AYSEL NAZİMQIZI (1989)

AYSEL NAZİMQIZI (1989) Aysel Nazim qızı Əliyeva - 22 aprel 1989-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Sabunçu rayonundakı 67 saylı tam orta məktəbdə oxuyub. Azərbaycan Dənziçilik Kollecini fərqlənmə ilə bitirib.
Hazırda Bakı Xaroeqrafiya Akademiyasının I kurs tələbəsidir.
Orta məktəb illərindən ədəbi-bədii yaradıcılığa həvəs göstərib. Respublika mətbuatında mütəmadi olaraq bədii və publisistik yazılarıyla çıxış edir.
“ Duyğu Dənizi”, “Qəlbimin Harayı” , “Xalqımızın Mehribanı” adlı şeirlərlər kitablarının müəllifidir.
“Təhsil”, “Ziya”, “Şərqin səsi”, “Elm və təhsil”, “Ədalət”, “Kredo”, “Təhsil Problemləri” , “Müəllim”, “Həkəri”, eləcə də, qardaş ölkə Türkiyədə “İzləm”, “Mersin postası” qəzetlərində , “Yurd” , “Məşəl”, “Füyuzat”, “Sənətkar”, “Yazarlar” jurnallarında, “Zirvə” poeziya antalogiyasında, “Canım Azərbaycanım”, “Poeziya çələngi” və “Buta” ədəbi məcmuələrində bədii nümunələri işıq üzü görüb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim vəzifəsində çalışır.
Eyni zamanda, “Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin redaktorudur.
"Abdulla Şaiq", "Zirvə" və "Qızıl Qələm" mükafatları laureatıdır.
Biz də Aysel xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Püste RƏVAN,
ZiM.Az



MƏNİM BU SEVGİM

Bahara döndərdi duyğularımı,
Şip-şirin eləyib yuxularımı.
Üstünə sərmişəm könül varımı,
Kövrək bir nəğmədir mənim bu sevgim.
***
Hər gün sevincimin dodağı qaçır,
Duyğular sinəmdə gül-çiçək açır.
Elə bil ruhuma işıq, nur saçır,
Kövrək bir nəğmədir mənim bu sevgim.
***
Çiçəyə bürünüb yaylaqlar kimi,
Pıçıldayır körpə dodaqlar kimi.
Çağlayır dumduru bulaqlar kimi,
Kövrək bir nəğmədir mənim bu sevgim.
***
Oxu könlümdəki eşqin sətrini,
Daim uca tutdum onun xətrini.
Ayselin ruhuna səpib ətrini,
Kövrək bir nəğmədir mənim bu sevgim.


VƏTƏN

Ömrümə ələnən ilahi nursan,
Ana laylası tək qəlbə dolursan.
Yamyaşıl geyinmiş gəlin olursan,
Bir özgə aləmdir baharın, Vətən.
***
Nəğməyə bələnib gözəl çağların,
Ərən oylağıdır uca dağların.
Könüllər oxşayır barlı bağların,
Ümid ətirlidir yolların, Vətən.
***
Aysel, bu torpaqda halallıq ara,
Zirvələr heykəldir namusa, ara.
Sənin sorağına gələn dostlara,
Sevinclə açılır qolların, Vətən.


HƏYAT

Duyğular sinəmdə iməkləyən gün,
Əllərim ümidi ətələyən gün,
Arzular gözümdə çiçəkləyən gün,
Bəxtimi gözündə çalıbdı həyat.
***
Fələyin bəxtimlə çoxdu davası,
Yaralı könlümün yoxdu dəvası,
Ruhuma əsəndə bahar havası,
Sevgimi əlimdən alıbdı həyat.
***
Min ah çiçəklədi bir arzu-kamda,
Qəfil çilikləndi arzu da, kam da.
Əllərim vüsala yetən məqamda,
Ayrılıq havası çalıbdı həyat.
***
Fələk taleyimdə dərdi yolları,
Gözümün yaşına sərdi yolları.
Keçir sinəm üstdə dərdin yolları,
Ömrümü əzaba salıbdı həyat.
***
Gözü misra-misra dolan şairəm,
Dərdin bağcasında solan şairəm.
Bəxtimi ovcundan salan şairəm,
De, məndə ta nəyin qalıbdı, həyat?!


SEVİRƏM

İmkan olsa, tut kasıbın əlindən,
Çıxar onu dərdin, qəmin selindən.
Əyilib öp bir yetimin telindən,
İnsanların mürvətini sevirəm.
***
Can fələklə hər gün bəhsə-bəhsədir,
Əcəl yolda, qulaqlarım səsdədir.
Ümidlərim həyat adlı dərsdədir,
Mən taleyin qismətini sevirəm.
***
At oynadır zəmanənin soyuğu
Solan deyil içimdəki bu duyğu
Nənələrin mənə miras qoyduğu,
Abırını, ismətini sevirım.
***
Bir xoş sözlə, tənhaları dindirin,
Gözlərdəki dərdi, qəmi endirin.
Bu dünyanın mohnəti var çox dərin,
Ürəklərin şəfqətini sevirəm.
****
Aysel, zaman ömrü-günü toxuyar,
Arzularım pərdə-pərdə oxuyar.
Ümidlərim zəfər ətri qoxuyar,
Doğma elin qeyrətini sevirəm.


ÖMÜR VƏFASIZDIR

Dağlar bu dünyanın alın qırışı,
Dəryalar, dənizlər gözümün yaşı.
Qəlbində bu uca hikməti daşı,
Ömür vəfasızdır bu dünya kimi.
***
Soruş lalələrin qara xalından,
İbrət al həyatın qeylü-qalından,
Tutma iki əlli haram malından,
Ömür vəfasızdır bu dünya kimi.
***
Əzəldən dərdləri təzədi, tərdi,
Min ildi gözlərdən göz yaşı dərdi.
Milyon-milyon ömrü torpağa sərdi,
Ömür vəzafızdır bu dünya kimi.
***
Aysel, bəxtin yolu dumandı, çəndi,
Ağrılar saçımdan boylanan dəndi.
Fələyin qapısın çırpıb gedəndi,
Ömür vəfasızdır bu dünya kimi.

Aysel ƏLİYEVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: