Elnarə GÜNƏŞ: "İzin ver, öyrədim özümə səni..."

Elnarə GÜNƏŞ: "İzin ver, öyrədim özümə səni..." Elnarə Ayyət qızı Ağayeva (Günəş) 1990-cı il yanvarın 10-da Ağsu rayonu Kəndoba kəndində ziyalı ailəsində doğulub.
2006-cı ildə “Azərbaycan XXI əsrə İstedadlarla” ensiklopediyasında dərc olunmuş şeirləri ictimaiyyətin nəzərinə çatdırılıb.
2009-cu ildə “Azərbaycan XXI əsrə İstedadlarla” ensiklopediyasında fəal iştirakına görə “Fəxri Fərmanla” təltif olunub.
2006-2008-ci illərdə “Savalan” qəzetində, “Günəş” jurnalında, 2008-2009-cu illərdə “Nəzər Nöqtəsi” qəzetində, “Sərbəst” qəzetində, “Azərbaycan övladı” qəzetində, 2012-2013--cü illərdə “Şirvanın səsi” qəzetində, 2016-ci ildə “Təhsil problemləri” qəzetində, “Ağsu” qəzetində, 2015-2015-cı illərdə “İsmayıllı xəbərləri” qəzetində, 2016-cı ildə “Xəzan” ədəbi jurnalında, 2017-ci ildə “Tovuz” qəzetində və “Təhsil” jurnalında “Ədəbiyyat” qəzetində Şeir və məqalələri, dərc olunub.
Bir sıra kitab və mətbu orqanlarda şer və məqalələri dərc olunub.
2015-ci ildən etibarən şeir və məqalələri, o cümlədən hazırladığı xəbər və müsahibələri Azərbaycan Jurnalistlər birliyinin Sumqayıt Şəhər təşkilatının orqanı olan “Gündəlik İnfo” və “Ədəbiyyat.az” saytlarında, həmçinin “Sumqayıtfakt.az”, “Manera.az”, “Azad yazı” saytlarında dərc olunur. “Şirvan şairləri” və “İsmayıllı inciləri” ədəbi almanaxlarına şeirləri daxil edilib.
2013-cü ildə “Anam təbiətin şah əsəridir” adlı bir kitabı çapdan çıxıb.
2016-cı ildə “Ağsu Ədəbi mühiti” kitabında şeirləri yer almışdır.
“İtkin şəhər” adlı ikinci kitabı çapa yığılır.
Azərbaycan Jurnalistlər Birliyinin, “Dağ çiçəkləri” ədəbi dərnəyi, İsmayıllı Yazarları, Ağsu Yazarları ictimai birliyi və “İti qələm” respublika ədəbi birliyinin üzvüdür.
Ailəlidir iki övladı var. İsmayıllı rayon Mücühəftəran kənd məktəbinin müəllimidir.
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun təşkil etdiyi “Vətənin pərvəri ol” layihəsinin və bir neçə fərdi jurnalist yazısı layihələrinin qalibi olub.

Biz də Elnarə xanıma uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az




Ya Rəsul Allah!

Çalışıb gedərəm seçdiyin yolu,
Ürəyim eşqinlə doludur, dolu.
Səni heç danarmı Tanrının Qulu?
Ya Rəsul Allah! Ya Rəsul Allah!

Sənin məhəbbətin dərin kök atmış,
O, nurlu kökləri cənnətə çatmış.
Kim sənə baş əyib, başını ucaltmış,
Ya Rəsul Allah! Ya Rəsul Allah!

Allahın salamı olsun yoluna,
Salavat göndərdim gül-camalına.
Tamahı sevməzsən dünya malına,
Ya Rəsul Allah! Ya Rəsul Allah!

Əli, ilk Hüccətin, hafizin oldu,
İslam dünyasına varisin oldu.
Hər kəlmən Quranın hədisi oldu,
Ya Rəsul Allah! Ya Rəsul Allah!

Ay Allah!

Qara kölgəsini cismimə salıb,
Yaman naxoşlayıb ruhum Ay Allah!
Adam düşündükcə belə, mat qalır,
Ərşə çəkilibdir yuxum Ay Allah!

Bu hansı ruzigardır əsib ruhuma,
Şeytan fitnə-fəsad kəsib ruhuma,
Elə bil əli ilə əzib ruhuma,
Səpib istiotdan toxum Ay Allah!

Bilirəm bu cığır zülmətə gedir,
Məşəqqətə, ağır zillətə gedir.
Şairlər öləndə cənnətə gedir,
Mən niyə kənardan baxım, Ay Allah!

Nə olar sən məni öz yoluna çək,
Yoxsa qalacağam tamam tənha, tək.
Cismim yaşayacaq, ruhum öləcək,
Budur ən dəhşətli qorxum, Ay Allah!

Demə buzdur ürəyin

Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş kimiyəm.

Dayanıb susmağım ilə sənə çox söz demişəm,
Hər sözü söyləmişəm, cümləsi bitmiş kimiyəm.

Baxma ki, sorğuya bənzər qurulubdur baxışım,
Nə qədər var xəyalım, hamısına yetmiş kimiyəm.

Əzizim, sən günü-gündən kiçilirsən, nədi bu?
Mən sənin həndəvərindən belə getmiş kimiyəm.

Tanrıya şükr edirəm xəlq edib sevdalı məni,
Gülüşüm sanki dəniz, həsrəti itmiş kimiyəm.

Bülbüllər fəryad edər şövqü ilə qönçə gülün,
Mən sənin vəslin üçün bir ömür ötmüş kimiyəm.

Nə sənin dünyanda...

Nə sənin dünyanda mənə yer oldu,
Nə də bu dünyada tapdım yerimi.
Bizə gəlib çatan ümidlər oldu,
Getdinsə, gəl apar ümidlərini.
Sən qışda alışan Günəşə taysan,
İsitmir şəfəqin çölü-çəməni.
İndi mənim üçün uçmuş saraysan,
Mən çoxdan silmişəm qəlbimdən səni..

Yaz aylarında

Torpaq nəfəs alır, küləklər gülür,
Yarpaq pıçıldayır, çiçəklər gülür.
Damarda qan coşur, ürəklər gülür
Doğur səmimiyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında.

Məlhəmdir yağışı günəşi, mehi
Dağda bar dumanın dan yeri şehi.
İnsan yaşadıqca duyur fərəhi.
Çəkilməz əziyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında

Ağsu torpağı

Loğman çiçəkləri dağ yamacında,
Oylağıdır Kəkliyin, Turacın da.
Bura səfər edək ilin yazında,
Alaq bülbüllərdən bahar sorağı,
Cənnət məkanıdır Ağsu torpağı.

Girdiman hövzəsi lalə qatarı,
Hər yanı al əlvan çiçək hasarı.
Cavanşir gölünə salaq güzarı,
Seyr edək rayonu üzü aşağı,
Cənnət məkanıdır Ağsu torpağı.

Pıçıldayır Ağsu çayı mehriban,
Vadisindən səhər boylanır duman.
Seyrəngahı buludlara ucalan.
Dolayları istirahət ocağı,
Cənnət məkanıdır Ağsu torpağı.


Çağdaş dövr Azərbaycan Ədəbiyyatının sütunu -
Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeirinə ithaf.

İzin ver, öyrədim özümə səni


Sən qəlbinin qapısını bağlama,
İzin ver öyrədim özümə səni.
Sonrasını burax mənim ağlıma,
Öyrədəcəm dərdə, dözümə səni.
İzin ver, öyrədim özümə səni.

Sənin dərdlərinin ayaqları var,
Mənim də yaramın qaysaqları var.
Ayıra bilməzlər, nə haqları var?
Tutmamış oduma, közümə səni,
İzin ver, öyrədim özümə səni.


Şair Namiq Dəlidağlının “Heç nəyi qalmadı getdi!” misrasına istinadən...

Getdi


Geri dön deməzlər özü gedənə,
O mənim həmdəmim olmadı getdi.
Gələndə bir dünya vermişdi mənə,
Apardı, heç nəyi qalmadı, getdi.

Düşünməzdim illər onu soyudar,
Özgə laylasına rahat uyudar.
Dedim məni yada salıb qayıdar,
O isə yadına salmadı, getdi.

Yaman incimişəm lal baxışından,
Mürgülü, yuxulu, kal baxışından.
Ögey, aciz, soyuqhal baxışından,
İncimiş könlümü almadı, getdi.

Sənin xətrinə

Bir sevginin tarixini yazaram,
Bir arzunun məzarını qazaram
Lazım gəlsə ömür boyu susaram
Tək sənin xətrinə, sənin xətrinə

Biganəlik ürəyimi ağrıdır,
Şirin sözün hisslərimə oğrudur.
Hər nə desən deyəcəyəm doğrudur
Tək sənin xətrinə sənin xətrinə.

Zəmanənin ələyindən keçərəm,
Oyunundan, kələyindən keçərəm.
Hər gün, hər an ürəyindən keçərəm,
Tək sənin xətrinə, sənin xətrinə.

Dörd yanında mən olanda görmədin,
Nə qəmgin, nə şən olanda görmədin.
Mən də səni dəyişdikcə gözlədim.
Tək sənin xətrinə, sənin xətrinə.

Sənin

Sən mənim gözümün içinə baxma,
Gözlərim yandırar gözünü sənin.
Lal su tək o, yana, bu yana axma,
Bu gediş azdırar özünü sənin

Baxışlar baxışdan sevgi doğurar,
Fürsət bilib şeytan səni çağırar.
Yandırıb külünü göyə sovurar,
Tapmazlar bir qətrə közünü sənin.

Gərəyim deyildir indi bu qayğı,
Şübhəli təzimlər, israrlı sayğı.
Yenicə köksündə böyüyən duyğu,
Mənə çatdırmasın ərzini sənin.


Vətən daşı

Vətən daşı - cəsarətim, güvən yerim,
Vətən! Mənim Qarabağdır dərdim, sərim
Xocalıda, Kəlbəcərdə gördüklərim,
Bilirəm ki tək erməni işi deyil,
Köhnə Cəllad bu mövzuda naşı deyil.

Qara donlu ittifaqlar yaradıldı.
Qabar tutmuş yara üstə yara doldu.
Pul gördülər Millət. torpaq unuduldu,
O, adamlar vətənimin daşı deyil.
Türk oğlunun bir soydan qardaşı deyil.


Çəkər

Çalış öz yurdunda yarat yuvanı,
Gəzsən də yad eli, özgə obanı.
Yenə əvəz etməz Azərbaycanı,
Ruhum Təbriz həsrətini hey çəkər,
El dərdini kaman ağlar, ney çəkər.

Bir gün torpağıma çökdü çən, duman,
O, gündən çəkişir bizimlə zaman.
Bilmirdik ki, evimizdə yaşayan,
Sırtımızdan ox tuşlayıb, yay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.

Qarabağ dərdini tüm cahan ağlar,
Gecə zülmət ağlar, səhər dan ağlar.
Yurd dağılıb, bulaqlarım qan ağlar,
Qan da olsa su aparar, çay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.


Qalar

Xislətimiz olub bizim əzəldən,
Muğayətdir dil qulaqdan, göz əldən.
Qeyrət umar, namus umar gözəldən
Mərd doğulan mərd yaşayar, mərd qalar.

Ta əskidən bu eldə, bu obada,
Adət olub ulu dədə babada.
Söz danışıb, şərt kəsibsə bir vədə,
Kişi kəsən şərt əbədi şərt qalar.

Millət var ki, özgələrdən pay umar,
Millət də var Tanrıdan haqq-say umar.
Bir obanı taladılar, soydular,
El köçsə də yaşadığı yurd qalar.

Çərxi-fələk dövr etsədə tərsinə,
Anlatmaz ki, düzü nədir, tərsi nə.
Dönüb sərt qaydalar həyat tərzinə,
Bu qanunlar sərt yazılıb, sərt qalar.


Millətimi Allah özü qorusun!

Haqsızları Haqq əli ilə vurulsun,
Ədalətin tərəzisi qurulsun
Vətənimə silah çəkən yağılar,
Silah tutan qollarınız qurusun.

Mərdlər üçün çox qurulub planlar,
Məşəqqətlər, fitnə-fəsad yalanlar.
Düz ilqarı, düz məsləyi olanlar,
Mümkün deyil peşəsindən yorulsun.

Lazım gəlsə oğul kimi, ər kimi,
Mən də döyüşəcəm bir əsgər kimi,
Görüm bizim məsum şəhidlər kimi,
Düşmənimin bütün xalqı qırılsın.

Tarix boyu sinə gəldik dərdlərə,
Erməni tək çaqqallara, itlərə.
Gücümüz bəllidir çox millətlərə
Millətimi Allah özü qorusun!


Altında

Qan qoxulu işlər ləngimədikcə,
Acizik, ”bəlkə” nin, ”kaş”ın altında
Cəbhədə döyüşlər səngimədikcə
“Yasdıq daşa dönür” başın altında.

Oyaqkən yatanlar asan oyanmaz,
Var olanın dəyərini duyanmaz.
Qaş yerində qərar tutub dayanmaz,
Göz rahat durmasa qaşın altında.

Xalqımızı soy –kökündən qırdılar,
Böhtan atıb üzümüzə durdular.
“Başımıza kül töküb, daş vurdular”
Baş da ucalarmı daşın altında?


Ata

Sən dünyanı dəyişəndən ay ata,
Qızın tərkicahan, nagüman gəzir.
Yuxu kimi yaşayıram həyatda.
Xəyallar başımda bir ümman gəzir.

İtirmişəm, taqətimi, gücümü
Yaşamaq üçün kimdən alım dözümü?
Bircə dəfə görmək üçün üzünü,
Gözlərim axtarır min ünvan gəzir.


Qadın şəfqəti

Şimal okeanın əridə bilər
Topal arzuları yeridə bilər,
Dünya savaşını kiridə bilər
Bir qadın zəkası, qadın hikməti,
Dünyaya bəzəkdir qadın şəfqəti.


Bayraq

Bayraq fərəh yerim, istinadgahım,
Bayraq ən zərərsiz sivil silahım.
Onunla mövcuddur nurlu sabahım,
Üç rəngi üç məna yükü daşıyır,
Nə qədər Bayraq var, Vətən yaşayır.

Yaşıl müsəlmanın ən şux rəngidir.
Mavi Türklüyümün həmahəngidir.
Qırmızı müasir Yallı. Cəngidir,
Ay və ulduz saf səmaya oxşayır
Nə qədər Bayraq var Vətən yaşayır.

O bəşərin ən müqəddəs bayrağı,
Gerbimiz də möhkəm arxa dayağı.
Hər kim olsa torpağımın qonağı,
Mənlə birgə Bayrağıma baş əyir,
Nə qədər Bayraq var Vətən yaşayır.

Dilə düşürdü

Sən elə bir gündə çıxdın qarşıma,
Mənim toy qatarım yola düşürdü.
Gəlinlik duvağın görüb başımda,
Gözlərin min haldan-hala düşürdü.

Gəldim görməzlikdən müthiş halını
İlk dəfə seyr etdim məh-cəmalını,
Sanki oxuyurdum hər xəyalını.
Elə bil gözündən gilə düşürdü.

Diqqətlə baxırdı adamlar mənə,
Guya dəyişmişdim mən neçə günə.
Bəzən uymayanda el adətinə,
Hər sözüm dillərdən-dilə düşürdü.

Famil Məmmədli

Qartal tək şığıdı əngin səmaya.
Salamlar yetirdi günəşə, aya.
Vətən bayrağını çəkdi fəzaya,
Göstərirdi əzm Famil Məmmədli
Fəxrimizdi bizim Famil Məmmədli.

Şəhid olub xilas etdi bir kəndi.
Əsil oğul el qeyrəti çəkəndi.
Qəlbindəki Haqq eşqinə güvəndi
Haqqa etdi təzim Famil Məmmədli
Fəxrimizdir bizim Famil Məmmədli.

Xalqımız hər zaman yad edir onu,
Yeni başlanğıcdır ömrünün sonu
Tarixə yazdırdı həyat yolunu,
Bir mayakdır izin Famil Məmmədli
Fəxrimizdir bizim Famil Məmmədli.


Günəş

Səmada izini gəzirəm sənin,
Yuxuda üzünü gəzirəm sənin.
Özümdə-özünü gəzirəm sənin
Sən getdin əbədi yaşamaq üçün,
Mən gəldim adını daşımaq üçün.

Bir gün Günəş adı qismətim oldu
Cəmalın gözümün həsrəti oldu.
Ruhunla nə qədər söhbətim oldu,
Gəlmədim yaranı qaşımaq üçün,
Mən gəldim adını daşımaq üçün.

Kökü üstə yarpaqlayan budağam,
Hər fitnədən, hər fəsaddan uzağam.
Nə qədər ki nəfəsim var mən sağam,
Öz təmiz soyuma oxşamaq üçün,
Mən gəldim adını daşımaq üçün.


Mən gedərəm

Mən gedərəm, sənin mənə inamın yox,
Mən gedərəm, gözləməyə zamanım yox.
Mən gedərəm, qayıtmağa gümanım yox
Mən gedirəm daha məni gözləmə!

Mən gedərəm, yollarımda qalar gözün,
Mən gedərəm göz yaşıyla dolar gözün.
Mən gedərəm, sənə düşmən olar gözün,
Mən gedirəm daha məni gözləmə!

Başqa bir aləm tək gəldim ömrünə
Gedəndə başqa bir aləm gedərəm.
Mən gedərəm, çox da etmə qəm gedərəm
Mən gedirəm daha məni gözləmə!


Anam təbiətin şah əsridir

Misilsiz yaranmış həyatda ana,
Ömrünü həsr edir övladlarına,
Hamı nəğmə qoşur, onun adına,
Dilimizin şövqü, laləzarıdır,
Anam təbiətin şah əsəridir.

Bu adı daşımaq çox çətin olur,
Ana məğrur olur, mərd mətin olur.
Dünyanı qoruyan hikmətin olur.
Yer üzünün zinətidir, zəridir,
Anam təbiətin şah əsəridir.

Evimizin dirəyidir analar,
Hamımızın gərəyidir analar.
Təbiətin ürəyidir analar,
Təbiət Allahın şah əsridir,
Anam təbiətin şah əsəridir.

Baş əyirəm ana sənin qarşında,
Saflığına təzim edir altun da,
Əsil ananın ayaqları altında,
Cənnət məkanıdır, cənnət yeridir,
Anam təbiətin şah əsəridir.

Bilməz

Bir baxın şairi Ulu yaradan,
Bəxş edib həyata əvəzedilməz.
Min alim doğular şersiz qandan,
Lakin bircə şair doğula bilməz.

Söz aşiqi vurğunudur dünyanın,
Onun məhəbbəti ölçüyə gəlməz.
Qələm kimi dostu olan insanın,
Qəm-kədər qəlbinə yığıla bilməz.

Hər kəs ki, işinə baxacaq dayaz,
Dolacaq qəlbinə çovğunlu ayaz.
Bacarırsan doğru danış, doğru yaz,
Həqiqət heç zaman boğula bilməz.

İnsan olmadıqca işinə bələd,
İstəməz bərqərar olsun ədalət.
Pis xətlə işlənmiş, oğurluq sənəd,
Qəti doğru-dürüst oxuna bilməz.

Çəkər

Çalış öz yurdunda yarat yuvanı,
Gəzsən də yad eli, özgə obanı.
Yenə əvəz etməz Azərbaycanı,
Könlüm Təbriz həsrətini hey çəkər,
El dərdini kaman ağlar, ney çəkər.

Bir gün torpağıma çökdü çən, duman,
O, gündən çəkişir bizimlə zaman.
Bilmirdik ki, evimizdə yaşayan,
Sırtımızdan ox tuşlayıb, yay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.

Qarabağ dərdini tüm cahan ağlar,
Gecə zülmət ağlar, səhər dan ağlar.
Yurd dağılıb, bulaqlarım qan ağlar,
Qan da olsa su aparar, çay çəkər,
El dərdini kaman ağlar, ney çəkər.

Payız sevdası

Bir payız ayında sevmişdim səni,
Ayrılıq anında, hicran dəmində.
Saatlarla anıb bir dəqiqəni,
Hey ölçüb-biçirdim, öz aləmimdə.

Səni danmağımdan hələ küsdün də,
O payız eşqiydi, adı üstündə.
Məndən zəiflər də, məndən üstün də,
Səni vəsf etmişdi söz qələmində.

Bir tək mənim cəsarətim lal idi,
Dünyam başqa, halım başqa hal idi.
Məhəbbət məhsulum onda kal idi,
Zamanla yetişdi könül zəmimdə.

Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Dağ çiçəkləri” ədəbi dərməyi, İsmayıllı yazarları,
Ağsu yazarları ictimai ədəbi birlikləri və
“İti qələm” Respublika ədəbi birliyinin üzvü.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: