Bizim Borçalının Ləlvər, Lökü var,
Könüllərdə kök-kömənci, kökü var,
Çəkilməz Əyriqar, böyük Babakər,
Çiynində dağların Səngər yükü var.
Babaların əl - əl gəzən əlində
Balta, dəhrə, kəsən kərki, törpü var.
Maşavera, Ehram çayı, dəli Kür,
Köpüklənib altdan axan körpü var.
Başa, daşa çaxsan başla daş yaran
Baltasının, toxasının küpü var.
Yazı güllü, qışı şaxta, boranlı,
Çovğunu var, tufanı var, tüpü var.
Qayım - qədim oba, oğuz elində,
Gözəllərin gül çələngi telində,
Nənələrin gümüş kəmər belində,
Ürəyində taqət, təpər, gürpü var.
Qalıb türkçülükdən yadigar, nişan,
Yüz illər keçsə də dəyişməz insan,
Hüseyn, adlarına bağlanan dastan
Köhnə kişilərin köhnə kürkü var.
13.03.2016
Borçalım dayanıb, öz yerindədi!..
Sənəti yaşadan sənətkardı, şah,
Yaşadı, yaratdı, yandı Xan Əmrah,
Xındı da, Əhməd də, Məmməd də vallah,
Kamandar yaşayır, saz yerindədi!
Qaravəlli, bayatılar, nağıllar,
Qıfılbənd, hekayə, həm havacatlar,
Sinəsində salnaməydi dastanlar,
Saraclı ölməzdi, söz yerindədi!
Gülabı sənətdə nə xallar, güllər,
Hamamlı Vəkil də iz qoydu, getdi,
Zəlimxan min kitab söz qoydu, getdi,
Oğulsan itkiyə döz, yerindədi.
Bu sənətə sinə gərməz hər sinə,
Saza – sözə ürək qoyub bir sinə,
Tərmeyxan təbində elə tər sinə,
Onu köç etsə də, yüz yerindədi!
Dayanıb yerində yurd-yuvam, dağım,
Hələ də bar verir meyvəli bağım,
Kim deyir sönübdü odum, ocağım,
Çırağım, kösöyüm, köz yerindədi!
Kənd-kəsəklər öz dərdində - sərində,
Əkir, biçir, el xeyrində, şərində,
Bünövrəsi dayaz deyil, dərində,
Dərə də, təpə də, düz yerindədi!
Binə, dəyə, hər alaçıq, hər çalı,
Kim deyir ki, boşalıbdı Borçalı?
Çəmən, çəhlim gül – çiçəkli bir xalı,
O bir seyrangahdı, süz, yerindədi!
Ağbirçək analar, ahıl atalar,
İsmətli, həyalı gəlin, bacılar,
Şəkərdən, baldan da şirin balalar,
Abır da, həya da, üz yerindədi!
Köç etdi dünyadan Aslan Kosalı,
Çəkməsəm el qınar burda misalı,
Hüseyin, o nəhəng Nəbim timsalı,
Borçalım dayanıb, öz yerindədi!
30.07.2017
Dağlardan gəlmişəm
Mən saf, duru bir sızqıyam,
Sızlayıram sızım – sızım,
Yaz deyəndə yanır ağzım,
Sızıb dağlardan gəlmişəm.
Sıxıntıyam, sıxılcımam,
Xəyalı xıncım – xıncımam,
Od parçası, qığılcımam,
Qızıb dağlardan gəlmişəm.
Addım – addım yolu, izi,
Bərkitmişəm topuq, dizi,
Yada salıb dostlar sizi,
Cızıb dağlardan gəlmişəm.
Saz deyəndə sazlanıram,
Nəşələnir, nazlanıran,
Çiçək kimi tozlanıram,
Azıb dağlardan gəlmişəm.
Hüseyinəm, qərib eldə,
Qəm, qüssəylə, ələm ilə,
Qəbirimi qələm ilə
Qazıb, dağlardan gəlmişəm.
14.10.2016
Ay bənövşə
Niyə qaçıb rəngin, ruhun,
Ağrın alım, ay bənövşə?
Sağa – sola tellərini
Dara yana, yay bənövşə.
O nə yaşdı yanağında?
Sözmü donub dodağında?
Özüm ölüm qabağında,
Yoxdu sənə tay bənövşə.
Bircə - bircə tellərini,
Saçlarını say bənövşə.
Yanağından bircə busə
Versən nolar pay bənövşə.
Saçlarımın çal vədəsi,
Ürəyimin xal, zədəsi,
Çağlayar çeşmələr kimi
Çeşmim yaşı çay bənövşə.
Sən baharda açan vaxtı,
Ənbər, ətir saçan vaxtı,
Mən dünyadan köçən vaxtı
Ömrüm olar zay bənövşə.
01.04.2017
Gül sinəm üstə
Açılıb məxməri, gül sinən üstə,
Nazikdi köynəyin, tül sinən üstə,
Yanağın yapışsın yanağım üstə,
Qoy yanım kül olum, kül sinən üstə.
İstər yandır məni, istərsən qovur,
İstərsən külümü lap göyə sovur,
Nə olar, ay canım, tək bircə hovur
Baş qoyum, dincəlim gəl sinən üstə.
Ləblərin yanında ləl də yalandı,
Könlüm evi tarmar olmuş, talandı,
Görsən, cismim od, atəşə qalandı,
Gəzsin gərdən boyu əl sinən üstə.
Arzular ülvidi, xəyallar şirin,
Ataydım daşını qəmin, kədərin,
Ay gülüm, qəlbini qırma şairin,
Eləcə gülümsə, gül sinəm üstə.
22.04.2017
Yana - yana qalmışam
Buz bulağ üstündə buzu yalardım,
Quzqulağ üstündə duzu yalardım,
Qaragöz, qıvrım tel quzu yalardım,
Yaş gözümdə, yana-yana qalmışam.
Yaddaşımdan yağlı, yavan aş keçir,
Boğazımdan çınqıl keçir, daş keçir,
Yavaş - yavaş ömür ötür, yaş keçir,
Yaylaq deyə, yana – yana qalmışam.
Bülbülün cəh - cəhi qulağımdadı,
Nəğməsi dilimdə, dodağımdadı,
Yadımdan çıxmayır iy, qoxu, dadı,
Yarpız deyə yana - yana qalmışam.
Göz oxşayan çəmən, çəhlim, örüşlər,
Tay-tuşlarla vaxtlı - vaxtsız görüşlər,
Çeşmələrlə şirin - şirin öpüşlər,
Yadırğanmaz, yana – yana qalmışam.
Ay işığı, gecə nurlu, su car – car,
Ulduzlar da yanıb – sönərdi, par – par,
Yadındamı, lil içində, a lilpar ?
Yada salma, yana - yana qalmışam.
Bulaqlar da yadırğamış busəni,
Qız tanımır bardaq, səhəng, kuzəni,
Hüseyn, bu dərd bitirəcək bil səni,
Yaxam əldə, yana - yana qalmışam.
21.05.2017
Yatıbdı
Hər məzar daşında min məna yatır,
Daş var ki, altında ilan yatıbdı.
Adam var ömrünü puç etdi, fəna,
Daş da var, altında insan yatıbdı.
Bəlalar beşikdən, bələkdən gələr,
Əcəlin fərmanı fələkdən gələr,
Sorğular, suallar mələkdən gələr,
Daş var altda firon, filman yatıbdı.
Adam var güldürüb, gülüb gedəcək,
Adam var, it kimi hürüb gedəcək,
Dövran öz dövrünü sürüb gedəcək,
Daş da var altında fidan yatıbdı.
Bir gün də görmədi o, Şəhriyarım,
Köç etdi dünyadan bu, Bəxtiyarım,
İndi qan ağlayır cənnət diyarım,
Daş da var altında Bəhman yatıbdı.
Məzarlar, qəbirlər cərgə - cərgədi,
Nə cəbbəxanadı, nə də cəbhədi,
Bir səssiz - səmirsiz, lal düşərgədi,
Daş da var, altında rəhman yatıbdı.
Adam adam gərək, olmasın qaban,
Ayağ yer tutanda qalxmasın daban,
Şahmar çalan baxmaz şahdı, ya çoban,
Daş da var, altında şaman1 yatıbdı.
Xeyirlə şər cüt doğulub, gəlibdi,
Eşq ucundan hicran çəkən həbibdi2,
Xəstənin dərmanın yazan təbibdi,
Daş da var, altında loğman yatıbdı.
Adam var həyatda dinsiz – imansız,
Özündən, özgədən müdam gümansız,
Hüseyn, adam da var qəddar, amansız,
Daş da var, altında qılman3 yatıbdı.
~~~
1- şaman - ruhlara, magiyaya inan sehrbaz, ovsunçu, cadugər mənasında;
2- həbib – sevgili, dost mənasında;
3- qılman - cənnət, behişt xidmətçiləri mənasında.
09.07.2017
Olmaz, olmaz
Qaraya mən qara, ala al dedim,
Zəhərə mən zəhər, bala bal dedim,
Tirməyə mən tirmə, şala şal dedim,
Görmədim, qaradan ağ olmaz, olmaz.
Çəkilsə qaymağı, alınsa üzü,
Ağaran, qatığı, süzməni, südü,
A qardaş, qoy deyim doğrunu, düzü,
Yüz dəfə çalxala, yağ olmaz, olmaz.
Bassa da hər yanı alaq, ot, çayır,
Oğulsan qanqalı gəl güldən ayır,
Sən öz saydığın say, fələk nə sayır ?
Hər çayır-çəməndən tağ olmaz, olmaz.
Götür bağ - bağçada ək qaratikan,
İstəyir moruğ ək, istər böyürtkən,
İynəsi qanadan, sökəndi tikan,
İnan ki, hər koldan bağ olmaz, olmaz.
Əlinə qazma al, bel, külüng götür,
Qaz qara torpağı, qalaqla, ötür,
Ah, nədir faydası, ay Aslanoğlu ?
Hər alçaq təpədən dağ olmaz, olmaz.
15.09.2017
Mən sənin adını başa yazaram !
Sən Odlar Yurdunun bir parçasısan,
Rəssamlar toxuyan xalça, xalısan,
Seyrəngah səfalı, xoş havalısan,
Dərdindən-sərindən lap ahu – zaram,
Çəkərəm göz üstə, qaşa yazaram!
Salnaməsən, salğarın, sanbalın var,
Kitaba, dəftərə, dərsliyə salar,
Mən sənin adını o, şiş zirvəli
Həkk edər qayaya, daşa yazaram,
Murovla, Qoşqarla qoşa yazaram!
Bir cənnətsən, gül-bülbüllü bağ kimi,
Çalması dumandan, uca dağ kimi,
Qoynunda qaynayan saf bulağ kimi,
Daşdan, qumdan sızqı kimi sızaram,
Mən sənin adını yaşa yazaram!
Vüqarlısan, vüqarına heyranam,
Qürurlusan, qüruruna heyranam,
Əhdi – peyman, ilqarına heyranam,
Adına yamağı yaraşdırmaram,
Səndən iraq deyib, haşa yazaram!
Göyçə mənimkidi, mənim ki deyil,
Dərbənd mənimkidi, mənim ki deyil,
Təbriz mənimkidi, mənim ki deyil,
Çatar qaşlarımı ah, aram - aram,
Mən necə keçmişim çaşa yazaram?!
Hüseyn, sultanımdı, xanım Borçalım,
Şərəfim, şöhrətim, şanım Borçalım,
Mahallar içində canım Borçalım,
Düşmənin quyusun dərin qazaram,
Mən sənin adını başa yazaram!
26.09.2017
Dildi sözü cilalayan
Korş ağızlı kərki kimi
Dil var sözü yonur, tökür,
Əyrim - üyrüm, kələ - kötür
Sözdən baş aç, məna götür.
Yeyə var ki, adı törpü,
Dəmiri də yeyər, tökər.
Yeyə sözü yeyə bilməz,
Sözdən sözə yol var, - körpü.
Hər dil sözü cilalamaz,
Sığallamaz rəndə kimi.
Heca - heca, sətir - sətir,
Misra - misra, bəndə kimi.
Dildi sözü cilalayan,
Hamarlayan, tumarlayan,
Sığal çəkib, malalayan,
Dənə - dənə, dərkə kimi.
01.10.2017
Səni mənə vermədilər, neyləyim...
(“Səni mənə vermədilər…”.
Mehman Göytəpəli)
Nə tərlansan, nə turacsan, teyləyim,
Nə durnasan, qatarından əyləyim,
Nə xanımsan, nə sultanım, nə bəyim,
Səni mənə vermədilər, neyləyim...
Dişlərin də dümağ, incə, sədəfdi,
Baxışların baxışıma hədəfdi,
Baxt sinəmdə düyün düşmüş kələfdi,
Səni mənə vermədilər, neyləyim...
Selə döndüm bu sevdanın yolunda,
Yelə döndüm bu sevdanın yolunda,
Telə döndüm bu sevdanın yolunda,
Səni mənə vermədilər, neyləyim...
Fələk də olmadın, fələyim deyim,
Mələk də olmadın, mələyim deyim,
Kələk də olmadın, kələyim deyim,
Səni mənə vermədilər, neyləyim...
Açılıb düymələr, yazdı yaxanda,
Gözəlim, sahmandı, sazdı yaxan da,
Mən ölmüşü özün yandır, yax anda,
Səni mənə vermədilər, neyləyim...
Mən mail olmuşam, mail hüsnünə,
Hürü, Pəri, ay qız, sənin hüsnün nə?
Hüseyinəm, meylim qonub hüsnünə,
Səni mənə vermədilər, neyləyim...
05.10.2017
Mənim
Bir gözümdə çağlar qışdı,
Bir gözümdə yazdı mənim.
Bir gözüm ağlar kamandı,
Bir gözümdə sazdı mənim.
Bir gözümdə barlı bağdı,
Bir gözümdə qarlı dağdı,
Bir gözümdə yağış yağdı,
Bir gözüm ayazdı mənim.
Bir gözümdə şirin röyam,
Bir gözümdə xəyal, xülyam,
Bir gözümdə dərin dünyam,
Bir gözüm dayazdı mənim.
06.10.2017
Dağlar
Bu yol çəkən iki gözüm
Yollarında kökür dağlar.
Səngiməyir odum, közüm,
Hara baxır gözün dağlar?
Nə dərdim var, nədi sərim?
Dərd sinəmdə dərya, dərin.
Nəyə büküm, hara sərim
Dərdi – səri düzüm dağlar?
Qalmadı, səbrim tükəndi,
Qırılar, nazik tükdəndi,
Çəkdiyim fikir, yükdəndi,
Qalmayıbdı dözüm dağlar.
Baldırğanın bal, cökəndi,
Köz üstə kömbən, kökəndi,
Azar - bezar bel bükəndi,
Bükülübdü dizim dağlar.
Kəhərlərin nal tökəndi,
Gül - çiçəyin hal sökəndi,
Hüseyn sənə qul, nökərdi,
Budur axır sözüm dağlar.
19.10.2017
"CANIM AZƏRBAYCANIM"
(Müşfiq Borçalının “Canım Azərbaycanım” ədəbi məcmuəsinin işıq üzü görməsi münasibətilə)
Allah sənə yar olsun,
Yazan əllər varolsun,
Uğurların bol olsun,
“Canım Azərbaycanım” !
Dilimdə salam – dua,
Çıxaram uğuruna,
Su çilərəm yoluna,
“Canım Azərbaycanım” !
Taqət dizdə, qolunda,
Sağında, həm solunda,
Açığ olsun yolun da,
“Canım Azərbaycanım” !
Bayraqdar ol, bayrağ ol,
Yanan məşəl, mayağ ol,
Haqq ol, haqqa dayağ ol,
“Canım Azərbaycanım” !
Mayan safdı, durudu,
Gələcəyin nurludu,
Məcmuən məzmunludu,
“Canım Azərbaycanım” !
İşığ üzü görübsən,
Gözəl çələng hörübsən,
Mübarəkdir ilk nüsxən,
“Canım Azərbaycanım” !
19.03.2020
Ziyam “ZİRVƏ”
(Müşfiq Borçalının “ZİRVƏ” adlı saytında dərc olunan əsərlər arasından seçilərək kitab şəklində çap olunan eyni adlı antologiyanın işıq üzü görməsi münasibətilə)
Günəş kimi parla göydə,
Şölə, nur saç üfüqlərdə,
İşıqlansın Yer də, Göy də,
Ey ziyalım, ziyam “ZİRVƏ”!
Gözün qırpma, bax şəhanə,
Misra - misra, xanə - xanə,
Sazı – sözü yay cahana,
Ey ziyalım, ziyam “ZİRVƏ”!
Kamal səndə, kəlam səndə,
Vurğun oldum sənə mən də,
Yüksəl, ucal pillə - pillə
Ey ziyalım, ziyam “ZİRVƏ”!
Mən pərvanə, sən də bir şam,
Söz mülkündə eylə qiyam,
Qoy çin olsun yuxum, röyam,
Ey ziyalım, ziyam “ZİRVƏ”!
Hüseyinə arxa, dayaq,
Elm, bilik, alim sayaq,
Yol göstərən, sən ol mayak,
Ey ziyalım, ziyam “ZİRVƏ”!
30.07.2018
Cavanşirin bulağında
Başkeçidi bəyənməyən
Xain, xoflu, müxənnətdi,
Sür səfanı, el cənnətdi,
Cavanşirin* bulağında.
~~~~
* - general Cavanşir Məmmədov
Bir yanda quşlar oxuyar,
Hər yan müşk-ənbər qoxuyar,
Gözəllikdən gözmü doyar
Şair, Şahmarlı dağında?
Yaddaşında saxla anı,
Təravətli, tərdi yanı,
Doyunca doldur dolçanı,
İç, dərmandı suları da.
Daş, qayadan qaynar bulaq,
Bulaq başı dincdi qulaq,
Müşfiq müəllim, xoşhal olaq -
Sərin bulaqlar başında.
21.08.2018
Ay LƏTİFOĞLU
(Aşıq Kamandar Lətifoğluna)
A dağların aşiqi, aşığ oğlu,
Sinəndə telli saz, yaraşığ oğlu,
Oxu Kamandartək, odlu, alovlu,
Adın Kamandardı, ay Lətifoğlu.
Dağların qoynuna gələndə yazım,
Sən mənim havamı çal, telli sazım,
İstədim şəninə bir dastan yazım,
Adın Kamandardı, ay Lətifoğlu.
Gözümdə cənnətdi, çünki Vətəndi,
Ətirli gül açan, bülbül ötəndi,
Əmrahın sazı da dil - dil ötəndi,
Adın Kamandardı, ay Lətifoğlu.
Çəkəndə mizrabı telə tərsə çək,
Sazında gül açsın təzə, tər çiçək,
Kamandar ölməyib, deyim ki gerçək,
Adın Kamandardı, ay Lətifoğlu.
Bu meydan Qabilin, Raminin, sənin,
Borçalı ləhcəli, o, Nargilənin,
Səhəri sizsiniz saz - söz, sənətin,
Adın Kamandardı, ay Lətifoğlu.
Girəndə meydana mərdanə gir, gir,
Giribdir cəngə tək, qoy desinlər şir,
Saz-söz meydanında sən ol cahangir,
Adın Kamandardı, ay Lətifoğlu.
Arandan söhbət aç, dağdan, düzdən de,
Biraz Babakərdən, Əyriqardan de,
Səngərdən söhbət aç, Ləlvərdən də de,
Adın Kamandardı, ay Lətifoğlu.
Saz da bir kamandı, atdığı oxdu,
Saz tutan, söz deyən, şair nə çoxdu,
Ədalət ölübdür, ya Əmrah yoxdur?
Adın Kamandardı, ay Lətifoğlu.
Hüseynəm, saz kimi sızlayır sinəm,
Saz üstə köklənib bünövrəm, binəm,
Mən dağlar oğluyam, buna əminəm,
Adın Kamandardı, ay Lətifoğlu.
13.11.2022
Durna
Qar - borandan, qasırğadan,
Qan - qadadan qaçan durna,
Mən məhzundan salam söylə,
Üzü Qərbə uçan durna...
Salam apar qucaq - qucaq,
Yurd - yuvama çatdır, qoncaq,
Qoy sönməsin o od - ocaq,
Qoşa qanad açan durna...
Gedir, gəlir qonağ kimi,
Qəbul edir qınağ kimi,
Qəddim olur yumağ kimi,
İldə bir yol, dayan durna...
Bənövşəsi, nərgizindən
Dər əlinlə, dəstə bağla,
Göndər öpüm güllərindən,
Qismət olsa, haçan durna...
Di qalx, uç, qalma dəstəndən,
Nigaranam mən Vətəndən,
Qırx bir il çıxdaşam kənddən,
Gülü ətir saçan, durna…
21.10.2017
Nə var ki
Dalğıcsansa, dəryalara baş vur sən,
Dayazlarda çırpınmağa nə var ki.
Dalın ilə daş atana daş at sən,
Qum atmaqla qırpınmağa nə var ki.
Bacarırsan zirvə, dağ ol, daşınma,
Təpə olub, aşınmağa nə var ki.
Bir barmaqla çətin olar qaşınmaq,
Beş barmaqla qaşınmağa nə var ki.
Bağbanlar becərən bağçada, bağda
Budaqda meyvənin bir nübarıyam,
Demə söz ustası, dil pərgarıyam,
Dil – dil ötüb, danışmağa nə var ki.
Sərrafsansa sözə zər çək, zinət ver,
Yaşamağa möhrünü bas, möhlət ver,
Sənlik deyil, nə əzab, nə möhnət ver,
Zağca kimi zarımağa nə var ki.
09.10.2017
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.