“Süpürgəçi” mən də onu sizə bu cür tanıdacağam...
Artıq o özü belə istəsə bu ləqəbi söküb ata bilməzdi. Cəmiyyət üçün o sadəcə süpürgəçi idi. Qızıl bazarının qarşısını süpürən. Atılan zir-zibili həssasiyyətlə seçib, ayıran və qruplaşdıran...
O bacarıqlı və sakit görünüşə sahib biri idi. Mən ona baxanda artıq bilirdim ki, bu adam haqqında nəsə yazacağam. Süpürgəçi burada minlər və milyonlar tərəfindən süpürgəçi idi bəli. Heç kim maraqlanmırdı gerçək “o” ilə... Bəlkə də o Aynurun atası idi, ya da Vaqifin babası, ya da Səlimənin sevgilisi, Rəfiqənin həyat yoldaşı, Ümbulnisə xalanın gözünün ağı-qarası...
Süpürgəçi idi o, sadəcə süpürgəçi! Bitti!.Cəmiyyət səhnəsində onun istəmədiyi bir rolu var idi. Və artıq məzaradək bu rol onun həyatına qırsaqqız kimi yapışacaqdı.
Milyonlarla gördüyümüz insanlardan idi o da... Kimliyi ilə zərrə qədər maraqlanmadığımız.
Bir hadisəni xatırladım. Dünən ağacın altında dayanıb maşın gözləyirdim. İşdən yorğun-ağrın çıxmışdım. Sol tərəfimə təmizlikci bir qrup insan yığışmağa başladı. Ayaqlarım ağrısa belə özümə sığışdırıb oturmadığım yerdə elə rahatca, xoşbəxtliklə əyləşmidilər ki... Deyə-gülə sir-sifətindən eybəcər tənhalıq tökülən iri ciblilərə inad mübarizə aparırdılar həyatla. Birdən ağlıma gəldi ki, xeyir, sadəcə onlar laqeyd insanlardılar. Layeqd olmasalar oxuyub vətənə millətə xeyir verərdilər...
Universitetin sonu idi. Tələbələr evlərinə dağılışırdılar. Qulaqlarında Amerika istehsalı qulaqcıqlarla Rihhana, Jason Derula dinləyən gələcəklərimizə inat sol tərəfimdən, hə elə o narıcı geyimli təmizlik işçilərinin zümzüməsində yayıldı payız qoxan Naxçıvana “Sarı gəlin” melodiyası...
Hətta bir çox turistin diqqətini də çəkdi bu. Və mən də boylanıb onlara tərəf baxdım. Artıq olara arxamı çevirməmişdim. Bəlkə də küçələrdən süpürdükləri payıza qıya bimirdilər. Bəlkə də lap uzaqlarda olan kimisə, nəyisə xatırladırdı onlara payız...
Cəmiyyət onlara sadəcə “süpürgəçi” kimi baxırdı. Ancaq onlar həm də o Aynurun atası idi, ya da Vaqifin babası, ya da Səlimənin sevgilisi, Rəfiqənin həyat yoldaşı, Ümbulnisə xalanın gözünün ağı-qarası...
Və hiss etmədən mənim də dodaqlarıma yapışan “Sarı gəlin”ni hiss etdim...
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər...
Neynim aman, aman,
Neynim aman, aman...
Sarı gəlin...
NARGİS,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.