Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

27 mart Beynəlxalq Teatr Günüdür

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Xalq artisti İbrahim İsfahanlı -120

Bildiyimiz kimi, XX əsr Tiflis Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında və tərəqqisində əsası 1872-c ildə qoyulmuş ilk Milli Teatrımız -
Tiflis Türk (Azərbaycan - M.B.) Dövlət Dram Teatrı mühüm rol oynayıb. İctimai teatr kimi fəaliyyətə başlayan həmin mədəniyyət ocağı qısa bir müddət ərzində öz ətrafına peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar - bütün bunlar teatra yeni-yeni uğurlar gətirib.

Beləliklə, teatr az bir vaxtda geniş auditoriya toplayıb.
Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının qarantına çevrilib. Hətta, Tiflis Türk (Azərbaycan - M.B.) Dövlət Dram Teatrı fəaliyyəti dövründə Tiflisin bir sıra teatrlarının maliyyələşdirilməsində də rol oynayıb. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz Möhsün Sənani, Mustafa Mərdanov, İbrahim İsfahanlı və başqaları da məhz bu teatrın yetirmələridir.

Öncədən onu da vurğulayaq ki, Tiflis Azərbaycan peşəkar teatrının formalaşmasında, truppanın dövlət statusu alaraq M.F.Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrıa çevrilməsində, kollektivin aktyor ansamblının sənətkarlıq səciyyələrinin təkamülündə, inkişafında, romantik aktyor məktəbinin
Gürcüstanda geniş intişar tapmasında da məhz həmin həmin sənətkarlar - unudulmaz mədəniyyət xadimlərimiz böyük əmək sərf etmiş və müstəsna xidmətlər göstərmişmişlər.

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Milli teatr tariximizə görkəmli aktyor və rejissor kimi daxil olmuş Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı, eyni zamanda teatr təşkilatçısı, sözün əsl mənasında səhnə fədakarı tanınmışdır. Unudulmaz sənətkarın «M.F.Axundov adına Tbilisi Azərbaycan Dövlət Musiqili Dram Teatrının tarixi» adlı xatirələri isə onu həm də teatr tarixçisi kimi yaşadır. «Xatirələr»in əlyazması Gürcüstan Dövlət Teatr, Musiqi və Kino Muzeyində saxlanılır.

«Xatirələr»dən parçalar ilk əvəllər Azərbaycan mətbuatında, habelə «Gürcüstan» qəzetində çap olunmuş, daha sonra «İbrahim İsfahanılı» kitabının (Tbilisi,1997) müəllifi, professor Şurədddin Məmmədli xatirələrin əsas hissələrini həmin kitaba daxil etmişdir.

Tanınmış tənqidçi-alim, filologiya elmləri doktoru, ədəbiyyatşünas və sənətşünas Adilxan Bayramov özünün "Səhnə ustalarımız: İbrahim İsfahalı" sərlövhəli məqaləsində həmin xatirələri milli teatr tariximizin inkişafı, ayrı-ayrı tamaşalar, rejissor və aktyorlarla bağlı tədqiqatların aparılması baxımından çox qiymətli məxəzlərdən biri kimi dəyərləndirmişdir.

İbrahim Hüseyn oğlu Hüseynzadə (əslində "İsfahanlı" onun səhnə təxəllüsü olub - M.B.) - 1897-ci ildə Tiflisdə fəhlə ailəsində anadan olub. 8 yaşında ikən atası Həsən kişi Allah rəhmətinə gedib və anası Molla Məsmə xanım İbrahimi ehtiyac üzündən onu çəkməçi yanına şagird qoyub. Balaca İbrahim çəkməçi yanında işləsə də, Tiflisin qaynar teatr həyatı onu özünə cəlb edib.
Uşaqlıq illərindən başlayaraq Tiflisin Şeytanbazar məhəlləsindəki çayxanalarda çalıb-oxuyan və dastan danışan aşıqlar, Türkiyədən gəlmiş Yaqub Şükri əfəndiyə məxsus çayxanada məşhur türk «Qaragöz oyunu»nu nümayiş etdirən Bəkir əfəndi, habelə cümə günləri Qarpız meydanında qoç «buynuzlaşdırılması» və xoruz döyüşdürülməsi, digər xalq oyun və tamaşaları ona ciddi təsir göstərmiş, teatr sənətinə meylinin ilk cizgilərini yaratmışdır.
O, əlinə pul düşən kimi məhəllə uşaqları ilə Zubalov adına "Narodnı Dom"da ("Xalq evi"ndə - M.B.), Artistlər klubunda, Gürcü Zadəgan (Əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxıb. Sonralar isə o, yerli həvəskarların hazırladığı tamaşalarda əvvəlcə tamaşaçı, daha sonra aktyor kimi iştirak etmişdir.

1908-ci ildə Tiflisdə baş vermiş bir hadisə onun həyatında silinməz izlər buraxmış, bəlkə də səhnəyə həmişəlik bağlanmasına səbəb olmuşdur. İbrahim İsfahanlı özü sonradan belə xatırlamışdır: «Küçələrə vurulmuş bər-bəzəkli afişalar 1908-ci ildə tiflisliləri Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd Şah Qacar» faciəsinin tamaşasına çağırırdı. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski, İrakli rolunu Əbülfət Vəli oynayacaqdı. Tiflisə qastrola gələn hər iki sənətkarın adı afişada iri hərflərlə yazılmışdı».

Həmin tamaşanı Hüseyn Ərəblinski özü hazırlamışdı. O vaxtlar Tiflisdə olan Ə.Haqverdiyev özü ona kömək etmişdir. Əsərdəki digər rolları Tiflis teatrının aktyorları oynamışlar. Böyük uğurla keçən tamaşanı o vaxtlar Tiflisdə yaşayan ziyalılar - Cəlil Məmmədquluzadə, M.A.Şaxtaxtlı, E.Sultanov, habelə gürcü ziyalıları da izləmiş, H.Ərəblinskini təbrik etmişlər.
İbrahim İsfahanlının xatirələrindən: «Ərəblinskinin o gecəki vüqarı, boy-buxunu, hələ də gözlərim önündədir – «bəli, bu belədir, belə də gərək olsun»- sözləri qulağımdan getməyib».

İbrahim İsfahanlı ilk dəfə səhnəyə qadın rolunda çıxmışdır. Peşəkar Tiflis Azərbaycan teatrının yaradıcılarından biri, xalq artisti Mustafa Mərdanov özünün «Xatirələri»ndə («Xatirələrim» adlanır) yazmışdır: «…Azərbaycan dilinə təbdil və tərcümə olunmuş «Xor-xor» vodevili əlimə keçdi. Burada məni, xüsusən əsgər Seyfullanın rolu çox maraqlandırdı. Fikrimi yaxın dostlarımdan Nadir İbrahimova və İbrahim İsfahanlıya bildirmək üçün ornları evimizə dəvət etdim. Əsəri biri yerdə oxuduq və bəyəndik».
Dostlar bu əsər əsasında tamaşa hazırlamağı qərara alırlar və müəyyən tərəddüdən sonra İbrahim İsfahanlı Zabitin arvadı rolunu oynamağa razılıq verir. Tamaşa uğurla keçir, eyni zamanda Mustafa Mərdanov, Nadir İbrahimov və İbrahim İsfahanlı səhnədə ilk addımlarını atır və öz talelərini həmişəlik teatıra bağlayırlar.

Özünün də yazdığına görə, bu hadisə 1909-cu ildə baş vermişdi. O, səhnəyə ilk dəfə 1909-cu ildə sonralar Xalq artisti olmuş Mustafa Mərdanovun və nasir, dramaturq, ilk azərbaycanlı baş rejissor Əbdürrəhim bəy Haqverdiyevin qayğıları sayəsində çıxıb. Elə həmin gündən də səhnəyə, aktyorluq sənətinə möhkəm tellərlə bağlanıb.

Gənc İbrahim İsfahanlını teatr aləminə gətirən böyük eşq və amal olub. Onun aktyorluğa başladığı illər Gürcüstanın teatr həyatının coşqun dövrü idi. Burada yerli aktyorlardan başqa, Rusiyanın görkəmli teatr kollektivləri, habelə xarici truppalar da çıxış edirdilər. Belə bir vaxtda sənət aləminə qədəm qoymaq və istedadlı bir aktyor kimi şöhrət qazanmaq hamı kimi İ.İsfahanlı üçün də çox çətin idi.

İbrahim İsfahanlı 1910-cu ildən isə Hüseyn Ərəblinski ilə eyni tamaşalarda çıxış etmişdir. O, Hüseyn Ərəblinskinin hazırladığı və özünün də iştirak etdiyi «Dəmirçi Gavə» tamaşasında Rüstəm, «Şamdan bəy» tamaşasında Rza bəy obrazlarını yaratmışdır. Əlbəttə, bütün bunlar İbrahim İsfahanlının bir səhnə xadimi kimi yetişməsində mühüm rol oynamış, aktyor özü belə yazmışdır: «Bu böyük sənətkarın mənə qarşı qayğısına məftun olub, iftixarla deyə bilərəm ki, mən də Hüseyn Ərəblinskinin şagirdlərindən biriyəm».

O zamanlar tez-tez Tiflisdə qastrolda olan məşhur bir aktyorun yazdığı kimi, "bu vaxtlar sənətkarın başına çələng də hörər, üstünə lax yumurta da ata bilərdilər.
Elə də ola bilərdi ki, aktyor eşqi ilə yaşayan həmin adam ancaq teatrın binasının fəsadına tamaşa etməli olardı."
Lakin nə yaxşı ki, İbrahim İsfahanlının aktyorluq fəaliyyəti uğurlu bir yolla başlayıb. O, öz istedadının parlamasını uzun zaman gözləməyib, az bir vaxtda Tiflis Azərbaycan teatrında məşhurlaşıb.

Görkəmli gürcü artisti Vaso Abaşidze, yazıçı-dramaturq Şalva Dadiani, ictimai xadim və aktyor Valerian Qunianinın təşəbbüsü və köməyi ilə 1909-cu ildə Azərbaycan teatr truppası Zubalov adına "Narodnı Dom"un ("Xalq evi"-nin) səhnəsində ayda iki-üç tamaşa göstərməyə icazə alıb.
Bu tədbir teatrın vəziyyətini xeyli yaxşılaşdırıb və truppanın hazırladığı tamaşaların keyfiyyətini daha da artırmağa səbəb olub.

Güclü aktyor truppasına sahib olan Tiflis Azərbaycan teatr dəstəsi (başqa sözlə, cəmiyyət - M.B.) 1911-ci ildə iki yerə bölünüb.
Birinci dəstə yuxarıda qeyd etdiyimiz Zubalov adına "Xalq evi"ndə fəaliyyət göstəririb və rəhbəri qocaman səhnə fədaisi Mirzəli Abbasov olub.
Gürcü Əyanlar teatrında yerləşən ikinci dəstəyə Mirseyfəddin Kirmanşahlı rəhbərlik edib.
İkinci dəstənin tamaşaları bədii səviyyələrinə görə daha yüksək olub və burada Panfiliya Tanailidi, Yəhya Məmmədov, Mustafa Mərdanov, Nadir İbrahimov, Həsən Səbri Abdullazadə kimi səhnə həvəskarları çalışıblar.
İbrahim İsfahanlı hər iki dəstədə aktyorluq etsə də, əsas rollarını demək olar ki, ikinci dəstədə oynayıb.

Sözün əsl mənasında bacarıqlı aktyor, rejissor və teatr təşkilatçısı kimi məşhurlaşan İbrahim İsfahanlının nəinki xüsusi teatr təhsili, hətta ibtidai məktəb təhsili belə olmayıb. Ancaq o, sanki anadan fitri istedada malik aktyor kimi doğulub, güclü fəhmlə səhnənin bütün incəliklərini duyub, daima çağlayan qüdrətli daxili ehtirasından bacarıqla istifadə edib. Əslən Başkeçidin Lök Candar kəndindən olan anası Molla Məsmə xanımdan yazı-pozunu öyrənərək zəngin mütaliəyə sahib olub.
Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub.
Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı olub.

Bəli, İbrahim İsfahanlı xüsusi teatr təhsili görməsə də, o, istedadlı aktyor, rejissor və yazıçıların əhatəsində böyüyüb və öz istedadı sayəsində yüksək sənət zirvəsinə qalxıb.
Xüsusi olaraq vurğulamalıyıq ki, həmin illərdə realist Azərbaycan yazıçı və səhnə ustalarının yaradıcılığı, sözün həqiqi mənasında, böyük bir məktəb olub.

Azərbaycan teatr tarixindən də məlum olduğu kimi, 1917-ci ildə Tiflisdə "İttihad""İbrət" dram dəstələri olub və onlar sonradan həmin dövrdə Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə birləşib daha kamil truppaya çevriliblər. İbrahim İsfahanlı "İttihad"da həm aktyorluq edib, həm də bir rejissor kimi tamaşalar da hazırlayıb. "İttihad""İbrət" birləşərək "Müsəlman dram artistləri cəmiyyəti" olandan sonra teatr dəstəsinin fəaliyyət dairəsi genişlənib.

Rəhbərləri Mirseyfəddin Kirmanşahlı, Mirzəli AbbasovMustafa Mərdanov, əsas təşkilatçılardan biri İbrahim İsfahanlı olmaqla, bu dəstə Gürcüstanın müxtəlif iri şəhərlərində, Acarıstanın Batum, Azərbaycanın Gəncə, Göyçay, Zaqatala, Şəki, Ağdam, Türkiyənin İstanbul, İranın Tehran, Təbriz, Rəşt, Xoy, Ənzəli və başqa şəhərlərində dəfələrlə qastrol səfərlərində olub.
Xüsusən də altı aydan çox çəkən İstanbul qastrolu daha uğurlu keçib.

Həmin qastrollarda İbrahim İsfahanlı eyni zamanda Mirzağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Möhsün Sənanı, Əşrəf Yuzbaşov və b. kimi sənətkarlarla birlikdə səhnəyə çıxmış, bir-birindən maraqlı obrazlar yaratmışdır.

1920-1921-ci illərdə Tiflisdə Azərbaycan teatrı kollektivinin işində daha güclü təkamül başlayıb və təbii ki, yeni mərhələyə keçidin önündə gedənlərdən biri də İbrahim İsfahanlı olub. Ələkbər Seyfinin rəhbərliyi və onun rejissorluğu ilə truppanın yığcam bir dəstəsi (Əhməd Salahlı, Əli Qurbanov, Əsəd Xəlilov, İsmət xanım, Srubi Qaraqaş) Türkiyənin Qars, Sarıqamış, Ərzurum şəhərlərində uğurlu qastrol tamaşaları göstəriblər.

İbrahim İsfahanlı teatrın müxtəlif truppalar halında fəaliyyət göstərdiyi illərdə həvəskar aktyor kimi çoxlu rol oynayıb.
Hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib.

İbrahim İsfahanlının aktyor kimi müxtəlif illərdə səhnəyə çıxdığı obrazların əsas qismi Rüstəm, Xubçöhr və Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Fərhad, Tavad Sereteli ("Bəxtsiz cavan" və "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Gürcü bəy, Rza bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Gülçöhrə və Əsgər, İbn Salam, Gülnaz ("Arşın mal alan", "Leyli və Məcnun" və "Məşədi İbad", Üzeyırbəy Hacıbəyov), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəzıri", Mirzə Fətəli Axundzadə), Mayor Xudaverdi bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) və b. rollarından ibarətdir.

Qeyd etməliyik ki, 1921-ci il Tiflis Azərbaycan Teatrı üçün yeni mərhələyə keçidin astanası olub. Belə ki, teatr kollektivinin Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilməsi üçün Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı ilə bərabər İbrahim İsfahanlı da böyük xidmətlər göstərib, coşğun səylə çalışıb.

Bu çalışmaların nəticəsi olaraq, Tiflis Azərbaycan teatr truppası 1922-ci ildə dövlət teatrı statusu alıb, M.F.Axundov adına Tiflis Dövlət Türk (Azərbaycan -M.B.) Dram Teatrına çevrilib və beləliklə Tiflis Azərbaycan Dram Teatrı yaradıcılığının yeni mərhələsinə qədəm qoyub. O, bu teatrın aparıcı akyorlarından biri olmaqla yanaşı, rejissoru, daha sonra baş rejissoru olmuş, həm aktyor, həm də rejissor kimi tamaşaçılara bol-bol teatr sevinci bəxş etmişdir.

Fəlsəfə elmləri doktoru, professor, uzun illər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələr daşımış mərhum Teymuraz Cəfərli özünün "Böyük dostluğun səhifələri" adlı kitabında vurğulayıb ki, Gürcüstanda Sovet hakimiyyəti qurulmazdan xeyli əvvəl, inqilabi ruhlu azərbaycanlı ziyalılardan Əşrəf Yüzbaşov, Hüseyn Şabanov, Əli Tağızadə, Həsən Səbri, Məmməd Cəfərli, Mirzə Davud Rəsulzadə və başqaları da teatr sənətinin tərəqqisi yolunda əllərindən gələni əsirgəmirdilər.

Sovet hakimiyyətinin mövcudluğu illərində Azərbaycan aktyorlarının truppası Dövlət Teatrına çevrilib. Gürcüstanda Azərbaycan teatrının əsl çiçəklənmə dövrü də məhz bu vaxtdan başlayır. Kommunist Partiyası və Sovet dövlətinin teatra qayğısı nəticəsində həvəs və məhəbbətdən daha ciddi sənət problemlərinin həllinə girişildi. İstedadlı aktyor kollektivi müasir dövrün tələbləri ilə ayaqlaşmağı özünə böyük borc və şərəf bildi. Bütün bu işlərdə İ.İsfahanlının coşqun yaradıcı əməyi olub.

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Romantik ruhlu aktyor İbrahim İsfahanlı 1926-1928-ci illərdə Tiflis Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru işləyib.

1 oktyabr 1928-ci ildə Bakıya, Akademik Milli Dram teatrına gəlib.

Tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 15 yanvar 1930-cu ildə yenidən doğma kollektivə qayıdıb.


Türk səhnəsinin 60 və Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının 10 illik yubileyi və böyük sənət uğurları münasibətilə 4 mart 1932-ci ildə İbrahim İsfahanlıya Gürcüstan Respublikasının xalq artisti fəxri adı verilib.

1934-cü ildə Azərbaycan və Osmanlı türklərinin yaşadıqları Gürcüstanın ərazisində yerləşən Adıgün rayonunda səyyar Kolxoz və Sovxoz Teatrı yaradılıb.
Tiflis teatrının kollektivinin yarısı, başda İbrahim İsfahanlı olmaqla, Adıgünə gəlib teatrın bünövrəsini qoyublar.

Adıgün Dövlət Kolxoz və Sovxoz Teatrı 1936-cı ildə bağlanıb və bütün kollektiv Tiflisə qayıdıb.
Həmin illərdə Tiflis Teatrının baş rejissoru Yusif Yulduz olub.

İbrahim İsfahanlı 1936-cı ildən teatr bağlanana qədər bu kollektivdə aktyor, müəyyən mərhələlərlə rejissor, baş rejissor, bədii rəhbər kimi fədakarlıqla çalışıb.
Səmərəli yaradıcılıq yolu keçən teatr təəssüflər olsun ki, 1947-ci il yanvar ayının 2-də heç bir səbəb göstərilmədən bağlanıb.

Tiflis Azərbaycan Dövlət teatrı bağlanandan sonra o, öz sevimli peşəsindən ayrılmamış, Azərbaycana gələrək əvvəlcə Zaqatala (iyul 1947-may 1948), daha sonra isə Qazax (may 1948-may) Dövlət teatrlarına rəhbərlik etmiş və baş rejissor kimi çalışmışdır.
1949-cu ildə bu teatrlar da bağlanandan sonra İbrahim İsfahanlı yenidən Tiflisə qayıdıb. Tiflisdə, Başkeçiddə, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan digər rayonlarında həvəskar aktyorların iştirakı ilə tamaşalar hazırlayıb, dram dərnəklərinə rəhbərlik edib,
Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışıb.

Arada iki il Bakıda akyorluq etdiyini çıxmaqla İbrahim İsfahanlı əsil peşəkar səhnə ustası kimi zəngin yaradıcılıq irsi formalaşdırıb.
Həmin illər ərzində ifa etdiyi rollar bədii-estetik səciyyələrinə, oyun peşəkarlığına, ifadə vasitələrinin rəngarəngliyinə görə parlaq sənətkarlıq xüsusiyyətlərini özlərində cəmləşdiriblər.

Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", Hüseyn Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", Vilyam Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Vurm və Hofmarşal ("Məkr və məhəbbət", Fridrix Şiller), Süleyman ("Həyat", Mirzə İbrahimov), koroğlu ("Koroğlu", Heydər İsmayılov), Pyer ("İki yetimə", Adolf D'Enneri və Germon), Zöhrak və Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), General Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Yaqor, ("Vətən namusu", Georgi Mdivani), Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Şapur, Vaqif və Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Nizami ("Nizami", Mehdi Hüseyn), Heybət ("Ürəkçalanlar", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Fikrət Əmirov) və b. rollarıdır.

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Milli teatr sənətimizin qüdrətli simalarından olan İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında onlarla əsərə quruluş verib, qırxdan çox əsəri tamaşaya hazırayıb. Bunların arasında Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu" operalarına, "Arşın mal alan", "Məşədi İbad" operettalarına, Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", Vilyam Şekspirin "Otello", "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Hüseyn Cavidin "İblis", "Uçurum", "Knyaz", "Şeyx Sənan", "Topal Teymur", Cəfər Cabbarlının "Od gəlini", "Aydın", "Almaz", "Sevil", Səməd Vurğunun "Vaqif", "Xanlar", "Fərhad və Şirin", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", Aleksandr Tolstoy və Pavel Şeqolvevin "Romanovlar xanədanının son günləri", Vladimir Kirsonun "Küləkli şəhər", Rza Şahvələdin "Qız qalası", "Dağlılar", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Əbdülhəq Hamidin "Hind qızı", Sandro Şanşiaşvilinin "Anzor", Akaki Seretelinin "Kinto", Aleksandr Dümanın "Qanlı qala", Nikolay Qoqolun "Müfəttiş", Henrix Heynenin "Əl Mənsur", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Nəriman Nərimanovun "Nadir şah", "Şamdan bəy" ("Dilin bəlası"), Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", "Köhnə dudman", "Ac həriflər", "Pəri cadu", "Bəxtsiz cavan" əsərlərinə verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb.

Teatr İ.İsfahanlı üçün doğma evi kimi olub. O burada həm rejissorluq, həm də aktyorluq edib. Bir aktyor kimi o, daha çox romantik səpkili qəhrəmanların səhnə təcəssümünə meyl göstəririb. Fəaliyyəti dövründə səhnədə 300-dək obraz canlandırıb. Həmin obrazlar vasitəsilə tamaşaçıları həyat vərdişlərinə qarşı mübarizəyə və yüksəlişə səsləyirib.

Onun yaratdığı Şeyx Sənan («Şeyx Sənan»), İsgəndər («Ölülər»), Elxan («Od gəlini»), Aydın («Aydın»), Vaqif və Qacar («Vaqif»), Nəbi («Qaçaq Nəbi»), Otello («Otello»), Hamlet («Hamlet») obrazları şahidlərin hafizəsində bu gün də yaşayır.

İ.İsfahanlı həmişə deyərmiş ki, mənim ən fərəhli günlərim, xoşbəxt çağlarım teatrda keçib. Lakin bu o demək deyildi ki, böyük sənətkar sənətin başqa sahələrində iştirak etməyib. Əksinə o, həyatının son dövrlərində də böyük bir şövqlə Tbilisidə teatr, musiqi kollektivlərinə rəhbərlik edib, bədii qiraət ustası kimi Azərbaycan və gürcü poeziyasının alovlu təbliğatçılarından biri olub.

Məşhur aktyor Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun 1962-ci ildə "Azərbaycanfilm" Kino Studiyası tərəfindən istehsal olunmuş "Böyük dayaq" filmində Yarməmməd roluna çəkilib. Yarməmməd rolu qocaman artistin son illərinin yaradıcılıq məhsulu kimi daha qiymətlidir.


Azərbaycan mədəniyyətinin və ictimai fikrinin bir sıra qabaqcıl nümayəndələri kimi görkəmli aktyor və rejissor, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı da Qafqaz xalqlarının mədəni yüksəlişi və işıqlandırılması uğrunda özünəməxsus böyük bir sənətkar kimi xalqın rəğbətini qazanıb. Onun sənəti, ictimai fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib.

1958-ci ilin iyul ayının 29-da Tbilisidə İbrahim İsfahanlının anadan olmasının 60 illiyinin təntənə ilə qeyd edilməsi də ona göstərilən diqqət, hörmət və məhəbbətin ifadəsi idi.

Həmin gecə İbrahim İsfahanlı "Nadir şah", "Hamlet", "Oqtay Eloğlu" tamaşalarından bəzi səhnələri ifa edib.
Onun saçları gümüşü qışdan xəbər versə də, böyük sənətkar səhnədə yenə də alovlu, ehtiraslı və cazibədar idi.
Təsadüfi deyil ki, gürcü mədəni-ictimai mühitində xüsusi yeri olan Akaki Xorava İbrahim İsfahanlı haqqında yazmışdır:
"Sənin, doğma mədəniyyətinin inkişafına, xalqının tərəqqisinə sərf etdiyin namuslu, xeyirxah zəhmətin və istedadın ən yüksək qiymətə layiqdir".

...Amma təəssüflər olsun ki, İbrahim Hüseyn oğlu İsfahanlının sənət eşqilə vuran qəlbi 13 oktyabr 1967-ci ildə Tiflisdə dayanıb.
Coşqun, yaradıcı mədəniyyət xadiminin vəfatı Tiflis Azərbaycan Teatrı üçün ağır itki olub.


Tiflis ədəbi-ictimai mühitində Azərbaycan çoxşaxəli mədəniyyətinin təbliğ edilməsində əvəzsiz rolu və xidmətləri olan böyük sənətkar - Gürcüstanın Xalq artısti İbrahim İsfahanlının əziz xatirəsi və eləcə də onun yaratdığı unudulmaz səhnə obrazları qəlbimizdə, xəyalımızda daim yaşayır və yaşamaqdadır.

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) 1997-ci ildə Gürcüstan Mədəniyyət Nazirliyinin qərarı ilə onun 100 illik yubileyi respublika miqyasında qeyd edilmiş, xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı evə xatirə lövhəsi vurulmuş, Tbilisi şəhərindəki küçələrdən birinə İbrahim İsfahanlının adı verilmişdir.
Dəyərli soydaşımız, tanınmış Borçalışünas-alim, Gürcüstan Milli Ədəbiyyat Akademiyasının akademiki, hazırda Ərdahan Universitetində çalışan, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli unudulmaz sənətkarın həyat və fəaliyyəti haqqında "Gürcüstanın Xalq artısti İbrahim İsfahanlı" (1997) adlı qiymətli bir kitab yazmış və Tbilisidə nəşr etdirmişdir.

Onu da qeyd edək, qüdrətli aktyorun və rejissorun bizə irs qoyub getdiyi sənət ənənələri bu gün də aktuallığını qoruyur, Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluğu, habelə onların gürcü mədəniyyəti ilə əlaqələri kontekstində öz bəhrəsini verir.

Belə ki, 1947-ci ildə heç bir əsas göstərilmədən fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən işə başlayıb.
2004-cü ildə Tbilisi Azərbaycan Teatrına yenidən Dövlət statusu verilib. Qərar teatrın inkişafının yeni mərhələsinin əsasını qoyub.
Teatr hazırda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyır.

Azərbaycan-Gürcüstan ədəbi-mədəni dostluq əlaqələrinin gündən-günə möhkəmlənməsinin teatrın inkişafına təsiri danılmazdır.

Biz də zəngin tarixə malik olan Tiflis azərbaycan Dövlət Dram Teatrına uğurlar arzulayırıq!..

Və bir daha: "Allah sənə rəhmət eləsin... Ruhun şad olsun, əziz İbrahim İsfahanlı!.." - söyləyirik.

Müşfiq BORÇALI,
ZiM.Az - "ZİRVƏ" İnformasiya Mərkəzinin
və "ZİYA" qəzetinin Baş redaktoru



Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: