Əsl ziyalı, alim, şəxsiyyət

Əsl ziyalı, alim, şəxsiyyət Dərk edib, dəyər verdiyimiz kimi...

Həyatda yaxşılar olmasa dünya məhvərindən qopar. Dünyanın ağırlığı yaxşı adamların çiyinlərinə düşür. Demək onda yaşamağa ümid varsa gözəldir... Əks halda həyat mənasızdır...

Günəş üfüqdən boylananda dünyanı nura qərq edir, ilıq nəfəsiylə torpağı isidir, cansızlara həyat bəxş edir. Və öz şüalarını hamıya bərabər paylayır, əvəzində heç kəsdən heç nə ummur. Gecələr yuxuya gedib, səhər yenə dan yerində bərq vurur.
Qızılı saçlarını çiyinlərinə səpən əsrarəngiz təbiət gözəli təki ətrafa baxıb gülümsəyir.
Sanki... bizə bu hikmətin mənasını çatdırır.

Deyildiyi kimi... Həyatın enişində - yoxuşunda büdrəyənlər yaxşılarla üzləşəndə həmin kəslər onları yıxılmağa qoymayıblar.
Oxuculara təqdim edəcəyimiz portret məqaləmiz məhz belə insanlardan birinə Elmira Pənahovaya həsr olunubdur. Onun ömür yolunun bəzi məqamlarını diqqətinizə yönəltmək istəyirdik.


Elmira Sədi qızı Pənahova - bu gözəl dünyaya ilin qış fəslində - 15 yanvarda - indi yağıya yaylaq, bizə göz dağı, qəlb ağrısı olan Qərbi Azərbaycanın Kolinino rayonunda əsilli -nəcabətli bir ailədə göz açıb. Təhsilini dünyanın düz vədəsində kənd orta məktəbində əla qiymətlərlə başa vurduqdan sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub. 1976-cı ildə qırmızı diplomla bitirib. Ali təhsil illərində institutun ictimai həyatında yüksək fəallıq göstərib. İlk əmək fəaliyyətinə M.Nağıyev adına Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının reonimasiya və terapiya şöbəsində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun uşaq cərrahiyyəsi kafedrasında baş laborant işləyib. 1984-cü ildə Moskvada tibb elmləri namizədi, 2005-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsini alıb, 2010-cu ildə kafedranın professoru seçilib. Daha sonra Universitet Əməkdaşları və Tələbə Həmkarlar Təşkilatının sədri, pediatriya fakültəsinin dekan müavini, 1989-1993-cü illərdə isə fakültənin dekanı vəzifəsində çalışıb. İxtisasca uşaq cərrahıdır. Sıx məşğul olduğu sahə konbustiologiyadır, uşaqlarda texniki zədələnmələrdir.

Bir haşiyə:
Peşə taleyim məni çoxları ilə müsahib edib. Hakim, vəkil, həkim, vəzifə adamı, siravi fəhlə, məktub və qəzet yükü daşıyan poçtalyonla da, görüşmüşəm; tarixçi, kimyaçı, fizik, bioloq... alimlərlə söhbət edib yazı hazırlamışam. Bu elm adamları sırasında yaxşı mənada dilçilərə, tarixçilərə daim qibtə etmişəm...
O ki, qaldı tibb aləmində yetərincə tanınmış, “əlləri qızıl” cərrahlara... Onları həmişə diqqətimdə saxlamışam.
E.Pənahova da belə cərrahlardan biridir. Xarakter etibarı ilə mənəviyyat adamıdır, güclü, məğrur və qürurludur. Sadə və təvazökardır. Mənəvi zənginliyi, etibarlı dostluğu bərkə-boşa çox düşüb. Sınanıb, möhkəmlənib. Sevinirəm ki, bu dostluğun işığından mənim ömür məkanıma da bir zərrə düşübdür. Bu sətirlər mənim ötən zaman kəsiyində gəldiyim qənaətimdir.
Şöhrətli nəslin davamçısı.

Elmira xanım, Sizi yaxşı tanıyırıq. İstərdik ki, valideynlərinizdən bir qədər əhatəli söz açasınız.
-Valideynlərim Qərbi Azərbaycanın Kalinino rayonunda doğulublar. Atam - Sədi Musa oğlu Pənahov ixtisasca tarix müəllimi, anam -Müsənbər Həmid qızı Pənahova isə bioloq olub.
Qeyd edim ki, atam təhsilini başa vurduqdan sonra əvvəl Gürcüstanın Suxumi şəhərində hərbi məktəbdə oxuyub, müharibə başlayanda minlərlə Vətən oğullarından biri kimi onu da müharibəyə aparıblar. 1943-cü ildə Kerçdə ağır yaralanıb və müalicə olunmaq üçün Bakıya göndərilib. 1943-1949-cu illərdə Bakıda dövlət qulluğunda çalışıb. Sonrakı həyatı dünyaya göz açdığı rayonla bağlı olub. Bir müddət məktəb direktoru, 1956-1968-ci illərdə isə Kalinino rayonunda Maarif Müdiri vəzifəsində çalışıb. Ermənistanın “Əməkdar müəllimi” fəxri adını alıb. Maarifpərvər bir insan kimi təhsil sistemində işlədiyi illərdə rayonda, kənddə yaşayan Azərbaycanlı ailələrinə övladlarını, xüsusən də qızlarını oxutmağı, ali təhsil verməyi tövsiyə edibdir. Bununla yanaşı soydaşlarının dərdlərinə şərik, olub xeyirlərində-şərlərində iştirak edib, kömək əlini uzadıbdır. O zaman Ermənistandakı Azərbaycan məktəblərində təhsil alan məzunlara bir mənalı şəkildə medal verilmirdi. Sədi müəllimin Maarif Müdiri işlədiyi illərdə onun prinsipial mövqeyi sayəsində ilk qızıl medalı - (mərhum) kimyaçı-alim Məmməd Mustafayev, ilk gümüş medalı alan isə hazırda Bakıda yaşayan, vaxtilə bir çox məsul vəzifələrdə çalışan Cahangir Abdullayev olmuşdur.
S.Pənahov həmin dövrdə bir vətəndaş, vətənpərvər kimi rayonda Azərbaycan məktəbi açmaq amalı ilə çalışıb, bunun üçün Respublika rəhbərliyi ilə var-gücü ilə mübarizə aparıbdır.
Millətinin, dininin, dilinin təəssübkeşi olan təhsil fədaisi hətta günlərin birində Ermənistan Mərkəzi Komitəsinin plenumumda hər bir rəsmiyyətdən uzaq və yüksək tələbkarlıqla ikinci katibə - Ter Kozaryansa Kalinino rayonunda Azərbaycan məktəbinin açılmasının vacib olduğunu söyləyib. Həllini tapası bu mühim məsələyə ikinci katib cavabında; əgər Sizin Azərbaycanlılar kifayət qədər savad alsalar, bəs o zaman mal-qaraya, qoyun-quzuya kimlər baxarlar? Hər zaman dərin zəkası, pedaqoji ustalığı, yerində, məqamında iti və sərrast cavabları ilə qarşısındakını məğlub etməyi bacaran S.Pənahov - əsrlər boyu soydaşlarımıza məkrli münasibət bəsləyən Ter Kozaryanslara; bu günüdək sizlər qul təki bizim bağımızda-bağçamızda yer belləyib, əkin əkib, ot biçib, uzunqulaqla yük daşıyıb, ailənizə bir parça çörək aparmısınız... sözlərini söyləyərək onu susdurmağı bacarıbdır.
Beləliklə, bir müddət keçib\... S.Pənahov öz sarsılmaz iradəsi, mübarizliyi, döyüşkənliyi sayəsində rayonun özündə Azərbaycan məktəbinin açılmasına nail olubdur.
Ancaq təəssüflər olsun ki... Onun qədər maarifpərvər bir insan plenumda ikinci katibə verdiyi cavabına görə Maarif Müdiri vəzifəsindən azad edilibdir.
Beləcə... Biz 1974-cü ildə ailəliklə Bakı şəhərinə köçdük.
S.Pənahov 1974-cü ildən 2006-cı ilədək Bakı şəhərindəki 53 nömrəli orta məktəbdə tarix müəllimi işlədi. 2006-2008-ci illərdə təqaüdçü ömrü yaşadı (qeyri-ixtiyari kövrəlir).
...Onu bizdən düz 11 il ayırır. Ancaq bu günlərin, ayların sayı artdıqca atamın yeri daha çox görünür. Bu vətənpərvər insan həyatdan cismən köçsə də, Azərbaycan təhsilinin üfiqlərində parlaq Günəş kimi şəfəq saçır, gələcək nəsillərə maarifimizi sevməyin, öyənməyin və öyrətməyin yollarını göstərir.
Bir haşiyə:
Hər gün insan ömrü üçün bir tarixçədir. Və bu tarixçənin qəhrəmanı biz özümüzük. Atalar demişkən: Bir günün özü də ömürdə bəlkə də igid ömrüdür. İllər ömür payımızın ölçüsüdür. Və bu illərin şərəfi, ləyaqəti hər gün gördüyümüz işimizlə, əməlimizlə ölçülür. Yaxşı işlərin başlanğıcı, qaynağı varlığımızdır, ruhumuzdur. Mənəvi dünyamız ülvi hisslərlə naxışlanıbsa, insanlığa məhəbbət hissi ilə yaşayırıqsa, deməli tanıyanların, sevənlərin yaddaşında əməllərimizlə iz qoyacağıq. S.Pənahov öz daşlı-kəsəkli, enişli-yoxuşlu həyat yolunda saysız-hesabsız maneə və sədlərə sinə gərərək, yalnız gərgin əməyi, fitri istedadı, əsasən də mübarizliyi hesabına uğurlar qazanmışdır. Təmiz, xeyirxah əməllərilə yaddaşlarda dərin iz qoymuşdur. Onun kimi kamil, humanist, vətənpərvər təhsil fədaisinin əməyi sağlığında ən yüksək mükafata layiq görülməli idi... Təəssüf ki... Bu bizik...

Valideynlərinizdən görüb-götürdükləriniz nələr oldu? Onların hansı keyfiyyətləri ömür yolunuza işıq saldı?
-Valideynlərim olduqca humanist, xeyirxah zəhmətkeş insanlar idilər. Deyirlər ki... Ağıllı övladları yetişdirən, ağıllı atalar-analardır. Onların davranışı, danışığı, işığı bizi ömür boyu tərbiyələndirdi. Mən hara getmişəmsə, nəyə nail olmuşamsa atamın əli həmişə kürəyimdə olubdur.
-Övladlarından onun yolunu davam etdirənlər olubdurmu?
-Ailəmizdə 4 övlad - 2 qardaş, 2 bacı olmuşuq. Mən orta məktəbi rayonda, qardaş-bacılarım isə Bakıda bitiriblər. Bizim ali təhsil almağımızda valideynlərimizin zəhməti böyük olmuşdur. Atam bizimlə dostlarımız arasında tədris olunan bütün fənlər üzrə olimpiadalar keçirərdi. Yaxşı oxumaq, dünyagörüşünüzü inkişaf etdirmək, mütaliə etmək, incəsənəti, musiqini sevmək, idmanla məşğul olmaq, ictimai işlərdə yüksək fəallıq göstərmək, yararlı vətəndaş kimi yetişmək, sevib-seçdiyiniz sahənin kamil bilicisi olmaq, gələcəkdə dövlətə və dövlətçiliyə vicdanla xidmət göstərmək hər birinizin vətəndaşlıq borcunuzdur deyərdi... Etibar və Musa Pənahovlar Moskvada ali təhsil alıblar. Etibar Sədi oğlu ixtisasca riyaziyyatçıdır. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib. Riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 25 ildir ki, Türkiyənin Elazıc şəhərində Frat Universitetinin riyaziyyat bölümünün professoru, Türkdilli Ölkələrin Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. 20-yə yaxın alim yetişdirib. Artıq Vətənə dönmək, görkəmli alimlərimizdən biri kimi Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə riyaziyyatçılar yetişdirmək arzusundadır.
Yeri gəlmişkən qeyd edim ki, biz Maarifpərvər nəsildənik. Onlardan: ata tərəfimdən əmim - metallar fizikası üzrə tanınmış alim Tahir Pənahovun, ana tərəfimdən isə dayım - akademik Afad Qurbanovun adlarını çəkmək istərdim.
-İndiki dövrlə müqayisə edəndə şübhəsiz ki, 1980-ci illərdə elmi dərəcə almaq daha çətin olubdur.
-Doğrudur. Mövzu seçimindən tutmuş, təsdiq edilməsinədək böyük çətinliklərlə qarşılaşırdım. Mən düz 3 il Moskvanın Mərkəzi Kitabxanasında doktorluq dissertasiyamın mövzu seçiminə görə araşdırmalar aparmışam. Mövzumun təkrar olunmaması üçün Patent Mərkəzindən arayış alıb, işimə başlamışam.
-Neçə keçib gəncliyiniz?
-Gözəl keçib gəncliyim. Orta məktəbin rus bölməsində-bilikli, ziyalı, intellektli müəllimlərdən dərs almışam. Müəllimlərimizin bəziləri keçən əsrin əvvəlində Kalinino rayonuna sürgün olunan ailələrdən idilər. Yaxşı yadımdadır... Bayram şənliklərini məktəbimizin direktoru ilə müəllimlərimizlə birlikdə keçirərdik. Azərbaycandan, Gürcüstandan gələn məktəblilərlə birgə fənn olimpiadaları, rəsm, rəqs, musiqi, idman yarışları keçirərdik, eləcə də, bizim şagirdlər başqa Respublikalarda keçirilən olimpiadalarda, yarışlarda iştirak edərdilər. Atam Maarif Müdiri işlədiyi illərdə məktəblərin dörd bir tərəfi gül-çiçəyə qərq olardı. Yaradılan sağlam şəraitdən, gözəllikdən yüksək zövq alardıq. Oxumağa, öyrənməyə həvəsimiz bir daha artardı. Qaynarlığı, coşğunluğu, çılğınlığı və üsyankarlığı ilə bu günədək yaddaşımda əziz xatirətək qoruyub saxladığım tələbəlik illərim də gözəl keçib. Qrup yoldaşlarımla kinoya, teatra, muzeylərə, rəssamların sənət əsərlərinin sərgisinə getməyimiz, köhnə Bakımızı, ətraf kəndləri, Qobustanı, Qəbələni və digər bölgələrimizi gəzməyimiz sanki... ömrün çiçəkli bir yazı kimi indi də gözlərimin önündə canlanır. Deməli, ömürdən bizə qalan yalnız xatirələrmiş...
-Bəzən bizə elə gəlir ki, peşəni insanın özü seçmir, peşə onu seçir.
-Uşaq vaxtı filmlərə çox baxardım. Böyük epidemiyalar (vəba, qara yara və digər infeksiyalar) zamanı həkimlərin xəstəliklə necə mübarizə apardığını görəndə, özümü onların yerində təsəvvür edərdim. Özlüyümdə düşünərdim; görəsən gələcəkdə mən də onlar kimi qorxu hissi keçirmədən həkim işləyə bilərəmmi? Laboratoriyada aparılan analizlər, araşdırmalar vaxt örtdükcə diqqətimi daha çox çəkərdi. Deyərdim ki... məndə həkimliyə, elm yoluna həvəs məhz uşaq vaxtı baxdığım həmin o filmlərdən yarandı, qaynaqlandı.
-Necə bir məkandır Sizin üçün Azərbaycan Tibb Universiteti?
-Tibb aləmi özlüyündə hüdudsuz bir məkandır. O ki... qaldı Tibb Universitetinə; bu təhsil ocağı Vətənimizə, xalqımıza böyük dahilər, alimlər, fədailər şəxsiyyətlər, yetişdirən bir elm məbədgahıdır. Həyatımızın ayrılmaz sahəsidir.
-Alim, eləcə də uşaq yanıq mütəxəssisi kimi fəaliyyətinizin hansı mərhələsindəsiniz? Yetirmələriniz varmı?
-Ömrün, peşənin kamillik mərhələsindəyəm. Yeri gəlmişkən qeyd edim ki, yanıq xəstəliyi ən ağır patologiyalardan birincisidir. Mənəvi və fiziki cəhətdən ağır sahədir. Maddi baxımdan da çox vəsait tələb edir. Aylarla müalicə, illərlə reabilitasiya lazım gəlir. Yetirmələrim var. Ancaq bu sahəyə həvəs göstərən çox azdır.
-Elm adamları, həmkarlarınız, tələbələriniz Sizə böyük hörmət bəsləyirlər.
-Mən kimliyindən asılı olmayaraq hər kəsə səmimiyyətlə yanaşıram. Əgər sənin əhatən sənin üçün sağlam mühit yaradırsa, sən o zaman xoşbəxtsən. Digər tərəfdən; əgər sən başqasına daş atırsansa o hökmən sənə qayıdacaq.

Həmkarlarının söylədiklərindən:

Adilə Namazova,
Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü, akademik:

- Uca dağları həmişə zirvəsi qarlı, məhsuldar ağacları, başıaşağı görmüşük. Savadlı, namuslu, sadə, zəhmetkeş, təvazökar insanlar da belədir. Heç vaxt lovğalanmır, uğurlarını insanlıq borcu kimi təqdim edirlər...
E.Pənahova da belə insanlardan biridir. Namuslu olduğu qədər sadə, sadə olduğu qədər zəhmətkeş, zəhmətkeş olduğu qədər səmimi, səmimi olduğu qədər təvazökar, nüfuzlu ziyalılarımızdan biridir. Peşəsini ürəkdən sevir, işinə məsuliyyətlə yanaşır. Təcrübəli həkim, uşaq cərrahı, məhsuldar alimdir. Ötən dövr ərzində elm adamlarının, həmkarlarının, tələbələrinin böyük hörmətini qazanıbdır.
E.Pənahova eyni zamanda nümunəvi övladdır, bacıdır, anadır. Bildiyimə görə qohum-əqrəbasına, qardaş-bacısına, xüsusən valideynlərinə xüsusi diqqətlə yanaşıbdır. Ahıl yaşlı ata-anasının son nəfəslərinədək bir övlad kimi qulluqlarında dayanıbdır. Hesab edirəm ki, onun ləyaqətli, zəhmətli ömür yolu çoxlarına örnəkdir.

Yaqub Məmmədov,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin patofiziologiya kafedrasının professoru:

-E.Pənahova Azərbaycan Dövlət Tibb İnstitutunun ictimai həyatında yüksək fəallıq göstərən, N.Nərimanov adına təqaüd alan, əlaçı tələbələrindən biri olubdur. Biz onu Elmi Şuranın qərarı ilə uşaq cərrahlığı kafedrasının klinik ordinatoru kimi institutda saxladıq.
Elmira Sədi qızı mənalı, şərəfli, ləyaqətli ömür yolu keçmiş bir insandır. Təcrübəli həkim, təkmilləşmiş cərrah, inkişaf etmiş alim, kamil şəxsiyyətdir. Xalqına, tibb aləminə ucalıq gətirən bir ziyalıdır. Biz ona elmimizə və insanların sağlamlığına yönəlmiş fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Surxay Musayev,
Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru:

E.Pənahovanı tələbəlik illərimdən bəri düz 48 ildir ki, tanıyıram. O, bizim əlaçı, çalışqan məsuliyyətli, ictimaiyyətçi tələbələrimizdən idi. İnstitutda saxlandıqdan sonra, o vaxtlar elə də çox seçilməyən bir sahəni uşaq cərrahiyyəsi kafedrasını seçdi. Vaxt örtdükcə öz gərgin əməyi sayəsində tanınmış bir alimə çevrildi. Qeyd edim ki, Qərbi Azərbaycanda böyüdüyünə görə ali təhsil illərində Azərbaycan, rus dilləri ilə yanaşı erməni dilini də çox təmiz bilirdi.
Onun atasını, Tanrının sevib-seçdiyi Sədi müəllimi də yaxşı tanıyırdım. Deyərdim ki, Qərbi Azərbaycanda, dağların qoynunda doğulub, boya-başa çatmış bu böyük şəxsiyyət o yerlərin təmiz havasının buz bulaqlarının ona bəxş etdiyi saflığı, vüqarı, əzəməti, əyilməzliyi ömrünün sonuna qədər qoruyub saxlamışdır. Deyərdim ki, Sədi müəllim insanlıq fəlsəfəsini mükəmməl bilən kişilərdən biri kimi əsl kişilik etalonu idi.
E.Pənahova peşəsini sevəndir, yanıq-mütəxəssisi kimi müalicə etdikləri çoxdur. Heç vaxt özünü cərrah kimi reklam etməyibdir. Hesab edirəm ki, onun sadə və səmimi rəftarı, adət-ənənəmizə bağlılığı, Azərbaycan qadınına xas olan davranışı, geyimi, qüruru, əsəsən də xeyirxahlığı, müdrikliyi daşıdığı genindən irəli gələn mənəvi keyfiyyətləridir.
E.Pənahova ötən zaman kəsiyində elm adamları, həmkarları, tələbələri və bütün tanıyanlar tərəfindən bir insanlıq nümunəsi kimi sevilib və seviləcəkdir.
Sahib Musayev,
Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Universitetin Terapevtik Klinikasının revmotologiya şöbəsinin müdiri, Universitetin daxili xəstəliklər kafedrasının professoru:
E.Pənahova Azərbaycan Tibb Universitetinin aparıcı mütəxəssislərindən biridir. Yüksək ixtisaslı həkimdir, cərrahdır. Ötən zaman kəsiyində cəmiyyətdə, elm adamları, həmkarları, tələbələri arasında böyük hörmət, şöhrət qazanıbdır. Ümumi kütlədən fərqli olaraq insanlara, hadisələrə, münasibətlərə düzgün qiymət verəndir. Problemi olanlara imkanı daxilində kömək etməyə çalışandır. İctimai mənafeyi, öz şəxsi mənafeyindən üstün tutandır. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində Elmira xanım kimi ziyalılarımızın sayı nə qədər çox olarsa, cəmiyyətimizdə mənəvi dəyərlərimiz, insani keyfiyyətlərimiz də bir o qədər artar.

Ramiz Poluxov,
Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının müdiri, tibb elmləri doktoru:

-E.Pənahovanı tələbəlik illərimdən tanıyıram. O, tələbələrə doğma övladları kimi yanaşardı, hər cür qayğı göstərərdi. Mən cərrahiyyəni Elmira xanım bizim fakültənin dekanı olduğu dövrdə seçmişəm. Xoşbəxtlikdən biz indi də birlikdə çalışırıq.
E.Pənahova peşəsinin kamil bilicisidir, təcrübəli cərrahdır, yanıq mütəxəssisidir. Bir insan kimi daxili aləmi təmizdir, dürüstlüyü sevən, haqqı dəstəkləyən, zəngin mənəviyyatı, sədaqəti, səxavəti, xeyirxahlığı ilə seçiləndir. Mükəmməl bir şəxsiyyətdir. Hesasb edirəm ki, bir insan ömründə belə nəcib keyfiyyətlərə malik olmaq əsl xoşbəxtlikdir.

Mirəsgər Əsgərov,
Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru:

-E.Pənahovanı tələbəlik illərimdən tanıyıram. O, Tibb Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri, mən də onun müavini idim. Sonradan Elmiara xanım pediatriya fakültəsinin dekanı, mən isə Tibb Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri seçildim. Elmira xanım tələbələri çox sevərdi, problemləri ilə yaxından maraqlanar lazım gələn köməyi göstərərdi.
Hər zaman inanmışam ki, o, ən yaxşı mütəxəssis və öz sahəsinin mükəmməl bilicisidir. Zənnimcə istər yaxşı həkim, müəllim, alim olmaq, istərsə də digər sahələrdə çalışmaq, bütün hallarda başlanğıc yaxşı insanlıqdan irəli gəlir.
E.Pənahovanın, insanlığı, müəllimliyi, həkimliyi, cərrahlığı, alimliyi, saflığı, gözütoxluğu bütünlüklə mənəviyyatı bir kompleks təşkil edir. Fərq qoymadan hər kəsə can yandıran, diqqət ayırandır. Hesab edirəm ki, belə nəcib keyfiyyətləri ilə çoxlarına örnəkdir.
Müşfiq Bağırov,
Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının assisenti:
E.Pənahova Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinin dekanı işlədiyi illərdə mən hələ tələbə idim. O, bizə heç vaxt biganə qalmazdı, əksinə bir ana məhəbbəti bəsləyər, lazım gələn köməyi göstərərdi.
Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1974-cü ildə Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının nəzdində Yanıq Mərkəzi yaratmışdır. Həmin mərkəzə mərhum professor Arif Mustafayev rəhbərlik etmişdir. Elmira xanım onun ilk yetirməsidir.
O, Azərbaycanda əsasən yanıqlar və dəri köçürmə üzrə mütəxəssisdir. Azərbaycan Tibb Universitetinin uğurlarında bir alim kimi onun da əməyi olubdur. Deyərdim ki, onun həyatında o qədər nizam-intizam, tarazlıq, məsuliyyət hissi, sözübütövlük, etibar, inam, xeyirxahlıq, qədirbilənlik var ki... Xeyirxahlıq onun genindən, içindən gəlir və bütünlüklə həyat yolunun mənasını təşkil edir. Dünyada ən çətin şey elə yaxşılıq etməkdir. Və hər birimiz yaxşılıq, insanlıq kimi ülvi hisslərin həsrətindəyik. Yeri gəlmişkən qeyd edim ki, onun tələbələrinə, həmkarlarına və bütün tanıyanlara olan mehriban münasibəti də özlüyündə bir məktəbdir. Tanrı Elmira xanım kimi ziyalılarımızı, alimlərimizi qorusun. Və bizlər də belə örnək insanlardan həmişə öyrənək, bəhrələnək.
-Sülhsevərliyiniz, xeyirxahlığınız nədəndir ki, bu qədər aşıb-daşır?
-Zənnimcə, ali keydiyyətlərin toxumu canımıza-qanımıza yalnız ana südü ilə keçə bilir...
-Ötən müddət ərzində Sizi ağa-ağ, qaraya-qara deyən kimi tanımışıq...
Ötən zaman kəsiyində mənə yönəltdiyiniz diqqətinizə görə Sizlərə minnətdarlığımı bildirirəm.
-İnsan mənəvi dünyasını doğru yolla aparmalıdır... Zənnimcə, belə yaşamaq rahat və gözəl olur.
-Şübhəsiz ki, həyatın cətin qatlarını da görmüsünüz...
-Gərək həyatın bütün ağrısına-acısına, kədərinə-sevincinə hazır olasan. Həyat özü başdan-başa bir sirdir, möcüzədir. Bilmirik ki, həyat dərzimiz bizə nə vaxt, nə biçəcək, nə tikəcək, bizə hansı sürprizləri, xoşbəxt anları qismət edəcək. Bu baxımdan biz təmkinlə, səbrlə çətinliklərin öhdəsindən gəlib, vəziyyətdən çıxmağı bacarmalıyıq. Təki, Tanrının Yer üzünə bir vəsilə kimi göndərdiyi yaxşılarımız və yaxşı əməllərimiz azalmasın.
-Sizin fikirinizcə, xoşbəxt olmaq üçün insana nə lazımdır, həyatda nə etməlidir, nəyə getməlidir?
-İnsan o zaman xoşbəxtdir ki, onun varlığında insanlığa məhəbbət hissi, zəhmətsevərlik və könül toxluğu kök salsın. Əgər biz belə gözəl duyğularla yaşasaq, xeyirxah olsaq, cəmiyyətə yararlı işlər görsək, işimizə məsuliyyətlə yanaşsaq, deməli... nə insanlıq məhvərindən çıxmayacaq, nə də, heç vaxt dünyanın sonu olmayacaq.
-Ailənizdə necə, həkimlər yetişibdir?
-Qızım Lamiə ixtisasca həkim-rodioloqdur. Nəslimizə gəlincə isə; terapevt, koordioloq, allerqoloq, nevropotoloq, onkoloq və cərrahlar yetişibdir.
-Ən müqəddəs arzunuza nə vaxt çatmısınız?
-Nəvələrim - Cavadla, Riad dünyaya gəlişləri ilə sanki.... mənə ikinci həyatımı yaşamağa stimul verdilər.
-Ovqatınız necədir?
-Şükr edirəm Tanrıma. Əgər sənin daxili sütunun möhkəmdirsə, o zaman ovqatın da xoş olacaq. Xoşbəxtəm ki, nəslimin davamçılarındanam. Və bu nəsli təmsil edənlər ənənəmizi qoruyub saxlayırlar, insanlığı uca tutub ləyaqətlə davam etdirirlər.
-Ömrünüzün bu pilləsindən ötənlərə boylananda nələri yada salırsınız?
-Geriyə boylananda əsas atalı-analı günlərimi yada salıram. Onların iç dünyaları üzlərində görünürdü. Özlərini sevdirməyi bacarırdılar. Baxmayaraq ki, özüm xeyli ömür yaşamışam, anayam, nənəyəm. Ancaq ata-ana nəvazişinə indi də ehtiyacım var (kövrəlir). Əgər bu gün sağ olsaydılar başımı onların çiyinlərinə qoyub, özümü bircə anlıq xoşbəxt hiss edərdim (yenidən kövrəlir).

Bir haşiyə:
...Olumdan ölümə uzanan bu beş günlük ömür yolumuzda günlər elə sürətlə ötüb keçir ki... Onda ayılıb görürük ki, hansısa yaşın məngənəsində sıxılmaqdayıq. Hansısa həddin işarətində ötənlərə boylandıqca, əlimiz yetməyən, ünümüz çatmayan doğmalarımız gözlərimizdən asılı qaldı. Bəzən də bizə elə gəlir ki, sanki... olanlar eləcə yuxuymuş dağılıb getdi. Beləcə... bu ayıla, bu ayrıla bilmədiyimiz yuxular ömrümüzü biçib getməkdədir. Hərdən də, bizə elə gəlir ki, bu fani, ziddiyyətli dünyanın özü də bir yuxudur. Axı, belə işvəli dünyanın nazını çəkmək çox çətindir. Amma nə edək ki, Bu bizim taleyimizdir...
-Heç yuxunuza gəlirmi, gələni-gedənindən çox olan eviniz, ocağınız, boy atdığınız o doğma yerlər... dağlar, dərələr, sərin bulaqlar, əsrarəngiz gözəlliklər?
-O... bənzərsiz gözəlliklər həmişə yuxuma gəlir. Bulaqların dibindəki qayaların altında bitən çiyələklərin qoxusu elə indi də burnuma gəlir. O vaxt bizə elə gəlirdi ki, sanki... bu göyərən gözəlliyə, çəmənliyə təbiətin yüz bir rənginə boyanmış çiçəklərin ləçəklərindən xoş bir ətir səpilibdir.
-Həyatınızın ən narahat anları hansı illərinizlə bağlıdır?
-Valideynlərimi itirdiyim - 2008-2014-cü illər həyatımın ən ağrılı illəridir.
-Bu gün Sizi nələr kövrəldir?
-Ömürdən ötənlər-keçənlər, yaddaşımda mürgü dolu xatirətək dərin iz qoyanlar, məni həmişə duyğulandırır. Ömür ki, var... çox qısadır.
-Demək istədiklərinizin hamısını deyə bildinizmi?
-Tamamilə yox...

Son olaraq:
...Əziz oxucular! Siz bu yazımızda mənalı ömrünü başdan-başa - müəllim, həkim, alim, şəxsiyyət kimi xalqının xoşbəxt gələcəyinə, sağlamlığına həsr eyləyən daha bir ziyalımızın həyatı ilə tanış oldunuz.
Və bu şərəfli, şəfqətli həyat indi də davam edir, işıqlı gələcəyə doğru inamla irəliləyir.
Demək istədiklərinin hamısını bir qəzet yazısına sığışdıra bilmədiyimiz hörmətli alimimizdən, bir daha görüşmək arzusu ilə ayrıldıq..


Müsahibəni apardı:
Xanım Bilalqızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: