MƏNSURƏ AĞAYEVA (1963)

MƏNSURƏ AĞAYEVA (1963) Mənsurə Əlipaşa qızı Ağa­ye­va
- 25 Mart 1963-cu ildə Qə­bə­lə rayonunun
Bum qəsəbəsində ana­dan ol­muş­dur.
Şairənin şeirləri Esmira Gü­nəşin “Günəşin nuru 3”,
Tel­li Sənəm Borçalının “Ya­yılsın alə­mə ana­mın səsi”,
Vüsal Oğu­zun “Qə­bələnin sözü” antolo­gi­ya­larında,
"Yurd" jurnalında işıq üzü görüb.
Hazırda Qəbələ rayonunun
Həm­­­zə­lli kəndində yaşayıb-yaradır.
Tibb bacısıdır.
“Qəbələnin səsi” şairlər birliyinin üzvüdür.

Biz də çox hörmətli Mənsurə xanıma
yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik.


Pərvanə ZALAMLI,
ZiM.Az



MƏNSURƏ AĞAYEVA (1963) QƏBƏLƏ

Baxdıqca hüsnünə məst olur aləm,
Qoynunda yetişən naz-nemət məlhəm.
Bəlkə gözə gələr danışıb dinsəm,
Gözəllik tacıdır özü Qəbələ.

Hər qaya dibində yatır min sehrin,
Dünyanı dolaşır açılmaz sirrin.
Dillərdə gəzir xoş nəğmə şeirin,
Tükənməz söhbəti ,sözü Qəbələ.

Dağlardan axan o gur şəlalələr,
Düzlərdə alışan o al lalələr.
Hər qonaq gələni danışar nələr,
Ocağa od verən közü Qəbələ.

Ceyranlı, cüyürlü sərin yaylaqlar,
Arxadır, dayaqdır o uca dağlar.
Ətiri tükənməz o güllü bağlar,
Enişli-yoxuşlu düzü Qəbələ.

Mənsurə baxdıqca qəlbdən ucalır,
İlhama gələndə səndən bac alır.
Demə yavaş-yavaş o,da qocalır,
Qələmdən süzülən sözü Qəbələ.
Şəhərlər-şəhəri gözü Qəbələ.


BƏNÖVŞƏ

Kol dibi məskənin,özün pərişan,
Ürəyin həsrətdən olubdu şan-şan.
Bükərək boynunu dərdlə dolaşan,
Çiçəklər içində özəl bənövşə,
Özün bir aləmsən gözəl bənövşəm.

Tələsdin gəlməyə ilk baharda sən,
Vaxtsız düşəndə o duman,o çən.
Bölüşsək dərdimiz olacaqdı tən,
Mənim də bəxtimə xəzəl bənövşə.
Özün bir aləmsən gözəl bənövşəm.

Sevgidə bilirəm qırılıb könlün,
Məskənin olubdur dağ,döşdə kolun,
Sənə səcdə edir sağın da, solun,
Dəyməsin qoy sənə pis əl, bənövşə,
Özün bir aləmsən gözəl bənövşəm.

Dərdimi bölüşmək istədim fəqət,
Gözdə yaş parladı, qəlbdə məhəbbət.
Qırılıb bəlkə də eşqə cəsarət,
Qəlbin də ətirin tək ləldi bənövşəm,
Özün də bir aləmsən gözəl bənövşə.

Mənsurə heyranın olubdur sənin,
Sığındım köksünə hicrana qəmin.
Məhəbbət naminə gəlirik sinə,
Dəyməsin qoy sənə pis əl, bənövşə,
Özün bir aləmsən gözəl bənövşəm.


BİTMƏZ HEKAYƏT

Həyatda naxışdan mən kəsir oldum,
Qaralmış buludtək acımla doldum.
Gəncliyim gözümdə gül təki soldu,
Deməyin taledən edib şikayət,
Həyatım dərd üstə bitməz hekayət.

Xəyallar aparır hey uzaqlara,
Gözüm dikilir sonsuz yollara,
Gileyimi edirəm dərdli dağlara,
Hərdən dərd deməyə olmur cəsarət,
Həyatım dərd üstə bitməz hekayət.

Həyatın qəm yolun mətin keçmişəm,
Yaxşını ,pisini görüb seçmişəm.
Hər gələn acıya sinə gərmişəm.
Edərək Tanrıya mən ərk,cəcarət,
Həyatım dərd üstə bitməz hekayət.

İnsan da bu qədər qəmə dözərmiş,
Acısı ,qüssəsi qəlbə süzərmiş.
Qürurum əzməyib mətin gəzmişəm,
Allahdan bəndəyə qədər dəyanət,
Həyatım dərd üstə bitməz hekayət.

Mənsurə, dərdlərin bitib tükənməz,
Dərd içdən boğanı deyib də gülməz.
Səndəki bu qürur əyilməz,dönməz,
Deməyin taledən etdi şikayət,
Həyatın dərd üstə bitməz hekayət.


MƏNSURƏ AĞAYEVA (1963) MƏNİ BAŞA DÜŞƏNİM YOX

Həyat mənimi çəkir dara?
Günümü edir qara.
Yoxmu bu dərdimə çarə,
Olmuşam bu dünyadan tox,
Məni başa düşənim yox.

Anam,bacım,həm də qardaşım,
Tapılmadı dərd sirdaşım.
Nələr çəkdi dərdli başım,
Ürəyimə sancıldı ox,
Məni başa düşənim yox.

Ötüb gedən ayım, ilim,
Nədən dinmir, laldır dilim.
Əl çəkməyir məndən zülüm,
Qəm içində çarəsi yox,
Məni başa düşənim yox.

Bilən varmı dərd -sərimi?
Bölən yoxdu bu qəmimi.
Gizlətsəm də acı nəmi,
İçdən çəkdim demədim ox,
Məni başa düşənim yox.

Mənsurəyəm, dərd anası.
Öz odunda kül olası.
Kimi anıb,kimi qanası,
Hələ başım çəkəcək çox,
Məni başa düşənim yox.


SOLMAZIM

Nurlu dünyamızdan çox vaxtsız getdin,
Axirət evini ziyarət etdin.
Varlıq tək gəlmisən, xəyal tək
Qurumaz gözümdən sel-yaş, Solmazım!

Lal kimi susqundur,sənin otağın,
Sükuta qərq olub yerin,yatağın.
Xəzana dönübdü o güllərin,bağın,
Aldatdın, neçə dost, qardaş, Şolmazım!

De,hansı arzuya, mətləbə çatdın?
O qara torpaqda vaxtsızmı yatdın?
Doğma əzizlərin nə vaxt unutdun?
Çatmadı mətləbə bu yaş, Solmazım!

Məzarın üstünə saldın gül bağı,
Açılsın, solmasın yaşıl yarpağın.
Bülbül budağında hər səhər çağı,
Olsun sənə həmdəm, sirdaş Solmazım!

Ağlasan nə fayda, dönməz Solmazım.
Mənsurə kədərdən gülməz, Solmazım,
Əbədi yaşayaq, ölməz Solmazım,
Unutmaz nə torpaq, nə daş, Solmazım.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: