tədqiqatçı-tarixçi
Kurqan Cəlilabad rayonunun şərqində, Cəlilabad şəhərindən 5-6 km aralıda, Maşlıq kəndi ərazisində Qurudərə deyilən yerdə yerləşir. Qurudərə Cəlilabad rayonunda ən çökək yer hesab olunur, dərənin suyu yayda quruduqdan əhali oranı Qurudərə adlandırmışdır. Qurudərə kurqanı enolit dövrü (mis-daş dövrü, e.ə. VI-IV minillik) abidəsi sayılır. 1967-ci ildə arxeoloqlar İdeal Nərimanov və Fərman Mahmudov burada arxeoloji qazıntı işləri aparmışlar. Arxeoloji qazıntı işləri zamanı e.ə. IV-III əsrlərə aid Zərdüştün möhürü, boz qurd heykəli, daş bıçaqlar, tunc bilərziklər, mil (mis) üstündə quş, qoç, maral fiqurları, ox ucluqları, boyunbağı, pul sikkəsi və s. tapılmışdır.
Bir neçə il öncə Qurudərə yaşayış məskənindən 2 metr dərinliyində e.ə. IV minilliyə aid edilən saxsı küp tapılmışdır. Küpdən bir neçə tarixi nümunələrlə yanaşı üstündə sikkə olan bir boyunbağı da çıxmışdır.Boyunbağı mil üstündə xoruz, lazurit muncuqlar və Hindistandan gətirilməsi ehtimal olunan kaurilərlə bəzədilmişdir. Sikkənin üst tərəfində hökmdarın, arxa tərəfində isə Qız qalasının (Bakı – İ.Ş.) təsviri, o cümlədən aramey əlifbası ilə yazılar var (Ələsgər Mirzəzadə. Muğan. Maddi mədəniyyət abidələri. B., 2016, səh. 128).
Kurqanda son illərdə əldə edilmiş maddi nümunələr içərisində ən maraqlısı üstündə qurd (canavar), yaxud it təsviri olan şəbəkədir. Tunc dövrünə aid edilən bu şəbəkəni, mil üstündə quş fiqurunu ulu qəbilə və tayfalarımız talisman kimi boyunlarında gəzdiriblər (Ə.Mirzəzadə. Adı qeyd olunan kitab, səh. 62).
Qurudərə kurqanında əldə olunmuş maddi tapıntılar Cəlilabad tarix-diyarşünaslıq muzeyində saxlanılır. Kurqan Azərbaycanın Daş dövrü abidələrinin arxeoloji xəritəsinə daxil edilmişdir.
“SSRİ enoliti” kitabında (Moskva 1982, rus dilində) adı qeyd olunan və haqqında məlumat verilən abidələr sırasında Qurudərə kurqanının da adı vardır.
Daş (enolit) dövrünün abidəsi kimi qeydə alınan Qurudərə kurqanı dövlət tərəfindən mühafizə olunur.
ZiM.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.