AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)Günel Xanlarova – Bakı şəhıri 177 saylı
tam orta məktəbin direktoru,

Vaqif Mahmudov – həmin məktəbin müəllimi,
təhsil əlaçısı


Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
HEYDƏR ƏLİYEV

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin, Şərqin ilk demokratik respublikasının qurulmasından 100 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu daim çıxışlarında qeyd etmiş və xalq cümhuriyyəti dövrü tarixinin araşdırılmasına ciddi diqqət yetirmişdir.

Bildiyimiz kimi 2018-ci il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında sərəncam imzalamış və 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir.


Yaxın və Orta Şərqdə ilk demokratik dövlət qurumu olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindəki müsbət cəhətlər, o cümlədən, xalq maarifi sahəsindəki misilsiz təşəbbüslər Sovetlər dövründə uzun müddət sükutla qarşılanmışdır. Bu gün aradan yüz il keçəndən sonra aydın görünür ki, demokratik hökumətin bu sahədəki fəaliyyəti, həqiqətən, öz bəşəri, humanist məzmunu ilə seçilir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin Azərbaycan dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanları, məhkəmə işi və s. sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər, müvəqqəti olaraq, rus dilindən istifadəyə də yol verilirdi. Bundan başqa milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına da xüsusi əhəmiyyət verilirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Ana dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılır və burada Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq Azərbaycanca təhsillərini davam etdirə bilsinlər.

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı. Azərbaycan hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Bakıda Kənd Təsərrüfatı İnstitutu açmaq məsələsi hökumətin 1919-cu il 5 mart tarixli iclasında bəyənilmiş və Xalq Maarifi Nazirliyinə bu məsələ ilə əlaqədar qanun layihəsi hazırlayıb parlamentə təqdim etmək tapşırılmışdı. Lakin о dövrdəki tarixi şərait yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

Universitetin ilk rektoru tanınmış tibb alimi, cərrah Vasili İvanoviç Razumovski (1875-1935) olmuşdu. V. İ. Razumovskinin Azərbaycanda ali təhsil sisteminin yaradılması və inkişafında böyük xidmətləri olub. Universitetdə Məmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı

tarixini, Mirzə Rəhim Mirzəyev türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyatı tarixini tədris edirdilər. Universitetin açılması ilə yanaşı parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – İngiltərə, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı. Lakin xarici hərbi müdaxilə və vətəndaş müharibəsi getdiyinə görə, bu tədbir baş tutmamışdı.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapsırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmiş Xalq Maarifi Nazirliyi (XMN) ölkənin təhsil və mədəni-maarif müəssisələri şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı idi. Azərbaycanın tarixinə düşən ilk təhsil naziri 1881-ci ildə Gəncə şəhərində doğulan, 1918-ci il may ayının 28-də müstəqillik bəyannaməsini imzalayan 26 nəfərdən biri, həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli olmuşdur. O, öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı. Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim edir. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarəolunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verilir. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.

1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy də digər hökumət üzvləri kimi, ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək istəmişdir. Lakin 1920-ci il may ayının 31-də Bakıdan çıxıb gedərkən yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir.

1883-cü il noyabrın 11-də tanınmış Dağıstanlı mülkədar Zabit xan Qaplanovun ailəsində doğulmuş Rəşid xan Zabit xan oğlu Qaplanov Nəsib bəy Yusifbəylidən sonra Azərbaycanın ikinci təhsil naziri olub. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərlərində yeni tipli məktəblər yaradılmışdır. O, Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak etmişdir. Aprel işğalından sonra, 1920-ci ilin iyununda R. Qaplanov Bakıda həbs olunaraq əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdir. Moskvadakı Şərq Xalqları Universitetində “Osmanlı imperiyası tarixi”ndən dərs demiş, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərmişdir. 30-cu illər repressiyası Rəşid xandan da yan keçməmişdir. Qaplanov 8 oktyabr 1937-ci ildə həbs olunmuş, həmin ilin dekabr ayının 10-da güllələnmişdir. Məzarı Moskvadadır.

1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuş, tanınmış marifçi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri Həmid bəy Şahtaxtinski Rusiyadakı fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən “İttihad” partiyasının üzvü olmuşdur. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar idi. Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycan Xalq Cümhuriyyəti maarif nazirinin müavini, maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir) və Azərbaycan Parlamentinin üzvü olmuşdur. Sonralar o, Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir. Həmid bəy Şahtaxtinski də repressiyaya məruz qalmış, 1941-ci ildə həbs edilərək sürgünə göndərilmişdir. 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində, sürgündə həlak olmuşdur.

1883-cü ildə Zəngəzur qəzasının (indiki Laçın rayonunun) Minkənd kəndində anadan olmuş Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov da siyasi hadisələrdə yaxından iştirak edib. 1918-ci ilin yayında Şimali Qafqazda yaşayan xalqların milli azadlıq hərəkatı nəticəsində yaradılan Dağlılar Respublikasının xalq maarifi naziri təyin olunub. 1919-cu il iyunun əvvəlində Bakıya gələn N. Şahsuvarov Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının sədri, xalq maarifi və dini etiqad nazirinin müavini vəzifələrini icra etməyə başlayıb. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlərin həyata keçirilməsində böyük əmək sərf edib. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin təşkilinə xüsusi xidmət göstərib. Keçmiş Sovetlər Birliyində 1930-cu illərdə tüğyan edən repressiya dalğası ondan da yan keçməyib. 1940-cı ildə qondarma ittihamlarla həbs olunan və Krasnodar diyarına sürgünə göndərilən N. Şahsuvarov orada da öz ixtisası üzrə dərs deyib. 3 il sonra - 1943-cü ildə sürgündən Bakıya qayıdıb, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri və müəllimi işləyib. Azərbaycanda rus dili sahəsində bir mütəxəssis kimi məşhur olub. Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan Nurməhəmməd bəy Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda vəfat edib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə savadsızlığın ləğv edilməsi sahəsində mühüm addımlar atılmışdı. 1919-cu ildə Bakı, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün Azərbaycan dili üzrə axşam kursları açılmışdı. Bu kurslarda təhsil müddəti, iki hissəyə bölünməklə, 1920-ci il aprelin 1-nə qədər davam etmişdi. Bundan əlavə, Bakıda parlamentin üzvü Abdulla bəy Əfəndiyevin rəhbərliyi altında ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar açılmışdı. Bu kurslarda pedaqogika, Azərbaycan dilinin tədrisi metodikası öyrənilirdi.

Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Ana dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılır və burada Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq Azərbaycanca təhsillərini davam etdirə bilsinlər. Şagirdlər 5-ci sinifdən sonra məktəbi bitirənə qədər tədris prosesi rus dilində aparılır, Azərbaycan dili isə həmin siniflərdə məcburi fənn kimi tədris olunurdu. Bu siniflərdə Azərbaycan dilinin tədrisi həftədə 4 saatdan az olmamalı idi.

Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və bu kurslarda 150 nəfər oxumağa başladı. Lakin Gəncədə fəaliyyət göstərən müəllim seminariyası kadrlara olan ehtiyacı ödəyə bilmirdi. Odur ki, Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi.

Müəllim seminariyasından başqa, xalq maarif sistemi üçün kadrlar hazırlayan müəssisələrdən biri də ali ibtidai məktəblər olmalı idi. Bu məqsədlə respublikanın Maarif Nazirliyi 1918-ci ildə bir sıra işlər görmüşdü: Göyçayda məktəb açılmış, Ağdamda, Nuxa (Şəki) qəzasının Qutqaşen kəndində belə məktəblərin açılması haqqında qərar qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə də mədəni-maarif sahəsi siyasətində milli mənafelərə hörmət prinsipi çox yüksək tutularaq demokratik xarakter daşıyırdı. Bu siyasət Azərbaycanda yaşayan bütün millətlərin mənafeyinə uyğun olmaqla, onların mədəni inkişafı üçün geniş və real imkanlar açmışdı.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi.

Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir!


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”
2. Elman Mirzəyev, Sima Babayeva. . “AXC və təhsil”


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: