AMEA-dan ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb, kitabın tarixi, elmi, mədəni əhəmiyyətindən bəhs edib. Alim nəşrdə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, tarixi inkişaf mərhələlərinin foto və arxiv materialları əsasında təqdim olunduğunu, Naxçıvana aid toponimlər, etnoqrafik araşdırmaların yer aldığını bildirib. O, yüksək elmi araşdırmaların nəticəsində ərsəyə gələn kitabın respublikanın bir çox dövlət və universitet kitabxanalarına təqdim olunduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, yeni nəşrdə ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılıb. "Naxçıvanın zəngin tarixini lazımınca öyrənmək, geniş ictimaiyyətə çatdırmaq xüsusi elmi əhəmiyyət daşımaqla yanaşı, həm də böyük vətənpərvərlik işidir" - deyən akademik İ.Həbibbəyli bildirdi ki, bu mənada kitabın hazırlanması və nəşri Azərbaycan tarixində mühüm mövqe tutan, qədim şəhər mədəniyyətinə malik olan Naxçıvanın tarixini işıqlandıran dəyərli elmi mənbədir.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, yüksək poliqrafik keyfiyyətlə rus dilində nəşr olunan kitab Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği baxımından çox önəmlidir.
"Nuh torpağına səyahət" adlı məruzə ilə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə kitabda qədim diyar Naxçıvanın mədəniyyəti və zəngin tarixinin əks olunduğu bildirib. Qeyd edib ki, burada qədim elçilik, toy ənənələri, bayramlar barədə də geniş məlumat yer alıb.
Ə.Salamzadə vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər ərzində aparılmış tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri də Naxçıvan şəhərinin dünyanın ən qədim şəhərlərindən biri olduğunu sübut edir.
Bildirilib ki, “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı tarixi, etnoqrafik və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar yer alıb.
Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Fizika İnstitutunun direktor müavini, akademik Cavad Abdinov, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, "Xalq" qəzetinin redaktor müavini Tahir Aydınoğlu vurğulayıblar ki, müxtəlif dövlət arxivlərindən və şəxsi arxivlərdən əldə edilərək kitabda təqdim olunan fotoşəkillər hər biri özündə bir tarix yaşadır. Müəllifin özünün də qeyd etdiyi kimi, əsər elmi-tədqiqat əsəri xarakterində yox, təbliğat və tanıtım məqsədlidir. Elə bu səbəbdən də kitabda təqdim olunan materiallar gələcəkdə daha geniş elmi tədqiqatlara cəlb edilə bilər.
Müşfiq BORÇALI,
ZiM.Az
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.