Şəhərdən ayrılıram, şəhərin sağında və solunda başı qarlı dağlar görünür - əzəmətli, vüqarlı dağlar. Bir qədər aralıda Qıraq Kəsəmən kəndi göz oxşayır. Bu kənd hər zaman igidləri, ərənləri, mərdləri ilə seçilən bir kənddir. Adıbəlli İsrafil ağanın, Qaçaq Kərəmin, şair Nüsrət Kəsəmənlinin kəndidir Qıraq Kəsəmən kəndi. Qarşıdan isə Poylu kəndi və Poylu qəsəbəsi görünür xalq şairi Nəriman Həsənzadənin doğulduğu məkan.
Poylu körpüsündən keçirəm dəli Kür lal-dinməz, sakitcə axırdı, sahil boyunca Qarayazı meşəsi uzanırdı. Saloğlu kəndinə çatar-çatmaz mobil telefonuma zəng gəlir, düyməni basıb bəli deyirəm. Tanış bir şəxs sabahınız xeyr, İlyas müəllim, Bakıda nə var, nə yox, havalar necə keçir, şəxsi işlərin necədir, ailə üzvlərinə məndən salam çatdır – deyir. Çox sağol deyə cavab verirəm, təəssüflər olsun ki, Bakıdan dünən çıxmışam, artıq sənin kəndinə yaxınlaşıram. Tanışım, nə yaxşı – deyə sevinir.
-Sən Allah, Soyuqbulaqda düşərsən, mütləq qarşılayacağam. Elə də edirəm, heç 15 dəqiqə keçməmiş qatar Soyuqbulaqda dayanır, qatardan düşərkən gözlərimə inanmıram. Tanışım gülə-gülə mənə yaxınlaşır. Öpüşüb-görüşürük, hal-əhval tutduqdan sonra Köçvəlili kəndinə tərəf addımlayırıq. Və nəhayət tanışımın anası, bacısı və oğlu mənə xoş gəldin deyərək süfrə arxasına dəvət edirlər. Masa arxasında əyləşib bu gözəl ailənin duz-çörəyini dadıram, xörəklərini yeyib çaylarını içirəm, göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib yolçu yolda gərək deyib sağollaşıram, əlqərəz, asfalt yola çıxıram və bu zaman mikroavtobus mənə yaxınlaşıb dayanır, tanışımla bir daha sağollaşıb mikroavtobusa minirəm. Növbəti kənd Muğanlı kəndidir – xalq yazıçısı İsa Hüseynovun (İsa Muğanna), xalq artisti Baba Mahmudoğlunun, şair Gülməmməd Hüseynovun və aşıq Maksimin (mən ondan soruşanda nə üçün məhz Maksim o isə deyərdi ki, rəhmətlik atam rus yazıçısı Maksim Qorkini çox sevərmiş və onun şərəfinə mənim adımı Maksim qoymuşdu) kəndidir. Və nahəyət son dayanacaq, son ünvan Sadıxlı kəndi. Yanacaq doldurma məntəqəsinin yaxınlığında mikroavtobusdan düşürəm. Hər dəfə yolum bu kəndə düşən də mərhum Dursun Bayramovun evini ziyarət edirəm, bu mənim onunla kəsdiyim duz-çörəyə sadiqliyimdən irəli gəlir, onun ailə üzvləri ilə görüşərkən elə sanıram ki, onun da ruhu şad olur.
Dursun Bayramov sağlığında el-obada böyük nüfuza malik insan idi, bu gün də onu hörmətlə yad edirlər, ona Allahdan rəhmət diləyirlər. O elinə-obasına bağlı bir insan idi, cavan yaşında el ağsaqqalı sayılırdı. Dursun Bayramov elin oğlu olduğu üçün evdən yox, eldən gedib. Allah rəhmət eləsin, qəbri nurla dolsun, məkanı cənnət olsun deyirəm.
Budur D.Bayramovun evinin həyətindəyəm, məni mərhumun həyat yoldaşı Tamella xanım, oğlu Rövşən, gəlini Bahar və kiçik nəvəsi Rəhman qarşılayırlar. Xoşgəldiniz deyərək məni evə dəvət edirlər. Dəvəti məmuniyyətlə qəbul edib evə keçirəm, masa arxasında əyləşirəm. Tamella xanım və gəlini çay tədarükü görürlər, masanın üstünə mürəbbələr, şirniyyatlar düzürlər, meyvələr qoyurlar. Özləri də masa arxasına keçib mənimlə birlikdə çay içirlər. Çay içə-içə gəlişimin məqsədini-məramanı soruşurlar. Gəlişimin xoşməramlı olduğunu deyirəm; - bir-iki yerə dəyməliyəm. Sabah sizinlə xüsusi görüşüm var, mütləq evdə olun, onsuz da sabah istirahət günüdür hamı evdə olacaq – deyə Rövşən cavab verir. Hələlik sabaha qədər deyib evdən çıxıram, növbəti ünvana gedərkən yolda daha bir tanışıma rast gəlirəm. Tanışım, İlyas müəllim, bu da mənim evim deyir, gedək mənim qonağım olun, yoxsa sizdən inciyərəm, mən isə hökmən axşam sənin qonağın olacağam, ürəyini buz kimi saxla, bir-iki ünvana dəyməliyəm.
Sözümə xilaf çıxmamaq üçün axşam Barat Abbasoğlunun qonağı oluram, sağ olsun, məni yüksək səviyyədə qarşılayır, yeyib-içib dərdləşirik və bu zaman daha bir tanışım bura gəlib məni xəbər alır, ev sahibi mənim qonağımdır – deyir və onu da süfrə arxasına dəvət edir. Təzə gələn tanışım, İlyas müəllim, atamla əmim evdə sizi gözləyirlər, məni sizin arxanızla göndəriblər nə deyirsiniz, mən də öz növbəmdə deyirəm ki, gecəni sizdə qalmağı planlaşdırmışam. Çörəyimizi-xörəyimizi yeyək, yoxsa ev yiyəsi məndən də, səndən də bərk inciyər, Baratın xasiyyətinə yaxşı bələdəm, Barat da mənim dediklərimi təsdiqləyir, bizimlə bir tikə çörək kəs, sonra gedərsiniz -deyir. Yeyib-içdikdən sonra arxamca gəlmiş Kərimlə onlara gedirəm. Məni çox mehribancasına qəbul edirlər, ay saçı-saqqalı ağarmış, gözümüzün kökü saraldı gəlib çıxsana deyir ev yiyəsi.
Nə isə... gecəni burada gecələyib səhər təzdən oyanıram. Əl-üzümü yuyub, səhər yəməyini yeyib, ev sahiblərinin hər birisinə sağol deyib dostumla görüşmək üçün üz tuturam Gürcüstana. Dostumla görüşdükdən sonra geri Sadıxlı kəndinə qayıdıram, gömrük nəzərət postunu keçərkən daha bir tanışımla rastlaşıram. Hal-əhval tutduqdan sonra gənc gömrük zabiti, şair əmi, bəs haçan mənim qonağım olacaqsınız?
-Sağlıq olsun görüşərik deyirəm.
-Deyəsən tanımadınız?
-Heç elə şey olar, sən İsrafil müəllimin oğlusan -deyirəm.
-Maşallah, güclü hafizəniz var. Mən sizi ilk dəfə görəndə, demək olar ki, 15-16 yaşım olardı.
-Elədir, deyirəm, cavan oğlan, illər öz hökmünü icra edir, yaş üstə yaş gəlir, insan dəyişir dəyişməyən varsa o da qoca dünyadır. Qarşılayıb bir-bir yola salır, sən mənə baxanda çox gəncsən gələcək xoş günlər səninlə olsun, arzularına-çatasan, ailə sahibi olasan, oğul-qız atası olmaq arzulayıram sənə, qəm yemə gələn dəfə mütləq sənin qonağın olacağam. Məşhur bir mahnıda deyildiyi kimi “Gözlə gələcəyəm qurbanın olum”. Allah amanında, gənc zabit...
Gömrük nəzarət postunu maneəsiz keçib Dursun Bayramovun ailəsinin yaşadığı evə yaxınlaşıram, ay ev yiyəsi – deyib qapını döyürəm. Rövşən qapını açıb, buyurun içəri keçin –deyir.
-Qayınananız sağlığında görünür sizi çox istəyirmiş, indi istəməsin lap günorta yiməyinin üstünə gəlmisiniz, görünür qismətli adamsınız.
-Bəli deyirəm, qardaşoğlu, qonağın ruzisi özündən qabaq gəlir, buna şəkk-şübhən olmasın, mən də görünür Allahın sevimli bəndələrindən biriyəm.
Bu ailənin süfrəyə-masaya düzdüyü xörəklərdən iştahla dadıram və Allah ruzinizi bol etsin, mən yedim azaltdım, Allah min əvəzini versin, qardaşoğlu, süfrən, evin-eşiyin həmişə qonaqlı-qaralı olsun deyib keçirəm əsas mətləbə.
-Rövşən bəy və Bahar xanım, xahiş edirəm ki, sizə verəcəyim sualları cavablandırasınız. Hər ikisi üzümə baxıb bir ağızdan dillənirlər:
-Hansı hünərimizə, qəhrəmanlığımıza görə bizdən müsahibə götürürsünüz?
-Əmək qəhrəmanı olmaq o qədər də şərt deyil. Hər bir zəhmətkeş insanın cüzi də olsa Vətənə, dövlətə və xalqa xidmətləri var. Məncə hər ikiniz bu şərəfə, hörmətə layiqsiniz deyirəm və ilk sualımı Rövşənə ünvanlayıram.
-Rövşən, neçənçi ildə doğulmusan?
-1972-ci ildə Ağstafa rayonunun Sadıxlı kəndində Dursun Aslan oğlunun və Tamella Əmir qızının ailəsində dünyaya göz açmışam, ailənin ilk övladıyam.
-Neçənçi ildə birinci sinifə getmisən və neçənçi ildə orta məktəbi bitirmisən?
-1980-ci ildə ilk dəfə əlimə çanta götürüb Sadıxlı kənd orta məktəbinin birinci sinifinə getmişəm, 1990-cı ildə orta məktəbi müvəffəq qiymətlərlə bitirmişəm. Elə həmin ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsinə qəbul olunmuşam, 1995-ci ildə akademiyanı bitirmişəm.
-Əmək fəaliyyətinə nə vaxt və harada başlamısan?
-İlk dəfə əmək fəaliyyətinə 2000-ci ildə başlamışam. Ağstafa rayon Baytarlıq İdarəsinin Böyük Kəsik sahəsində bayratlıq idarəsinin müdiri qismində və bu günə qədərdə burada işləyirəm. Baytarlıq İdarəsinin əsas vəzifəsi iri və xırdabuynuzlu heyvanların vaxtlı-vaxtında peyvəndlənməsi, vaksinasiya və müalicə proflaktika işlərini yerinə yetiririk, bir nəfər texniki işçi var. Bizə tapşırılan işlərin öhdəsindən layiqincə gəlirik. Bütün lazım olan dərmanlar və vaksinlər Rayon Baytarlıq İdarəsi tərəfindən təmin olunur.
-Peşəni sevirsənmi?
-Sevməsəydim bu peşəyə yiyələnməzdim, rəhmətlik atam Dursun kişi də heyvandarlıq üzrə mütəxəssis idi, bəlkə də atamın iş yerində tez-tez olduğum üçün heyvanlara olan marağım məni bu addımı atmağa vadar etdi. İşimə çox həvəslə yanaşıram. Bir sözlə, bu peşəni seçdiyim üçün heç də peşman deyiləm, əksinə peşəmi çox sevirəm. Axı heyvanların da insanlar kimi sevgiyə, qayğıya ehtiyacları var.
-Həyatda hər bir adamın kədərli və sevincli anları olur, sən də bu hissləri yaşamısanmı?
-Əlbəttə, kədərli və sevincli anlar hər bir kəsin həyatında baş verir. Mən də bu hissləri yaşamışam, ən kədərli anlarım kiçik qardaşım Rəhmanı və atam Dursunu vaxtsız itirdiyim illər olub. Ancaq nə etməli, həyatın öz qanunları var. Ən sevincli anım isə ilk övladımın dünyaya gəlməsidir. Cavid doğulanda sevincimdən qanad açıb uçmaq istəyirdim, çünki ata olmuşdum.
-Neçə övladın var?
-Üç övladım var iki oğlan, bir qız. Böyük oğlum Cavid hal-hazırda əsgərdir. Qızımın adı Cəlalə, kiçik oğlumun adı Rəhmandır. (Şəhid qardaşım Rəhmanın adını vermişik, torpağı sanı ömür sürsün).
-Kənd həyatından məmunsanmı?
-Mən kənddə doğulmuşam, necə ola bilər ki, kənddə doğulasan kənd həyatını sevməyəsən. Kəndin abu-havası tamam başqadır. Artıq qış günləri başlayır, evlərdə sobalar quraşdırılıb, təbii ki, bizim kənddə mavi yanacaq olmadığı üçün bütün kənd əhli odun sobalarından istifadə edirlər. Kəndin havası şəhərin havasından min dəfə təmizdir, içməli suyu da insan sağlamlığı üçün çox faydalıdır. Kəndlinin gündəlik qayğıları başından aşır, mal-qaraya, qoyun-quzuya qulluq edir, ev quşlarını yemləyir, bir sözlə, başını qaşımağa vaxtı olmur.
-Kəndin məşhur adamları kimlərdir?
-Əməkdar müəllim İsmayıl İmanov, Qulu Əfəndiyev və kəndin vətən, torpaq uğrunda şəhid olmuş oğulları – Məmməd, Əhməd, Rəhman, Məcid, Habil, Qərib, Mahir və Ariz.
-Həyatda istəyinə - arzularına çatmısanmı?
-Belə demək mümkünsə 100% dən 60%-ə qədər çatmışam, qalır 40%-i. Sağlıq olsun geridə qalanlara da Allahın köməkliyi ilə çataram, təki sağlıq olsun.
-Ədəbiyyatı necə sevirsənmi?
-Çingiz Aytmatovun, Mirzə İbrahimovun və T.Drayzerin əsərlərini sevə-sevə oxuyuram. Demək olar ki, günüm mütaliəsiz keçmir.
-İnsanlara arzun-diləyin?
-İnsanlara birinci növbədə həyatda ən gözəl nemət olan cansağlığı, xoşbəxtlik, səadət, ailə sevinci və gözəl günlər – gözəl rifah, sülh-əminamanlıq arzu edirəm.
Növbəti müsahibəm Rövşən bəyin xanımı –həyat yoldaşı Bahar xanımla oldu. Bahar xanıma da ənənəvi suallar verirəm.
-Neçənci ildə və harada anadan olmusan?
-1977-ci ildə Qazax rayonunun dilbər bir güşəsində, dağlar qoynunda yerləşən Çaylı kəndində anadan olmuşam. 1984-1994-cü illərdə Çaylı orta məktəbində təhsil almışam. 1994-cü ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Qazax filialının mamalıq fakültəsinə qəbul olmuşam, 1996-cı ildə institutu bitirmişəm.
-Neçənci ildə ailə həyatı qurmusan?
-31 dekabr 1997-ci ildə qız evində toy olub, 1 yanvar 1998-ci ildə oğlan evində toy olub. Bu da mənim evlənmə tarixim.
-Qadın kimi xoşbəxtsənmi?
-Allaha şükürlər olsun ki, gözəl ailəm var, üç övlad anasıyam, övladlarımın hər üçü mənə əzizdir, onlarla nəfəs alıram.
-Əmək fəaliyyətinə neçənci ildə və harada başlamısan?
-Əmək fəaliyyətinə 2006-cı ildə başlamışam. Ağstafa raoyununun Muğanlı kənddində - Muğanlı kənd xəstəxanasının mamalıq şöbəsində tibb bacısı işləyirəm. Bir tibb bacısı kimi xəstələrə - gənc analara tibbi xidmət göstərirəm.
-Qadınlarda bir qadın kimi hansı cəhətləri sevmirsən?
-Həddindən artıq aşıq-saçıq geyinməyi, bəzək-düzəyə çox vaxt sərf etməyi, qeybətçiliyi, ikiüzlülüyü sevmirəm. Hər kəs olduğu kimi görünməlidir. Allahın bəxş etdiyi gözəllik süni gözəllikdən daha üstündür.
-Hansı xarici dilə üstünlük verirsən?
-Mən fransız dilini öyrənirəm, həyat yoldaşım Rövşən alman dilini öyrənir.
-Düş-biş işlərini necə sevirsənmi?
-Milli xörəklərimizin əksəriyyətini bişirə bilirəm, aşı, gürcü xəngəlini, yarpaq xəngəlini, dolmanı, bozartmanı həvəslə bişirirəm. Gözəl, qəşəng tortlar hazırlayıram, düş-biş işlərini hər bir qadın bacarmalıdır. Kişinin qəlbinə yol məhz mədədən başlayır.
-Ailədə neçə övlad olmusunuz?
-Ailədə 6 övlad olmuşuq – 5 oğlan, 1 qız. Ailənin ən sevimli övladı mən olmuşam. Çünki 5 qardaşın 1 bacısıyam.
-Həyatda idealın varmı?
-Həyatda hər insanın öz idealı olduğu kimi mənim də öz idealım var. İdealım anam Tərlan xanım, Münəvvər həkim və Sona həkimdir.
-Övladlarına nə arzu edərdin?
-Əvvəla cansağlığı, səadət, xoşbəxtlik, gözəl günlər arzulayıram. Ailə üçün, Vətən üçün, Xalq üçün layiqli övladlar olsunlar və bu arzuları bütün övladlara ünvanlayıram.
Müsahibə üçün Rövşən bəyə və Bahar xanıma öz minnətdarlığımı bildirirəm. göstərdikləri qonaqpərvərliyə görə çox sağol deyirəm. Övladlarınızın barını dərəsiniz. Səadət-xoşbəxtlik sizlərlə olsun – deyib ayrılıram.
İlyas Əfəndi Vəfalı,
"Şərqin səsi" qəzeti,
2018
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.