Ənvər Məşədiyev - Gədəbəy rayonunun Göyəmli kəndində dünyaya göz açıb. Mənim də bu kəndə güzarım düşüb. Bu dağlar kəndinin insanları da elə dağların özü kimi məğrur, suyu kimi təmiz, havası kimi safdır. Ənvərin xarakterindəki müsbət keyfiyyətlərə ailə, məktəb tərbiyəsi ilə yanaşı, görünür, bu amillərin də təsiri olmuşdur.
Ənvər Bakı şəhərinə 1960-cı ildə gəlib. Orta məktəbi əla qiymətlərlə bitirsə də, instituta müsabiqədən keçə bilməyib. 1961-ci ildə hərbi xidmətə yola düşüb. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra təyinatla Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna göndərilsə də, sirri-xuda olan yazı-pozu işinə maraq onu “Bakı” və “Baku” axşam qəzetlərinin redaksiyasına gətirib. Əvvəlcə ştatdankənar müxbir işləyib, 1971-ci ildən isə daimi işə götürülüb. Jurnalistikaya vurğunluq, çalışqanlıq Ənvəri məktub qeydiyyatçısından pillə-pillə yüksəldərək, baş redaktorun müavini vəzifəsinədək ucaldıb.
Mən “Bakı” qəzetində işləməyə başlayanda Ənvər Məşədiyev artıq redaksiyanın ab-havasına uyuşmuş, özündən yaşlı jurnalistlərlə mehriban ünsiyyət yaratmışdı. Bu xoşxasiyyətli insan redaksiyaya yeni işə götürülən gənclərlə ünsiyyət yaradır, onlara daxili intizam qaydalarından, görkəmli jurnalist, “Bakı” və “Baku” axşam qəzetlərinin yaradıcısı və redaktoru Nəsir İmanquliyevin qayğıkeşliyindən və tələbkarlığından danışırdı. Ənvər deyirdi ki, o, məhz Nəsir müəllimin rəhbərliyi və tələbkarlığı ilə ikinci institut - “Nəsir İmanquliyevin məktəbi”ni bitirmiş, həmişə qayğısını hiss etmişdir.
Ənvərin bu fikirləri tam həqiqətdir. Biz gənclər Nəsir müəllimi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən əsl alim və müəllim kimi tanıyırdıq, redaksiyada isə onun tələbkar redaktor, qayğıkeş kollektiv başçısı olduğunu gördük. Ənvər demişkən, çox keçmədi ki, Nəsir müəllimin atalıq qayğısının da şahidi olduq. O, məişət qayğılarımızdan tutmuş, ailə vəziyyətimizədək maraqlanır və öz köməyini əsirgəmirdi.
Bilik və bacarığını artırmağa, jurnalistikanın incəliklərinə varmağa həmişə səy göstərən Ənvər Məşədiyev Nəsir müəllimin müsbət xüsusiyyətlərindən, qayğıkeşliyindən, təcrübəsindən bəhrələnən və nəticə çıxaran əməkdaşlardan idi.
Ənvər öz müəlliminin 95 illiyinə həsr etdiyi “Bakı”, axşamın xeyir!” xatirə-povestində maraqlı bir üslub seçərək onu ustadımızın ruhuna müraciətlə yazmışdır: “...Nəsir müəllim, Sizə xoş bir xəbər də çatdırmaq istəyirəm. Xidmətləriniz yüksək qiymətləndirilmişdir. Bakının izdihamlı Nizami küçəsindəki evinizin fasadını Sizin dostunuz - “Bakı”-“Baku” qəzetlərinin daimi oxucusu və müəllifi olan Xalq rəssamı Ömər Eldarovun məharətlə işləyib hazırladığı xatirə lövhəniz - barelyef-portiretiniz bəzəyir. Əziz müəllimimiz, həmin lövhədə 50 il bundan əvvəl xüsusi məhəbbət və sevgi ilə yaradıb ərsəyə gətirdiyiniz “Bakı” axşam qəzeti də məhz böyük formatla çıxmağa başladığı vaxt özünüz verdiyiniz tərtibatda çox gözəl təsvir edilmişdir. Doğma qəzetiniz nömrələrindən birinin şanlı səhifələrini üzünüzə məmnunluqla geniş açaraq, onu yaradan və sonralar dövri nəşrlər arasında böyük nüfuz qazandıran redaktorunu - Sizi, bizim Nəsir müəllimimizi ağuşuna almışdır. Xalq rəssamı Ömər Eldarovun yaratdığı barelyef mükəmməl bir ansambl təşkil edir. Əhsən bu qiymətli əsərin eskizini verən insanlara və onu yaradan sənətkara! Böyük məhəbbətlə, duyğu ilə işlənmiş bu abidədə həm öz yaradıcılığınız, həm də Sizin yaratdığınız “Bakı” qəzetinin qayəsi cəmləşmişdir”.
Ürəkdən gələn və həqiqətə söykənən bu sözlər Ənvərin bizim unudulmaz müəllimimizə, hamimizə olan səmimiyyəti, böyük hörməti, xatirəsinə dərin ehtiramıdır.
Ə.Məşədiyevin peşəkarlığı onun nəcib insani keyfiyyətləri ilə gözəl harmoniya yaradır. Həmkarları da, oxucuları da onu həssas, diqqətli, peşəsini sevən, vəzifəsinin məsuliyyətini hiss edən, qayğıkeş bir insan kimi tanıyırlar. Ənvər həmişə dostları, həmkarları arasında olmağı, onların uğurlarını, sevinc və kədərlərini bölüşməyi unutmur, lazım gəldikdə əlindən gələn köməyi əsirgəmir.
Sözün qədir-qiymətini yaxşı bilən Ənvər yazılarında bu məsələyə xüsusi diqqət yetirir. Onun uzun müddət çalışdığı “Bakı”-“Baku” qəzetlərində, digər dövri nəşrlərdə çap olunmuş yazılarını oxuyarkən bunların peşəkar qələmindən çıxdığını hiss edirsən.
Ənvər Məşədiyev ana dilimizin qayda-qanunlarına, onun inkişaf etməsinə çalışan, bu sahədə öz töhfələrini verən ziyalılarımızdandır. Onun ana dilimizin üslubuna aid Milli Elmlər Akademiyasının “Xəbərləri”ndə, “Türkologiya” jurnalında, “Dil mədəniyyəti” toplusunda elmi araşdırmalara əsaslanan məqalələri dərc edilmişdir.
Zəhmətsevərlik və xeyirxahlığın vəhdətini özündə cəmləşdirən Ə.Məşədiyev kitabları ilə də oxucularının qəlbinə yol tapmışdır. O, dahi şəxsiyyətlər, görkəmli mütəxəssislər, ədiblər, ictimai xadimlər barədə beş kitabın müəllifidir. Bir neçə bədii-publisistik məqalələr toplusunda maraqlı, diqqət çəkən yazıları yer almışdır. Onun məqalələrinin qəhrəmanları əsasən elm adamları, qələm sahibləri, ictimai xadimlər, həkimlər, sadə peşə adamlarıdır. Ə.Məşədiyevin “Azərbaycan” nəşriyyatında çap olunmuş “Yaddaşımın işığında” adlı ilk kitabı da bu cür görkəmli şəxsiyyətlərə həsr olunmuşdur. Kitabdakı hər bir yazı öz bədiiliyi ilə diqqəti çəkir.
Ənvər Məşədiyevin “Ömür də bir yoldur”, “Elmimizin üç zirvəsi”, “Tale”, “Bakı”, axşamın xeyir!”, “İllərin axarında” kitabları da oxucular tərəfindən maraqla qarşılanmışdır. Ənvərin yeni bir kitabı isə “Bir az da özümüzdən” adlanır. Bu kitabda oxucular onun özü və həmkarları barədə maraqlı faktlar və hadisələrlə tanış ola bilirlər.
Mətbuat sahəsindəki xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən, “Qızıl qələm” mükafatı laureatı Ənvər Məşədiyevə dostları adından bir daha deyirəm:
“75 yaşın mübarək!”
Dağbəyi İSMAYILOV
Əməkdar jurnalist
REDAKSİYADAN:
Biz də çox hörmətli Dağbəyi müəllimin səmimi təbrikinə və xoş arzularına qoşularaq, dəyərli həmkarımız Ənvər Məşədiyevi anadan olmasının 75 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Böyük hörmətlə,
Müşfiq BORÇALI,
ZiM.Az
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.