ETİBAR QARA (1961)

ETİBAR QARA (1961) Etibar Qara (Etibar Çapar oğlu Bağışov) – 1961-ci ildə Yardımlı rayonunun Nisəqala kəndində anadan olub.
1978-ci ildə Çayüzü kənd orta məktəbini bitirib.
1984-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Hazırda Sumqayıt şəhərində yaşayir və Tikinti mühəndisi kimi çalışır.
Evlidir, 4 övladı var.
“Göylərə uzanıb əli sevdamın” “Ürəyim boyda dərdim”
adli kitabların müəllifidir.


* * *

Kimi özü, kimi qoşma,
Kötüklərə sən baş qoşma,
Mehə əsən yarpaq adam.

Uçmaq kimi yox vərdişin,
Sənin göylərdə nə işin,
Başdan başa torpaq adam?

Gecələri nurun boğur,
İçində bir dunya doğur,
Çöl-bayırı çılpaq adam.

Ağızlar cır, dil calaqtək,
Sozü şillə, şapalaqtək
Ağızlara qapaq adam.

İs vermirlər altmış yasda,
Adamım da yoxdur basda,
İndi hardan tapaq adam?

Çox özünü, yorma sən də,
Qeyrət tapmaz geydirsən də,
Qeyrətsizə papaq, adam.


* * *

Vərəqdə vətən qurub,
Sərhəddin çəkən nə çox.
Qələmlə şumun vurub,
Dən səpib, əkən nə çox.

Deyilmiş fikri ha yaz,
Bazar meyvəsi kimi.
Sözdə hər təzə avaz,
Novruz heybəsi kimi.

Çicəyə qonmur arı,
Bilirmi qənd yediyin?
Hər yan qarğa bazarı,
Qanmır ağız dediyin.

Hicrandan yazma daha,
Qulaqlara yad deyil.
Az əl götür Allaha,
Mələkləri şad deyil.

Ölümün də hər gecə,
Tutur bizi yuxusu.
Oğurlanır gör necə,
Ömrümüzün çoxusu.


* * *

Qaranlıq bir yol tutub gedirik,
Yolun üstündə tikan var ,daş var.
Bu daşlı yolu udub gedirik ,
Üstündə neçə kəsilən baş var.

Anası varmı dizinə döyə?
Şəhid vətənçün dura, yola saç.
Tanrı da göydən çəkilib göyə,
Ha özünü yor, göyə ha əl aç.

Bu ağrıların görünmür sonu,
Vətəni göyə özüylə çəkir.
Gör necə qurub quran oyunu,
Hər gün şəhidi köksünə əkir.

Vətən ölür hər gün şəhid-şəhid,
Öz bayrağına bükülür Vətən.
Qatil özünə saxlamır şahid,
Səhid qəbrinə tökülür Vətən.

Xərçəng xəstəsi bu Vətən kimi,
Hər əzasında toxuması var.
Ağ xalat geyən iblis həkimi,
Həm də fatihə oxuması var.

İnanc yeriydi, qibləgah idi,
Qan çanağına dönüb göy indi.
Vallah, bu oddan yer agah idi,
Heç tüstülənmir bir kösöy(v) indi.

Şəhid olanlar şahidləriydi,
Ürəyində çox sıxıldı Vətən.
Göyə çıxanda hələ diriydi,
Göylərdən yerə yıxıldı Vətən.

Dolu yerinə, yağış yerinə,
Tutub göyləri istiqlal qanı.
Bir dəyirmanın düşüb pərinə,
Dolanır bütöv Azərbaycanı.


* * *

Ürəyim də cansız, vərəq kimidir,
Yetənə atıram ölüb qurtarmır.
Gündə boğazıma yığılır canım,
Öz canını məndən alıb qurtarmır.

Ölüm yoxuşu lap adamı yorub,
Gədiyini aşmaq gözümə durub.
Bu ömür mənə dar ağacı qurub,
Kəndirin boynuma salıb qurtarmır.

Nə gundüz bəyazdır, nə gecə siyah,
Gözlə ki, gələcək işıqlı sabah.
Borc kimi sələmdən artdıqca günah,
Hər gun Allah silir, silib qurtarmır.

Daha zəhləm gedir öz pəncərəmdən,
Əskik olmur ki, yad göz pəncərəmdən.
Hər şeir yazanda, söz pəncərəmdən
Bir dəli hey gülür, gülüb qurtarmır.

Hər xoş nəvazişə mən ürək sərdim,
Ürək açana yer başda göstərdim.
Bütövləşmək kimi böyükdür dərdim,
İllərdir yol gəlir, gəlib qurtarmır.



* * *

Düşəndə ağlım küyə,
Qulağım küydən çıxdı.
Biri, -"hey" çağıranda,
Düşüncəm heydən çıxdı.

Yiyəsiz boş torpağam,
Bilinməz kimdir ağam.
Dilənçi bir uşağam,
Çörəyim neydən çıxdı.

Calxayan nehrəmizi,
Firladır cəhrəmizi.
Sarıdı cəhrə bizi,
Düyçəsi iydən çıxdı.

Məzəsi, meyi günah,
Donuzun piyi günah.
Adamına bax, Allah,
Piylənib piydən çıxdı.

Kürsülər qarnı iri,
Hər kəsin olmaz yeri.
İki-üç sozdən biri,
Zaddan ya şeydən çıxdı.

Sürünü qurdlar sökər,
Leşinə çaqqal çökər.
Bəyləndi durub nökər,
Bəyliklər bəydən çıxdı.

Xəbərin qara üzü,
İnanmaq olmur düzü.
Dedilər, sözün düzu
Dəlidən, səydən çıxdı.

Vətəndə bişən aşı,
Doyurmur vətəndaşı.
Qarışdı hər gün başı,
Məzədən, meydən çıxdı.

Dırmanar goyə yolun,
Boşunu döyər dolun.
Qoynunda qalan qolun,
Qisməti göydən çıxdı.


* * *

Yazısının altında
Tanrının ki, qolu yox.
Sulamağa, ha əkim,
Yağış, leysan, dolu yox.

Qəm əkməyə tumu bol,
Səhrası bol, qumu bol.
Boş torpağı, şumu bol,
Bircə çiçək kolu yox.

Demə, gör nə gündəyəm.
Hələ çiyəm, kündəyəm.
Gələn səda, ündəyəm,
Nə sağı, nə solu yox.

Bir şübhə var içimdə,
Köçürük bir biçimdə.
Yol varsa hər seçimdə,
Bu seçimin yolu yox.

Etibar ha qəmdən yaz,
Qol götürüb oynamaz.
Savabın da azdan az,
Onun da bir qolu yox.


* * *

Sağın çiçək solun güldür,
Oxşa gülü, dər çiçəyi.
Al könlünü, danış, güldür,
Ömrün üstə sər çiçəyi.

Hər çiçəyin bəstəsi var,
Təki, cütü, dəstəsi var.
Məzarların xəstəsi var,
Aparmazlar hər çiçəyi.

Ömrümüzə çiçəklərin,
Qədəminə çiçək sərin.
Çiçəklərdən seçib dərin,
Gözəllərə tər çiçəyi.


* * *

Dünya, aləm nə vecinə,
Düyününü el tutan qız.
Ayaqlarin yeri tutmur,
Saçlarını yel tutan qız.

Deyəsən çıxıb günə gül,
Basıb bağrına sinə gül.
Müjdə gətirib sənə gül,
Əllərində gül tutan qız.

Daha gözün tox, könlün tox,
Hər qismətə etibar yox.
Gəl onunla oynama çox,
Gözlərinə əl tutan qız.

Kol üstə tər, əldə gözəl,
Sən də gözəl, gül də gözəl.
Gül dəstəsi tüldə gözəl,
Özün gülə tül tutan qız.

Sən öyrən çiçək dilində,
Oxşa, sığal çək dilində.
Gül, danış ləçək dilində
Təzə-təzə dil tutan qız.


* * *

Həyəti, bağçası sevda qoxuyur,
Evbəev dolaşır ətri qızların.
Saya ömürlərə naxış toxuyur,
Hər evdə əzizdir xətri qızların.

Qız kədəri boyda, sevinci boyda,
İldırım da, od da qızın özüymüş.
Qız kainat boyda, qız inci boyda
Saflığın özüymüş, nazın özüymüş.

Gözləri yollarda, fikri ağ atda,
Qismətini gözlər bir çoxu kimi.
Günlərin birində, bir xoş saatda,
Uçur xəyal kimi, qız yuxu kimi.

Hardasa, hardasa bir qız ağlayır,
Göz yaşı sellənib boğacaq bizi.
Bizi duasında bir qız saxlayır,
Bir qız duasında doğacaq bizi.


ETİBAR QARA (1961) * * *

Dildə nəğməm,
Türküm mənim.
Yox heç kimdən
Hürküm mənim.

Sulu arxam,
Dönən çarxam,
Bozqurd arxam,
Kürküm mənim.

Türk qıy çəkər,
Dağ diz çökər.
Dolu tökər
Bürküm mənim.

Gəlir qandan...
Həmin andan,
Qazan xandan
Mürgüm mənim.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: