“Muxtarova hər şeydən əvvəl alovlu, vulkanik temperament deməkdir. Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm.
Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki
De Qrasso idi. Muxtarova kimi o da sadə bir adam idi, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya vergisi, ən yüksək həqiqətləri kəşf etmək vergisi”.
Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.
Milli səhnəmizdə vokal ifaçılığın, klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk səhnə qaranquşlarından biri də Fatma Muxtarovadır. Onun messo-soprano səsi olub və bu səs sinədən gəlib, bulaq kimi qaynayıb, bütün not düzümündə sərbəst gəzişə bilib.
Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə
Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub.
Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Əvvəlcə Rostovda yaşayıblar və bir neçə ildən sonra Peterburqda məskunlaşıblar.
Burada tale ailəyə qəfil zərbə vurmuş, Səttar kişi gözlənilmədən vəfat etmişdir. Peterburqda heç bir yaxın qohumu, simsarları olmayan ailə az keçməmiş bir qarın çörəyə möhtac qalıb. Gözəl və şirin səsi olan, rus dilində sərbəst danışmağı öyrənmiş balaca Fatma evə ruzi gətirmək üçün küçə müğənniliyinə başlayıb. O, əvvəlcə özü şarmanka çalıb oxuyub. Sonralar ifaçılığını qarmonun müşayiətilə davam etdirib. Yeni-yeni serenadalar, nəğmələr, hətta qədim rus romanlarını özünün “Küçə” repertuarına daxil edib. “Katya” təxəllüsüylə məşhurlaşan Fatma rus meydan teatrının təmsilçiləri skamo-roklara qoşulub, bir müddət küçə oyunbazları ilə şəhərləri gəzib, “təlxəklər” qrupunda solist olub.
Günlərin bir günündə yeniyetmə yaşına qədəm basan Fatma və xalq teatrı truppası Saratova gəliblər. İstedadlı müğənnini təsadüfən dinləyən “Saratovskaya vedomosti” qəzetinin redaktoru A.Arxangelski bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran kəsilib. O, elə həmin gün bu barədə Saratov konservatoriyasının professoru M.Medvedevə danışıb. Bu iki ziyalının xeyirxahlığı onu sənət yoluna gətirib.
Azərbaycan səhnəsinə salam!
F.Muxtarovanın arzusu Azərbaycan səhnəsinin aktrisası olmaq idi. 1923-cü ildə Azərbaycan teatrının 50 illik təntənəsi münasibətilə onun göndərdiyi təbrik məktubu indi də qalır: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram”.
1923-cü ildə Bakıda növbəti çıxışında isə artıq Fatma xanıma münasibət xeyli dəyişmişdi, onu tanıyanların, sevənlərin sayı artmışdı. Fatma xanımın ilk çıxışı “Karmen” operasında oldu. Bütün tamaşa boyu onu bol-bol alqışlarla mükafatlandırdılar. Qəzetlərdə dərc olunan yazılarda onu “ilk qaranquş” adlandırdılar.
Yalnız 1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir. Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür. Buna baxmayaraq, onun nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər nə öz dostlarını (Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini), nə ən ağır günlərində onun köməyinə gələnləri, nə də öz hamisi – Murtuza Muxtarovu (Murtuza Muxtarov öz ölümünə qədər – 1919-cu ilədək daimi maddi köməyini ondan əsirgəməmişdi) unutmurdu.
Fatma Muxtarovanın yaradıcılığını zinətləndirən, səs diapazonunun genişliyinə vüsət açan, yaradıcılıq əlvanlığına təravət gətirən əsas partiyaları belə düzümdə sıralamaq olar: Marfa və Marina, (“Xovanşina”, Modest Musorqski), Lyubaşa, Bahar (“Çar gəlini” və “Qar qız”, Nikolay Rimski-Korsakov), Amneris, Auzçena, Madalena (“Aida”, “Trubadur” və “Riqoletto”, Cüzeppe Verdi), Dalila (“Samson və Dalila”, Kamal Sen Sans), Aksinya (“Sakit Don”, Ivan Dzerjinski), Karmen (“Karmen”, Corc Bize. Tərcümə edəni Nigar Rəfibəyli), Qrunya (“Potyomkin zirehli gəmisi”, Oles (Aleksandro) Çişko), Zibel (“Faust”, Şarl Quno), Lyubov (“Mazepa”, Pyotr Çaykovski), Qrafinya Polina “Qaratoxmaq qadın”, Pyotr Çaykovski), Vanya (“Ivan Susanin”, Mixail Qlinka), Ortruda (“Loenqrin”, Rixard Vaqner), Puqaçovun arvadı (“Qartal qiyamı” və ya “Puqaçovçular”, Andrey Paşşenko), konçakovna (“Knyaz Iqor”, Aleksandr Borodin), Əzra (“Nizami”, Əfrasiyab Bədəlbəyli).
Görkəmli opera solistinin yaradıcılığının zirvəsi Karmen partiyası sayılır. Müğənni bu partiyanı müxtəlif teatrlarda uğurla ifa etmişdir. Fatma Muxtarovanın Karmenin sayəsində əldə etdiyi nailiyyət dünyanın ən qüdrətli ifaçılarının həmin partiyada qazandıqları qələbələrlə bir cərgədə dəyərləndirilir. O, bu partiyanı həm Azərbaycan, həm də rus dillərində oxumuşdur.
Şöhrətli tərəf- müqabillərlə bir səhnədə
Fatma Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşev ilə birgə çıxış etmişdir.
Solist-vokalçı kimi bir sıra dünya şöhrətli konsert salonlarında möhtəşəm çıxışları olub. Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin tərəqqisindəki böyük xidmətlərinə görə vokal ustası, opera solisti, 1936-cı ildə Gürcüstan Respublikasının əməkdar artisti fəxri adları ilə təltif olunub.
F.Muxtarova 1953-cü ildə son qastrol səfərinə çıxır.
Əslində bu, qastrol səfəri deyildi.
Nə qədər üzüntülü olsa da o, səhnəylə vidalaşmaq istəyirdi.
Ancaq Bakı operasında bu mümkün deyildi.
O, təqaüdə göndərilmişdi.
Buna görə də Tiflisə gedir. Bu şəhərdə onu çox sevirdilər.
Gürcüstan radiosu həmin vida axşamını lentə almışdı.
Fatma xanım deyirdi: “Əziz Tiflisim səhnəylə vidalaşdığım gündə də mənə böyük sevinc bağışladı. Mənim heç yerdə bu qədər dostum olmayıb. Gürcüstan mənim ikinci vətənimdir”.
Məşhur gürcü opera müğənnisi Batu Kraveyşvili xatirələrində yazırdı ki, Fatma xanım Tbilisidə səhnəylə vidalaşdığı gün çıxışının sonunda əllərilə yaraşıqlı üzünü, iri, qəşəng qara gözlərini örtdü. Sanki pərdənin onun üçün son dəfə bağlandığını görmək istəmirdi. Bir neçə ildən sonra F.Muxtarovanın evinə gedən Batu onu tanımır, elə o da Batunu tanıya bilmir. İlahi, zaman insanı nə kökə salarmış?
Əslində, bu beli bükülmüş, qoca qadının bir zamanlar gözəlliyilə göz qamaşdıran F.Muxtarova olduğunu etiraf etmək Batu üçün də çətin idi.
O, Fatma xanıma sarı addımlayaraq Toreadorun kupletlərini oxumağa başlayır.
“Mən son Toreodoram”, deyəndən Fatma xanım onu tanıyır.
“Əgər mənə əvvəlcədən xəbər versəydiniz, Sizi qəbul etməzdim. İstəyirəm ki, tiflislilər məni həmişə gənc, gözəl xatırlasınlar. İndi gördüyünüz kimi yox”.
İstəyirəm ki, məni həmişə gözəl Fatma kimi xatırlasınlar…
Fatma xanım rol üzərində necə işləyirmiş? Özü qeyd edirdi ki: “Mən duyğu ilə işləyirəm. Məni musiqi məcbur edir ki, duyum. Ritmsə məni hərəkətə gətirir, obrazın daxili aləmi ilə yaşamağa yönəldir. Məhz bu prosesdə təsvir etməli olduğum insan yaranır”. O, özünü əsl Amneris, Karmen və s. kimi hiss edə bilməsəydi, yəqin ki, heç nə alınmazdı və heç kəs də onun oyununun səmimiyyətinə inanmazdı.
Lakin dünya operalarında gözəl-gözəl Karmenlər görəcək, ötən illərin tanınmış Karmenlərinin vallarını, maqnitofon lentlərindəki səslərini dinləyəcək, kinoxronikalarda yaşayan ifalarına baxıb yaxşını-pisdən, yaxşını… ən yaxşıdan ayırmaq imkanı olacaq azərbaycanlını bu sözlərin həqiqətinə necə inandıra biləcəyik? Axı bircə dənə belə valı qalmayıb Fatma xanımın. O bir dəfə də olsun, səsini vala yazdırmayıb. Radionun səs xəzinəsində onun “Nizami” operasında oxuduğu ikicə ariyanın lent yazısı qalıb. Bu cüzi irs Fatma sənətinin böyüklüyü, əlvanlığı haqqında tam təsəvvür yarada bilərmi? Rolları kino lentinə yazılmayıb. Və bu acınacaqlı səhvi daha heç vaxt düzəltmək mümkün olmayacaq.
Bir dəfə 1923-cü ildə Bakıya gələn gözəl rus rəssamı I.Brodski opera teatrında C.Bizenin “Karmen” tamaşasında iştirak etmişdir. Karmen rolunu Muxtarovanın ifasında dinləyərək o, F.Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırmışdır.
Azərbaycan teatr səhnəsində 15 il ərzində Fatma Muxtarova ilə çıxış edən artist Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı) öz xatirələrində yazırdı: “Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin, onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub getmişdir. Bütün varlığı ilə səhnədə oynayan Fatma Muxtarova, qəhrəmanın daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi”.
Son illərdə öz xatirələrinə, öz dünyasına qapılıbmış Fatma xanım. Adam içinə çıxmırmış, qonaq getmirmiş: “İstəmirəm qocalığımı görsünlər. Istəyirəm ki, məni həmişə gözəl Fatma kimi xatırlasınlar”.
Bu qadın çox çətin həyat yaşamışdı. Ayaqyalın, başıaçıq, bir qarnı ac, bir qarnı tox yaşadığı günlər az olmayıb. Yurdsuzluq, yetimlik görmüşdü. Təhqirlər eşitmişdi, həyatın namərd zərbələrini yemişdi. Ancaq heç nə onun həssas, duyğulu ürəyini qabalaşdıra, sərtləşdirə bilməmişdi. Onu dinləyənlər, ifasından zövq alanlar, onun haqqında oxuyanlar, şəklini görənlər dünya opera sənətinin bu ulduzunu heç vaxt unuda bilməzlər.
Fatma xanım Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.