ASİF OSMAN (1991)

ASİF OSMAN (1991) Qaraçöp elində bir çox şairlər ye­tişibdir, indi isə biz sizə gənc şairlə­rindən biri olan Asif Osman haqqında məllumat vermək istəyirik.
Asif Osman - 1991-ci ildə Qara­çöp­də - indiki Gürcüstanın Saqareco rayo­nunda anadan olub. Orta təhsilini doğma Qaraçöpdə alıb.
Sonra, Gürcüstanın Batumi, Azərbaycanın Şamaxı və Bakı şəhərlərində təhsilini davam etdirib. Uşaqlığından bəri, gözünü açıb, boya başa çatdığı doğma elinə hər zaman bağlı olub. Fərqi yoxdur, dünyanın harasında olursa - olsun, hər zaman qəlbi Qa­raçöplə, Borçalıyla, elin, obanın, sevgisi ilə döyünmüşdür. Bü­tün bu amillər, bir növ onun ilham qaynağına çevrilmişdir. Məhz təsadüfü deyildir ki, öz şeriyyatında, yaradıcılığında hər zaman elimizi, obamızı, həyatın çətinliklərini, qəddarlıqlarını öz şerlərində əks etdirir. Yaradıcılığında müxtəlif növ şer türlərinə müraciət edir. Ancaq, adətən lirik tərzdə yazmağı sevir. Çalışır ki, oxucularına daha təbii, onların hafizələrinə həkk olunacaq, estetik şerlər yazsın. Qaraçöpdə, Borçalıda yaşamış, yaratmış şairlərimizin, ədiblərimizin yaradıcılıqlarıyla xüsusən maraqlanır, oxuyur, araşdırır.
İraq türkmən yazıçılar birliyinə üzv olmuş və bir neçə diploma layıq görülmüşdür.
Hörmətli oxucular! Asif Osmanın şeirləri həyatdan götürülmüş mövzulardır. Oxunaqlı və dərin mənalıdır. İnanırıq ki, Asif bununla kifayətlənməyəcək. Onun bu coşqun ilhamı onu daha yüksək zirvələrə aparacaq... Biz də ona yeni-yeni uğurlar arzulayır və bir neçə şeirini aşağıda sizlərə təqdim edirik.

Məlahət SAHİBQIZI,
"Borçalı" nəşriyyatının şöbə müdiri,
AYB-nin və AJB-nin üzvü




QOCALTDI MƏNİ

Nə gün, nə ay, nə həftələr,
Nə illər qocaltdı məni.
Hər zalıma yaltaqlanıb,
Öyənlər qocaltdı məni.

Çoxu aşır öz həddini,
Pozur səddi-sərhəddini.
Bir qarına düz qəddini,
Əyənlər qocaltdı məni.

Hara baxsan əmi, dayı,
Tapdalayır, haqqı, sayı.
Kasıb-kusub, yetim payı,
Yeyənlər qocaltdı məni.

Par-par yanır qaşın zəri,
Şeytanlıqdır dərdi-səri.
Məzlumları, gücsüzləri,
Döyənlər qocaltdı məni.

Aldadırlar bunu, onu,
Tanrım, yoxmu bunun sonu?
Qəlbi paxıl, mələk donu,
Geyənlər qocaltdı məni.

Bağrım olub para-para,
Görüm bunlar düşsün dara.
Qaraya ağ, ağa qara,
Deyənlər qocaltdı məni.
21.11.2020


ALTDADI


Xəyal qurub səmalarda gəzirik,
Ayılmırıq yastıq başın altdadı.
O qədər ki, özümüzdən razıyıq,
Düşünürük zirvə qaşın altdadı.

Bilə-bilə hamı haqqı danır ki,
Qara daşı uca Tanrı sanır ki..
Ona görə korun-korun yanır ki,
Bu ocaqda quru yaşın altdadı.

Tülkü hində fərman yazır lələklə,
Hacı baba saz dolanır kələklə,
Bir az düşün çox əlləşmə fələklə,
Ömür boyu sülh savaşın altdadı.

Özümüzü öyə-öyə yaşadıq,
Dizimizə döyə-döyə yaşadıq,
Yetim haqqı yeyə-yeyə yaşadıq,
Bilmədik ki, zəhər aşın altdadı.

Çözmək olur hər müşkülü ağılla,
Qürurluyuq hər bir qızla-oğulla.
Uyutmayaq ömrü-günü nağılla,
Bədən başın, baş da daşın altdadı.
08.04.2020


KÖÇÜB GEDİR

İnsan ömrü çox qısadır,
Yuxu kimi keçib gedir.
Biri şərbət qarışdırır,
Biri zəhər içib gedir.

Qorxma dostum qarlı qışdan,
Halal çörək, çıxar daşdan.
Kim nə səpsə, əzəl başdan,
Əkdiyini biçib gedir.

Həqiqəti bilə-bilə,
Bəziləri düşür dilə.
Gəl tələsmə son mənzilə,
Hərə bir yol seçib gedir.

Daha yoxdur dadı-tamı,
İstəyirəm bilsin hamı.
Sonda heç kim, almır kamı,
Bu dünyadan köçüb gedir.


ÇƏKİRSƏN

Ay mənim qismətim, acı taleyim,
Tutmusan qolumdan hara çəkirsən?
Axı söylə görüm nədir günahım,
Boynuma ip salıb dara çəkirsən.

Hər zaman küsdürüb, incitdin məni,
Saldın gənc yaşımda saçıma dəni.
Başıma çökdürüb dumanı, çəni,
İşıqlı dünyama qara çəkirsən.

Hələ də balıma, zəhər qatırsan,
Sevincimi alıb, kədər satırsan.
Canımı alanda sən nə tapırsan?
Asifi vədəsiz gora çəkirsən.


GƏLƏRƏM

Eşitsəm ki, darıxmısan mənimçün,
Şimşək kimi qəfil çaxıb gələrəm.
Yağış olub buludların gözündən
Sənə sarı seltək axıb gələrəm.

Niyə susdun, ay zalımın balası?
Gül bitirib dərdlərimin talası.
Yenilməzdir hicranımın qalası,
Hasarını birdən yıxıb gələrəm.

Dünya mənim gözlərimdə bulanıq...
Ümid yolum qaranlıqdır, qaranlıq.
İlahidən qüdrət alıb bir anlıq
Qılınc kimi qından çıxıb gələrəm.

Hər sevginin keçilməyən səddi var,
Baxma yenə bir ayrıca xətti var.
Həsrətin də hüdudu var, həddi var,
Yandıraram, oda yaxıb gələrəm.
25. 01. 2019


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: