Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə
iyunun 25-də Marneulidə
tanınmış şair və jurnalist
Nizami Məmmədzadənin
“Çələbilər” poemasının
təqdimatı keçirilib.
“Region press” qəzetinin redaktoru Binnət Əlioğlu (Məmmədov) tədbirdə çıxış edərək N.Məmmədzadənin yaradıcılığından söz açıb, onun bu günə qədər işıq üzü görən 8 kitabında Vətənə, xalqa bağlılıq, milli mənəvi dəyərlərimizin təbliği, eyni zamanda, qədim tariximizin öyrənilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Sonra kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu (Hacıxəlilov),
AMM-in sədri
Fazil Həsənov,
Tbilisi televiziyasının tədqiqatçı jurnalisti
Mirzə Məmmədoğlu,
Gürcüstanın Kvemo Kartli - Borçalı quberniyasının mərkəzi Rustavi şəhərində fəaliyyət göstərən
"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri
Maya xanım Rəcəbova,
"Borçalı İctimai Birliyinin
Gürcüstan nümayəndəsi
İsrafil Bayramov,
yazıçı Əli Abbas,
ziyalılardan Mirağa Mustafazadə,
Suddarxan Kazımov, şairlərdən
Güllü Tomarova, Qurban Əzizli
və başqaları çıxış edərək
əsərlə bağlı fikirlərini bölüşüblər.
Kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov Borçalıda vaxtilə mövcud olmuş 50 azərbaycanlı kəndinin xəritədən silindiyini bildirib: "Naməlum səbəblərdən bu kəndlər xəritədən silinib. Xaccaoğlu, Çələbilər, Şamalı, Bəyazid kəndləri buna misaldır, lakin biz çox sevinirik ki, bu kəndlərdən çıxan məşhur adamlar xəritədən silinən kənd adlarını hələ də yaşadırlar".
AMM-in rəhbəri Fazil Həsənov müəllifin tarixi əhəmiyyətli bir mövzuya toxunduğunu bildirib: "Bu kitabda qaldırılan tarixi məsələ gələcəkdə tarixçilərimizə mövzu verə bilər. Çələbilər kəndi İpək Yolunun üstündə yerləşib. Min illər bundan öncə Çindən və Şərq ölkələrindən gəlib-gedən tacirlər öz mallarını bu ərazidən keçiriblər. Məhz buna görə də müəllif ərazidəki Damğaçı düzünün adını kitabında çəkib və burada gömrük məntəqəsinin yerləşdiyini vurğulayıb".
Tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu müəllifin müraciət etdiyi mövzunun vacib olduğunu qeyd edib: "Borçalının tarixini gürcü mənbələri də təsdiq edir. Məsələn, Çələbilər kimi, həmin bölgədə Sınıq Körpü də var. Tarix faktı sevir. Tarixə yazıçı təxayyülü ilə yanaşmaq lazım deyil. Bu kitab faktlarla yazılan yaxşı başlanğıcdır".
Bildirilib ki, “Çələbilər” poeması Borçalı tarixinin bir qolunu təşkil edir. Poemada Borçalıda yaşayan və 500 ilədək tarixi olan “Çələbilər” qəbiristanlığının tarixinin araşdırılmasının vacibliyi vurğulanır.
Qədim Çələbilərdən bəhs edən bu poema həm qədim Azərbaycan kənd adlarının qorunmasında və gənc nəslə çatdırılmasında, həm də tarixi faktların dərindən öyrənilməsində mühüm
rol oynayacaq.
Sonra Rustavi şəhərindəki
18 nömrəli orta məktəbin Azərbaycan şöbəsinin şagirdləri
Anfisa Əliyeva, Aysel Əhmədova, Güllü Süleymanova, Zenfira Məmmədova və b.
şair-jurnalistin şeirlərindən parçalar söyləyiblər.
Sonra Boçalı aşıqları müxtəlif mahnılar
ifa ediblər.
Gənc və istedadlı Aşıq Nargilə və
Aşiq Məsim Nizami Məmmədzadənin "Çələbilər" kitabinin təqdimatinda şairi saziyla, sözüylə təbrik etdi.
Qeyd edək ki,
N.Məmmədzadə
Gürcüstan Azərbaycanı Jurnalistlər Birliyinin sədri olmaqla yanaşı, həm də
APA-nın Gürcüstan üzrə
xüsusi müxbiridir.
P.S.:
Fürsətdən istifadə edərək,
biz də ZiM.Az - ın
yaradıcı heyəti adından
istedadlı qələm dostumuz,
tanınmış şair-jurnalist,
Gürcüstan Azərbaycanlı
Jurnalistlər Birliyinin sədri,
APA-nın Gürcüstan üzrə
xüsusi müxbiri
Nizami Məmmədzadəni
bu yeni və dəyərli uğuru
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansaqlığı,
şəxsi həyatında və
bədii yaradıcılığında
yeni-yeni uğurlar
arzulayırıq!..
Müşfiq BORŞALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.