Biz bu yazımızda ZiM.Az-ın dəyərli oxucularına Lerik rayonunun ərazisində yerləşməklə geniş bir ərazini əhatə Zuvand haqqında məlumat vermək istəyirik.
Tarix elmləri doktoru Firudin Əsədovun fikrincə Zuvand toponimi Zoə-züə kökündən və vand-vənd şəkilçisindən yaranmış, talış dilində Zvonaband-Oğlanların məskən saldığı dağdır. Zoə-oğlan, vənd-vand yer-məkan kimi təhrif edilmişdir.
Zuvant-Zuvat yəni atlı oğlanlardır.
Mənası oğlanların (kişilərin) toplaşdığı yer, yurd, məkandır.
Tarixçi-arxeoloq İsa Əzimbəyova görə bir əfsanədən məlum olur ki, “Orand ilə Zuvand Çini-Məçindən (Mancuriyadan) gəlmiş tayfaların başçılarının adlarıdır… qardaşdırlar” bu mahalları idarə ediblər.
Haqlarında belə bir şeir də yaranmışdır:
Orand-Zuvand gəlib Çini-Məçindən,
Düşmənlərin qırıblar acından.
Tədqiqtçı-tarixçi Musarza Mirzəyevin qənaətinə görə isə Zuvand Talış dağlarında yaşayan tayfalardan biridir.
O, Zuvand sözünü “Zoən” (züən), yəni oğlanlar, igidlər yeri şəklində mənalandırır. Qeyd edim ki, talış dilində Zuvand Züən adlandırılır.
Tarixə nəzər saldıqda Zuvand mahalı, Zuvand nahiyyəsi, “Zuvand kolxozçusu” qəzeti, Zuvand yasaqlığı, Zuvand çay, Zuvand rayonu (1930-1937-ci illərdə mövcud olmuşdur. 1937-ci ildən Lerik rayonu adlanır), Zuvand mağaraları, Yeni Zuvandlı kəndi (Masallı rayonu) anlayışları ilə yanaşı, eyni zamanda “Zuvand faciəsi” anlayışına da rast gəlirik.
“Zuvand faciəsi” Azərbaycan tarixinin qara səhifələrindən birini təşkil edir.
“Zuvand faciəsi” dedikdə zuvandlıların deportasiya (köçürülməsi) edilməsi başa düşülür.Zuvand kəndlərinin İran sərhədi boyunca yerləşməsi və Zuvand əhalisinin Ərdəbil vilayəti (ostanı) ilə sıx əlaqə saxlaması və yaxın qonşu kimi get-gəlləri onların sovet rəhbərliyi tərəfindən deportasiya edilməsinə səbəb olmuşdur.
Beləliklə, 1951-1952-ci illərdə Lerik rayonunun Zuvand bölgəsində yaşayan 22 min nəfər əhali zorla öz doğma yurd-yuvasından Muğana, xüsusilə Puşkin (indiki Biləsuvar) rayonuna köçürülmüşdür. Əhalisi köçürülmüş kəndlərə Kəlvəz, Kələxan, Göydərə, Qosmalyan, Hüseynabad, Qışlaq, Tatoni, Digah, Mistan, Həzovi, Coni, Divağaş, Kaqoy, Yuxarı Gədik, Aşağı Gədik və digərlərini göstərmək olar. Nəticədə Lerik rayonunun 53 kəndi xəritədən silinmişdir. Dağ şəraitində yaşamış əhali isti Muğan çölündəki şəraitə uyuşmadığı üçün kütləvi şəkildə qızdırmadan tələf olmuşdur. Zuvand əhalisinin köçürülməsi Böyük Vətən müharibəsindəki qələbədən 7 il sonar baş vermişdir. Əhalinin köçürülməsi xəbəri Böyük Vətən müharibəsinin başlanması xəbərindən daha dəhşətli olmuşdur. Sonralar köçürülən əhalinin bir qismi doğma yurdlarına qayıdaraq burada yenidən yaşayışı bərpa etmişlər. Əhalinin köçürülməsi insanlara təkcə mənəvi-psixoloji yox, eyni zamanda rayonun demoqrafik vəziyyətinə, onun iqtisadiyyatına da ciddi zərbə vurmuşdur.
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.