Lənkəran rayonunun Havzava kənd
tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi
Respublikamızın cənub-şərq bölgəsinin tarixi abidələrindən biri Zuvand mağaralarıdır.
Daş dövrü abidələrindən sayılan Zuvand mağaraları Lerik rayonunun ərazisində, Lerik-Zuvand yolunun 10-cu kilometrliyində, Zuvand çayının yatağından 50-55 metr yüksəklikdə, Zuvand çayının sol sahilində, Lerik-Zuvand yolunun kənarındadır. Lerik-Zuvand şose yolu mağaranın girəcəyindən keçir. Mağaralar Zuvand çayının sahilində yerləşdiyi üçün arxeoloji ədəbiyyatda Zuvand mağaraları adlandırılmışdır. Mağaraların sayı dörddür. Ümumiyyətlə, bölgədə mağaralara daha çox Zuvand ərazisində rast gəlinir. Zuvand mağaraları haqqında ilk dəfə elmi ədəbiyyatda arxeoloq İshaq Cəfərzadə məlumat vermişdir.AMEA –nın Tarix İnistitutu Arxeologiya və Etnoqrafiya Şöbəsi Paleolit arxeoloji ekspedisiyası Əsədulla Cəfərovun rəhbərliyi altında 1985-ci ilin yayında Zuvand mağaralarında arxeoloji kəşfiyyat işləri aparmışdır.
Birinci mağara digər iki mağaraya nisbətən böyükdür. Mağaranın hündürlüyü giriş hissədə 2 metr, orta hissədə 3-4 metr, yuxarı hissədə 1 metrdir. Mağara orta hissədən genişlənir və yuxarı getdikcə daralır. Mağaranın eni 4-5 metr, uzunluğu 6 metrdir. Mağaranın divarlarında bir neçə oyuq vardır. Digər iki mağara kiçik ölçülüdür və tağvarı formaya malikdir. Zuvand mağarası Büzeyir mağarası kimi işıqlı deyil, mağaranın ağız hissəsi şimal-şərqdədir (Samir Kərimov. Lerik rayonunun arxeoloji abidələri. B., 2006, səh. 17).
Zuvand-2 adlandırılan mağara daha çox diqqəti cəlb etdiyindən burada ilkin kəşfiyyat qazıntısı aparılmışdır. Zuvand-2 mağarasında aparılan ilkin kəşfiyyat qazıntısı ilə bağlı arxeoloji ekspedisiyaya rəhbərlik etmiş Əsədulla Cəfərov yazır: “Mağaranın çöküntülərində 3 təbəqə qeydə alındı. Üçüncü təbəqədən 4 ədəd daş məmulatı (əmək alətləri – İ.Ş.) aşkar olundu. Daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların paleolit dövründə hazırlandıqlarını söyləmək olar” (Quruçay dərəsində. B., 1990. Səh.54). AMEA-nın Arxeologiya və Etnoqrafiya İnistitutunun Paleolit arxeoloji ekspedisiyası tarix elmləri doktoru Əsədulla Cəfərovun rəhbərliyi altında 2007-ci ilin yayında Zuvandçay sahillərində arxeoloji kəşfiyyat işləri apararkən burada Daş dövrünə aid düşərgə qeydə almış və ona “Zuvandçay mağarası” adını vermişdir. Büzeyir mağarası kimi Zuvand mağaraları da Daş dövrünün abidəlsi kimi ölkəmizin ilk insan düşərgələrindən biri hesab olunur.
Qeyd edək ki, Zuvand Lerik rayonunda ərazi, bölgə adıdır. Lerik rayonu Zuvand, Orand, Dırığ (Deriğ) və Piran adlanan dörd hissədən ibarətdir.
Lerik rayonu 1930-1938-ci illərdə Zuvand adlanmışdır. Hazırda Lerik rayonunda Zuvand adı ilə bağlı bölgə, çay, mağaralarvə yasaqlıq, Masallı rayonunda isə Yeni Zuvandlı (Zuvanddan ora köçdükləri üçün kənd belə adlandırılmışdır – İ.Ş.) adında kənd vardır.
Ədəbiyyat:
1.Azərbaycan arxeologiyası (Daş dövrü), I cild, B.,2008
2.Ə.Cəfərov. Quruçay dərəsində. B., 1990
3. S.Kərimov. Lerik rayonunun arxeoloji abidələri. B.,2006
4. Ə.Şəfiyev. Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri. B.2007
5. A.Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. B.,2011
6. İsaq Əmənullayev. Dağlardan güc alan dostluq. B., 1998
7. Vikipediya
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.