TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ Söhbət ümumtəhsil məktəblərinin
10-cu sinfi üçün ədəbiyyat fənni üzrə
dərslik və müəllimlər üçün Metodik vəsaitdən
(müəllifləri: Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva) gedir.
Öncədən qeyd edim ki, hər iki komplekt ölkədə gedən təhsil islahatının uğurlu göstəricisidir.
Ötən əsrin 70-ci illərindən bəri ayrı-ayrı illərdə aparılmış təhsil islahatının araya-ərsəyə gətirdiyi xeyli dərslik kitabları ilə işləmişəm.
Onlardan fərqli olaraq, haqqında danışdığım dərslik komplekti xeyli özəllikləri ilə təqdirəlayiqdir.
Hər iki kitabda istedadlı metodistlərin nəfəsi açıq-aydın duyulur.
Hər iki təlim vəsaitinin məqsəd və vəzifələrinə yeni baxış, yeni yanaşmalar göz önündədir.
Əlbəttə, bir məqalədə bütün uğurlardan danışmaq çətin olduğundan, bəzi nüansları xüsusi vurğulamaqla kifayətlənəcəyəm.


Fənn kurrikulumun tələbləri əsasında yazılmış bu kitabda bütün pedaqoji prinsiplər, demək olar ki, gözlənilmişdir. Ədəbi əsərlər seçilərkən məktəb təcrübəsində özünu doğrultmuş əsərlərlə yanaşı, qiymətləndirmə materialı olaraq Ə.Xaqani, M.Əmani, M.V.Vidadi, B.Şakir, S.Ə.Nəbati kimi sənətkarların ədəbi irsindən də yeni əsərlər daxıl edilmişdir. Bütövlükdə şagirdlərin milli-mənəvi və mədəni dəyərlərimiz ruhunda tərbiyə olunmasına, o cümlədən, digər bəşəri dəyərlərə hörmət edilməsinə yönələn ideyalı əsərlər tədris obyekti seçilmişdir. Bu deyilənlərlə yanaşı, təlim matterallarının oxunaqlığı, şagirdlərin yaş səviyyəsinə uyğunluğu kimi, pedaqoji prinsiplər də gözlənilmişdır. Dərsliyin digər məziyyətlərindən biri də təqdim olunan fakt və hadisələrin mötəbər mənbələr işığında təqdim edilməsidir. Ən başlicası, elm üçün hələ də mübahisəli olan məsələlər dərsliyə gətirilməmiş, bəzi mübahisə doğuran məqamlar olduqda onun aydınlaşdırılmasına diqqət yetirilmişdir.
Məlum olduğu üzrə, dərslik xətti prinsip əsasında hazırlanmışdır. Yəni qədim Azərbaycan ədəbiyyatından XX əsrəqədərki dövr tarixi-xronoloji ardıcıllıqla təqdim edilmişdir. Mətnlər icmal və monoqrafik mövzularda cəmləşdirilmişdir. İcmal mövzularda dövrün iqtisadi-siyasi mənzərəsi, həmçinin, müəyyən ədəbi hadisə və yeniliklər haqqında verilən yığcam məlumatlar şagirdlərdə müəyyən təsəvvür yaratmaqla onlara gələcəkdə görəcəyi axtarış işlərinə istiqamət versə də, araşdırılan problemin həllinə kifayət qədər kömək etmir. Bunun üçün müəlliflər haqlı olaraq mənbə göstərməklə yanaşı, metodik vəsaitdə mənimsənilməsi və dəyərləndirilməsi məqsədəuyğun məlumatların qısa şərhini də verir. Heç şübhəsiz, müəllimin istiqamətləndirməsi sayəsində şagirdlər tədqiqat zamanı nələri əlavə edəcəkləri barədə aydın təsəvvür yaranmış olur.

Dərslikdəki özəlliklərdən biri hər hansı mövzunun tədrisi üçün ayrılmış hər dərs saatında göruləcək elmi və metodik işlərin məzmun və istiqamətinin yığcam təsviridir. Məktəb təcrübəsi göstərir ki, mövzunun izahı öz struktur və məzmununa görə müxtəlif olmalıdır. Odur ki, əsərin mövzusu, ideyası, obrazların səciyyəvi xüsusiyyətləri, dili və s. barədə istiqamətləndirici elmi-nəzəri məlumat verilir. Məsələn, N. Gəncəvinin “İsgəndərnamə” poemasının tədrisinə ayrılmış 4-cü saatda (dərsdə) poemadakı hökmdarların qısa səciyyəsi şagirdlərin sonraki araşdırmasına istiqamət verir. Elə buradaca əksəriyyət metodistlərin tez-tez dilə gətirdikləri “dərsiyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş ənənə” ifadəsini birmənalı qəbul etmirəm. Axi dərslikdə müvafiq bilik vermədən şagirdləri idrak fəallığına nece sövq etmək olar. Odur ki, müəllimlər üçün metodik məsaitdə (X sinif) “klassik ədəbi irsin tədrisində müəllimin bələdçilik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir” tövsiyəsinə haqq qazandırıram. Çünki “müəllimin izahı şagirdlərin bu və ya digər ədəbi dövrün inkişaf qanunauyğunluqlarını, əsərdə qoyulmuş mənəvi-estetik problemləri, eləcə də ayrı-ayrı nəzəri anlayış və ədəbi hadisələrin mahiyyətini və özəlliyini başa düşmələrinə imkan yaradır” (bax. Metodik vəsait səh. 7).

“Araşdırmanı davam etdirin” rublikasında araşdırmanın evdə effektli aparılması üçün istiqamətləndirici sual və mənbələr də təqdim edilir.
Sadalanan bu məziyyətlər, heç şübhəsiz, şagirdlərin də, müəllimlərin də işini xeyli asanlaşdıracaq.

Əlbəttə, dərslikdən əldə olunmuş elmi və nəzəri məlumatlarla kifayətlənmək olmaz. Əldə olunmuş bilik və bacarıqıları sonrakı mərhələdə zənginləşdirmək üçün müvafiq mənbələrə müraciət olunmalıdır. Bunun üçün müəlliflər zəruri mənbələri nişan verirlər. Hətta bəzi mənbələri müəllimlərin nəzərinə xüsusi vurğu ilə çatdırırlar. Məsələn, M.Füzulinin “Leyli və Məcnun” poeması tədris edilərək professor Sabir Əliyevin (“M.Füzuli” ”Leyli və Məcnun”, Bakı, 1991) kitabının dəyərli mənbə kimi tövsiyə edilməsi təqdirəlaiqdir.

Haşiyə. Bu, bir həqiqətdir ki, Sabir Əliyev XX əsrin II yarsında Azərbaycanın ən məşhur füzulişunaslardan biri olmuşdur. Hələ 1970-ci ildə, mən H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunda təhsil alarkən Sabir müəllim “Xüsusi kurs” məşğələlərində “Leyli və Məcnun” poemasından nəsrə çevirdiyi mətnlərin əlyazmasını biz tələbələrə həvəslə oxuyardı. Tələbələr Füzulinin bədii düşüncəsinə xas dərin mətnaltı mənaları, rəmzləri, arxaik sözlərin mənalarını bu mənbədən maraqla öyrənərdi.
Bu istiqamətdə metodik işlərini uğurla davam etdirən müəlliflər nəinki mənbə, hətta bəzi mənbələrdən müvafiq mətnləri, məlumat və bilgiləri müəllimlərin diqqətinə çatdırır. Deyilən bu məziyyətləri dərslik və metodik vəsaitin keyfiyyət göstəriciləri hesab etmək olar.

Dərslikdə inteqrativlik təmin olunmuşdur. Bu, özünü əsasən məzmun xətləri ilə standartlar arasında sıxı əlaqədə özünü göstərir. Məsələn, “Salur Qazanın evinin yağmalanması” boyunda adı çəkilən əraziləri (Dərbənd, Ala dağ) göstərmək üçün coğrafiya, boyda dövrün mühum ictimai və siyasi hadisələri, o cümlədən şagirdlərə tanış olmayan qala adları (Amit, Mərdin) haqqında müfassəl bilik əldə etmək üçün tarix, arxaik (sası, aznavur, cövkan, batman) mənasını aydınlaşdırmaq üçün Azərbaycan dili fənləri ilə inteqrasiyanı təşkil etmək olur. Dərslikdəki digər mövzular üzrə bu siyahını uzatmaq olar. Bu, o deməkdir ki, şagirdərin bilik, bacarıq və vərdişləri arasında müvafiq əlaqə yaratmaq üçün inteqrasiya prinsipləri kifayət qədər gözlənilib. Qaldı bu deyilənlərin reallaşdırılması məsələsi o, artıq müəllimin dərin biliyi, elmi, dünyagörüşü və metodik ustalığından asılıdır.
Fəal təlimin mühüm xüsusiyyətlərindən biri şagirdlərə müstəqil öyrənməyi öyrətməkdir. Dərslikdəki təfəkkür prosesini aktuallaşdıran açıq, mənaca yaxın istiqamətləndirici suallar və digər üsul və vasitələr nəzərdə tutulan təlim nəticələrinin müstəqil əldə edilməsinə kömək edir. Bir sözlə, dərslikdəki mövzuların tədrisi zamanı təklif olunmuş yeni təlim texnologiyaları şagirdlərin dərin və sistemli bilik almalarını təmin edir.

Metodik vəsaitdə fənn üzrə məzmun standartlarının reallaşdırılması nümunəsi və müxtəlif növ qiymətləndirmə meyarları verilib. Qiymətləndirmə şagirdlərin təlimdəki uğurlarının dəyərləndirilməsi prosesidir. Məsələn, summativ qiymətləndirmə üçün təqdim edilən əsərin məzmun və təhlili üzrə müvafiq sual və tapşırıqlar tövsiyə edilir. Bu sual və tapşırıqlar təkcə şagird naliyyətlərinin səviyyəsini ölçməyə yox, həm də təlimin keyfiyyətinin yüksəldilməsinə yönəldilib. Əlbəttə, müəlliflərin təklif etdiyi belə üsul və vasitələr fənn müəlliminin apardığı metodik işin keyfiyyətini xeyli yüksəldir.

Bütün söylədiyimiz və dilə gətirə bilmədiyimiz digər məziyyətlər müəlliflərin uğurları sayılmalıdır.

Bu səbəbdən X sinif üçün yazılmış “Ədəbiyyat” dərslik kompletkini təqdir edib, yaradıcı heyətə uğurlar arzulayıram.

Nəhayət, sonda gələcək nəşrlə bağlı bəzi xoşməramlı təkliflərimi də dilə gətirməyi lazım bilirəm. Metodik vəsaitdə dərs (bəzi istisnaları nəzərə almasaq) əsasən fəal dərsin mərhələləri üzrə planlaşdırılır. Axı müasir dərs təkcə fəal (interaktiv) dərs deyil, onun dərs-seminar, biliklərin təkmilləşdirilməsi dərs, tədqiqat tipli dərs kimi qeyri-ənənəvi növləri də var.

Məlum olduğu üzrə fəal (interaktiv) dərsin 2 əsas növü var: induktiv və deduktiv tədqiqat. O səbəbə yeni mövzunun keçirilməsi zamanı “induktiv tədqiqat” ifadələrinin yazılması məqsədəuyğundur. Bir də çox istərdik ki, kitabın yeni nəşrlərində Aşıq Ələsgər son tədqiqatların işığında həm də mütəfəkkir aşıq olaraq təqdim edilsin. Buna onun zəngin ədəbi irsi imkan verir. Belə ki, bir çox şeirlərində sufizmin izləri açıq-aydın duyulur. Daha sonra aşığın yaradıcilığında Nizami, Nəsimi, Füzuli kimi dühalarla səsləşən məqamlar kifayət qədərdir.
Əminəm ki, təqdirəlaiq bu dərslik komplekti ədəbiyyatımızın tədrisi tarixində uzunömürlü olacaqdır.



Ədəbiyyat:
1. Malik Aranlı, Ceyhunə Yusifova. Kurikulum. Metodika və məntiq testləri. Bakı, fevra l2017.
2. Gülər Hüseyinova. Kurikulum Təliminə Praktik Baxış. Hədəf Nəşrləri. Bakı, 2017.
3. “Kurikulum” jurnalının nömrələri
4. Əliyev Sabir. Füzulinin poetikası. Bakı: Yazıçı, 1986.
5. Əliyev Sabir. Füzuli (nəzəri-bədii düşüncələr). Bakı: Azərnəşr, 1996.


Fərhad XUBANLI,
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru,
Gürcüstan Respublikası Saqareco rayonu
Ləmbəli ictimai məktəbinin baş müəllimi


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: