XX əsrin 80-ci illərində ədəbiyyata
Gürcüstandan gələn və elə ilk illərdən
ədəbi gənclik arasında xüsusi yet tutan
istedadlı qələm sahiblərindən biri də
tanınmış yazıçı Eyvaz Əlləzoğludur.
O, özünün istedadı və olduqca zəngin
bədii yaradıcılığı ilə yanaşı, həm də
həyatı müşahidə erudisiyasına görə
fərqlənən, bir sözlə, həyata həssas gözlə
baxmağı və hər şeyi süzgəcdən keçirib
həqiqi qiymət verməyi bacaran,
bu keyfiyyətləri öz əsərləri vasitəsilə
oxuculara aşılayan dəyərli nasirlərimizdəndir.
Eyvaz Əlləz oğlu Həsənov - 1956-cı ildə qədim Qarayazıda, indiki Gürcüstanın Qardabani rayonundakı Muğanlı kəndində dünyaya göz açıb. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına TDPU) filologiya fakültəsinin Azərbaycan bölməsini bitirib.
Bir müddət «Sovet Gürcüstanı» (indiki "Gürcüstan") qəzetində korrektor işləyib.
Onun istedadına nadanlar vaxtında layiqincə qiymət verməyib.
Tbilisidə evi olmadığına görə hər gün kəndə gedib-gəlməyə məcbur olan Eyvaz Əlləzoğlunun aldığı cüzi maaş heç yollarda xərcləməyə çatmadığından və 1990-cı ilin məlum olaylarından sonra Tbilisidə yaşayıb-yaratmağın mümkünsüzlüyündən o, 1992-ci ildə Bakıya üz tutub, ailəliklə Azərbaycana köçüb və Bakıda yaşayıb-yaratmağa davam edib.
1982-ci ildən mətbuatda çıxış edən gənc qələm sahibi də bir vaxtda çoxsaylı oxucuların diqqətini cəlb etmiş və sənətsevərlərin hörmət və rəğbətini qazanmışdır. Onun «Ağsaqqal» («Azərbaycan» jurnalı, 9, 1987), «Keçəlin darğanın qızına məhəbbəti və başına gələn macəraları», «Ölü yay», «Balıq günü» (hər üçü «Ulduz» jurnalı, 3, 1988), «Əyləncə» («Gənclik» jurnalı, 7, 1988), «Bığlı Kərəm», «Quyu» (hər ikisi «Yeni səslər» - 1988. Nəsr» almanaxı, B., «Yazıçı», 1989), «Köhnə bağ» («Dan ulduzu», 1987), «Meydandan kənarda» («Dan ulduzu», 1989), «Ötən gün» («Dan ulduzu», 1990), «Tənha bir süsəni qoxuyurdu» («Yaşıl budaqlar» almanaxı, B., «Gənclik», 1990) və s. hekayələri müəllifin geniş yaradıcılıq diapazonuna malik olduğundan soraq vermişdir.
1992-ci ildə «Yazıçı» nəşriyyatı E.Əlləzoğlunun «Ölü yay» adlı ilk hekayələr toplusunu nəşr edib oxucuların ixtiyarına vermişdir. Gənc nasirin 20 hekayəsi cəmlənmiş kitab oxucular tərəfindən maraqla qarşılanmışdır.
Ana Vətənimizin, Ata Yurdumuzun, müqəddəs torpağımızın ətri, əsrarəngiz gözəllikləri, gənclərimizin
qurub-yaratmaq əzmi, təmiz sevgisi, fəal həyat mövqeyi, eləcə də, halal zəhmət, doğma yurda bağlılıq,
azərbaycançılıq, millilik, xalqlar dostluğu, beynəlmiləlçilk, həmçinin narahat dünyamızın qayğıları, məişətimizə
daxil olan yeni adət-ənənələr, bir sözlə, gələcəyə olan böyük inam E.Əlləzoğlunun bədii yaradıcılığının
əsas mövzusunu təşkil edir. (M.Çobanlı. «Ölü yay» (eyniadlı yeni kitab haqqında). «Ziya», 26 noyabr, 1992.)
Ədəbiyyatşünas alim Fərhad Xubanovun dili ilə desək, "Eyvaz həyata həssas gözlə baxan qələm sahiblərindəndir." («Dan ulduzu», 1989, səh. 283). İnsanların gündəlik gözü qabağında baş verən, ancaq çoxlarının «görmədiyi» və «duymadıqları» hadisələr gənc nasirin diqqətindən yayınmır. Cəmiyyətdəki sosial ziddiyyətləri, mənəvi-əxlaqi təzadları görüb, zərgər ustalığı ilə izləyir. Bu anda gənc nasir sadəcə müşahidəçi olaraq qalmır, əksinə, xalq dərdinə, el qayğısına şərik olur, onu narahat edən problemləri ümumiləşdirib məharətlə sənət dilinə çevirməyi bacarır. Bu məziyyəti Eyvaz Əlləzoğlu yaradıcılığının uğurları saymaq olar.
Nasirin «Balıq günü» hekayəsi bu baxımdan daha maraqlıdır və diqqəti xüsusi cəlb edir. Hekayədə bir evdə kirayənişin qalan tələbə gəncin sərrast müşahidələri fonunda cəmiyyətimizin əxlaq normalarına zidd olan mənzərəni təsvir edir.
«E.Əlləzoğlunun hekayələrində oxucunu çəkən nədir?» - sualına istedadlı ədəbiyyatşünas alim Şurəddin Məmmədli olduqca gözəl cavab vermişdir: "Bizcə, ən əsası səmimilik, şirinlik. Bu lakonik, yarpaq əsərlərə obrazlı anlamda ovqat hekayələri desək, elə bilirik, yerinə düşər. Çünki həmin hekayələrin hər birində konkretcə bir yaşantının ovqatı var. Kitabdakı əsərləri oxuduqca doymaq bilmirsən, hadisələri izləməkdən, qəhrəmanın iç dünyasındakı yaşantılara baş vurmaqdan həzz alırsan, xəyal aləmində üzdükcə üzmək istəyirsən. Hekayələrin süjeti, kompozisiyası sadədir və sadə olduğu qədər də oynaqdır, maraqlıdır, cəlbedicidir."
Eyvazın əsərlərində tapıntılar, orijinal bənzətmələr, bədii şirinlik çoz güclüdür və bu, bitkin haldadır. Nəsrin duyumları, bizcə, daha çox ona görə səmimidir, şirindir ki, o görüb-götürüb, duyduğu daxili bir ehtirasla yaşadığı hisslərdən, əhvalatdan yazır. Onun qələmə aldığı hadisələr daha çox Qarayazının Arxaşan yapalaq təpələrində, qədim Muğannıda, Qaratəpədə, Kosalıda, Nəzərlidə, yeddi oymaq Qaraçöpdə, Qavrı çayının sahillərində, Alvan dağının alt yanında, qaçaq Göyçə vurulan yerdə, Məmməd Mirzə dərəsində… baş verir. Bu hekayələrdəki yumru təpələrin yamacları, qoyun sürüləri, çoban itləri, çidarlı atlar, dərəni qılınc kimi kəsib ikiyə bölən sısqa çay, kələ-kötür kənd yolları, yaddaş düyünçəsinin yırtıqlarından süzülən xatirələr… müəllifin özünə nə qədər doğmadırsa, o bu doğmalığı oxucuya da beləcə aşılamağı bacarır və oxucu üçün də doğmalaşdırır.
Müşfiq BORÇALI.
(Bax:
M.Çobanlı. «Ölü yay» (eyniadlı yeni kitab haqqında). «Ziya», 26 noyabr, 1992.;
Müşfiq Mədədoğlu (Çobanlı). «Çağdaş Borçalı ədəbi məktəbi».
Bakı, «Azərbaycan» nəşriyyatı, 1994, səh. 176-178.)
***
P.S.:
Eyvaz Əlləzoğlunun 1993-cü ildə "Yatan dinozavrlar" hekayələr kitabının nəşrindən sonra uzun müddət fasilə yaranır. Bu fasilənin yaranmasına əgər əvvəlcə yazıçın Gürcüstandan koç edərək Bakıda yaşaması və iqtisadi çətinliklər səbəb olmuşdusa, sonrakı illərdə isə onun dövlət qulluğunda - Azərbaycan Respublikası Prezident Aparatında məsul bir vəzifədə çalışması, daha sonra isə Azərbaycanın Gürcüstandakı səfirliyində diplomatik fəaliyyət göstərməsi səbəb olmuşdur.
E.Əlləzoğlu 2010-cu ildə "Odunçu geri qayıdıır" adlı romanı ilə yenidən ədəbi prosesdə görünməyə başlamışdır. Xüsusi olaraq qeyd etməliyik ki, yazıçının bu romanı böyük maraqla qarşılandığı kimi, ədəbi tənqidin də diqqətni cəlb etmiş, haqqında bir neçə məqalə yazılmışdır.
Lakin təəssüflər olsun ki, var gücü ilə ədəbi yaradıcılığını yenidən davam etdirməyə girişən
istedadlı yazıçı Eyvaz Əlləzoğlu 2011-ci il fevralın 26-da qəflətən insult keçirmiş, onun beyninə qan sızmışdır;
Üç uşaq atası olan yazıçı 55 yaşında vəfat etmiş və fevralın 27-də Bakının Hövsan qəsəbəsindəki
Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılmışdır.
ALLAH RƏHMƏT ELƏSİN!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.