Qaytar Qarabağı, Ey Böyük Allah....

Qaytar Qarabağı, Ey Böyük Allah.... Müsabiqə üçün

Ay Allah, Şuşanı
qaytar tezbazar,
Qoy öpüb torpağın
qucağlayım mən.
Düşüb yollarına
bir yolçu kimi,
Seyidi Cabbarı
sorağlayım mən.

Qoyma Kəlbəcərin
qapısın bağlı,
Saxlama Laçının
qəlbini dağlı,
Ağdam bir nağıldır
qoy o nağılı,
Açım səhifə-səhifə
varağlayım mən.

Məst olub bülbülün zümzüməsinə,
Boylanım "Dörd Çinar" məhəlləsinə,
Çıxım əriməzin tən zirvəsinə,
Hər daşın kəsəyin ayağlayım mən.

Həsrət saçlarıma salıbdır dəni,
Qurtar bu həsrətin əlindən məni,
Alaraq cəngimə Xudafərini,
Dərya tək kükrəyim qoy çağlayım mən.

Qaytar Qarabağı bizləri səsdə,
Qayıtsın durnalar qoy dəstə-dəstə,
Baş qoyub Xan əminin məzarı üstə,
Yetim uşaq kimi hey ağlayım mən.

Qeyd: Dörd Çinar Şuşada Aşağı məhəllələrdən birinin adıdır.


ŞƏHİD ANASI

...- Ana, gözlərin aydın, "Hərbi Xidmətə Çağırış üzrə Dövlət İdarəsi"ndən göndəriş gəlib, hərbi
xidmətə yollanıram.
- Can, bala, sağ salamat get, qayıt inşallah, tezbazar bir toy edək, mən də təkəm, bir həyanım
olsun.
- Gözlə, tələsmə, ay ana, bəlkə bir güllə oldu qismətim heç qayıtmadım.
- İraq, iraq, ay oğul, Allah eləməsin.
Artıq bir gün keçmişdi, qapıda çadır qurulmuşdu. Bəhruzun yığıncağı idi, bütün qohumlar bir
araya yığışmışdı, Bəhruz sabah Ağdama hərbi xidmətə yola düşəcəkdi. Artıq sevdiyi Günayla da
görüşüb, sağollaşmışdı.
Gecə oldu, Bəhruz dostları ilə görüşüb, məhlədən evə qayıtdı və öz otağına keçdi, ürəyində bir
həsrət qorxusu var idi.
Olmalı idi də, bir il altı ay anasından, sevgilisindən ayrı qalacaqdı.
Günəş, yenicə qızarmağa başlayan şəfəqlərini pəncərədən eyvana saçırdı, elə bu vaxt zəngli
saatı çalmağa başladı.
- Bəhruz, dur, bala, gecikərsən, sonra problem yaranar.
Bəhruz tələsik durub əynini geyindi, anası ilə sağollaşdı və idarəyə yola düşdü.
Səhər tezdən küçədə heç kim görsənmirdi, Bəhruzu, yalnız arxası ilə su atmağa çıxan anası və
qonşu evdəki pəncərədən gizlicə boylanıb baxan sevgilisi Günay yola salırdı.
Bəhruz isə o qədər də məyus görünmürdü, çünkü o, ikinci anasının borcunu qaytarmağa gedirdi.
Bəhruz idarəyə çatanda insan izdihamından tərpənmək olmurdu, birdən yüksək səslə polkovnik
leytenant qışqırdı:
- Xidmətə yollananlar sağda düzülsün...
Yüzdən artıq gəncin düzüldüyü sırada Bəhruz da dayanmışdı. Yoxlanışdan sonra Bəhruz və digər
on dörd gənc avtobuslara mindirilərək Ağdama yola salındı.
Artıq saat axşam 19:00-a yaxınlaşırdı, avtobus Ağdama yenicə yetişmişdi və "N" saylı hərbi
hissənin qarşısında idi. Qapılar açıldı və avtobus hərbi hissənin həyətinə daxil oldu. Yeni gələn on
dörd nəfər gənc və Bəhruz hərbi geyim otağına aparılaraq hərbi formalarla təmin olundu. Bəhruz,
artıq Azərbaycan ordusunun bir əsgəri idi.
Qırx beş gün ərzində yeni gələn əsgərlərə hərbi sıra hazırlığı keçirilir, xidmətin sirrləri öyrədildi.
And içmə mərasimi yetişdi. Hərbi hissə komandiri sıra meydanında and içmək üçün düzülən
əsgərlərin qarşısına keçdi və mərasimi açıq elan etdi.
Bəhruz və əsgər yoldaşları silah əllərində Azərbaycan bayrağına əl qoyaraq and içdilər. Mərasim
bir neçə saat davam etdi, nəhayət, təntənəli marşla sona çatdı və əsgərlər valideynlərlə görüşə
yollandı. Bəhruzun da görüşünə anası Səlimə xanım gəlmişdi. Bəhruz anası ilə qucaqlaşıb,
görüşdü.
- Can, Bəhruz, nə yaman arıqlamısan, heç tanıya bilmədim səni.
- Nə edək, ana, bir az təzədir, hərbi yeməklərə öyrəşmək, hərbi həyatına öyrəşmək çətindir.
Amma fikir etmə, hər şey yaxşıdır.
Onlar bir neçə saat birlikdə danışıb, söhbət etdilər. Artıq görüş vaxtı sona çatırdı. Bəhruz anasını
yola salmaq üçün Nəzarət buraxılış məntəqəsinə doğru gəlirdi. Anası ilə görüşüb sağollaşdı.
Anası bir qədər uzaqlaşdıqdan sonra geriyə dönüb Bəhruzu səslədi:
- Bəhruz, Bəhruz...
-Hə, anacan, nə oldu, nəsə yaddan çıxdı?
-Yox, bala, narahat olma, sadəcə yadımdan çıxdı deyəm, qonşu qızı Günay da salam göndərdi
sənə. Gətirdiyim paxlavaları da o bişirmişdi.
- Hə, lap yaxşı, ana, əllərinə sağlıq, deyərsən, çox sağ olsun, çox dadlı idi. Salamımı da
çatdırarsan.
Səlimə ana yoluna davam edib uzaqlaşdı, Bəhruz isə yataqxanaya qayıtdı.
Artıq hava qaralmağa başlayırdı, axşam yeməyinə çox az qalırdı, Bəhruz isə yaman darıxırdı, bir
yandan ana həsrəti, bir yandan da Günayın həsrəti onu sıxırdı.
Günlər ötdü, aylar keçdi, Bəhruz, artıq xidmətinin altı ayını geridə qoymuşdu, məzuniyyət vaxtı
yetişmişdi.
Ancaq Bəhruz digər əsgər yoldaşlarının məzuniyyətə gedib qayıtdıqdan sora necə darıxdığını
görüb, məzuniyyətə yollanmaq istəmirdi.
O, komandirnin otağına yaxınlaşıb, içəri daxil oldu və komandirə bildirdi ki, mənim məzuniyyət
vaxtım yetişib, amma mən məzuniyyətə getmək istəmirəm, əgər mümkündürsə, anama da
bildirmək istəyirəm. Bəhruz və komandiri bir qədər danışdıqdan sonra razılığa gəldilər. Bəhruz
komandirindən telefonu alıb anasına zəng vurdu.
- Salam, Ana, mənəm Bəhruz, necəsən?
- Can bala, səsinə qurban olaram, yaxşıyam, şükür Allaha, atanın sabah il dönümüdür, ona
hazırlıq görürük.
- Hə, ana, tam unutmuşdum, Allah rəhmət eləsin! Atam bizi inşaallah cənnətdə gözləyir.
- Özün necəsən, Bəhruz, xidmət necə gedir, komandirlərin sözünə qulaq asırsan?
- Hə, Ana, hər şey yaxşıdır, məzuniyyətə gəlmək vaxtı çatıb, amma əsgər yoldaşlarım gəlib
qayıtdıqdan sonra yaman darıxırlar, istəyirəm, gəlməyim məzuniyyətə. Onsuz da vaxtımın
yarısını yola vermişəm, birdəfəlik qurtarıb gələcəm inşaallah.
- Nə deyim, oğul, sən necə istəyirsən, elə et. Allah qoysa, sağ- salamat gələrsən, qurbanlıq erkək
də almışıq sənə, tez gəl, qurbanını da kəsək.
- Lap yaxşı, ana, Allah qəbul eləsin. Görüşərik, özündən muğayat ol!
Bu, Bəhruzun bəlkə də son danışığı idi anası ilə, artıq üstündən iki-üç gün keçmişdi, birdən hərbi
hissənin qərargahında növbətçi otaqda yerləşən həyəcan siqanlı işə düşdü. Hərbi hissə
komandiri toplanış verib, bütün şəxsi heyyəti bir sırada cəmlədi.
- Cənab əsgərlər, cəhbədə atışma başlayıb, mənfur düşmənlərimiz iki əsgərimizi yaralayıb,
hazırlaşın döyüşə...
Bütün əsgərlər birbaşa silah otağına doğru yürüməyə başladı, Bəhruz da bu əsgərlər arasında idi.
Onlar adlarına təhkim olunmuş silahlarla silahlanaraq maşınlara yerləşdirildi və cəbhəyə doğru
yola düşdülər. Artıq avtobus cəbhəyə yetişdi. Hərbi hissə komandiri uca səslə:
- Hər kəs ehtiyatlı olsun, qarşımızdakı tək olan düşmən, uğrunda öləcəyimiz isə vətəndir.
Bəhruz və digər dörd əsgər yoldaşı səngərə doğru irəlilədi, artıq atışma başlamışdı, onlar
düşmənə doğru dayanmadan atəş açırdı, gurultudan qulaqlar titrəyirdi, bu zaman düşmən
snayperlərindən çıxan bir güllə Bəhruzun əsgər yoldaşının başına tuş gəldi və o, yerə yıxıldı. Qan
bir anın içində onu ağuşuna aldı. Bəhruz tez köynəyinin qolunu cıraraq, onun yarsına basdı və
atəşə davam etdi.
Bəhruzu bir yandan qorxu, bir yandan düşmən nifrəti bürüdü. Silahını əlinə alıb, dayanmadan
düşmən istiqamətinə atəş açmağa başlladı, açılan güllələrdən bir neçəsi düşmən əsgərlərinə tuş
gəldi.
Elə bu zaman düşmən tərəfindən Bəhruzgilin səngərinə parlayıcı qumbara atıldı, bunu hamıdan
öncə görən Bəhruz qumbaranın üzərinə atılaraq dörd əsgər yoldaşının və komandirinin həyatını
xilas etdi, özü isə bir neçə yerə parçalandı, onun ayağından çıxan ayaqqabılar belə ayrı-ayrı
yerlərə səpələndi. Hər kəs şokda idi, bu qəhrəmanlığı hər kəs edə bilməzdi, amma Bəhruz bunu
etdi və şəhidlik zirvəsinə ucaldı. O, öz ölümünü gözə alıb, digər yoldaşlarının həyatını xilas etdi.
Atışmadan bir neçə saat keçirdi, artıq cəbhədə atəş səsləri səngiməyə başlayırdı. Azərbaycanın
üç rəngli bayrağına bükülən Bəhruz isə yoldaşlarının çiynində ailəsinə qaytarılmaq üçün maşına
doğru aparılırdı.
Üstündən altı saat keçmişdi, Bəhruzun cənazəsi kəndlərinə yetişdi, onun meyidini küçələrinə
gətirəndə hər kəs - qonum-qonşu təşviş içində idi.
Cənazə Bəhruzgilin qapısına yetişdi. Səlimə xanım da elə bu vaxt səs-küyə həyətə çıxdı, gələn
cənazəni görən kimi əllərini saçına atıb, dizləri üstə yerə çökdü, bərkdən qışqırıb ağlamağa
başladı. Bu fəryad hər kəsi ağladırdı.
- Bəhruz, mən sənin gəlişinə hazırlaşırdım, arzu etmişdim, qapının zəngini çalasan, sən isə
çiyinlərdə gəldin evə.
Oxşama deyə-deyə ağlayan ananı qonşular sakitləşdirməyə çalışırdı.
Bu zaman Bəhruzun komandiri ananın qarşına gələrək diz çökdü, Bəhruzun qanlı formasını ona
doğru ötürdü və söyədi: "Başımız sağ olsun, Ana!"
Ana formanı alaraq bağrına basdı və ağlamağa davam etdi.
Hazırlıqdan yenicə gələn Günay da məhləyə yetişəndə insan izdihamını görüb, tez qonşulardan
birindən nə baş verdiyini soruşdu. Aldığı cavab onu sanki öldürüb, yenidən diriltdi. O qaça-qaça
evlərinə getdi və sakitcə otağına keçdi, hönkürtü ilə ağlamağa başladı.
Bəhruzgilin həyətində isə ana fəryadı sakitləşmək bilmirdi. Artıq Bəhruzun ölümüdnən üç gün
keçirdi, ona qurbanlıq üçün alınmış erkək də yas üçün kəsilmişdi. Yas çadırı qurulmuşdu. Evin bir
küncündə ağlaya-ağlaya gözlərini pəncərəyə dikən ana isə bunun bir yuxu olduğunu sanırdı,
amma yox, bu gerçək idi Bəhruz öz canını vətəni uğrunda qurban verib şəhid zirvəsini fəth
eləmişdi.
Günlər, aylar ötdükcə artıq hamı öz işinə-gücünə davam edirdi, yalnız bir ana fəryad edib hələ də
ağlayırdı.
Bəhruzun qırxına çox az qalırdı. Axşam çağı idi, Səlimə ana Bəhruzun formasını qucaqlayıb
həyətdəki söyüd ağacının altında fəryad edib, ağlayırdı. Birdən onun əlinə formanın cibində kağız
parçası toxundu, dərhal kağız parçasını çıxarıb üstünü oxudu. Bəhruzun xətti ilə yazılmışdı:
- Çatacaq sevdiyim anama...
Səlimə ana "of" çəkərək için-için ağlamağa başladı.
Bəhruz məktubda yazırdı:
- Əziz ana, bu gün cəbhədə ağır döyüşlər başlayıb, biz də ora yollanırıq, sən mənim birinci
anamsansa, Vətən də ikinci anamdır, ola bilər, şəhid olum, qəti kədərlənmə, əksinə, hər zaman
başını uca tut ki, Şəhid anasısan.
Məktubu oxuduqca hönkür-hönkür ağlayan ana ah çəkərək davam edirdi:
- Mən demişdim axı, atam bizi cənnətdə gözləyir, mən ola bilər, bu gün böyük ehtimalla onunla
qovuşum, səndən də çoxlu salamlar deyəcəm, qovuşsam. İnşaallah cənnətdə görüşərik. Sizi
sevirəm, Anacan!
Məktubu oxuyub bitirən ana bir fəryad qopardı ki, söyüd ağacında oturmuş sərçələr də sanki göz
yaşı töküb ağlayırdı.
O formanı da götürüb, üzü qəbiristanlığa doğru getməyə başladı. Qəbiristanlığa yetişəndə
Bəhruzun məzarı üstə bir başı qara yaylıqlı qızın otları təmizlədiyini gördü, məzara yetişəndə
onun qonşu qızı Günay olduğunun fərqinə vardı və Günayı qucaqlayıb öpdü.
Formanı Bəhruzun məzarı üstünə qoydu. Onlar birilkdə Bəhruzu yad edərək qəbiristanlıqdan
ayrılmağa hazırlaşırdılar.
Günay çantasından qələmi çıxarıb, kağıza nə isə yazaraq Bəhruzun məzarı üstünə qoyulan
formanın cibinə qoydu.
O yazırdı:
- Bəhruz, şəhidlər ölmür, sən bizim qəlbimizdəsən! Səni sevirik!
İmza: Anan və Günay...

Müəllif: Sərəstan Zakiroğlu
Redaktə etdi: Aysel Abdullazadə


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: