dəyərli şəxsiyyət,
hörmətli professor
Mədəd Çobanovun
80 illik yubileyinə
Sən sözdən yaratdın
öz heykəlini,
Şan-şöhrət gətirdin
ulu bir yurda!..
Uzatdın övlad tək
alim əlini
Ağsaqqal babamız
Dədə Qorquda!..
Danışdın qayanın,
dağın dilində,
Çağladın çeşmələr,
bulaqlar kimi...
Dedin, tarix yatır palıd külündə,
Yandın dil yolunda ocaqlar kimi...
Qalın Oğuz eli açdı sirrini
Qədim Türk yurdunun hərb sənətinə...
Ən güclü ordu tək şah əsərini
Yazdın Türk ruhuna, Türk qüdrətinə!..
Bakıdan Təbrizə nisgillə dolu
Dərbəndsiz, Göyçəsiz diləklər keçər...
Borçalı boydadı həsrətin yolu,
Sərhəddən kələkli küləklər keçər...
Xəyalın Kərkükdə, Başkeçiddədir,
Ürəyin dönübdür ağ göyərçinə...
İrəvan, Zəngəzur daş keçiddədir,
Gəl bir yol başlayaq Turandan Çinə!..
Hələ çox mətləbin qapısı bağlı,
Çox sirrin üstünü toz örtüb hələ...
Hələ tilsimlərin sinəsi dağlı,
Savaş qılıncını söz örtüb hələ...
Sən bayrağa dönsən – haqqa yol açıq!..
Qoy birə daraşsın nadan kürkünə...
Qaranlıq pərdəni qaldır, yola çıx
Türklüyün ilkindən sözün mülkünə...
Çözməyə dərd çoxdu, ay ustad Mədəd!
Qəlbindən qələmə yolu düz eylə!..
Vətəndən Vətənə baxdıqca həsrət
Səksəni səksəndir, yüzü saz eylə!..
Bir ömür səs verdin haqqın səsinə,
Ucaltdın mərd elin nər əməlini!..
Söz səni çəkdikcə zər zirvəsinə,
Sən sözdən yaratdın öz heykəlini!..
Sən sözdən yaratdın öz heykəlini!..
Knyaz ASLAN,
BDU-nun kafedra müdiri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
Bakı,
12 İyul 2017.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.