İllər keçdikcə, zamanlər ötdükcə bu yanan ocaqdan neçə-neçə ömürə, həyat yoluna işıq düşür, istisinə yüzlərlə şagird, tələbə qızınır.
Həyatın enişli-yoxuşlu, ağrılı, şirinli günlərini görə-görə gələn, həyatın bütün imtahanları qarşısında sınmayan İmran müəllim məqsədinə çataraq, uğurun zirvəsinə ucalıb.
Uzun illər dövlət işində çalışan, sonradan ömrünü sevdiyi peşəyə - müəllimliyə həsr edən, pedoqoji fəaliyyəti dövründə yüzlərlə şagirdin qəlbini fəth edən, onlara elmin, biliyin sirrini öyrədən İmran müəllim mənən zəngin və şərəfli həyat yolu keçib. Keçdiyi həyat yolunu Vətənə, dövlətə, xalqa, elmə həsr edən bu insan onu tanıyan hər kəsin yaddaşında xoş xatirələrlə qalıb.
İmran Əliş oğlu Quliyev 1904-cü ildə Dağlıq Qarabağda, Şuşanın Qaybalı kəndində dünyaya göz açmışdır. Bakı şəhərində universitetdə təhsil alan İmran müəllim əsasən Bərdə rayonunda yaşamış və əlli ildən artıq dövlət işində çalışmış və pedoqoji fəaliyyətlə məşğul olmuşdu. Tələbkarlığı, işə canyananlığı ilə tanınan və hər kəsin hörmətini qazanmış İmran müəllim Bərdə rayon Xalq məhkəməsinin sədri, rayon təhsil şöbəsinin müdiri, Rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır. İmran müəllim rayon təhsil şöbəsinin rəhbəri olarkən məktəblərin fəaliyyətinə, hər bir müəllimin şəxsi davranışına ciddi yanaşmış, təhsildə yol verilmiş nöqsanlara qarşı barışmaz mövqe tutmuşdu.
İmran müəllim sonrakı illərdə Bərdə rayonunda müəllim işləmiş, ömrünün sonuna kimi bu peşəylə məşğul olmuşdu. Onun dövlət işində və təhsildə yüksəliş uğrunda ölçüyəgəlməz xidmətləri olmuşdu. O, pedoqoji fəaliyyəti dövründə savadlı, öz ixtisasını dərindən bilən, işinə son dərəcə məsuliyyətlə yanaşan və böyük nüfuz qazanmış ziyalıydı. Istedadlı şagirdlərin üzə çıxarılması, gənc nəslin təlim-tərbiyəsi məsələsi İmran müəllim üçün ön planda dururdu hər zaman.
Əsil müəllim, dövlət adamı və ziyalı ömrü yaşayan bu dəyərli insanın həyatda qazancı həm də tələbkar və nümunəvi ailə başçısı olmasıdır. Göründüyü kimi işində tələbkar olduğu kimi övladlarının tərbiyəsinə və təhsilinə də diqqətlə yanaşmış, onların cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında böyük əməyi olmuşdur. İmran müəllim ömür-gün yoldaşı Simuzər xanımla birgə yeddi övlad böyüdüb, boya-başa çatdırıb. İmran müəllimin beş övladı indi müxtəlif sahələrdə çalışırlar, övlad, nəvə, nəticə sahibidilər. Lakin iki övladı – Validə və İsa haqq dünyasına qovuşublar. Allah rəhmət eləsin...
Sovet hakimiyyəti illərində yaşayan İmran müəllimin dövlət işində və təhsil sahəsində gördüyü işləri, xidmətləri və əmək fəaliyyəti hər zaman dəyərləndirilmiş, müxtəlif illərdə bir çox orden və medallara, fəxri fərmanlara layiq görülmüş, haqqında dövrü mətbuatda məqalələr dərc edilmişdir.
İmran Quliyev 1983-cü ilin mart ayında Bərdə rayonunda vəfat etmişdir.
Bir ömür yaşadın sən bu dünyada,
Çiçəkli bahar tək, ətirli yaz tək,
Çoxlu bar yetirdim ömür bağında,
Bərdə torpağında əsl bağban tək.
Ürəyimizin sağalmaz yarası olan Qarabağdan danışarkən İmran müəllimin ruhu sanki qan ağlayır, onun ruhu doğulduğu torpağı, ürəyimizin yarası olan Şuşanı gəzərkən o yerləri, o gözəl məkanı düşmən tapdağında görüb kədərlənir və ahü-fəğan edir.
Aran Qarabağım, dağ Qarabağım,
Sinəmə çəkilib, dağ Qarabağım.
Həsrət alovunda əriyib yağ tək,
Ürəyim olubdur dağ, Qarabağım!
GÜNEL MƏMMƏDOVA
ZiM.Az
/
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.