LEYLİ NUR NOVRUZOVA (1962)

LEYLİ NUR NOVRUZOVA (1962) Leyli Mustafa qızı Novruzova - 1962-ci ildə Quba rayonunun Səbətlər kəndində anadan olub. 1979-cu ildə Şəhid Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbini, 1992-ci ildə N.Nərimanov adına Mədəniyyət evi nəzdində birillik muhasibat ucotu kursunu, 2013-cü ildə “İnsan və təbiət” ictimai-siyasi qəzet redaksiyası nəzdində bir illik Jurnalistika kursunu bitirib.

Gənc yaşlarından bədii yaradıcılığa başlayıb. “Tale” adlı ilk şeiri - ilk qələm məhsulu olub. Sonralar “Səfəq”, “Sərqin səsi”, “İnsan və təbiət”, “Ədalətli iş, düzgün söz”, “Sumqayıt”, “Dövlət və qanun”, “Uğurlu yol” və s. ictimai ədəbi qəzetlərdə yazıları çap olunub. “Azərbaycan”“Yurd” ədəbi jurnallarında, “Zirvə”, “Vətən”, “Canım Azərbaycanım”, “Qarabağ Azərbaycandır!”, “Zəfər, “Xarıbülbül”, “Turan”, “Buta”, “Əsrlərə körpü”, “Yaşıl işıq” və “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi-880”, “Həyat bizi səsləyir”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu”, “Tər çiçəklər” və s. poeziya antologiyalarında, bir çox ədəbi məcmulərdə, müxtəlif mətbuat orqanlarında şeirləri oxuculara təqdim olunub.

İki kitab müəllifidir: "Gün keçir, ömür qısa", "Qazi şəhidlərin haqqı itməsin" kitabları oxucular tərəfindən sevilə-sevilə oxunur. Üçüncü kitabı mətbəə ömrünü yaşayır. Yaxın günlərdə "Borçalı" nəşriyyatı tərəfindən çap olunaraq oxucuların ixtiyarına veriləcək.
Leyli xanım hazırda dördüncü kitabı üzərində işləyir.
O, həm də "Borçalı" nəşriyyatının, "Şərqin səsi" qəzetinin, "Yazarlar" jurnalının, ZiM.AzZirve.info saytlarının redaksiya heyətinin üzvü və Sumqayıt şəhəri üzrə təmsilçisidir.

Uzun illər göstərdiyi ictimai fəaliyyətinə, səmərəli xidmətlərinə, geniş əhali kütləsi arasında qazanmış olduğu hörmət və nüfuzuna, maddi ehtiyac içərisində yaşayan insanlara göstərmiş olduğu xeyriyyəçiliyinə, dövlətçiliyimizin və xalqımızın mənafeyinə xidmət etdiyinə və Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini ölkə daxilində təbliğ etdiyinə görə 2017-ci və 2019-cu illərdə Fəxri diplomlara layiq görülüb. 2020-ci ildə “Nəsimi” Poeziya diplomu və “Qızıl Qələm”, 2021-ci ildə “Ulu öndər”, “Qarabağ Azərbaycandır”, “İlin vətənpərvər sairi” media mukafatı laureatı diplomu ilə təltif edilib.
2022-ci ildə isə "Abdulla Şaiq", "Zirvə" "Zəfər" Fəxri mükafatlarına, eləcə də "XXI Əsrin Ziyalısı" Fəxri adına layiq görülüb.

Biz də hörmətli Leyli xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Ramazan RZA,
AJB-nin və AYB-nin üzvü,
"Borçalı" nəşriyyatının bədii redaktoru,
"Abulla Şaiq", "Zirvə", "Zəfər", "XXI əsrin ziyalısı"
və "Qızıl qələm" mükafatları laureatı

ZiM.Az



AZƏRBAYCAN

Torpağının qüdrəti var,
Tükənməzdir, sərvəti var,
Planetdə hörməti var.
Bir soraq ver, sən otaydan,
Azərbaycan, Azərbaycan!

Yaralanıb qəlbin sənin,
Qövr eyləyir, dərdin sənin,
Başa gəlmir, əhdin sənin.
Bir soraq ver, sən otaydan,
Azərbaycan, Azərbaycan!

Qeyrətinə kəm baxan var,
Ar-namusu həm satan var,
Zəhərlidir, bir yatan var.
Yatanları qov obadan,
Azərbaycan, Azərbaycan!

Ana yurdum, sən ayıq ol,
Düşmən çoxdur, həm sayıq ol,
Göz tökməyə gəl layiq ol.
Səsin gəlsin o diyardan,
Azərbaycan, Azərbaycan!

Didərginlər dözmür daha,
Şairlər də yazmır daha,
Hökümət də baxmır daha.
Qılıncını çıxart qından,
Azərbaycan, Azərbaycan!

Mil düzündə köckün olur,
Qarabağda itkin çoxdur,
Harayına gələn yoxdur.
Yoxdur səni bir oyadan,
Azərbaycan, Azərbaycan!

Bülbülərin cəh-cəh vurmur,
Sikəstələr heç oxunmur.
Dayaq dursun o, Yaradan,
Azad olsun hər bir insan,
Azərbaycan, Azərbaycan!


QUBA

Doğuldum qoynunda, böyüyüb sənin,
Zəhmətlə, hünərlə yaşayır elin.
Səndə bir gözüsən bil, vətənimin,
Gözəllər diyarı, elim ay Quba.

Geniş meşələrin, uca dağların,
Ceyranın, cüyürün, alma bağların.
Həsrətin çəkirəm ötən çağların,
Anamın anası, canım ay Quba.

Çeşmə bulaqlara baxan məst olur,
Səndən ayrılanın qəlbi sıxılır.
Qoynunda yaşayan yüz yaşa dolur,
Ətirli, kirşanlı elim ay Quba.

Hər qarış torpağın bərəkətlidir,
Bütün fəsillərin gül-çiçəklidir.
Gözəllər gözəli Səbətlərdədir,
Şahdağın süfrəsi, dilim ay Quba.

Bir xeyli zamandır səndən ayrıyam,
Qəlbim səninlədir, sənə bağlıyam.
Qoynunda boy atdım, od balasıyam,
Vətənin parası, dilim, ay Quba.

Qoynunda İgidlər bəslədin hər an,
Qubalı adıyla var şəhid olan.
Hər zaman adını var uça tutan,
Milli qəhrəmanlı elim, ay Quba.

Atamın da yaşı çatır doxsana,
Anam çatdıracaq yaşın yüz ona.
Gözəllikdə çatan yoxdur sonana,
Sonalar yurdusan, elim, ay Quba.

Şahdağın zirvəsi duman, çiskindir,
O bizim ellərdən yaman küskündür.
Göz yaşı tökməsin, aman günümdür,
Leyli də axıdar göz yaşı, Quba.


AĞARMIŞ SAÇLAR

Saçlarım ağarır, yaşım ötdükcə,
Yaşın nə günahı, yaş bəhanədir.
Mənə tənə edir, biri gizlicə,
Onun nə günahı, söz bəhanədir.

Saçlarım ağarır, qocalıram mən,
Vurğun qocalığı, dağa bənzədir.
Ağardıqca scalar, ucalıram mən,
Ən uca dağların başın qar alır.

Ağarma saçlarım, belə ağarma,
Təbiət İlhama çağırır məni.
Hələ nə yaşım var, gözlər ağlama,
Yaşamaq, yaratmaq gözləyir məni.

Göydən səda gəlir, qocalıram mən,
Ömür vəfa etmir, saçlar ağarır.
Biri telefon edir, ağ saçlı sənsən?
Bax onda dərd-kədər aparır məni.

Ağarmış saçlarım susmayın, dinin,
Məni qocaltdınız, ağlar qoydunuz.
Daha sevə bilməm, sevinin-gülün,
Mənə qocalığı zorla yazdınız.

Çox erkən qocaldım, ağartdım saçı,
Ağ saça yaraşır, qocalıq tacı.
Saçlarıma baxıb, ağlama bacı,
Demə qocalmışam, saçım ağarıb.

Deyirlər ürəkdən su içir saçlar,
Yalandır bu kəlam, yalandır vallah.
Ürəyim eşitsə, tufan qoparar,
Ürək qocalmayıb, cavandır billah.

Bir yeni dünyanı istəyir ürək,
Saçlarımda mənə, qocasan deyir.
Arada qalmışam, bir saç, bir ürək,
Mənim bu günümə, gözlərim gülür.

Gözlərdə, ürəkdə odlu-alovlu,
Əlimdə qələm də ürəyi dolu.
Öndə ağ saçlarım, zirvəyə doğru,
Qaranlıq matəmdir, ağardı saçım.

Otuz dördü ötdüm, otuz beş gəlir,
İyirmi dörd yaşdan, saça dən düşüb.
Otuz beş yaşımda qələm güc gəlir,
Yəqin ürəyimdən saçlarım küsüb.


HARDASAN ANA?

Nə yaman acıdır mənim talehim,
Bilmirəm dərdimi kimə söyləyim.
Ay Allah, kimdəndir, mənim gileyim?
Barı sən cavab ver, hardasan ana?

Adın müqəddəsdir, əzizsən mənə,
Sən niyə yanmırsan, əziz balana?
Böyüdüb vermisən yadın birinə,
Barı dərdimə yan, hardasan ana?

Özümü tanıya bilmirəm, inan,
Mənə bədbəxt deyir kənardan baxan.
Təsəlli yerimdir, mənim dörd balam,
Mən sənə möhtacam, hardasan ana?

Bir gəl bu balanın dərdinə yarı,
Gözümün yaşın sil, qurusun barı.
Yarım yar olmadı, eşitsin Tanrı,
Sən Allah cavab ver, hardasan ana?

Yarım mənə baxmır, çəkmir qayğımı,
Silmir gözlərimdən axan yaşımı.
Söyür həm atamı, həm qardaşımı,
Gəl göz yaşımı sil, hardasan ana?

Mənim balalarım məni yaşadır,
Ana balasına bir yaraşıqdır.
Sənin öz yerin var, bala başqadır,
Həsrətin çəkirəm, hardasan ana?

On beş ildir yar deyib tutmuşam onu,
Bu qədər zillətin olmadı sonu.
O, atasız qoydu bu dörd balanı,
Sən gəl yaşat məni, hardasan ana?

Nə qardaş, nə bacı qapını açar,
Atam üz çevirməz, hey məndən qaçar.
Bədbəxtəm, gözlərim yollarda qalar,
Həsrətini çəkdim, hardasan ana?

Şirindir balanın qayğısın çəkmək,
Onu dərdsiz , qəmsiz, xoşbəxt böyütmək.
Onlara gözümün yağın yedirtmək,
Gözlərimin nuru, hardasan ana?

Dünyanın ən böyük bədbəxti mənəm,
Mənə öyrətmədin, sevib seviləm.
İndi talehimə bir ümüd verən,
Taleh ulduzumsan, hardasan ana?


OĞLUM KƏNAN

Ay südəmər balam, gəl südünü əm,
Ağlama, olmasın heç gözlərin nəm.
Get şirin yuxuya, lay-lay çalım mən,
Bir yaşın mübarək, yaşına qurban.

Geçələr sübhədək qoymursan yatam,
Bir yaşında çatdı, ay şirin balam.
Qoy, bu ad gününə bir şeir yazım,
Bir yaşın mübarək, ay şirin balam.

Mışıl-mışıl sən yuxuya gedəndə,
Gül üzünə baxıb xəyala dallam.
Kaş sənin toyunu görəydim məndə,
Gül üzlü balamın qadasın allam.

Yaman ağır gəldi zamanə, gülüm,
Hardan mən doyunça sənə süd verim?
Zaman üz çevirib, axı neynəyim?
Yarı ac, yarı tox bir yaşlı balam.

Ağlama gül balam, bu yaz tez gələr,
Bizimdə bağçada bitəçək güllər.
Səndə böyüyərsən, tez ötər illər,
Bir yaşın mübarək, boyuna qurban.

Tez ötsün yaşların, olsun on səkkiz,
Sən əsgər gedəsən, fəxr eləyək biz.
Sülh olsun vətəndə, ey əhli-oğuz,
Mənim əsgər balam, boyuna qurban.

Böyü nər Koroğlu, Babək nəvəsi,
Öyünsün səninlə azəri nəsli.
Ay südəmər balam, körpə nəfəsli,
Yaşın da mübarək, yaşına qurban.


GETMƏ DÜNYADAN

Gah soyuqdur, gah istidir baxılsın,
Hünər göstər, nankorluğun at daşın...
Aləm bilir, yarı olubdur yaşın,
Elə-belə köçüb getmə dünyadan...

Sərrafı ol insanlığın, bir başa,
Hədəfə at, oxun dəyməsin daşa...
Ləkələmə, şərəf gətir qardaşa,
Elə-belə köçüb getmə dünyadan...

Kimisə incidib yalan danışma,
Sən Allah, yol azıb pisə qarışma...
Düşmən bilib bir axmağa baş qoşma,
Elə-belə köçüb getmə dünyadan...

Biri yol göstərsə, demə bilirəm,
Demə elmi kəlmə-kəlmə bilirəm...
Lovğa kəsə mən həmişə gülürəm,
Elə-belə köçüb getmə dünyadan...

Dünyamızın dünyası var, unutma,
Qocalığın qaydası var, unutma...
Yaxşılığın faydası var, unutma,
Elə-belə köçüb getmə dünyadan...


DƏRDLƏRİMİN YERİNİ DE

Ağlayanı ağlatmağı sevənlər,
Ağlayanın göz yaşına gülərlər,
Bu dünyanı kef, nəşədə görənlər,
Dərdimizin dərdinə də bir baxın.

İçim yanır sızıltıdan, ağudan,
Özümünkün qorumuşam yağıdan,
Bu ürəyi parçalayıb dağıdan,
İnsan əhli dərdlərimin yerini de.

Sızıltını axtarıram üzündə,
Qanlı yaşdan tutulubdur gözüm də,
Səbir kasam dolub, daşdı gözümdə,
Dərdlərimi axtarıram, yerin de.

Doğmalarım, əzizlərim unudub,
Özümunkü indi mənə yad olub,
Bir gün onlar axtaracaq, qayıdıb,
Dərdlərimi axtarıram, yerin de.

Zaman keçir, həyat özü flrlanır,
Yaxsıların yaxşısıda korlanır,
İti görən gözlər indi korlanır,
Gözlərimdən dərdlərimin yerin de.

Ürəyimdə ağrılarım çoxalır,
Bir ömür də bax beləcə qocalır,
Namərdlərin nədən başı ucalır?
Yaxşıların dərdlərinin yerin de.

BÖYÜMƏYƏ ÇOX TƏLƏSDIM

Salsan mən birdə yada,
Uçur xəyal uzaqlara.
Uşaqlığım düşür yada,
Qocalırıq bu dünyada,
Böyüməyə çox tələsdim.

Düşür yada uzaq illər,
Bircə-bircə xatirələr,
Yığışardı qız gəlinlər,
Canlanardı o gülüşlər,
Böyüməyə çox tələsdim.

Yığışardı qoca, cavan,
Soruşanda bir kəlmə söz.
Sən uşaqsan hələ dayan,
Sus deyərdi qoca babam,
Böyüməyə çox tələsdim.

Qipdə edib deyinərdim,
Bax beləcə böyüyərdim.
O vaxt nələr düşünərdim,
Hər kəlmədən inciyərdim,
Böyüməyə çox tələsdim.

Qarışardım böyüklərin,
Söhbətinə, sözlərinə.
Öyüd verən anaların,
Kəm baxardım kəlməsinə,
Böyüməyə çox tələsdim.

Deyinərdim mən də varam,
Öyünərək danışıram.
Ötən günü xatırlaram,
O günləri heç tapmaram,
Böyüməyə çox tələsdim.

Birdə gənclik illərini,
Uşaqlığın izlərini.
Baba-nənə kəlməsini,
Yada sallam ötənləri,
Böyüməyə çox tələsdim.

İndi budur illər keçir,
Xəyallarım məni didir.
Ötən günlər yada düşür,
Budur, deyir son sözünü,
Böyüməyə çox tələsdim.


DƏNİZƏ GECƏLƏR BAXIN

Gecələr dənizə siz yaxşı baxın,
Baxanda, siz Allah, diqqətlə baxın.
Dənizdən boylanan gözlərə baxın.,
Sanki həqiqətdir, gəlir yaxına.

Qulaq as dənizin pıçıltısına,
Elə bil danışır öz balasına.
Ruhu getmiş ana, su sonasına,
Qovuşur ordaca öz balasına.

Baxıb o dənizə laylay çaldıq biz,
Canımızdan alıb o canı dəniz.
Nə qədər cavanlar udub o dəniz,
O cavan ruhudu, gəzdirir dəniz.

Bir yandan boylanır o cavan gəlin,
Baxıb əl eyləyir, tez olun, gəlin.
Gəlin xilas edin, dənizdən məni,
Dənizin ləpəsi yumasın məni.

Başımın üstündə ildırım çaxır,
Mənimsə gözlərim dənizə baxır.
O körpə balanın gözləri axır,
Ana balasına həsrətlə baxır.

Dənizdə çırpınan dalğaya baxın,
Dənizdən boylanan ruhlara baxın.
Hıçqıran səslərə bir qulaq asın,
Baxın o dənizə, diqqətlə baxın.


BÜLBÜL

Yaraşıq verirsən çölə-çəmənə,
Səni gəlməyəsən görüm, heç dilə.
Beşikdə körpə də uydu səsinə,
Başın bəlalıdır, bəlalı bülbül...

Çöl, meşə oyanır, səsin gələndə,
Ləçəkləri gülün, solur çəməndə.
Tutub saxlayırlar, səni qəfəsdə,
Səsinin oduna, yanırsan bülbül..

Ah-nalə qoparıb, imdad dilədin,
Azadlıq kəlməsin, icad eylədin.
Qəfəsdə yaşayan, sən tək deyildin,
İnsanda can verir, qəfəsdə bülbül...

Sehirli səsindir, bəla gətirən,
O Xarı gülü də, sən sən gətirən.
Oxu göz yaşımı, məndə tökürəm,
Qəfəsdə görəndə, kimsəni bülbül.

Ümüdlə gözlədim, azadlıq yolun,
Bağlıdlr mənimdə bu gün yollarım.
Oxu, qoy səsinlə mən azad olum,
Bəlkə xilas etdim, səni də bülbül...

Azad təbiətin, azad quşusan,
Bilirəm hiyləylə tora düşmüsən.
Təbiət günahsız, niyə küsmüsən?
Dünyamız hiylədir, unutma bülbül...

Xəbərsiz yaşadın, burda yuvandan,
Xəbər verən yoxdur, sənə balandan.
Bəlkə də bağlıdır yolun, haçandan?
Sorağın verən yox, balana bülbül...


ON DÖRD YAŞDASAN

Ürəyi qübarlı görürəm səni,
Ətraf qüssəli, kədərli aləm.
Ürəyi qübarlı görürəm səni,
Sənə heç yaraşmır bu dərd, bu aləm.

On üçü ötmüsən, on dörd yaşdasan,
Çalış gəncliyini pak yaşayasan.
Dünya hiyləgərlər yığnağıdır, can,
Öyrən, hiylələrə sən daş atasan.

Yüz ölçüb, bir biçmək xislətin olsun,
Ağıllı, kəmallı olasan oğlum!
Arzu, kama çatmaq qismətin olsun,
Mənim aləmimə qalasan oğlum!

Kaş, tezliklə boya-başa çatasan,
Müqəddəs borcumdur, qadanı allam.
Gərək ana adın uça tutasan,
Mənim on dörd yaşlı, ay Sənan balam!


TƏNHA QALMIŞ BIR QOCAYA

Sual etdim: “Niyə belə dərdin çoxdur?
Deyir ki, “Tək qaldım, harayım yoxdur”
Ata-ana, bacı-qardas nəyin yoxdur?
Bacı-qardaş, atam da var, niyə yoxdur?!

Tək qalmışam, dolanıram, əlacım yox,
İki oğlum, ailəm var, amma təkəm.
Onlar məni saymayırlar, xərcimdə yox,
Anam vardı, vəfat etdi, sanma təkəm.

Gəl ay qardaş, otur görək hələ ki,
Biz varıq, bəlkə dərdə tapdıq çarə.
Sənə iş də, yatacaq da verərik biz,
Vardır çox hörmətimiz qocalara.

Yanağımda dondu axan göz yaşlarım,
Dərdlərə qərq oldum mən də, bir yanda.
Dedim: Fikir etmə, “can ay qardaşım”,
Neçə də sevindi o, həmin anda.

Atalardan qalıb belə bir məsəl,
“Əl tutmaq Əlidən qalıb!” a dostlar.
İnsanlıq, mərhəmət hər şeydən əzəl,
Mənim də məsləkim olub, a dostlar.
ZiM.Az



ŞƏHİD ELNURUN ƏZİZ XATİRƏSİNƏ

Əgər səs verməsəm haqqın, səsinə,
Lallar da dil açıb dillənə, bilər.
Dünyanı firladar fələk tərsinə,
Dünya bir nənnidə yellənə bilər...

Qarabağ uğrunda tökülən,qanlar,
Qlümün üzünə gülən, oğullar.
Haqqı uca tutan bilən o canlar,
Daşıb sellər kimi sellənə bilər...

Elnur da bu selin kiçik,damlası,
Elə nur doğmuşdu onu ,anaşı.
Qarabağ uğrunda bu haqq davası,
Hələki bəmdədir, zillənə bilər…

Silər yer üzündən, kin-küdurəti,
Bərqərar eləyər haqq, ədaləti.
Xudanın hökmüylə onun,qüdrəti,
Yazdakı çəməndir güllənə, bilər...

Doğulub böyüdü o, İsmayıllıda,
Can qurban eylədi qohuma, yada,
Qarabağda qopan aha, fəryada,
Dözmədi vuruşdu o sona qədər...

Şəhid ruhları haqq, dərgahında,
Vətən sevgisi var, ruhlarında.
Düz dinin,danışın ruh yanında,
Bir gündə göylərdən o enə bilər...

Bir qızın bir oğlun, bir də vətəni,
Bizə əmanətdir şəhid Elnurun!
Çürüməz cəsədi, nə də, kəfəni,
Sevsək əmanətin igid, Elnurun!


ŞƏHİD TAXTIN MÜBARƏKDİ, ŞƏHİDİM

Ömrü bir gül, ömrü qədər olanım,
Yazda açıb, elə yazda solanım.
Adı _sanı ürəklərdə, qalanım,
Şəhid taxtın mübarəkdi, şəhidim!

İndi səni bütün oba, el sevir,
Səbətlərdə bitən çiçək, gül sevir.
Ağı deyən, şərqi deyən dil sevir,
Zəfər vaxtın mübarəkdi şəhidim!

Bu zəfərdə sənin də öz payın, var,
Zirvələrdən boylanan bayrağın var.
Elman! Eldə sənin haqqı-sayın var,
Bu novrağın mübarəkdi, şəhidin!


BİR NOVRUZ GƏLMİŞDİ BU YER ÜZÜNƏ

Bir Novruz gəlmişdi, bu yer üzünə,
Gəlmişdi, bayramı bayrama, qatsın.
Bir evi sevincə, gülüşə qatsın,
Bütün dərdi-səri başından, atsın...

Böyüdü, boy atdı azad,bəxtəvər,
Oğullar vətənə sipər doğular.
Oğul doğulanda onla bərabər,
İğidlik, cəsarət, hünər doğular...

Hər oğul düşmənə alınmaz qala,
Vətənçün doğulur, böyüyür igid.
Hər igid döyüşdə döner aslana,
Hər oğul bir qazi, bir ölməz şəhid...

Qoyub bir kənara hər, arzusunu,
Vətəni hər şeydən üstün tutdu o.
Söz verib sevimli, nişanlısına,
Vətən keşiyində möhkəm durdu o...

Ömrünün şən çağı, cavan çağında,
Bəy taxtı quruldu o,bəy durmadı.
Vətən sevgisini,yurd sevgisini,
Qürurla daşıdı, o yorulmadı...

Alqış hünərinə, şəhid qardaşım,
Sizin sayənizdə yaşayırıq,biz.
Sizin şöhrətinizi, ad-sanınızı,
Fəxirlə, gürurla daşıyırıq biz...


HAMINI YANDIRIB YAXDI ŞƏHİDDİM!

Şəhid Fərrux Həşimovun xatirəsinə

Cəbhə cəhənnəmdir-qara yel əsən;
Nahaq canlar alan,nəfəslər kəsən;
Ey fələk,bilmirəm cəlladsan nəsən
Hamını yandırıb yaxdı, şəhidim!

Can verən dostunu aldı çiyninə,
Özü yaralıydı,atmadı yenə,
Dostu qoyub qaçmaq gəlməz eyninə,
Hamını yandırib yaxdı, şəhidim!

Dönmüşdü Kapitan Fərrux, bir şirə,
Qışqırdı: burdayam! - o, çəkdi nərə,
Gülləsindən düşmən sərildi yerə,
Hamını yandırıb yaxdı,şəhidim!

Köməkçün səngərə atdı özünü,
Vaxt çatmadı desin ona sözünü,
Qatil gülləsindən yumdu gözünü,
Hamını yandırıb yaxdı şəhidim!

Fərruxun həyatı hamıya örnək;
Dillərdə dolaşar bir əfsanə tək,
Adına heykəllər qoyulsun gərək
Hamını yandırıb yaxdı, şəhidlər!


20 YANVAR

Əsdi qara yellər, bir qış axşamı,
Millət yasa batdı, töküldü qanı.
Rus tarixə saldı “20 yanvar”ı,
Allah, bu millətin nədir günahı?

Əsirlərlə qanımızı sordular,
İşğal edib, bizi hey qorxutdular.
İçimizdən bizə divan tutdular,
Allah, bu millətin nədir günahı?

Bizi azad burax, ey murdar köpək,
İndi yaralıyıq biz bir aslan tək.
Tülkü, qırğın salma, biz qan tökməyək,
Gözünü cək, bu millətdən ay alçaq!

Silahsıza sən silahı qaldırdın,
Nə qoçaya, nə körpəyə baxmadın.
Tankın altda salıb, qanın axıtdın,
Gözünü cək, bu millətdən ay alçaq!

Qanın da, canın da aldın millətin,
Millətin üstünə qoşun yeritdin.
Bizi qıranları, sən marşal etdin,
Gözünü cək, bu millətdən ay alçaq!

Bizi məcbur etdin, biz qardaş dedik,
Ən yaxşı yermizi, biz sənə verdik.
Halal zəhməti də sənə yedirtdik,
Gözünü çək, bu millətdən ay alçaq.

Analar, bacılar nalə çəkdilər,
Bu yanvar axşamı, qan yaş tökdülər.
Nahaqq qan tökənə, nifrət etdilər,
Allah, bu millətin nədir günahl?

Şirin arzuları puça çevirdin,
Təzə gəlini də, şəhid elədin.
Tankın altda salıb, izin itirdin,
Söylə, bu millətin nədir günahı?

Azərbaycan yasa batdı, bu axşam,
Sənə çörək verdik, qoy olsun haram.
Ürək qübar etdi, sızladı yaram,
Sən de, bu millətin nədir günahı?

Ey rus imperiyası belin qırıldı,
Zaman sənə layiqli bir dərs verdi.
Azərbaycan müstəqillik götürdü,
Gözünü çək, bu millətdən ay alçaq!


GÖZLƏR

Gözlərimlə gözlərinə baxaydım,
Göz dəyərmi gözlərinə görəsən?
Məcnun kimi mən oduna yanaydım,
Leyli kimi, bir aşiqi sevərsən?

Baxışında bir ləkə var, görürəm,
Belə baxış layiq deyil, gözlərə.
Baxışın da ləkələnib, bilirəm,
Bu sevgimiz qoy düşməsin dillərə.

Allah, buna heç dilim də gəlməyir,
O gözlərdən ayrılığı mən yazım.
Yəqin gözlər məni indi görməyir,
Qoyun o gözlərdən ləkəni silim.

Elə baxma, bu canımı alırsan,
Allah gözəllikdir, gözlərə baxış.
Göz dəyəcək vallah, necə qıyırsan?
Gözəlliyin gözlərinə bir naxış.

O gözlər gözümə bir işıq verir,
O gözlər nurundan qalmasın, Allah!
Elə bil o baxış yaraşıq, verir,
Bu baxış gözlərdə yanmasın, Allah!

Yaman süzgün-süzgün baxırsan mənə,
Bəlkə küsdürmüşəm, ay nazlı ceyran.
Baxışın od vurur, gəl baxma belə,
Axı bu baxışa özüməm heyran.


QIZLAR

(Bəzi qızlara ünvanlanır)

Adın müqəddəsdir, böyükdür dərdin,
Bir sınaq gözləyir səni çox gərgin,
Elinə, xalqına varsada eşqin,
Yolunuz açıqdır həmişə qızlar.

Ata evindəsən, qəmsiz-kədərsiz,
Bir günün keçməyir, bərsiz-bəzəksiz,
Məktəbə gedirsən həmişə həvəssiz,
Çantanız məktubsuz olmayır qızlar.

Gözlərin həmişə kədərli olur,
Qəlbini daima bir arzu qovur.
Elçi gözləməkdən bezib, yorulub,
Niyə elci olub gəzirsiz qızlar?

Yemək bişirməyi sevmirsiz, nədən?
Görmürəm aynadan, ola bir keçən,
Nə çay verirsiniz, nə də var içən,
Çay-çörək də yaddan çıxıbdır qızlar.

Evdə ki vəzifən qab-qacaq yumaq,
Sökük pal-paltara vurmaqdır yamaq,
Polu yumamısan, qoymayıb yatmaq,
Ana hey danlayır, tənbəlsiz qızlar.

Sevmirsiz səhərlər tez oyanmağı,
Qaynana yaman sevir danlamağı,
Qaynata öyrədir ayaq yumağı,
Bax onda boşanıb qaçırsız qızlar.

Bəzən keçir yaşı, ötür otuzu,
Bər-bəzək da gəlmir köməyə düzü,
Təki bir ər olsun, kor olsun gözü,
Allaha yalvarıb qalırsız qızlar.

Hələ sən məktəbdə sevdin birini,
Neçəsinin gördün burda üzünü,
Sevdirə bilmədin heç sən özünü,
Yüz ölçüb, bir biçin bir daha qızlar.


BƏHANƏSİZ GET

Gözlərin gözümə baxdığı zaman,
Hiyləgərlik gördüm, mən onda, inan,
Mən səni pak sandım, nədən bu yalan?
Gedəndə sən Allah, bəhanəsiz get.

Sən məni alovsuz, odsuz yandırdın,
Yalan vədlərinlə pis günə saldın,
Aldadıb qəlbimi sən oğurladın,
Gedirsən dözərəm, bəhanəsiz get.

Haqqın dərgahından, haqdan danışdın,
Keçmiş günlərini cinayət sandın,
Qeyrətsizlik etməm, deyib yalvardın,
Sən o sən deyilsən, bəhanəsiz get.

Sən məni aldadıb girdin qəlbimə,
Güya ki, şəriksən hər an dərdimə,
Dilin bir söz dedi, ürək tərsinə,
Yoruldun bilmirəm, bəhanəsiz get.

Mənim ürəyimlə gəl alver etmə,
Özün kimilərə bərabər görmə,
Yayda buz dalınca, sən dağa getmə,
Donarsan, donanda, bəhanəsiz get.

Yamanca baxırsan çölə, bayıra,
Sən dözə bilmirsən, gəl bir qərara,
Pəncərədən boylan, söykən divara,
Göz yaşların tökmə, bəhanəsiz get.

Gözlərindən yağır hiyləgərliyin,
Yaman tez-tez tutur, pis dəcəlliyin,
O körpələr, bir zaman Allah dediyin,
Daha unutmusan, bəhanəsiz get.


İNCİMİŞƏM

Gileyliyəm mən hamıdan, hamı tək,
Niyə təksən sorur, könlümdə ürək?
Hər kəsin gözündə mən gördüm kələk,
İncitməyin, incimişəm mən axı!

Hamı sevə bilməz hamını vallah,
Bu qədər olarmı, heç onda günah?
Təkcə mən deyiləm, inciyən billah,
İncitməyin, incimişəm mən axı!

Bu dünya doludur günahla, neynim?
Dünyanın günahın mən kimə deyim?
Hamı gileylidir hamıdan, bilin,
İncitməyin, incimişəm mən axı!

Hamının günahın hamıya yazın,
Dünyanın günahın, hamıdan pozun,
Günahın nə çoxu, nə də ki, azın,
Heç kimə yazmayın, küsərəm axı!

Görəsən varmıdır, günahı görən?
Günahı işlədən, sonrada deyən,
Günahla bərabər doğuldu insan,
Günahdan danışma, küsərəm axı!

Günahına gəlin birinin baxaq,
Bizə də kənardan qoy baxsın o haqq!
Hamı günahkardır, amma ki, ancaq,
İncitməyin, incimişəm mən axı!

Kürsüdə dayanan haqdan danışır,
Onu tanıyanlar yanır, alışır,
Məhkəmədə bir bədbəxt də iş alır,
İncitməyin, incimişəm mən axı!

Dostum, ədalətdən, haqdan danışma,
Günahların sayılsa, yanma-alışma,
Sən gəl vəzifə ilə, pulla danışma,
İncitməyin, incimişəm mən axı!



ZiM.Az

.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: