REDAKSİYAMIZIN ARXİVİNDƏN:
07 sentyabr 2010-cu il tarixində Azərbaycandakı Atatürk Mərkəzində Yeddi Dövlət – Bir Millət Konseyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Ortaq türk əlifbası: keçmiş və gələcək” mövzusunda dəyirmi masa keçirilib. Elm adamları, ictimai xadimlər, jurnalistlər, şair və yazıçıların iştirak etdiyi toplantıda ortaq türk əlifbasıyla bağlı günümüzə qədər olan çalışmalar müzakirə edilib. Bir gün öncə yayımlanan qısa xəbərimizdə bütün çıxışlara yer verilməsə də bu haqda daha sonra geniş bilgi verəcəyimizi vəd etdiyimizdən hazırda qısa özətləri təqdim edirik:
Yeddi Dövlət – Bir Millət Konseyinin üzvü Dr. Ramiz Əskər (tədbirin yönəticisi): Türk tarixi olduqca qədimdir. Dünyada bir çox ixtiralar türklərə aiddir. Həm də türk coğrafiyası çox genişdir. Ona görə də türk dili zaman-zaman öz məcrasından çıxaraq şəkil dəyişdirə bilib. Yəni böyük coğrafiyanın sakinləri bir-birindən minlərlə kilometr uzaqda yaşadıqlarına görə danışdıqları eyni dil zamanla fərqlənməyə başlayıb. Nəticədə isə türk dilləri üç əsas qrupda birləşib: oğuz – ən böyük abidəsi “Kitabi Dədə Qorqud”dur; qıpçaq – ədəbi abidəsi “Manas”dır; və karluk – ədəbi abidəsi “Kutadgu Bilig”dir. Bundan başqa Mahmud Kaşgarlının “Divani Lüğətit-Türk” kitabı bütünlükdə türk dilinə aid ədəbi əsərdir. Onu da əlavə edim ki, hələ 1991-ci ildə Mərmərə Universitetində (Türkiyə) ortaq əlifba ilə bağlı çalışmalar olmuşdu və 34 hərfli layihə də hazırlanmışdı. İndi isə gördüyünüz kimi Azər Həsrətin başçılığı altında Yeddi Dövlət – Bir Millət Konseyi yenidən bu məsələni gündəmə gətirir və ümid edirik ki, ictimai müzakirələrimiz ciddi fayda verəcək.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı: Biz birlikdə əlimizdən gələni edirik ki, ortaq türk dəyərlərini qoruyaq. Bunun üçün Azər bəyin də, bizim də əlimizdə olan imkanlar çərçivəsində İnternet resursları qurulub və həmin resurslar vasitəsilə bütün türk dünyası ilə əlaqə saxlanılır. Təbii ki, ortaq türk əlifbası məsələsi də hər zaman bizim ən önəmli məsələlərimiz sırasındadır. Onu da əlavə edim ki, bir neçə il öncə mən ortaq əlifba kimi “Orxon-Yenisey” əlifbasını görürdüm. Yəni bu, sırf türk əlifbası olduğu üçün. Ancaq sonrakı proseslər göstərdi ki, biz daha çox latın əsaslı əlifba üzərində dayanmalıyıq. Çünki bu, daha praktik olardı. Ona görə də düşünürəm ki, artıq yeddi bağımsız türk dövləti var və onların imkanları olduqca genişdir. Təbii ki, bu imkanlar ortaq əlifba məsələsinin tez bir zamanda həllinə şərait yaradacaq. Yəni mən bu məsələdə ümidliyəm.
Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət (əsas məruzəçi): Hər şeydən öncə bilmənizi istərdim ki, hazırda sizə təqdim etdiyim ortaq əlifba layihəsi mənim ixtiram deyil. Mən sadəcə olaraq hazırkı bağımsız türk dövlətlərin də istifadədə olan əlifbaları bir yerə toplayaraq ortaq variantını müəyyən etmişəm və sevindirici dir ki, bu layihə hələ 20 il öncə təklif edilən, sonra dan 2007-ci ildə Türk Ocaqları tərəfindən prezi dent Abdullah Gülə təqdim olunan əlifbalarla üst-üstə düşür.Deməli, hələ 20 il öncə bu məsələdə ortaq məxrəc demək olar ki, varmış. Sadəcə bizim insanlarımız zaman itiriblər və istəməzdim ki, biz də vaxtımızı itirməyə davam edək.
Bir qədər tarixə vararaq 150 il öncə görkəmli Azərbaycan fikir adamı Mirzə Fətəli Axundzadənin bu yöndəki çalışmalarını xatırlatmaq istərdim. Hələ o zaman Mirzə Fətəli istifadədə olan ərəb əlifbasını islah etmək istəyirdi. İlkin olaraq o, həmin əlifbadakı nöqtələrdən imtina edilməsini təklif edirdi. Sonrakı mərhələ üçünsə büsbütün latın əlifbasına keçilməsini düşünürdü. Bu məqsədlə də dönəmin Osmanlı və İran padşahlarına məktublar yazmış, yüksək səviyyəli görüşlər keçirmişdi. Məsələyə Osmanlı xanədanı müsbət yanaşsa da İran rəsmiləri üzdə gülüb arxada başqa işlər görürdülər.
Əlifba islahatı istiqamətində hərəkətlər 20-ci yüzilin başlanğıcında da davam etdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda Rusiyanın işğalı altında olan türklərin latın əlifbasına keçməsi haqqında qərar müsbət dəyərləndirilə bilər. Ancaq bəllidir ki, 1938-40-cı illərdə Sovetlər türk xalqlarını ayırmaq üçün kiril əlifbasına keçidi təmin etdilər. Sonrakı illərdə isə bu əlifbanın da üzərində oyunlar oynandı və xalqlarımız daha da uzaqlaşdırıldı.
1990-cı ildən başlayaraq yenidən əlifba islahatları istiqamətində işlər görüldü. Hamıdan öncə Azərbaycan rəsmi şəkildə latın əlifbasına keçmə qərarı aldı. Ardından da Türkmənistan tam olaraq latın əlifbasına keçdi. Özbəkistan bu prosesi 2012-ci ildə bitirməyi planlaşdırır. Qazaxıstan isə qeyri-rəsmi də olsa keçid prosesini başlayıb. Ancaq təəssüflər olsun ki, Qırğızıstanda bu yöndə heç bir hərəkət yoxdur. Ümid etmək istərdik ki, Bişkek yönətimi də artıq belə bir addım atacaq. Həm də düşünürəm ki, digər türk dövlətləri bu işdə qardaş Qırğızıstana yardımçı olmalıdır. Bəlkə də Qırğızıstanın hələ latına keçməməsi işin xeyrinədir. Misal üçün, biz ortaq əlifbanı ilk olaraq Qırğızıstana tətbiq edə bilərik.
Deyə bilərsiniz ki, hər bir ölkə latın əlifbasına keçibsə, sorun nədir o zaman? Sorun odur ki, yeddi bağımsız türk dövlətində latın əlifbasının beş fərqli formasından istifadə edilir və biz də bunu normal hesab etmirik.
Onu da deyim ki, Türkiyədə ortaq əlifba layihəsi üzərində uzun müzakirələr gedib. Ramiz bəy Mərmərə Universitetindəki tədbir haqqında danışdı. Yeri gəlmişkən, bu günlərdə mən Ankara Gazi Universitetinin professoru Mehmet Kara ilə əlaqə saxladım. Onun da bu yöndə dəyərli çalışmaları var. Hətta 2007-ci ildə prezident Abdullah Gülə Türk Ocaqları tərəfindən 34 hərfdən ibarət layihə də təqdim edilib. Ancaq görünən odur ki, hələlik bu məsələ rəsmiləşmir. Düşünürəm ki, bugünkü toplantının sonuclarını nəzərə alaraq biz gələn həftə İstanbulda keçiriləcək Türk Zirvəsinə müraciət etməliyik ki, mümkün qədər tez bir zamanda verimli addımlar atsınlar. Sizə təqdim etdiyim layihə çərçivə olaraq qəbul edilərsə bütün türk xalqları özlərinə lazım olan hərfləri onun içində tapa biləcəklər.
Şair Musa Ələkbərli: Mən düşünürəm ki, bu müzakirədə yeddi türk dövlətinin hamısından təmsilçi olmalıydı. Yəni məsələni daha geniş müzakirə etmək lazımdır. Bundan sonra isə gəlinən sonucları dövlət başçılarına təqdim etmək olar. Əlbəttə ki, ictimai rəyin yaradılması yaxşı şeydir. Ümumiyyətlə isə əlifba bizim ağrılı yerimizdir. Və əgər bu məsələ tez həll edilərsə, xalqlarımız arasında yaxınlaşma da tez baş verər.
Azər Həsrət: Siz doğru buyurursunuz. Bu məsələ bütün türk toplumlarında müzakirə edilməlidir. Sadəcə mən bu haqda bilgi verməliydim əslində. İş ondadır ki, biz məsələni digər türk dövlətlərindəki uyğun şəxslərlə də müzakirə edirik. Sadəcə bu gün bu toplantını düzənləməklə məsələni bir az daha çevik bir şəkildə gündəmə gətirməyi düşündük. Sonrakı mərhələdə təbii ki, ortaq müzakirələr də təşkil edilməlidir.
Türk Aydın: Bu məsələ hələ uzun illər öncədən qaldırılmışdı. 1991-ci ildə biz təklif edirdik ki, Türkiyə əlifbası çərçivə kimi qəbul edilsin. Yəni 29 hərf bütün türk xalqları üçün yetərli ola bilər. Həmin dövrdə mən bu yanaşmaya görə ciddi tənqid edilirdim. Əslində isə amacım Azərbaycanla Türkiyəni bir-birinə bağlamaq idi. Mənim fikrimcə Turan dünyasının mənəvi fəzasını qəbul etmək üçün hansısa xırda qüsurlara yol vermək olar. Ancaq təklifim keçmədi. Onu da deyim ki, bu məsələdə Azərbaycan və Türkiyə daha fəaldır. Burada deyildiyi kimi ortaq əlifbanın tətbiqi üçün Qırğızıstanda yaxşı imkan var. Türkcə dünyanın böyük dilidir. Ümumiyyətlə isə türk anlayışı çox genişdir. Biz Turan naminə kürəsəlləşmə içində yerəlləşmə məsələsinə diqqət yetirməliyik.
Şair Yusif Nəğməkar: Mən deyərdim ki, bu yöndə Ramiz Əskərin fəaliyyətləri təqdir edilsin. Yaxşı olardı ki, bu cür çalışmalara türkdilli ölkələrin nümayəndələri də qatılsın. Gərək biz özümüz bu yöndə rəy yaradaq ki, başqaları da ardımızca gəlsin. Biz ümumilikdə dilimizdəki qüsurları aradan qaldırmağa çalışırıq. Ortaq dilin formalaşması üçün deyiliş və yazılış fərqlərini aradan qaldırmalıyıq. Orfoepik məsələlər də nəzərə alınmalıdır. Bu cür tədbirlər ardıcıl olmalıdır. Burada qaldırılan sağır nun məsələsi çox vacibdir. İstərdim ki, bu, yazıda da öz əksini tapsın. Bir daha sizə təşəkkür edirəm və arzum budur ki, bütün ziyalılarımız məsələyə çevik münasibət bildirsin.
“Şərqin səsi” qəzetinin baş redaktoru Müşfiq Çobanlı:
Mən bu təklifi bəyənirəm. Əslində bu, bizim müqəddəs arzumuza çevrilməlidir. Biz türk dünyasının ortaq maraqları naminə güzəştlərə də hazır olmalıyıq. Ona görə də düşünürəm ki, “ə” hərfini üstü nöqtəli “e” kimi qəbul etmək olar. Həm də ümumilikdə Türkiyənin təklifləri qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə türklərinin sayı 90 milyondan çoxdur. Orfografiya və orfoepiya məsələlərinə diqqət yetirilməlidir. İlkin güzəştlər olmalıdır ki, məsələ tez həllinə qovuşsun. Əlbəttə ki, sizin təşəbbüsünüzü dəstəkləyirəm.
Ramiz Əskər: Mən düşünürəm ki, 34 hərfli əlifba çərçivə olaraq qəbul edilsin. “E” və “ə” dartışmasına da çox girmək lazım deyil. Hər kəs bu əlifbanın içindən özünə lazım olan qədərini qullana bilər.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramlı: Mən də bu tədbiri təqdir edirəm. Ancaq düşünürəm ki, say baxımından heç də az olmayan tatarların da fikirləri diqqətə alınmalıdır. Özü də bu məsələ bütün türk toplumlarında gündəmə gətirilməlidir. Məsələylə bağlı TürkSOY-a müraciət etmək və onu da işə cəlb etmək lazımdır. Həm də TürkPA ilə əlaqə saxlamaq lazımdır. Əlbəttə ki, kimsə bu məsələnin önündə olmalıdır. Çox yaxşı olardı ki, bütün QHT-lər bu işə qatılsın. Məncə bu işləri Ramiz Əskərin başçılığında görmək lazımdır. Özü də türk dünyasından mütəxəssislər cəlb etməklə. Əlbəttə ki, biz də yardımçı olmağa hazırıq. Təklifim odur ki, bu məsələdə TRT Avaz və ATV Int-lə işbirliyi edilsin. Türk diziləri yerinə bu cür məsələlərin müzakirəsi daha məqsədəuyğun olardı. Üzərimizə düşəni hər zaman etməyə hazırıq. Bizim birlikdə təhsil aldığımız başqa türk toplumlarından məzunlar var. Onları da cəlb edə bilərik. Özü də onlar Türkiyə türkcəsini ana dili səviyyəsində bilirlər. Bir də təklif edərdim ki, “x” və “ə” hərfləri ümumiyyətlə aradan qaldırılsın.
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlığı Mərkəzindən İlqar İlkin: Mən əlyazmada latına keçə bilmirəm. Çünki məktəbdə kiril əlifbasını öyrənmişik. İndi isə kompüterlə yazırıq. Nəzərə almaq lazımdır ki, Azərbaycan əlifbası 4 dəfə dəyişib. Həm də onu nəzərə almaq lazımdır ki, Azərbaycan dili daha zəngindir. Çünki biz 32 hərfi olan bir dilə sahibik. O baxımdan 32 hərfli əlifbadan 29 hərfliyə keçmək bir qədər çətin görünür. Yeri gəlmişkən deyim ki, əlifba dəyişdiyi üçün mən xeyli sayda kiril əlifbasında olan kitabları atmalı olmuşam. Təklifim budur ki, Türkiyə 29 hərflə bərabər öz məktəblərində təklif edilən əlavə 5 hərfi də tədris etsin. Ən məqbulu budur. Məsələylə bağlı dilçi alimləri bir yerə toplamaq lazımdır. Həm də bunun iqtisadi yönlərini müzakirəyə çıxarmaq faydalıdır.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: Məncə əsas olan nəticədir. Təklif edərdim ki, ortaq əlifba qəbul edilsin. Daha bir təklifim isə məsələ ilə bağlı Türk Zirvəsinə müraciətlə bağlıdır. Qoy onlar bir komissiya qursunlar. Alimləri cəlb etsinlər. Çünki bu proses bir qədər vaxt aparacaq.
Terminolog Firudin Əhmədov: Mən özüm maşın texnologiyası ilə işləyirəm. Bu cür təkliflərin hazırlanması yaxşı, ancaq icrası çətindir. Mən özüm də bu yöndə cəhdlər etmişəm. Əsas məqsəd türk xalqlarının yaxınlaşmasıdır. Bununla belə cəhdlər var, ancaq yaxınlaşma yoxdur. Maraqlı bir durum var ortalıqda. Bəzi türk diziləri xalqlarımızı daha yaxşı yaxınlaşdırır. Misal üçün “Kurtlar vadisi” kimi. Biz gərək sübutlarla yaxınlaşmanın faydalı yönləri haqqında danışaq. Özü də nəzərə almaq lazımdır ki, çağdaş informasiya texnologiyaları buna imkan verir. Əlifbalar arasında keçid asan məsələdir. Sadəcə məsələni kütləviləşdirmək üçün türk dilləri ortaqlaşmalıdır. Bunun üçün güclü türk dövlətlərinin imkanlarını bir yerə gətirmək lazımdır. Bilginiz üçün deyirəm ki, Dilmanc.az tərcümə proqramını biz hazırlamışıq və maraqlıdır ki, Türkcədən Azərbaycancaya çevirmə çox rahatdır. Çünki dilimiz eyni struktura malikdir. Grammatika uyğunlaşdırılmalıdır. Yeni sözlərdə ortaq mövqe olmalıdır. Bütün bunlar üçün gərək türkçülük iradəsi olsun. Ortaq sözlüklər, qarşılıqlı sözlüklər tərtib edilməlidir. Türk ləhcələri arasındakı dil yaxınlaşması təmin edilməlidir. Siyasi və iqtisadi məsələlər də nəzərdən qaçmamalıdır. Bu yöndə təcrübə yetərincədir və biz də yardım etməyə hazırıq.
Araşdırmaçı alim Aydın Mədətoğlu: Bu, çoxdan müzakirə edilən məsələdir. Hələ 1993-cü ildə Antalyada geniş müzakirələr olub. O vaxt rusca çıxışlar da edilmişdi. Həmin toplantıda 34 hərfli əlifba qəbul edilmişdi. Firudin bəy məsələyə konseptual yanaşır. Məsələylə bağlı qazaxlar və özbəklərlə də müzakirələr olub. Qıpçaqlar, oğuzlar və karluklar arasında tarixi ziddiyyətlər var. Ona görə də Ziya Gökalp öncə Oğuz Birliyi, ardından da Turan Birliyi fikrini irəli sürürdü. “X” məsələsində Müşfiq bəylə razıyam. İncə və qalın “k” məsələsi də var. Əlifba yığcam olmalıdır. Belə olanda tez anlaşılır. Hərflərdə olan nöqtə ciddi məsələdir. Sağır nun məsələsi alqışlansın. “W” hərfinin də olması gərəklidir. Ümumiyyətlə isə təşəbbüs dəstəklənsin. Məsələdən türk dövlət başçılarının xəbəri var və məncə təkrar xəbər verilməlidir.
Dünya Azərbaycanlıları Kongresi Gənclər Təşkilatının sədri Seymur Həsənli: Əgər hədəfimiz türk birliyidirsə Güney Azərbaycan məsələsi də unudulmamalıdır. Turana gedən yol Güney Azərbaycanın azadlığından keçir. Ümumilikdə oğuz türklərinin sayı 150 milyonun üzərindədir. Bu da nəzərə alınmalıdır. Biz gənclər olaraq bu yöndə hər addımı dəstəkləyirik. Önəmli olan ortaq türk dilinin yaradılmasıdır. Məsələnin iqtisadi tərəfi də önəmlidir. İlk öncə ortaq türkcədən siyasilər, başqa xadimlər istifadə edər. Hətta ortaq türkcəni bütün türk dünyasında mütləq şəkildə tədris etmək olar.
“Müasir İnkişaf” İctimai Birliyindən Tariyel Faziloğlu: Ortaq əlifba önəmli məsələdir. Məncə Azərbaycan əlifbası bütün türk dünyası üçün keçərli əlifbadır. “W” məsələsinin əleyhinəyəm. Eləyə qalsa gürcülər və ermənilərin əlifbası büsbütün fərqlidir. İngilis dilində olan bütün hərflərin qəbulu mütləq deyil. Biz qürurlu millətik. “Ə” və “x” varsa işlənəcək əlbəttə. Babalarımız işlədib. Bu sahədə yetərincə mütəxəssis yoxdur. Məsələylə həvəskar səviyyədə məşğul olmaq düzgün deyil. 29 hərfli Türkiyə əlifbasına əlavələr edilməlidir. Digər əlifbalarda qüsurlar var. Azərbaycan əlifbası isə ən mükəmməlidir. Ortaq əlifbanın qəbul edilməməsi Rusiyanın təzyiqi ilə olub. İmperialist güclər buna imkan vermir. İstanbul ləhcəsi rum təsirlidir və onu qəbul etmək yanlış olardı.
Son çıxışlar
Əkbər Qoşalı: Mən sizin hər birinizə təşəkkür edirəm ki, məsələyə bu qədər həssas yanaşırsınız. Çox sevindiricidir ki, bizim düşünən beyinlərimiz ortaq əlifba məsələsində bu qədər ciddidirlər. Ümid edirik ki, bu yöndə çalışmalarımız ən qısa zaman ərzində sonuc verəcək və biz bütün türklərin eyni əlifbadan istifadə etdiyini görə biləcəyik.
Azər Həsrət: Mən hər bir çıxışı diqqətlə dinlədim. Doğrudan da çox sevindirici müzakirələr getdi. Hər kəsin fikirləri bizim üçün dəyərlidir. Ancaq bir neçə məsələyə də fikir bildirmək zərurəti hiss edirəm. Hər şeydən öncə bilməmiz lazımdır ki, ortaq əlifbanın oluşması üçün bütün türk xalqları bu və ya digər şəkildə güzəştə hazır olmalıdır. Biz, əlbəttə ki, qürurlu millətik. Ancaq nəzərə almaq lazımdır ki, ortaq məsələlərimizdə qüruru bir tərəfə buraxmalı və qarşı tərəfi də düşünməliyik. Ümumiyyətlə isə, mən düşünürəm ki, hazırda təklif etdiyimiz əlifba çərçivə kimi qəbul edilərsə yaxşı olar. Yəni hər bir türk xalqı bu çərçivədən özünə lazım olan hərfləri qullana bilər. Son olaraq sizin hər birinizə Konseyimiz adından təşəkkür edirəm. Bir təşəkkürü də Azərbaycanda Atatürk Mərkəzinə və onun rəhbəri, millət vəkili, Prof. Nizami Cəfərova ünvanlamaq istərdim. Düşünürəm ki, bu müzakirələrdən sonra Türk Zirvəsinə ünvanlayacağımız çağırış da öz bəhrəsini verəcək.
Ramiz Əskər: Son olaraq hər kəsə səbr və anlayışına, tədbirdə fəallığına görə təşəkkür edirəm. Bu günkü müzakirəmiz çox faydalı oldu. Bu baxımdan müzakirəni təşkil edən Yeddi Dövlət – Bir Millət Konseyinə və Dünya Gənc Türk Yazarlar Birliyinə də təşəkkür edirəm. Çox faydalı bir işin qulpundan yapışmışıq. Hər biriniz çox sağ olun. Toplantımız sona çatdı.
Bakı, Yalquzaq.com, 10.09.2010.
My Webpage
Toplantıdan görüntülər
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.