Müəllim, həmişə ucadır adın!..

Müəllim, həmişə ucadır adın!.. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən müəllimdir.
Heydər Əliyev.


Müəllim haqqında yazılarda işlədilən mənalı ifadələrin, geniş təcrübənin, hərtərəfli ustalığın statistik tədqiqi aparılsa, ortaya maraqlı faktlar çıxar. Və bu təbii sayılmalıdır, çünki həyatını, ömrünü başdan-başa məktəbdə yaşayıb, sinif otaqlarında xalqın balalarına elm, bilik verənlər əslində Günəşdən nur alan insanlardır. Onlar nəsillərin yaddaşında uşaq təfəkkürünə nur saçan müqəddəs şəxslərdir. Onların ömür yolunun səhifələrini, pedaqoji fəaliyyətlərinin ayrı-ayrı məqamlarını, tədris sistemlərini əks etdirən fərqi yoxdur, kiçik və ya böyük həcmli hər bir qələm məhsulu müəllim əməyinə, şəxsiyyətinə verilən qiymətin mənəvi cəhətdən yazılı ifadəsidir. Haqqında qısaca söz açacağımız İradə müəllimə də, yuxarıda yazdığımız ifadələrə layiq müəllimlərimizdəndir.

Qeyd edək ki, İradə Paşa qızı Muradova əslən – dahilər, tarixi şəxsiyyətlər, şairlər, yazıçılar yurdundan, sazlı-sözlü qədim Qazax elindəndir. Öz əsl-nəcabəti soy-kökü ilə tanınan Ağa-Koxa nəslindəndir. Bu nəslin şəcərəsi tarixə çox görkəmli insanlar bəxş edibdir. Onların davamçıları bu gün də yaşayır, yaradır. Ulu babalarının adına şan-şöhrət gətirir, onu əbədiləşdirirlər.

O, 1962-ci il iyunun 22-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1979-ci ildə 168 nömrəli şəhər orta məktəbini,1986-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin qiyabi şöbəsini bitirib. İlk əmək fəaliyyətinə ibtidai sinif müəlliməsi kimi başlayan İradə müəllimə 1986-cı ildən bu günədək, orta təhsil aldığı elm ocağında – Bakı şəhəri Pirallahi rayonu 168 nömrəli tam orta məktəbdə çalışır. Hazırda II “a” sinfinə dərs deyir. Keçən dərs ilində 32 şagirdinin 17-si dərs əlaçısı olmuşdur. Onlar indi də, əla qiymətlərlə oxuyurlar. Demək olar ki, sinifdə zəif oxuyan şagird yoxdur. II “a” sinfi gələcəkdə müəllimənin 9-cu buraxlış sinfi olacaqdır.

İradə müəllimənin balaca əllərindən tutub “Vətən”, “Ana” sözlərini yazdırdığı yüzlərcə şagirdlərinin əksəriyyəti hazırda – həkim, müəllim, vəkil, iqtisadçı, təyyarəçi, rabitəçi, mühəndis, mühasib ixtisaslarına yiyələnib, Vətəninə və xalqına sədaqətlə xidmət edirlər. Baxın, o, 31 illik zəhmətinin müqabilində ən böyük şan-şöhrəti, mükafatı, təltifi elə bunu hesab edir.
Müəllimənin söylədiklərindən:
Humanitar fənləri, ədəbiyyatı, poeziyanı, xüsusən də, mütaliəni orta məktəb illərimdən sevmişəm. Son dövrdə ən çox Vahid Əzizin, Ramiz Rövşənin və Baba Vəziroğlunun şeirlərini oxuyuram. Və onların sözlərinə yazılmış mahnıları dinləyirəm . Hərdən şeir də yazıram. Böyük şəxsi kitabxanam da var. Arzum jurnalist olmaq idi.

Yaxşı yadımdadır... 1975-1979-cu illərdə bu peşəni seçənlərin bir qayda olaraq qəzetlərdə məqalələri dərc olunmalı idi. Yuxarı sinifdə oxuyanda “Azərbaycan Gəncləri” qəzetində bir neçə yazılarım dərc olunub. O vaxt mənə yazılarıma görə həm məktub, həm də qonorar gəlirdi. Mən ilk qonorarıma kitab aldım.
Yeri gəlmişkən, qeyd edim ki, təmsil etdiyim nəslimizdən 10 nəfər müəllim yetişibdir. Görünür, müqəddəs müəllimlik mənim də tale yazım olubdur.
İbtidai siniflə işləmək çətin və məsuliyyətlidir. Ancaq çətinliyi qədər də, maraqlıdır. Şagirdlərim riyaziyyatı çox sevirlər. Bu fənnin məntiqi yaddaşı formalaşdırmasını, insanın zəhni qabiliyyətini inkişaf etdirməsini yaxşı dərk edirlər. Onlar istedadlı, bacarıqlı və hazırcavabdırlar. Məntiqli, ağıllı, fikirlər söyləyirlər, maraq doğuran suallar verirlər. Hər şeydə birinciliyə, irəliyə doğru can atırlar, nə qədər çətin olsa da, məqsədlərinə nail olmağa çalışırlar. Mən onların ifadəli oxusuna, tələffüzünə, riyazi hesablama qabiliyyətlərinə çox fikir verirəm. Müasir dövrlə ayaqlaşan şagird kimi yetişmələrinə çalışıram.
Ötən illərdə dil qüsurlu şagirdlərim də olubdur. Məktəbin psixoloqu ilə birlikdə səbrimiz, təmkinimiz, pedaqoji ustalığımız sayəsində müəyyən zaman ərzində onların sərbəst oxumalarına, düzgün tələffüzlərinə nail ola bilmişik.

Onu da qeyd edim ki, il boyu sinifdaxili və sinifdənxaric tədbirlər keçiririk. Şagirdlərlə Azərbaycanın müxtəlif yerlərinə, Botanika bağına, Qobustana, Atəşgaha, Şəhidlər Xiyabanına, Qız Qalasına, dənizkənarı parka, sirkə, zooparka ekskursiyalara gedirik. Ekskursiyaların nəticələrini yekunlaşdırdıqdan sonra onlara mövzu üzrə referat (məruzə) yazmalarını tapşırıram. Növbəti dərsdə isə ekskursiyada toplanmış materiallar üzrə bir-birindən maraqlı yazılarının müzakirəsini keçiririk. Bununla yanaşı il boyu onların şüurunda vətənpərvərlik, vətəndaşlıq, humanizm , dostluq, milli və bəşəri dəyərlərə hörmət və məhəbbət, əməyə sevgi hisslərini dərinləşdirmək məqsədi ilə - “Azərbaycan gözəlliklər diyarıdır”, “Təbiəti sevək”, “Yaşıllığı qoruyaq”, “Dost dosta tən gərək”, “İnsan əməklə ucalır” və digər mövzularda tədbirlər keçiririk. Onu da qeyd edim ki, istedadlı şagirdlərimi çıxış etmək üçün dövlət tədbirlərinə də dəvət edirlər.

Keçən ilin may ayında məktəbin akt zalında “Mən sülhə səs verirəm” adlı təbdir keçirdik. Uşaqlar masanın üzərindəki göyərçin şəklinin üzərinə öz fotoşəkillərini yapışdırmaqla həm sülhsevər bir ölkədə yaşadıqlarını, həm də sülhə səs verdiklərini bütün dünyaya çatdırırdılar.

Mənim elə buraxılış siniflərim olub ki, bir sinifdən 9 nəfər respublikanın nüfuzlu ali məktəblərinə daxil olublar. Hazırda çalışdığım məktəbdə və bizə yaxın məktəblərdə davamçılarım çalışırlar. Bir yetirməm bir neçə xarici dövlətlərin universitetlərində ali təhsil aldı. Hazırda Azərbaycan Universitetində iqtisadiyyat üzrə ingilis dili mütəxəssisidir. Bütün bunlar məni bir müəllim kimi çox sevindirir, fərəhləndirir.

İradə müəllimənin fəaliyyətinin əsas cəhətlərindən biri də şagirdlərinə qarşı səmimi, mehriban münasibətidir.
Belə doğma münasibət həm tədris prosesində həm də şagird şəxsiyyətinin formalaşmasında gözəl nəticələr verir. Şagirdin özünə inamını gücləndirir.
O, fikrini sərbəst ifadə edir, daha da yaxşı oxumağa səy göstərir.
İradə müəllimənin təcrübəsindən məktəbin gənc müəllimləri də bəhrələnirlər.
Hətta, bir dəfə onun rayon miqyasında keçirdiyi “Açıq dərs”-də şəhər məktəblərindən 40 nəfərə yaxın müəllim iştirak etmişdir.
Müəllimənin işi müzakirələrdə yüksək qiymətləndirilmişdir.

İradə Muradovanın nümunəvi ailəsi var.
Ömür-gün yoldaşı Nizami Muradov ali təhsilli iqtisadçıdır.
Qızları Yeganə, Səbinə müəllimlik peşəsini sevib-seçiblər.
Nərminə mühəndisdir.
Oğlu Nəriman isə İdman Akademiyasında təhsil alır.


İradə müəllimə, Siz bütün varlığınızla, ruhunuzla, məktəbə, təhsilə, peşənizə bağlı insansınız. Görkəmli şəxsiyyət İ.Höte Sizin kimi insanlar haqqında belə demişdir: “Sənin ürəyin, əqlin narahatdırsa, daha sənə nə lazımdır?” Sizə çətin və məhsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, Sizin kimi təhsil fədailərimiz dövlətimizin diqqətindən kənarda qalmasınlar.


Xanım SULTANBƏYLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: