Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Günel Səmədova:  "Tarixi Qələbənin uğurlu davamı" Qalib ordunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 26 iyun – Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfəri zamanı komando hərbi hissəsinə döyüş bayrağının verilməsi mərasimində gördüklərimiz, müşahidə etdiyimiz həqiqətlər Azərbaycan Ordusunun gücünü, sarsılmaz qüdrətini təsdiqləyərək dünyadakı nüfuzunu artırdı.

İkinci Qarabağ müharibəsi zamanı bir çox həqiqətlər üzə çıxdı. Bu həqiqətlər Azərbaycan Ordusunun gücü, əzmkarlığı, Azərbaycan xalqının birliyi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, siyasi mövqeyi, lider kimi bacarığı idi. Bunların sayəsində bu gün Azərbaycan xalqı qalib ölkə kimi Ordu Gününü qürurla qeyd etdi. Bir qədər tarixə qayıtsaq, görərik ki, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşüb. Bununla Azərbaycan ən böyük, hərbi – siyasi baxımdan ən strateji əhəmiyyətli rayonunu itirib. Lakin 44 günlük müharibə zamanı Azərbaycan ordusu düşməni ağ bayraq qaldırmağa məcbur etdi və nəticədə digər işğal edilmiş ərazilərimiz kimi Kəlbəcər də düşmən tapdağından azad edildi. Azərbaycan ordusu öz tarixi missiyasını yerinə yetirdi. Çox çətin relyefi olan əraziləri düşməndən azad etmək üçün Azərbaycan əsgərinin əzmkarlığı , ruhu, gücü hesabına olsa da, beynəlxalq siyasi arenada da az iş görülməmişdir. Beynəlxalq hüquq bizim haqlı mövqeyimizi dəstəkləyirdi. Bütün dünya bilirdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.

Torpaqlarımız azad edildikdən sonra da ordu quruculuğu davam etdirilir. Kəlbəcərdə, Laçında və Ermənistanla həmsərhəd olan digər rayonlarda yeni hərbi hissələr yaradılır. İlk komando qüvvələrinin hərbi hissəsi 24 dekabr 2021-ci ildə Hadrutda yaradılmışdır. Yeni yaradılan komando hərbi hissələri yeni silahlarla, ən müasir texnika ilə təchiz edilir.

Ordu quruculuğu ənənəsi XX əsrin əvvəlinə gedib çıxır. Azərbaycanda ilk dəfə 26 iyun 1918-ci ildə ilk hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılır. Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə pərakəndəlik aradan qaldırlıd və ordu quruculuğuna başlandı. Hərbi liseylər, ali hərbi məktəblər yaradılır, onların məzunları və eləcə də tələbələri müxtəlif xarici ölkələrdə hərbi təhsil alaraq ordumuzun yenilənməsinə, müasir tələblərə cavab verməsinə öz töhfələrini vermişlər. 1999-cu ildə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrin bünövrəsi qoyulmuşdur. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən hərbi qulluqçular əsl peşəkar hərbçilər sayılır. Məhz görülən bu işlərin nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ düşmən tapdağından azad oldu. “Dəmir yumruq” ifadəsi məhz güclü Azərbaycan ordusunun bu gücünün nəticəsində formalaşdı. Ermənistanın və onun havadarlarının mövqeyinə baxmayaraq “Dəmir yumruq” yerindədir. Cənab Ali Baş Komandan Kəlbəcərdə komando qüvvələrinin hərbi hissəsinin açılışında çıxış edərkən bir daha bunu vurğuladı: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə , xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz”

Müharibədən sonra ordunu gücləndirməklə bərabər gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün də bir çox işlər görülməkdədir. Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Vətənə sevgi hissi ilə böyüyən, Qarabağın işğalından sonra doğulan, Qarabağı görməyən gənclər öz canlarını fəda edərək Qarabağı azad etdilər. Azərbaycan əsgərinin qəhrəmanlığından dünya hərb tarixində həmişə danışılacaq. Onların qoçaqlığı, qəhrəmanlığı dərsliklərə salınacaq.

Qarabağda quruculuq işləri də planlı şəkildə həyata keçirilir. Cənab Prezident özü şəxsən tikinti-quruculuq işlərinə nəzarət edir, tez – tez bölgələrə səfər edir, yeni qurulan infrastruktura, tikililərə baxış keçirir. Cənab Prezident müharibədə necə xalqın önündə idisə, düşməni məhv etmək üçün necə bütün əzmkarlığını, gücünü , qüvvəsini sərf edirdisə, bu gün də Qarabağın yenidən bərpası üçün əlindən gələni edir. Təkcə Kəlbəcərdə yox, işğaldan azad edilmiş digər bölgələrdə də tikinti-bərpa işləri davam etməkdədir.

Görülən işlər parlaq bir gələcəkdən xəbər verir. Qarabağ öz əvvəlki yaşam tərzinə yeni infrastruktur qurmaqla tam müasir formada qayıdacaq. Respublikamız nəinki regionda, eyni zamanda dünya miqyasında dövlətçiliyi, güclü ordusu və iqtisadiyyatı ilə ən nüfuzlu ölkələrlərin sırasında öz layiqli yerini möhkəmləndirəcək.

Günel Səmədova,
Bakı şəhəri, Xətai rayonu,
221 nömrəli tam orta məktəbin direktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: