HAFİZ RÜSTƏMİN ŞEİRLƏRİ – 2017

HAFİZ RÜSTƏMİN ŞEİRLƏRİ – 2017 SÖZÜ – UCA, ÖZÜ - ALÇAQ

Sözü tər güldəstə olan,
Sənəti göz üstə olan.
Daxilən bərk xəstə olan
Köhnə əyyaş, qoca sarsaq,
Sözü – uca, özü – alçaq.

Tanrı bir istedad verib,
Bəxt verib, qol-qanad verib.
Ona da şöhrət, ad verib,
Bir əmması vardır ancaq,
Sözü – uca, özü – alçaq.

Dilindədir ideallar,
Gözəlliklər, xoş xəyallar...
Eybəcərdir onda hallar,
Uzundraz, bədən caydaq,
Sözü – uca, özü – alçaq.

Dəyərlidir söz-söhbəti,
Şirin nitqi, bəlağəti.
Ancaq yoxdur heysiyyəti,
Şəxsiyyəti bir oyuncaq,
Sözü – uca, özü – alçaq.

Misal çəkər sitat-sitat,
Təzə-təzə, boyat-boyat.
Cövhərini çıxarıb at,
Qalan tortaya, xılta bax,
Sözü – uca, özü – alçaq.

Zəmanəylə bəhsəbəhsdə,
Xam arzuda, çiy həvəsdə.
Çörəyisə dizi üstə,
Həm sırtıqdır, həm qurumsaq,
Sözü – uca, özü – alçaq.

Andırsa da o Hiçkoku, 
Təlqin etmir dəhşət, qorxu.
Alimi-biəməldi bu - 
Naqqal hərif, bivec axmaq,
Sözü – uca, özü – alçaq.

Bilmirəm ki, nə illətdən?
Bir yekəbaşdır fitrətdən.
Hətta aldığı rüşvətdən
Həya etmir bu fırıldaq,
Sözü – uca, özü – alçaq.

Kürdür – Arazı çatışmır,
Aşıqdır – sazı çatışmır.
Quşdur – pərvazı çatışmır,
Bir kərkəsdir - iticaynaq,
Sözü – uca, özü – alçaq.

Guya köhnə sənətkardır,
Dünyaya öz sözü vardır.
İnsan kimi bəxtiyardır,
İçi qurd-quş, ac yalquzaq,
Sözü – uca, özü – alçaq.

Halal-haram bilməz ki, nə?
Dürüstlüyə yad, biganə.
Nə müdrikdir, nə divanə,
İçi paxıl, çölü – yaltaq,
Sözü – uca, özü – alçaq.

Sözün dalı-qabağı var,
Sözün dərəsi-dağı var.
Sözün qarası-ağı var,
Qaraya vurur ağ yamaq,
Sözü – uca, özü – alçaq.

Boş-boş sözlə oynamaqdan
Nə çıxacaqdır, ay şeytan?
Onsuz yoxdur səndə vicdan,
Yaxşı tanıyır səni xalq,
Sözü – uca, özü – alçaq.

Bizdən yaxşı əməl qalır,
Övlad miras-təməl qalır.
Düşünmə ki, söz-ləl qalır,
Əgər yoxsa abır, əxlaq,
Nə varsa – kəlləmayallaq!
Sözü – uca, özü – alçaq!


MƏNİM ASLAN OĞLUM

Bir vaxt valeh idim körpə yaşına,
Sanki buraxılıb başlı-başına.
Qoruğa-qaytağa qarşı gedirdin,
Qanuna, yasağa qarşı gedirdin.
Həyətdən, küçədən yolun düşəni,
Yığıb-yığışdırmaq olmurdu səni.
Heç kəsdən, heç nədən qorxun yox idi,
Qaynayıb-daşırdın, dostun çox idi.
Üstünə məhlədən “qoşun” gəlirdi,
Qaçmazdın, davadan xoşun gəlirdi.
Həmişə davakar, kürən, kür oğlum!
Məcrasına sığmaz dəli Kür oğlum! 
Döysən, döyülsən də, sən gizlədərdin,
Bəzən heç bilməzdik, nə idi dərdin?
Piyada deyildin, sanki süvari,
Səni cəlb edirdi at fiqurları.
Hətta kəndə getdik, fürsət də tapdın,
Canlı istədiyin bir at da “çapdın”.
Genetik yaddaşın gəlib karına,
Çəkmişdin qədim türk babalarına.
Sevgisi, hünəri, sözü bir oğlum!
Mənim aslan balam, mənim şir oğlum!
Sənlə gizli-açıq fəxr eləyirdim,
Səni öpüşlərə qərq eləyirdim.
Dəlisovluğuna heyran olurdum,
Laçın gözlərinə qurban olurdum.
Mən bir Koroğluydum, sən – dəlim idin,
Yenilməz bir hünər heykəlim idin!
Sonra şagird oldun, tələbə oldun,
Zamanın bir yeni tələbi oldun.
Nə tez dəyişərək birtəhər oldun!
Nə tez qorxaq oldun, ağciyər oldun!
Həyat dərslərimi qandırdı səni?
Nə tez əzişdirdi, sındırdı səni!
Səndən nə əsər, nə əlamət qalıb,
Səndən nağıl qalıb, rəvayət qalıb.
Dağ çayıtək daha gur axmağın yox,
Nə yazmağın, nə də oxumağın yox.
Azad fikirlərdən yaman qorxursan,
Susub maddım-maddım mənə baxırsan.
Kirpi tək bürünüb tikanlarına,
Çəkilirsən xəlvət məkanlarına.
İş-güc sahibisən, bir gənc atasan,
Gərək gəncliyimi xatırladasan.
Bu cür laqeyd olma, əyan ol, görüm!
Üsyankar ruhuma dərman ol görüm!
Demirəm “Vur! Dağıt! İnqilab axtar!”
Ömrün mənasına bir cavab axtar.
Sarsıtmasın bu sıx cəngəllər səni!
Çaşdırmasın qəfil əngəllər səni!
Getmə uzağa, gəl yaxına, oğlum,
Qoşulma bu bomboz axına, oğlum.
Fikir döyüşünə sən də gir, oğlum!
Mənim aslan oğlum, mənim şir oğlum!


TƏNHADAN-TƏNHA QADIN

Bu qısa ömürdə bəzi sosiallaşmayan, 
böyük iddialarda olan, tək yaşayan, 
sevimli, gözəl və qürurlu qadınlara


Bir bax, bu şadlıq, şənlik
Niyə olmasın sənlik?
Bu nə guşənişinlik?
Bu, nə inziva, qadın?
Tənhadan-tənha qadın.
Sinə dağı sağalmaz,
Heç kəs əbədi qalmaz.
Ölənlə ölmək olmaz,
Fani bu dünya, qadın,
Tənhadan-tənha qadın.
Nə qədər canda can var,
İnsan şükranla yaşar.
Təkrar sevməyi başar,
Qənimət sevda, qadın,
Tənhadan-tənha qadın.
Ömür zarafat deyil,
Həyat xurafat deyil.
Təklik kifayət deyil,
Onu boşla ta, qadın,
Tənhadan-tənha qadın.
Qüruruna güvənmə,
Var-dövlətlə öyünmə.
Bir daş heykələ dönmə,
Olma müqəvva, qadın,
Tənhadan-tənha qadın.
Hafiz, hər bir gözəllik
Olacaqdır xəzəllik.
Bax bu yeni yüzillik
Yaşa, əlvida, qadın,
Tənhadan-tənha qadın.
14 yanvar 2017

 · 
DAĞDAĞAN
(şeir-dua)
Rəməl bəhri:fAilAtün fAilAtün fAilün
Həyat yoldaşım iş yerindən – səhv etmirəmsə, 
İmamirədən bir dağdağan budağı alıb gətirib ki, 
evdə tüstüləndirib qara qüvvələri qovsun.
Kiçik çillə girib...çoxdan yağır qar...
Buz üstündə dərsə gedir uşaqlar.
Yoxsulluqdan qəlbimizdə kədər var,
Bir yandan da yaman göz var, nəzər var.
Buna necə tab gətirib dözərik?
Təsir etmir, kar da etmir üzərrik.
Tale bizi eləyibdi ağlağan,
De hardasan, köməyə gəl, dağdağan?
Şər qüvvəni dağım-dağım et, görüm!
Tar-mar et, darmadağın et, görüm!
1 fevral 2017


QAYNA, QAYNA, AY SAMOVAR

Çiy suyla dolu samovar,
Od içindən onu yaxar.
Dudkeşindən tüstü qalxar,
Tez istilən, durma bekar,
Qayna, qayna, ay samovar!
Atmışam talaşa, odun,
Sönməsin kömürün, odun.
Bəllidir şöhrətin, adın,
Sən qocaman, mən ixtiyar,
Qayna, qayna ay samovar!
Kösövlər hey çırtıldayır,
Samovarsa cızıldayır.
Zəhra baxıb dızıldayır,
Ahəng tutub iki həmkar,
Qayna, qayna, ay samovar!
Maşa ilə birəm-birəm,
Odu, közü çevirirəm.
Samovar çayı sevirəm,
Ayrı ətri, ləzzəti var,
Qayna, qayna, ay samovar!
Çör-çöp atdım hıqqahıqla,
Ki, qaynasın şaqqaşaqla.
Zəhra gülür pıqqapıqla,
Mənsə çəkirəm intizar,
Qayna, görüm, ay samovar!
Samovar qaynayıb-daşır,
Buğ fışqırır, buxar uçur!
Dəm çayniki ətir saçır
Dəmkeş üstdə tutur qərar,
Gəlsin görüm, stəkanlar!
Qayna hələ, ay samovar!
5 fevral 2017


GECƏLƏR

Bir çillə gecəsinin heca qəsidəsi
Gündüzlərlə bəhsə girib,
Görünür taraz gecələr.
Gündüzlərdən soyuq olur
Havalar bir az gecələr.
Kiçik çilləyə xas keçir
Şaxtalı, ayaz gecələr.
Göydə don vurub buludu,
Ay-ulduz çıxmaz gecələr.
Səmadan yerə sallanır
Qar qotaz-qotaz gecələr.
Bomjlara gərək verək
Biz nəzir-niyaz gecələr
Küçələrdə dilənçilər
Yuxlamaz az-maz gecələr.
Quş da isti yuvasından
Eləməz pərvaz gecələr.
Üşüyərək tir-tir əsər
Bu ağlıdayaz gecələr.
Yada düşür Moskvada
Gündüztək bəyaz gecələr.
Sevimli rus qızlarıtək
Satır işvə-naz gecələr.
Mənə hansı bir qüvvəsə 
Deyir: “Yatma, yaz gecələr!”
Qışın ömrünə az qalıb,
Gəlir yenə yaz, gecələr.
Eşidilir minarədən 
Azan –xoşavaz gecələr.
Sübh namazının vaxtıdır,
Qoy qılım namaz gecələr.
Məni yolumdan çıxarmaz
Kələkbaz, qurnaz gecələr.
Hafiz şeri tək uzanar,
Bitib-qurtarmaz gecələr.
17 fevral 2017

SALAM, ELDOST!

Xalq artisti,məşhur diktor Eldost Bayramın
mübarək 70 illiyinə


Salam, Eldost!
Sevimli, köhnə dost!
Salam, xalq artistimiz,
məşhur diktor!
Qiraətçi aktyor!
Sən sovet dövründən
Məşhuri-cahansan.
Bir sistemə sığmayan
“gövhəri-laməkan”san,
Dəyişməz qəhrəmansan.
Onda da sevilirdin –
Milyon-milyon heyranların vardı.
Səni sürəkli alqışlardı!
“Danışır Bakı!” deyirdin,
Məşhur Mehdi Hüseyn küçəsindən
Salamlayırdın doğma vətəni.
Vətənin adından dinləyirdik səni.
Biz dinləyicilər,
Tamaşaçılar qarşısında
İndi də hörmətlisən,
daha da şöhrətlisən.
Canlı bir əfsanəsən,
Yenə də yeganəsən!
İstər bir şeir olsun, istər adi bir xəbər –
sən oxuyanda kəsb edir hünər!
sənin ifanda olur canlı bir əsər!
Səs diapazonun
Bir neçə oktavalıq!
Bunu sənə bəxş edib Xaliq.
El-obanın dostusan,
Öz peşəndə ustasan.

***

Rejim başçısı
ya demokrat olsun, ya diktator.
Nə fərqi sənin üçün
Adi bir vətəndaş olsun,
ya prokuror?
Hərəni öz dilində dindirirsən,
Kimini murad atına mindirirsən,
Kimini qalxdığı zirvədən endirirsən.
Bəmində - harmoniya, yumşaqlıq, comərdlik!
Zilində - əzəmətli qəzəb, güzəştsizlik, sərtlik!
Səsində hakimlik var,
Xüsusi bir kimlik var.
Səsinə yaraşır ki, əlbət bir gün
Azərbaycan respublikası adından
hökm oxuyasan daxili əyintilərə!
Bu israf talanlara, yeyintilərə!
Aşağıdan yuxarıya,
Yuxarıdan aşağıya
Qanun qarşısında bərabərliyə,
Bu işdə ümumxalq səfərbərliyə -
iməciliyə insanları çağırasan!
Var səsinlə,
Gur səsinlə
hayqırasan!
***
Sən bizim Levitan!
Hələ də işğaldadır
Qarabağ – vətən!
Təpədən-dırnağacan
Silahlanıb milli ordu!
Keçənilki zəfərlərin
Gəlmir ardı.
Türkün məsəli,
Daha səbir bitib!
Ara qarışıb, məzhəb itib!
Haqqa neyləyə bilər ikili standartlar?
Tutuquşu kimi eyni sözləri ötən diplomatlar!
Bu yaxınlarda nə olaydı –
Baş komandan adından
burunlarını ovaydıq!
Xarabalarınadək qovaydıq
qəcbkar hayları!
Heç yana çatmayaydı
bunların hayları, harayları!
Füzuli demişkən:
“Zəmanə içrə mücərrəbdir
intiqami-zaman,
Həmişə yaxşıya yaxşı olur,
yamana yaman!”
Görəydik millətin yenilməz qisasçı iradəsini!
Sənin qüdrətli səsində
Eşidəydik, nəhayət qələbə müjdəsini!
Qoy olsun lap fors-major!
Səsin – bir xilaskar terminator!
Şəri susdursun, cənab diktor!
Səninlə fəxr edir Vətən!
Həmişə səsin gəlsin ekrandan, efirdən!
Həm də həyat səhnəsindən, Eldostumuz!
Yaşa böyük sənətkarımız,
Xalq artistimiz,
Köhnə dostumuz!
11 mart 2017

QIZIM YENƏ ÇAYI QAYNATDI
(zarafatyana)

Səhərdən mehriban-mehriban,
Sızlayır qaz üstə qəhvədan.
Yox mənə bir hay verən insan,
Dərd məni çərlətdi, qaraltdı,
Qızım yenə çayı qaynatdı.
Çoxdan dedim ona: “Çay dəmlə,
Qoyma məni üz-üzə qəmlə!”.
Kağızım vəfalı qələmlə,
Dərhal gəlib dadıma çatdı,
Qızım yenə çayı qaynatdı.
Armudu stəkan, nəlbəki,
Miz üstündə durur çəpəki.
Ürəyim yanır kabab təki.
Bu, məni yerimdən oynatdı,
Qızım yenə çayı qaynatdı.
Dedim: “Hanı pürrəngi çayın?
O, qaynayır, eşit harayın!”
Dedi: “Ata, çatacaq payın,
Gözlə bir az, nə ərəsatdı?”
Qızım yenə çayı qaynatdı.
Dəmə qoyduğu çay qaynadı,
Dəyişdi ətri, qaçdı dadı.
Məndə heç hövsələ qoymadı,
Çağırmaqdan səsim də batdı,
Qızım yenə çayı qaynatdı.
Hazır oldu axır bizim çay, 
Dedi: “Ata, sənə süzüm çay!”
Hardasan, ey canım-gözüm çay?
Bu, əslində bir zarafatdı, 
Qızım yenə çayı qaynatdı.


ETİRAF

Araya girdi şeytan,
Səni çıxartdı yoldan.
Sözün ağzını əydin,
Mənim xətrimə dəydin.
Taxta qapımı döydün,
Dəmir qapını döydüm.
Kaş elə etməyəydin,
Kaş belə etməyəydim.
Dərinə getməyəydin.
Məni incitməyəydin,
Səni incitməyəydim!
Kaş dinməyib susaydın,
Kaş Alim Qasımovun
kilsədə oxuduğu
Qüdrətli azanına
o dəm qulaq asaydın.
Bunu mən başlamadım,
Səni bağışlamadım.
Bizi Allah bağışlar,
Hər ikimiz günahkar!
Qara, "örtülü bazar,
Çünki "dostluğu pozar".
Gizli yox, olsun şəffaf.
Nə səndə, nə məndə var-
kifayət qədər insaf.
Nə mən safam, nə sən saf,
Edək açıq etiraf!
Birimiz od olanda,
O birimiz su olsun.
İynənin ucu boyda
Güzəşt duyğusu olsun.
26 mart 2017


KİMİN MƏNTƏK NƏVƏSİ VAR?

Sevimli Zəhra nəvəmə bu ilin əvvəlində bir poema həsr etdiyimi yəqin ki, xatırlayırsınız. Təzəlikcə vatsapla onun mənə göndərilən şəklinə baxanda aşağıdakı uşaq şeri yarandı.

Anam Gülçin, atam Rövşən,
Yeyib-içən sonbeşiyəm.
Gəzib-dolanıram, şən-şən,
Mənimtək kimin qızı var?
Uca, parlaq ulduzu var.
İsmayıl – böyük qardaşım,
Zeynəb – bacım, can sirdaşım.
Çox azdır, kiçikdir yaşım,
Kimin bacısı var məntək?
Həm şıltaq, həm gözəl-göyçək.
Dayılarım Yalçın, Kənan,
Məni çağırırlar “can-can”.
Hər ikisi mənə həyan,
Bir körpə bacıqızıyam,
Taleyimdən çox razıyam.
Bibim Səidə, əmim Elşən,
Məni yoluxmurlar nədən?
Hər ikisindən küsmüşəm mən
Böyük qardaşın qızıyam,
Onun baharı, yazıyam.
Ana babam Hafiz Rüstəm,
Onunla köhnədən dostam.
Onu tanıyır külli-aləm,
Kimin elə babası var?
Məntək kukla balası var?
Ata babam Balaxandır,
Mənə ad verib haçandır.
Mənimlə çox mehribandır,
Tanrım şəfa versin ona,
Dərman-dava versin ona.
Tamara, Mahirə bu dəm
Annə nənəm, ata nənəm.
Nəvələri mənəm, mənəm,
Kimin məntək nəvəsi var?
Həyat eşqi, həvəsi var?
23 aprel 2017


MÜBARƏK

Bu gün nəvəm Nurayın dünyaya gəlməsinin
bir ayı tamam oldu.
Ata-analı böyüsün! Xoşbəxt olsun!


Bir aydı dünyaya gəldin,
Sənin bir ayın mübarək.
Nəvəm Nurayım mübarək!
Canım, ürəyim mübarək!


ELƏMƏ

Təzəcə yazdığım, hələ bitib-bitmədiyini
bilmədiyim gəraylı


Könül dostu, hər zülmətə
Ürəyini şam eləmə.
Uyub növ-növ cəmiyyətə,
Gününü axşam eləmə.

Nə Efesdən məbəd istə,
Nə Hatəmdən sərvət istə.
Tək Allahdan mədəd istə,
Halalı haram eləmə.

Hafiz hələ tövbə demə,
Hər dam-daşa türbə demə.
Hər könülə Kəbə demə,
Kəbəni bədnam eləmə.
28 aprel 2017


SABAHIN XEYİR, ZƏHRA

Dünən axşamdan bu gün günortayadək Qubanın Barlı qəsəbəsində - qızımgildə qonaq olduq. Bu dəfə də sonbeşik nəvəm Zəhra diqqət mərkəzində idi. O, bu gün səhər tezdən məni ikihecalı “Baba” əvəzinə üçhecalı “Ba-ba-ba!” deyə çağırdı və aşağıdakı yeni poetik mövzunun yaranmasına səbəb oldu.
P.S. Zəhranın nənəsi Tamara xanımla yanaşı böyük nənəsi Arəstə xanım, babası mən və dayısı Mir Kənan qızımın ikigünlük qonaqları olduq.


Göydə hara,
Yerdə hara gözəldir?
Göydə Zöhrə, Zöhrə - Venera planetinin qədim adı
Yerdə Zəhra gözəldir.
Düşmək iki nurlu sehrə - gözəldir.

***

Səhər-səhər Zəhra balam, sabahın xeyir!
Mənə salam əvəzinə o, “ba-ba!” deyir.
Hər bir sözü tələffüzlə bölür qızcığaz,
Bilə-bilə, qəsdən-qəsdən gülür qızcığaz.
Bu “çoxbilmiş” nənəsinə “nə-nə-nə!” deyir,
Elə bil ki, nəmənəsən, mənə nə?- deyir.
Atasına “ata!” demir, deyir “ata-ta”,
Avtomattək söz gülləsi o ata-ata.
Anasına “ana!” demir, deyir “ana-na!”,
Sözlərini o uzadır sanki Manana.
Hər bir sözü vurğu ilə ucadan deyir,
O, gah açıq, gah qapalı hecada deyir.
O, oxuyur – dayısına “da-day-da!” deyir,
Ancaq böyük nənəsinə “na-nay-na!” deyir.
Baxır ona nəvazişlə Arəstə nənə,
O da ona sözsüz deyir: “Göz üstə, nənə!”
Gendən-genə Zəhrasını dindirir nənə.
Hava ilə ona öpüş göndərir nənə,
O, sözləri yamsılayır, təhrif eləyir,
Kukla kimi çiynin çəkir, o gülümsəyir.
Mən onunla, o mənimlə məzələnir bax,
Sanki ruhum uşaqlaşır, təzələnir bax.
Mənsə ona “tülu edən günəş” deyirəm,
Nənəsinə çox oxşayır “nənəş” deyirəm,
Zəhra bizi əyləndirir, xumar eləyir,
Yəni köhnə nəqəratı təkrar eləyir:
Babasına bic-bic gülüb, “”ba-ba-ba!” deyir,
“Baba” demir, yoxsa mənə “baba bal!- deyir,
Bəlkə sinnim keçib, mənə o “babal!” – deyir,
“Baba, bizdən getmə, deyir – Baba, qal! – deyir.
Quba, Barlı kəndi, 10 iyun 2017


EY BARDAŞ QURMUŞ YAZAR!

Bu gün (16 iyun 2017) imsaqdan sonra bir az dan yeri ağararkən bizim evin yaxınlığında olan “Azərbaycan – Misir dostluq parkı”na baş çəkdim. Buna qısaca “Misir parkı” da deyilir. Parkda məndən başqa heç kəs yox idi. Parkın mərkəzində həmişə yanından keçdiyim, ancaq fikir vermədiyim “Bardaş qurmuş yazar” heykəlinə bu dəfə baxanda heyrətləndim. Abidənin üstündəki lövhəni oxudum : “ Qədim Misirdə bardaş qurmuş yazar e.ə. 2700-cü il”. Deməli, bu heykəl bizim era da daxil olmaqla 4700 il bundan əvvəl yaradılmışdır – yəni fironların hakimiyyəti dövrlərində. Tarixi müqayisələr apardım – 5000 illik uzun bir tarixi mərhələdə hakimiyyətlə xalq arasında antaqonizmdən başqa prinsipial demokratik bir fərq görmədim.

Ey misirli, nə qurubsan bardaş?
Nə yazırsan, nə pozursan, qardaş?
Axı yazmaqla nə qismət dəyişir,
Nə fağır, köhnə cəmiyyət dəyişir.
Ötüşüb əhdi-ətiq, əhdi-cədid,
Heç sabahkı günə də yoxdur ümid.
Kim bilir, bəlkə sən ilk əhli-qələm?
Səninlə parkda indi üz-üzəyəm.
Qoyublar burda sənin heykəlini,
Nümayiş etdirirlər əməlini.
Üz-gözündən elə bil, nur tökülür,
Sanasan gün çıxacaq, dan sökülür.
Gön dəri, ya papirusdur kağızın?
Köçürürsən yəqin əlyazma üzün.
Qoymusan qarşına gil lövhəsini,
Çəkəsən yoxsa həyat səhnəsini?
Yazdığın bizlərə bir namədimi?
Cüngdü, təzkirədi, salnamədimi?
Sən kitab əhli – bir arifsən, heyif?
Bəlkə ilk canlı müəllifsən, heyif?
Sinəsi ləlü göhərlə dolusan,
İlk yazı, yaxud əsərtək ulusan.
Görünür, bəlkə cavan bir şeyxsən?
Təkcə tarixçi deyil, tarixsən.
Doğru sözdür, riyadan iyrənirik,
Səndən antik zamanı öyrənirik.
Bəlkə baş mirzəsən fironlar üçün?
Saxta tarix yazırsan onlar üçün.
Firon Ramzesdi, ya Şəddaddır, dost?
Biz kimi taleyin bərbaddır, dost?
Nə ədalət, nə də bir haqq vardır,
Hakimə səcdə qılan xalq vardır.
Yenə dünya doludur bütlər ilə,
Baş əyən aclar ilə, lütlər ilə.
Yenə sahibdi pula axmaqlar,
Yenə meydan sulayır yaltaqlar.
Bəlkə zalım əlində alətsən?
Sən də buyruq qulusan, bir fərdsən.
Yenə yaddan çıxıbmı Allah elə?
Bizi bu tapmacadan agah elə.
Nə üçün Haqq həmişə susdurulur?
Haqq deyənlər niyə qan qusdurulur?
Niyə baş qaldıranın başı hədəf?
Niyə mərdlər əzilir söylə, sələf?
Qorxu ilə məgər heç hörmət olar?
Mənbəyi xalq olmayan dövlət olar?
Son Hüsni Mübarək gorbagor olub,
O da firon kimi diktator olub.
Sələfindən götürüb ibrətini,
Atdı təhlükəyə aqibətini.
Niyə hər yerdə tiranlar yetişir?
Beşbetər yeni fironlar yetişir?
Ölkənin var-yoxun talan eləyir,
Xalqın mal-mülkünü viran eləyir.
Daşıyır xaricə xalq sərvətini,
Düşünür şəxsi hakimiyyətini.
(Nə zamandır sülalə partiyası,
Davam edir nəsil monarxiyası).
Bu işsizlik, bu kasıblıq bitmir,
Həyasızlıq edib ölmür, itmir!
Nə İlahi, nə də ki bəndə sayır,
Hakimi-mütləq özün öndə sayır.
Nə illətdi, nə qorxu-hürkü bilir,
Allahın mülkünü öz mülkü bilir.
Özündən başqa camaat tanımır,
Nə azadlıq, nə müsavat tanımır.
Çoxluğa hökm eləyən azlıqdır,
Seçkilər ancaq oyunbazlıqdır.
Nə qədər gəlib-keçir dövranlar,
Yenə zülm içindədir insanlar.
Geç, ya tez diktatura qalib olur,
Həmişə demokratiya məğlub olur.
Ey misirli, nə qurubsan bardaş?
Nə yazırsan, nə pozursan, qardaş?
Axı yazmaqla nə qismət dəyişir,
Nə fağır, köhnə cəmiyyət dəyişir.
Nə pis adət, nə də xislət dəyişir.
16 iyun 2017


BU ƏYRİ AĞACLAR

Bu əyri ağaclar bitib əydiklərimizdən,
Bu ağu kimi meyvələr əkdiklərimizdən.
Layiqli təşəkkür, ya da təbrikmi umaq biz
Vaxtilə nahaq xətrinə dəydiklərimizdən?
Buğda çörəyin yoxdu, hanı buğda dilin bəs?
Çıxmış qəhətə ruzi də söydüklərimizdən.
Məzlum özünə zülm eləyib haqqını bilməz,
Zalım yetişir büt kimi öydüklərimizdən.
“Qaçqın” ilə “köçkün” qabar atmış dilimizdə,
Boş sinəmizə boş yerə döydüklərimizdən.
Bir dərs olanı, görk olanı insan unutmaz,
İbrət götürə bilmirik o görklərimizdən.
Aydın görünür hansı yuvanın quşuyuq biz,
Öz əynimizə xarici geydiklərimizdən.
Çirkdən törəyir piyli, haramzadə nəsillər,
Ya Rəbb, yu, təmizlə bizi bu köklərimizdən!
Hafiz, sözünə kim ki, əməl eyləsə artıq,
Əskik ola bilməz ulu göytürklərimizdən.


ÇƏKİLMİŞƏM

"Beşdə alacağın, üçdə verəcəyin yox" dedikləri bayağı, eybəcər ifadəyə rəğmən


Dəniz kimi qabarmışam,
Öz içimə çəkilmişəm.
Bir yoxdan vara varmışam,
Mən heçimə çəkilmişəm.
Qərib gəldim bu dünyaya,
Baş qoşmadım hər sevdaya.
İndi də tək inzivaya,
Öz küncümə çəkilmişəm.
Hafiz, sözü dürr imişəm,
Hürrəm, diri Hürr imişəm.
Kədərimə sirr imişəm,
Sevincimə çəkilmişəm.
17 iyul 2017


ÇAŞANLARA

Ey yağışdan sonra çıxan göbələk!
Ey ayağım altın qazan köstəbək!
Ey dalımca hürən arxalı köpək!
Kimləsə məni səhv sala bilməzsən!
Ey zəqqum istiot, ey acı bibər!
Yeriyəndə yeri titrədən, ey nər!
Ey xeyrə susayan, yerikləyən şər!
Daim bir məqamda qala bilməzsən!
Ey baş gicəllədən bu şan, bu şöhrət!
Ey bərkgedən tale, ey ali qismət!
Sağkən özünə seç rəhmət, ya lənət!
Ey qudurğan, məgər ölə bilməzsən?
Ey işsiz vətəndaş, ey evi bərbad!
Ey ərinin üstə şığıyan arvad!
Hanı bu dar gündə səbir, etimad?
Sən pis günün dostu ola bilməzsən!
İlahi, dünyada yaltaq nə çoxmuş!
Tülküdən, dovşandan qorxaq nə çoxmuş!
İlxıda kor yabı, axsaq nə çoxmuş!
Sən necə gedəsən yola, bilməzsən!
Öz xalqının qanın içən, ey zəli!
Ölkəsini talan edən, ey dəli!
Firon olan bir gün hesab verməli!
Ədalətə zəfər çala bilməzsən!
18 iyul 2017


ULDUZ KİMİ AXIB-GETDİN

Əziz xatirəsinə şeir həsr etdiyim tanınmış pedaqoq-publisist-tərcüməçi Natiq Səfiyev aşağıdakı nigarançılıqlara bu dünyadan getdi:
1.Sovet – Bolqar dostluğu cəmiyyəti Azərbaycan idarə heyətinin üzvü, Azərbaycan SSR Ali Məhkəməsinin və Abşeron rayon Xalq Məhkəməsinin uzun illər xalq iclasçısı olub. 
Yaşadığı Xırdalan şəhərinin həmişə üzdə olan, sayılıb-seçilən ziyalısı olan N.Səfiyev sonralar demək olar ki, unuduldu. O, nə Xırdalan parkının açılışına, nə Xırdalana şəhər statusu verilməsilə bağlı tədbirə, nə Abşeron rayonunun 50 illik yubileyinə dəvət edilmədi.
2.Nədənsə 1990-cı ildən təqdim edilən “Əməkdar müəllim” adına layiq görülmədi. Bununla bağlı yuxarı instansiyalara, xüsusilə Təhsil Nazirliyinə müraciətləri həmişə cavabsız qaldı. Məgər onun layiq olduğu, məmurlardan umduğu bu mənəvi haqlar ona verilsəydi, ölkədə büdcə kəsirimi yaranacaqdı? Məgər bu cüzi maddi vəsait belə tələb etməyən mənəvi “mükafatlar” üçün dövlət başçısınınmı göstərişi lazımdır? Göründüyü kimi başqalarından fərqli olaraq Natiq müəllimi incidən maddiyyatdan çox mənəviyyat kasadlığı oldu.
3.Bu il üçün nəşri nəzərdə tutulmuş iki sanballı kitabını – “Dünyanın beş qitəsinin nağılı” və mənim yaradıcılığım haqqında yazdığı “Hafiz Rüstəm dünyası” kitabını görmədən gözlərini dünyaya əbədi yumdu.
4.Sağlığında ona bir şeir həsr etməyimi məndən dəfələrlə xahiş etdi. Təəssüf ki, onun xahişini ölümündən sonra yerinə yetirdim.

Bu dünya bir pəncərədir,
Pəncərədən baxıb-getdin.
Bizimlə sağollaşmadan
Həmişəlik çıxıb-getdin.

Nəcib idin, kübar idin,
Bir milli iftixar idin.
Nə yaxşı ki, sən var idin,
Dərin iz buraxıb-getdin.

Bu qəzetlər, məcmuələr...
Məqalələr, tərcümələr...
Min-min təzə-tər cümlələr
Öz köksünə sıxıb-getdin.

Kitab-kitab sözün qaldı,
Doğrun qaldı, düzün qaldı.
Üfüqlərdə gözün qaldı,
Ulduz kimi axıb-getdin...
27 iyul 2017


DÜNYA BİZİM EVİMİZDİR

Atamla anam bir neçə gündür ki, bizim qonağımızdır. Mən bütün var-qüvvəmlə çalışıram ki, onlar özlərini öz evlərindəki kimi hiss etsinlər - yemək-içməklərinə, isirahətlərinə, mütaliələrinə və s. hər cür şərait yaratmışam. 
Sevimli nəvələri də onları darıxmağa qoymurlar - qulluqlarında dayanırlar, bizim bağ-bağçanın seyrinə çıxırlar, deyib-gülürlər, sözlərinə qulaq asırlar, bəzən də lazım gələndə susub baş-beyinlərini aparmırlar.
İsmayıl Qubaya dostları ilə karate idmanına gedir, qayıdanda velosipedini sürür, yorulanda belə mənə ev işlərində köməyini əsirgəmir. Zeynəb əsasən çocuq filmlərinə baxır, arada bir rəsmlər çəkir, yaxud yay dərs tapşırıqlarını qardaşıyla birgə yerinə yetirir.
Sonbeşik, ərköyün Zəhra isə daim babası ilə nənəsinin həndəvərində.
Atamın bu günlərdə yazdığı fəlsəfi şerindən də görünür ki, o, ümumiyyətlə, dünyanı öz evi hesab edir.
Bu şeri 20 gün bundan əvvəl qızımgildə yazdım və elə qızım da kiçik bir şərhlə bunu təqdim etdi. İndi baxıb görürəm ki, əslində bu şeir bu ilimin şah əsəridir. Qısa bir ixtisarla təkrar yayımlayıram.


Dünyaya hansı çağ gəldik,
Biz çağrılmış qonaq gəldik.
Kim deyir ki, nahaq gəldik?
Ruzimiz, ab-havamızdır,
Dünya bizim evimizdir.
Saysız qapı-pəncərəsi,
Açıqdır hər mənzərəsi.
Şara oxşar yer kürəsi,
Enerjimiz, nüvəmizdir,
Dünya bizim evimizdir.

Bu dağ-dərə, güney-quzey,
Yaxın-uzaq, doğma-ögey.
Canlı-cansız olan hər şey
Səması - masmavimizdir,
Dünya bizim evimizdir.
Dünya "beşgünlük", boş deyil,
Ona boş demək xoş deyil.
Kim huşyardır, sərxoş deyil,
Bilir ki, yurd-yuvamızdır,
Dünya bizim evimizdir.
Yerin-göyün TÖVHİDi var,
Şahidi var, şəhidi var.
Sonsuz qəmi, ümidi var,
Dərdimizdir, davamızdır,
Dünya bizim evimizdir.
Təmənnasız nemət verir,
Zövq verir, ləzzət verir.
Sevgi verir, nifrət verir,
Yaxşımızdır, yavamızdır,
Dünya bizim evimizdir.
Həm azadlıq, həm əsarət,
Həm abadlıq, həm xərabat.
Həm xoşbəxtlik, həm müsibət,
"Xəmsə"miz, "Məsnəvi"mizdir,
Dünya bizim evimizdir.
Nazil olan Quranımız,
Həyatımız, dövranımız.
Qüdrətimiz, imkanımız,
Hər şeyi ehtivamızdır,
Dünya bizim evimizdir.
Bura həm də şeytanbazar,
Satan bezar, alan bezar.
Mərdindən çox mərdimazar,
Haqq uğrunda davamızdır,
Dünya bizim evimizdir.
Cahan fəzada bir fələk,
Hər dövründə məkrü kələk.
Sanki bir qurdlu göbələk,
Xalçamızda güvəmizdir,
Dünya bizim evimizdir.
Dünya bir yaşıl planet,
Əbədi yaranış, gəl-get.
Sevib-sevil, murada yet,
Övladımız, nəvəmizdir,
Dünya bizim evimizdir.
Sülhlə, əmin-amanlıqla,
İşıqlıqla, qaranlıqla.
Nə işimiz yamanlıqla?
Maddimiz, mənəvimizdir,
Dünya bizim evimizdir.
1 avqust 2017


BİLMİRƏM

Gözəl qızım Gülçin üçün

Ya lalə, ya da ki, lalə yanaqmı?
Nədir gözəlliyin sehri bilmirəm?
Bir işıq selimi, axan bulaqmı?
Sonsuz həyat eşqi, nəhri bilmirəm.
Hər şeyin əmması, müəmması var,
Qərəzsiz şəxsin də təmənnası var.
Güzəştsiz bir rəhmin nə mənası var?
Hər bir kəsə rəva qəhri bilmirəm.
Hafizəm, bir sirri-Xuda kimiyəm,
Elə mən də "və mafiha" kimiyəm.
Hecada sahilsiz dərya kimiyəm,
Əruzda ancaq hər bəhri bilmirəm.
6 avqust 2017


SİYASƏT MƏNLİK DEYİL

Faciəyə bax ki, mövcud ictimai-siyasi vəziyyət barədə kimi dindirirsən, eyni laqeyd, mürdəşir bir cavab eşidirsən: Siyasət mənlik deyil! Bəs siyasət kimlikdir? Bizim siyasətə biganəliyimiz artıq öz acı bəhrələrini verməkdədir: ölkənin milli sərvətləri tar-mar edilib offşor zonalara daşınmaqda, ÜDM-ə görə hətta ermənilərdən geridə qalmaqda, yoxsulluq və işsizlik girdabında çabalamaqdayıq.
Siyasi aktiv olmasaq, öz elementar hüquqlarımızı qoruya bilməsək, rüşvət və korrupsiya bataqlığında can verən ölkəmizə sahib çıxa bilməsək, zülmə yox deməkdən qorxsaq, cəsarətli addımlar atmasaq, nəhayət görəcəyik ki, ana vətənimiz əldən çıxıb.

O deyir: mənə nə dəxli?
Bu deyir: mənə nə dəxli?
Onun, bunun sözləri
Ana vətənə nə dəxli?
 
Siyasət mənlik deyil,
Siyasət sənlik deyil.
Demək, o, bizlik deyil,
Demək, o, sizlik deyil.

Hər dəfə necə keçir?
Bizlikdir bu seçkilər.
Kim seçilir? Kim seçir?
Sizlikdir bu seçkilər.
 
Qanun aliliyinə
Həmişə xor baxmışıq.
Tale ixtiyarına
Vətəni buraxmışıq.
 
Demokratik fürsəti
Nəzərdən qaçırmışıq.
Milli bəxti, qisməti
Yadlara tapşırmışıq.
 28 avqust 2017


BU HÜNDÜR, DAŞ HASARLAR

Hansı gerizəkalı,
Düşünüb iddialı,
Olsun mozaikalı,
Həm aqlaylı barılar?
Bu hündür, daş hasarlar.

İdeyatək sürülüb,
Məsləhətmi görülüb?
Səliqəylə hörülüb,
Bütün yoldan kənarlar,
Bu hündür, daş hasarlar. .

Bu terminə, ada bax,
Dayağa, imdada bax!
Hələ istinada bax!
“Yuyulur” günahkarlar,
Bu hündür, daş hasarlar.

“Çölü bəzək, içi təzək”
Köhnə məsəldəki tək.
Bunamı sevinəcək?
Görəsən, bəxtiyarlar?
Bu hündür, daş hasarlar.

Gözəl ilə eybəcər
Arasında bu çəpər.
Yamaq kimi görünər,
Gizlənməz aşkarlar!
Bu hündür, daş hasarlar.

Hamı Haqqın qulları,
Fərqli həyat yolları.
Görəndə yoxsulları,
Ağrımazmı kübarlar?
Bu hündür, daş hasarlar.

Bir rədd, bir xətt tanımaz,
Keçilməz sədd tanımaz.
Uçar, sərhəd tanımaz,
Xəyallar qatar-qatar..
Bu hündür, daş hasarlar…
Barlı qəsəbəsi,
26 – 28 avqust 2017



QORXU

Müşahidələr göstərir ki, QORXU cəmiyyətdəki ətalətin, tənəzzülün, sosial ədalətsizliyin mənbəyidir, məhz qorxu və cəsarətsizlik despotizmə, qeyri-bərabər inkişafa, bir ovuc fırıldaqçının fantastik zənginləşməsinə, xalq kütlələrinin yoxsullaşmasına – intiharlara, qətllərə, qarətlərə, talanlara, soyqırımlara, terror şəbəkələrinin genişlənməsinə, dini-milli münaqişələrə və müharibələrə, bir sözlə dünyanın vaxtından tez məhvinə yol açır.

Çoxunun gözünə xoflu görünür,
Bənzəyir xortdana-xoxana qorxu.
Nə qədər cəhd etsə, yol tapmır heç cür
Sağlam əqidəyə, imana qorxu.
Sığmır ölçülərə, haşiyələrə,
Xeyirli işlərə, layihələrə.
Dönüb şübhələrə, şayiələrə,
Gəzişir fırlana-fırlana qorxu.
Yeri silkələyir, zəlzələ salır,
İnsanın canına vəlvələ salır.
Siçantək pişiyi o ələ salır,
İgidi çevirir dovşana qorxu.
O, hədəfə alır əzmsizləri,
Adi çətinliyə dözümsüzləri.
Öyrədir o soysuz lazımsızları
Yalana, hədyana, böhtana qorxu.
Özünə məcburi hörmət yaradır,
Zahiri dəbdəbə, şöhrət yaradır.
Adına min lənət, nifrət yaradır,
Çünki qulluq edir şeytana qorxu.
Daim şantaj, fitnə, fəsad törədir,
Divarın üstündə arpa yeridir.
Fili kiçildib bir qarışqa edir,
Divi möhtac qoyur cırtdana qorxu.
Nəsə ağır olur həniri, zəhmi,
Zərrəcə görünmür insafı, rəhmi.
Kimin ki, zəifdir, əsəbi, fəhmi,
Onu sıxır küncə, dalana qorxu.
Keyidir, dondurur, ya buzlaşdırır,
O, Dəli Domrulu cılızlaşdırır.
Xalqı da təkləyir, yalqızlaşdırır,
Qoymur çıxsın zülmə üsyana qorxu.
Ünvanı bilinmir “laədri” kimi,
Alın yazımızın bir sətri kimi.
Əziz ola bilmir dost xətri kimi,
Daim düşmən olur vicdana qorxu.
Torpağa əkilsə, alaq bitirir,
Ürəyə yol tapsa, yaltaq bitirir.
Cəmiyyətdə xeyli alçaq bitirir,
Nökər yetişdirir dövrana qorxu.
Haqqa, ədalətə hökm edə bilmir,
Namusa, qeyrətə hökm edə bilmir.
Əzmə, cəsarətə hökm edə bilmir,
Qalib gələ bilmir İNSANA qorxu. 
1 oktyabr 2017
Qeyd: laədri - ərəbcə “bilmirəm”, yəni anonim yazı - müəllifi naməlum

HƏR GÜN – AŞURA, 
HƏR YER – KƏRBƏLA

(mərsiyə)

İmam Hüseyn(ə) (miladi 625 – 680) əvvəla, zülmə qarşı sözlə etirazını bildirdi, İslami dəyərləri gözdən salan əyyaş və əxlaqsız Yezidə beyət etmədi, ikinci, sözünə əməl edilmədikdə kiçik bir müxalif qüvvəylə böyük bir şər iqtidara qarşı əzmlə cihad etməkdən çəkinmədi. Qızmar Kərbəla çölündə, Fərat çayı kənarında mühasirəyə düşsə də, dəhşətli susuzluğa məruz qalsa da, əqidəsindən dönmədi, haqq yolunda zülmə qarşı şücaətlə vuruşdu, təslim olmadı, 72 əshabı ilə birlikdə şəhid oldu. 


Köhnədən köhnə,
Eyni bir səhnə.
Oxşar dərd-bəla...
Hər kəs mübtəla.
Hər gün – Aşura!
Hər yer – Kərbəla!
Yenə oxunur
Hüseynə rəhmət!
Yezidə lənət!
Əshabə - ümmət.
Ey ali-əba,
Hər gün – Aşura!
Hər yer – Kərbəla!
Yenə də Fərat
Bir abi-həyat.
O suya həsrət
Məzlum camaat.
Susuz o mövla,
Hər gün – Aşura!
Hər yer – Kərbəla!
Allah da şahid,
Yetmiş iki şəhid!
Əslində haqqa 
Saysız mücahid.
Yenə də amma,
Hər gün – Aşura!
Hər yer – Kərbəla!
Qaradan artıq
Rəng ola bilməz.
Gen dünya daim 
Təng ola bilməz.
Azadlıq olsa,
Cəng ola bilməz.
Bərabərlikdir
Hər dərdə dava.
Hər gün – Aşura!
Hər yer – Kərbəla!
3 oktyabr 2017


ZiM.Az


.

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: