QOY AĞZINDA DİLƏ DÖNÜM...

QOY AĞZINDA DİLƏ DÖNÜM... İlləri sınağa çəkən nəğmələrimiz var... İlk dəfə dinlədiyimdə 16 -17 yaşım vardı bu nəğməni, şagird idim. Ağ-qara ekranlı televizorumuzun önündən çəkilmək, ayrılmaq istəmədim, mahnı bitincə. Ovsunlanmış kimiydim. Rəhilə xanım Bəndəliyevanın ifasında səslənən bu gözəl nəğmə büsbütün ruhuma hopmuşdu. Musiqisi ilə birgə yaranmışdı sözləri, sanki. Sazla müşayət olunan ifa mirvari kimi qulaqlara süzülür, dinləyəni qanadına alıb göylərə uçururdu:

Kədəri qov dodağından,
Dodağında gülə dönüm,
Ağlayanda elə ağla,
Gözlərində selə dönüm.
Elə bil, Baharı səsləyirdi şair...


Gəlişilə yeri-göyü isidib dağ çaylarını, sel-suları vəcdə gətirən bir sevgi bürümüşdü qəlbimi. Köksünə sığmayan duyğularıyla sevəninin gözlərində selə dönmək, bütün varlığı ilə sevilmək istəyən ürək çırpınırdı misralarda! Sevib, sevilmək necə gözəlmiş!.. Nəğmə isə susmurdu:

Dən saçıma qəmdən düşüb,
Kim nə bilir nədən düşüb...
Söz ki, gəlib məndən düşüb
Qoy ağzında dilə dönüm.


Allahım!.. Bu nə şirinlikdir belə, məhrəmlikdir dinlədikcə bürüyən, duyğularımızı?! Sevdiyi tərəfindən gecə-gündüz əzizlənmək, hər an yaddaşında olmaq, sözünə, nəfəsinə hoppmaq istəyi deyildimi, bu?! Bundan gözəl necə söyləmək olardı ki, bu arzunu... Müəllif isə beləcə bitmirdi, pərvanə kimi şamına, alovuna daha da yaxın düşürdü:

Mən Eldara etmə zülüm,
Təqsirimi qandır, gülüm.
Yandırırsan yandır, gülüm,
Elə yandır külə dönüm! –


Bu eşq ilə yanıb külə dönmək idi Şairin son arzusu...
Mahnı bitdikdə bir daha, bir daha dinləmək istədim. Sonralar bu nəğməyə tez-tez qulaq asdım və sözlərinin Eldar İsmayıla məxsus olduğunu öyrənəndən sonra şairin kitablarını əldə etmək, oxumaq üçün vaxtımın çoxunu keçirdiyim rayon kitabxanalarına üz tutdum. Beləcə başladı mənim adını özündən öncə sevdiyim, əlimə keçən kitabarını, seirlərini navala kimi “gözümə təpdiyim” Eldar İsmayılla ruhi doğmalığım...
Qalın-qalın, cild-cild kitabların arasında ömrüm də nağıl kimi ötüşdü. Tələbəlik illərindən sonra rayon jurnalistlərimiz mənə ixtisasım üzrə işləməyə imkan vermədilər... Xeyli müddət idi ki, çalışdığım Quba yerli radio verilişləri redaksiyasında diktor kimi fəaliyyətimə fasilə vermişdim.

Qubada Qırmızı Qəsəbədə fəaliyyət göstərən Beynəlxalq “Birlik-Edinstvo” qəzetinin baş redaktoru Nəcəfqulu Nəcəfov tərəfindən redaksiyaya işə dəvət olundum. Rayon və respublikanın mətbu orqanlarında müxtəlif səpkili yazılarla çıxış etməyə başladım. Amma, seir yanğısı, poeziyaya böyük sevgi hər zaman mənimlə olub, məktəb illərindən taa, bu yana qoruyub saxlaya bildiyim ən dəyərli sərvətimdir. Təbii ki, illərimin şairi Eldar İsmayıla olan dərin sevgim də bu sərvətin ən dəyərli ləli, incisidir!
Virtual aləmin ən gözəl dəyərlərindən biri də bu oldu ki, həvəskarları, eyni əqidə uğrunda çalışan məsləkdaşları bir yerə cəm elədi, insanlar maraqları daxilində bir-birlərilə məsafədən, məkandan asılı olmayaraq əlaqə qura bildilər. Seir oxumaq arzusu, sevdiyim sənət adamlarının yazılarını izləmək marağı idi mənim də virtual aləmdə qeydiyyatımın səbəbi. Tanınmış, çox oxunan sənət adamlarımıza dostluq göndərməyə cürət də etmirdim. Hərdən ürəklənib rəy yazır, fikir bildirməyə çalışırdım. Bir qədər ötəndən sonra “cizma-qaralarımı” paylaşmağa başladım. Eldar müəllimin adını dostluq siyahısında görəndə isə ayaqlarım sevincimdən yer tutmadı... Bu mənim üçün göydəndüşmə, əlçatmaz kimiydi. Beləcə başladı, bizim bu gün bütün Türk dünyasının tanıyıb sevə-sevə oxuduğu, Türkçülük ideyalarının bütün dünyada ləyaqətli təmsilçisi, erməni təcavüzkarlarının iç üçünü kəsərli, cürətli yazıları, nəsr və məqalələri ilə ifşa edən BöyükTürk – Eldar İsmayılla yaxınlığımız, sənət dostluğumuz.

Bu gün də xatırlayıram... Hər dəfə mənə diqqətini görəndə çox sevinirdim səhifəmdə. Eldar müəllim ilk dəfə mənə, inboxa seirlə müraciət eləmişdi. Və mən də cürət edib Ona elə anındaca seirlə, misra ilə cavab verdim. Davamlı oldu bu yazışma. O məni vəsf elədikcə utanır, çəkinir, amma cavabdan yayına bilmirdim.
Eldar müəllim öz Böyüklüyündə səbrlə dayanmışdı, sənətkar kimi, münsif kimi qonmuşdu “sinəmin üstünə”... Məni özümə qapalılığımdan, kiçik pəncərəmdən ərklə, inamla çəkib çıxardı... “Sevinc xanım, sizin həmən misra ilə söz demək bacarığınız var. Poetik duyumunuz, duyğuları bədiiləşdirmək gücünüz yetərincədir. Ədəbi fikirləriniz təzədir, yazın davamlı, üzərinizdə müntəzəm işləyin”, söylədi. Bir müddətdən sonra isə cızma-qaralarımı istədi, sözünün üstündə təkidlə durdu. Məni seirləri ilə əfsanəvi sevgisinə, tarixi faktlara söykənən, aktuallığı ilə hər zaman dəbdə olan nəşr əsərlərinə heyran edən Şairim, bu gün “Sükutun səsi” adlı ilk seirlər kitabımın redaktoru və ön söz müəllifidir.

Mənim bu kiçik yazı ilə çözələmək istədiyim - çağdaş Azərbaycan və Türk Ədəbiyyatında önəmli yer tutan, dəsti xətti ilə yüzlərin, minlərin imzalarından seçilən, bu gün artıq qırx beşdən artıq bədii və nəsr əsərlərinin müəllifi, bir çox yerli və beynəlxalq mükafatların ünvanı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin nəşri olan “Təbib” qəzetinin Baş redaktoru Eldar İsmayılın nəinki, yaradıcılığı, bənzərsizliyi haqqında bir-iki kəlmə söz demək cürəti, həm də onun bu gün getdikcə cılızlaşan mənəviyyatımızın “cilalayıcısı”, insanlığın, ədalətin, haqqın və ləyaqətin canlı Simvolu kimi vurğulamaq istəyimdir! Mən Eldar müəlimlə ilk görüşümdən bu günədək öyrənirəm. Asta-asta, usta-usta elədiyi söhbətlərindən, söz, sənət haqqında, yaradıcı insanlar, cəmiyyətimizi, güzəranımızı bayağılaşdıran ünsürlər haqqında öz ölçü-biçisi var... Eldar Müəllimin gözü ilə dünyaya baxış Böyük Turan yoluna, Türkçülüyə, Vətən Torpağına sayqıdır, sadiqlikdir! Böyük həvəslə, sevgi ilə vaxt ayrır hər zaman gərgin işindən qonaqları üçün. Dəyərli məsləhətləri, tövsiyələri ilə ona müraciət edənlərin qəlbinə siyarət etməyi məharətlə bacarır. Hər dəfə onunla çalışdığı redaksiyada görüşüb ayrılanda yanında nəyi isə unutduğumu düşünürəm...

Eldar İsmayıldan ayrılmaq mənim üçün Vətənimdən, Qarabağdan, ulu Göyçədən ayrılmaq qədər çətin olur.
Sözlərini, məsləhət və tövsiyələrini dodağımda daşıyıram...


Siz necə söyləmişdiniz, əziz Şair: "Qoy ağzında dilə dönüm!.."

Sevinc MƏMMƏDOVA,
şair-publisist,
Zim.Az-ın xüsusi müxbiri,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: