdı”, -deyir. “Molla Nəsrəddin”in ətrafında toplaşanlar milli yazıçılar idi. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, Məmməd Səid Ordubadi və başqa şair, yazıçılar fəaliyyət göstərirdilər. Jurnalın dərin məzmunlu karikaturalarını Rotter, Şmerlinq, Ə.Əzimzadə çəkirdi, Təbriz nömrələrinin rəssamı Əli Behzad olmuşdur.
Dövrün inqilabçı publisistləri,maarifpərvər yazıçıları “Molla Nəsrəddin”ə rəğbət bəsləyir,onu qara qüvvələrdən müdafiə edirdilər.N.Nərimanov,Ü.Hacıbəyov,F.Köçərli,S.Hüseyn və başqalarının bu sahədə səyi xüsusi qeyd olunmalıdır. Jurnalın dostları ilə yanaşı düşmənləri də çox idi. Zəhmətkeş xalq, dövrün ziyalıları ona arxa duran əsas qüvvə idi. Jurnalın redaksiyası çap polisi tərəfindən dəfələrlə müsadirə olunmuş, nəşrini senzura qadağan etmişdir. Bu barədə “Molla Nəsrəddin” səhifələrində karikaturalar, qeydlər, işarələr çoxdur. Jurnala senzura nəzarətini C.Məmmədquluzadə sonralar belə xatırlayırdı: “Kim idi sansorlar? Elə bədbəxtliyin bir böyüyü də bu idi ki,bizim o vaxtın mətbuatının bir düşməni hökümət qanun və qərardadları ola-ola, o biri düşmənləri də Kişmişov kimi sansorlar idi”.
Mirzə Cəlil mürgüləməkdə olan məzlum Şərqə üz tutub mənalı bir tərzdə deyirdi: “Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə güman etmiyəsiniz ki, “Molla Nəsrəddin”ə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız cəmalınıza”.
“Xatiratım” əsərindən öyrənirik ki,Ə.Hüseynzadə “Molla Nəsrəddin”in sadə yazı üslubunu təqdir edərək Mirzə Cəlilə demişdir: “Yaxşı yazırsınız...Açıq yazmağı da bacarmaq lazımdır”.
C.Məmmədquluzadə Marağalı Zeynalabdinin “İbrahim bəyin səyahətnaməsi” əsərini dönə-dönə qiymətləndirmiş və “Həmşəri” felyetonunda yazırdı: “Arazı hoppanın,keçin tarmar vətəninizə və... “İbrahim bəyin “Səyahətnaməsi”ni oxuyun,oxuyun,oxuyun... Və oxuyandan sonra bir qədər fikir edin... Çünki, Vallah, billah, yer haqqı, göy haqqı bundan başqa sizdən ötrü nicat yolu yoxdur”.
Jurnalın ilk nömrələri ancaq C.Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin gücünə çap olunurdu. Jurnalın 1-ci nömrəsində C.Məmmədquluzadənin “Dəllək” hekayəsi “Lağlağı” imzası ilə çap olunmuşdur. 1906-cı ilin 10-cu nömrəsindən başlayaraq “Molla Nəsrəddin”öz oxucularına epiqraf şəklində bildirirdi: “İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar”.
Jurnalda 2-ci qüdrətli qələm ustası poeziyamızda inqilabi satiranın banisi M.Ə.Sabir idi. Ən çox Ağlar Güləyən,Çingiz bəy,Hophop,Əbunəsr Şeybani imzaları ilə çap olunan Sabir “Molla Nəsrəddin”də bir çox başqa gizli imzalarla da çıxış etmişdir. Onun 1906-1911-ci illərdə jurnalda gedən qiymətli satirik şeirləri “Hophopnamə”nin əsasını təşkil etmişdir. Mirzə Cəlillə əqidə və məsləkcə dost olan Sabiri “Molla Nəsrəddin”siz, jurnalı isə Sabirsiz təsəvvür etmək çətindir. Sabir də Əli Nəzmi də bir-birindən xəbərsiz, “Molla Nəsrəddin”in 4-cü nömrəsindən başlayaraq jurnalın ən fəal əməkdaşları olmuşlar. “Millət necə tarac olur-olsun” Sabirin “Molla Nəsrəddin”də çıxan ilk şeiridir.
Əli Nəzmi isə jurnalda əvvəllər nəsr,sonra isə həm nəsr,həm də mənzum əsərlərini çap etdirmişdir. 1906-cı ildən jurnal bağlanana qədər onun mübariz yazıçısı, bəzən də müvəqqəti redaktoru, sovet dövründə isə uzun zaman məsul katibi olmuşdur. Şairin “Molla Nəsrəddin”də məşhur gizli imzaları Əlidəyənəkli, Məşədi Sijimqulu, Kefsiz, Sijimqulu idi.
Bədii gülüş ustası olan Ə.Haqverdiyev isə jurnalda Xortdan,Mozalan bəy, Ceyranəli imzalarını qəbul etmişdi. Jurnalda “Xortdanın cəhənnəm məktubları”, ”Marallarım” silsiləsindən hekayələri, ”Mozalan bəyin səyahətnaməsi”ni çap etdirmişdir.
Bir sözlə, “Molla Nəsrəddin” özünü xalqa sevdirməyi bacardı. Xalq tərəfindən çox böyük rəğbət qazanmış bir mətbuat orqanı olaraq yaddaşlarda dərin iz buraxdı.
Günay Məmmədova,
BDU-nun Filologiya fakültəsinin
3-cü kurs, 048-ci qrup tələbəsi.
BDU-nun Filologiya fakültəsinin
3-cü kurs, 048-ci qrup tələbəsi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.