Mişarçay abidələri haqqında Azərbaycan Sovet Ensiklopediyasında oxuyuruq: “Enolit və Erkən Tunc dövrlərinə (e.ə. IV-III minilliklər) aid yaşayış yerləri. 6 yaşayış yerindən (Mişarçay I-VI) ibarətdir.Mişarçay II, IV, VI Enolitə (e.ə. IV minillik) aiddir. Sahəsi 1 hektara yaxındır; mədəni təbəqənin qalınlığı 3 metrə çatır. Tərkibinə saman qatılaraq əllə hazırlanmış və səthi anqob çəkilmiş gil qablarla səciyyələnən bu abidələr Əliköməktəpəsi və Muğanın digər həmdövr abidələri ilə Zaqafqaziya (Cənubi Qafqaz – İ.Ş.) Enolitinin inkişaf etmiş variantını təşkil edir. Çoxtəbəqəli Mişarçay I və III-də (sahəsi 2 hektara yaxın) yaşayış Erkən Tunc dövründə (e.ə. III minillikdə) və orta əsrlərdə mövcud olmuşdur. Mişarçay I-in Kür-Araz mədəniyyətinə (e.ə. IV minilliyin sonu – III minillik; – İ.Ş.) aid alt təbəqəsindən (qalınlığı 4,5 m; e.ə. III minilliyin I yarısı) kərpic divar hissəsi, ocaq qalığı, gildən sapand mərmiləri, qırmızı və qara rəngli zərif cilalı qulplu qablar, əkinçiliyə aid materiallar (yığma oraq dişləri, dən daşları, arpa qalığı və s.) aşkar olunmuşdur. Həmin təbəqədən tunc əşyalar da tapılmışdır. Mişarçay I-dən (e.ə. III-II minilliklər) əsasən, qara rəngli cilalı qablar aşkar edilmişdir. Keramikada Trialeti gil qabları ilə oxşar cəhətlər var” (VII cild. B., 1983, səh.13).
Mişarçay abidələrində yaşayış üçün primitiv şəkildə tikilmiş mədəni divar qalıqları aşkar edilmişdir. Divarlar möhrə və çiy kərpiclərdən hörülmüşdür.
Yeddi cildlik Azərbaycan tarixinin I cildində Mişarçay İlk Tunc dövrünə aid yaşayış yeri kimi qeyd olunmuşdur. Mişarçay abidələri keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın Enolit və Erkən Tunc dövrü abidələrinin xəritəsinə daxil edilmişdir. Mişarçay I-III yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən 31 invertar sayı ilə Enolit və İlk Dəmir dövrünə aid Dünya əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi
tədqiqatçı-tarixçi
ƏDƏBİYYAT:
1. ASE, VII cild. B., 1983
2. Azərbaycan tarixi (İqrar Əliyevin redaktəsi ilə). B., 1993
3. Azərbaycan tarixi, I cild. B., 1994
4. Azərbaycan tarixi (7 cilddə), I cild. B., 2007
5. SSRİ enoliti (rus dilində). M., 1982
6. Vəli Əliyev. Azərbaycanın orta tunc dövrü mədəniyyəti. B., 1991
7. Əfqan Şəfiyev. Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri. B.,2007
8. Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014
9. Ələsgər Mirzəzadə. Muğan. Maddi mədəniyyət abidələri. B., 2016
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.