Sevəndə də sərhəd gözləmək... (sense)

Sevəndə də sərhəd gözləmək... (sense) Dünyanın hansı nöqtəsi olursa-olsun – Argentina, Azərbaycan, Gürcüstan, yaxud Yeni Zelandiya – günün bir zəruri tələbatı var: insanın fiziki və psixoloji sağlamlığına məsuliyyətli münasibət!

Sağlam bədəni mehmanxanaya, xəstə bədəni xəstəxanaya bənzədən dahilərin sözləri yerdəmi qalar? Müxtəsəri, sağlamlığımızı qoruyan, bizi fiziki əzablardan xilas edən həkimlərə olan minnətdarlıq hissimiz, təknə-tabaq təşəkkürlərimiz dünya durduqca duracaq...

İndi haqqında sizə söhbət açmaq istədiyim İslam həkimlə tanışlığımın qəribə bir tarixçəsi
var: iş yerlərimiz yaxın olsa da elə bir mülayim münasibətimiz yox idi. Bir gün bizim təhsil
və mədəniyyət şöbəsinin rəhbəri Mikayıl müəllimin bir nəfərlə (həkim olduğunu
bilirdim) ustad Aşıq Ələsgər haqqında söykəli söhbətinin şahidi oldum. Yaxından
tanımadığım həkim aşığın “Yaşıldı, yaşıl” qoşmasının yaranma mənbəyini özünəməxsus
tərzdə izah edirdi; xatırladıram:

Qafil olma bu bazarın içində,
Aldatma özünü varın içində,
İbrahim dayanıb narın içində,
Güldür solu-sağı yaşıldı, yaşıl...

Hörmətli Mikayıl müəllim indi həmişə hörmətini saxladığım bu həkimlə məni qoşmanın məhz bu yerində tanış eləmişdi.
Sonralar onun haqqında yazmaq təkliflərimə aqillərə xas təvazökarlıqla: – Daha vacib işləriniz ola bilər, – demişdi, – gəlin sonralara
saxlayaq.
Və beləcə günlər, aylar ötdü...

...İbrahimov İslam Səfər oğlu Gorarxı elinin Alget kəndindəndir. 1978-ci ildə Bakıdakı dünyalarca məşhur N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Rustavi şəhərindəki həkimlik fəaliyyəti də daxil olmaqla müxtəlif iş yerləri olub: hamısında da üz ağardıb, yaxşı hörmət, təmiz ad qazanıb. Amma bütün təltif-tərifnamələrin hamısını bir tərəfə qoyuram. Islam həkimin bir özəlliyindən-özünəməxsusluğundan savayı: o da bundan ibarətdir ki, şəxsən mən ömrümdə indiyədək belə saz-söz vurğunu olan, bu səviyyədə xalq dastanları dəstəklisi olan özgə
həkim görməmişəm. Təbii ki, hardasa yaxında, ya da uzaqda var, amma etiraf edirəm ki, mən
ayrı cür şahidlik edə bilmərəm; çünki hələlik qədim-qayım sözümüzün vaqifanə vurğunu
olan “ikinci İslam həkim” rastıma çıxmayıb.
Islam həkim dəri həkimi-dermatoloqdur; yəni tibb elminin dəri xəstəliklərinin diaqnostikası,
müalicə və profilaktikası ilə məşğul olan sahəsindəndir. Islam həkimlə söhbətimizdən
əvvəl dəri xəstəlikləri ilə bağlı bunları bilirdim ki, dermatologiyanın şərəfli tarixi bir keçmişi
olub. Çünki hələ bizim eradan əvvəl yaşayıbyaratmış həkimlər insan bədəninə heç də “bir
ət yığını” kimi baxmayıblar.
Islam həkimdən aldığım “dermatologiya dərsləri” çox ibrətamizdir: dəri həkiminin
yanına adi bir sızanaq, bir ziyil üçün gələn də var. Xroniki dəri xəstəlikləri sayılan
qaşınmalar, göbələk infeksiyası, psoriaz, Vitiliqo xəstəliyi ilə bağlı müalicə həsrətində
olanlar da. Zöhrəvi xəstəliklərə gəlincə, Zöhrə (Venera) eşq ilahəsinin adı olduğu
üçün bunu da sırğa edib “qulaqdan asmaq” lazımdır ki, insan özünü təkcə soyuqdan, payız
küləyindən, yelçəkər yerlərdən, müxtəlif viruslardan gözləməməlidir; həm də arada-sırada
eşq ilahəsindən də çəkinməlidir: ona görə ki, zöhrəvi (veneroloji) xəstəliklərin zəmanəmiz
üçün hazırda ən böyük və ən təhlükəli problemlərdən biri olduğu sağlam düşüncə
sahiblərinin hamısına gün kimi aydındır. Bir sözlə, immun sisteminin pozulmasını Allah
heç Mirzə Qotura da göstərməsin!
İslam həkim mənə arada bunu da xatırladır ki, bizdə Zöhrə (Venera) ulduzunun bir adı
da Karvanqırandır. Heç olmasa bu filhəqiqət fakt hətta qanmaza belə, çox məntiqli mətləbi
ahəstəcə qandırmalı deyilmi?

Söhbətimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi sağlam həyat tərzinin üstündə
daha çox durduğundan İslam həkim məxsusi vurğulamağı özünə borc bilir ki, sağlam
həyat tərzinə müxtəlif gigiyena qaydalarına – şəxsi daraq, diş fırçası, dəsmal və sairədən
tutmuş – əməl etmək, təbiət qoynunda həyat keçirmək, kainatla ahəngdar əlaqədə olmaq,
idmanla məşğul olmaqla bərabər, həm dəsaz-söz adamlarımızın, musiqi ustadlarımızın
“nəbzini” tutmağı bacarmaq da lazımdır! Bu yerdə İslam həkim ədəbi yaradıcılığına və
şəxsiyyətinə səmimiyyət və hörmətlə yanaşdığı Zəlimxan Yaqubun misralarını söyləməkdən
də özünü saxlaya bilmir:

Mən ürəyi ürək kimi saxlamadım,
Hey əritdim, hey çürütdüm, hey qanatdım,
Yağ içində böyrək kimi saxlamadım...

Və:
Gördü şeir yazıram
Ölüm məndən vaz keçdi...

İslam həkim – arazbarı təkrar da olsa – tövsiyə edir ki, hər bir insan öz bədənini
sevsin; dərisindən tutmuş ürəyinə, böyrəyinə qədər! Çünki Allahın əmanəti olan bədənimizə
xəyanətimiz əslində həm də məlum vaqifanə əmanətə xəyanət deməkdir! Burası da var
ki, dəri təkcə sabunla, ətirlər və şampunlarla təmizlənmir! Burada bir səbr, sınaq, şükr tərəf
də var ki, ahəngdar əlaqə olaraq onlara da diqqət tələb olunur!
Tərifə yaxın da olsa, bunu da deməyə borcluyam ki, İslam həkimin insanpərvərliyi və
halallığı artıq kiçik həcmli qəzet məqaləsinin deyil, bəlkə daha çox – əlbəttə, qalın kitabdan
dolayı – qalan kitab yazısının mövzusudur...

P. S.
Mənim indiyədək Gorarxı elinin iki nəfər həkiminin ləyaqətli ömür yolunu qələmə almaq
cəhdim olub: Ülkər həkimin və Əmiraslan həkimin. Bu dəfə “növbə” İslam həkimə gəldi.
Doğrudur, ustadlar ustadnaməni üç deyiblər, amma hesab edirəm ki, bu qatarda, bu sırada
digər şəfa-şəfqət verənlər də var. Təki sağlıq olsun!
Bunu da ürəkdolusu ümid edirəm ki, Gorarxı elinin qədirbilən gəncləri də elimizin-obamızın
həkim kəhkəşanını öləziməyə qoymayacaqlar.
Sağlamlığa görə məsuliyyət bir gün də onların üzərinə düşəcək. Əsas budur ki, kimə baxıb
düzlənmək üçün ünvanımız var!..

İbrahimxəlil


"Region-Press", №09 (184) 30.06.2015 səh.8.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: