BU GÜNÜN ŞAGİRDLƏRİ...

BU GÜNÜN ŞAGİRDLƏRİ... Redaksiyamız respublikamızın
bir çox məktəbləri ilə
yaxından əməkdaşlıq edir.
Belə məktəblərdən biri də
Bakıdakı ingilis dilini dərindən öyrədən
27 nömrəli tam orta məktəb
dir.
Bu nümunəvi məktəbdə keçirilən ədəbi-bədii gecələr, müxtəlif fənlərdən olimpiadalar, müsabiqələr, əmək və müharibə veteranları,
şair və yazıçılarla görüşlər, idman yarışları və
tarixi günlər mütəmadi olaraq
əməkdaşlarımızın daim
diqqət mərkəzindədir.
Keçirilən bu tədbirləri
vaxtaşırı qəzetimizdə dərc edirik.
Bu saymızda isə 3-cü “ç” sinifinin
bir neçə əlaçı şagirdindən söz açacağıq.


Elçinin arzusu neft mühəndisi olmaqdır...

Ömür beşikdən başlanır. Tanrının bəxş etdiyi ömür payımızda bizə daim qanad verən ali hisslər, duyğular var. Vətən, Torpaq, Millət, Ata, Ana sevgisi, baba-nənə məhəbbəti, fəsillərin dəyişməsi - rəngləri - çalarları, doğma “Ana” dilimiz və bu dildəki “qəhrəmanlıq dastanları”, “xalq nağılları”, “bayatılar”, “laylalar”, eşitdiyimiz zərif səslər, oxuduğumuz ilkin nəğmələr, bir sözlə, bizim hamımız yaşadığımız ömür payımızda dünyanın bütün sirlərini, sehirlərini məhz, bu kövrək duyğularda dərk etmişik, arzularda yaşamışıq.
Haqqında söz açdığımız Elçinin də kiçik qəlbində pöhrə arzuları yaşayır.
Baxışov Elçin Qalib oğlu 2006-cı il dekabrın 30-da Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Uşaq ailənin təməl daşıdır, ata-ananın barıdır-bəhrəsidir. Bu mənada Elçin də Tanrının Baxışovlar ailəsinə bəxş etdiyi ən əziz varlıqdır. Onun adını özündən böyük qardaşı Elxan qoymuşdur. Baxışov Elxan hazırda 27 nömrəli tam orta məktəbin 8-ci sinfinfə, Elçin isə 3-cü “ç” sinfində təhsil alır.
Hər iki qardaş müəllimlər nəslinin davamçısıdır. Onların (mərhum) ata babaları Alıisgəndər müəllim ömrünün sonuna kimi təhsil sistemində çalışmışdır. Ana babaları Baxış müəllim isə hazırda orta məktəbdə bədən tərbiyəsi fənnini tədris edir.
Elçin dərs əlaçısıdır. Sinif müəllimi Afət xanım Məmmədova şagirdi haqqında xüsusi razılıqla söz açdı: “Elçin dərslərinə çox ciddi yanaşır. Çalışqan və məsuliyyətlidir. Düşüncə qabiliyyəti yüksəkdir. Çətinlikdən qorxmur, qarşısına qoyduğu məqsədinə çatmağa çalışır. Hər şeyi bilməyə, birinciliyə can atır. Davranış qaydalarına riayyət edir. Xarakter etibarı ilə həssas və xeyirxahdır. İctimai işlərdə, sinif tədbirlərində yüksək fəallıq göstərir. Üstün cəhətlərindən biri də əməksevərliyidir. Mən bir müəllim kimi Elçindən çox razıyam. Onun parlaq gələcəyi var”.
Elçini atası Qalib bəy, anası Samirə xanım, babası Baxış müəllim, nənələri - Anaxanım və Gülnar xanım sonsuz məhəbbətlə sevirlər. Və onun parlaq gələcəyinə böyük ümidlər bəsləyirlər.
Məktəbli oğlan dərsdənkənar vaxtlarında əlavə kitab oxuyur, məsələ-misal həll edir, kompüterdə dünyada baş verən yeniliklərlə maraqlanır. Ingilis dilini mükəmməl öyrənməyə çalışır. Məktəblilərə aid filmlərə baxır, təhsildən bəhs edən verilişləri izləməyi də unutmur. Sağlamlığını qorumaq məqsədilə Sərhədçi İdman Kompleksində idmanın üzgüçülük növü ilə məşğul olur.
Elçinin arzuları çoxdur. O, gələcəyin peşəkar neft mühəndisi olmaq, neft sənayesinin güclü inkişafında öz xidmətlərini göstərmək, dövlətə sədaqətlə qulluq etmək arzusundadır. Örnək götürdüyü insan isə elmin, texnikanın inkişafında əvəzsiz xidmətləri ilə dünya şöhrəti qazanan böyük Azərbaycan alimi Lütfizadədir. Belə bir dahi alimin elmimizə bəxş etdiyi nəzəriyyələri əsasında bütün gücü ilə çalışaraq, Elçin də neft sahəsində uğurlu mütəxəssis kimi tanınmaq arzusundadır. Ən əsası isə öz xidmətləri ilə Vətənimizə, dövlətimizə layiqli övlad, yararlı vətəndaş olmaq niyyətindədir.
Bu gün o, orta məktəbdə böyük səylə çalışır, oxuyur-öyrənir, elm dəryasının dərinliklərinə gedərək, hər dürdən bir inci kəşf edir.


BU GÜNÜN ŞAGİRDLƏRİ... Onu hər kəs tanısın!

Cəmiyyət inkişaf etdikcə, özü ilə birlikdə həyatın nəbzini tutan, aydın fikirli, ağıllı addımlar ataraq, yüksəkliyə ucalmaq istəyən uşaqlar, yeniyetmələr yetişdirir. Belə uşaqlardan biri də Aysudur.
Əsgərova Aysu İlham qızı 2007-ci il avqustun 21-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Onun adını nənəsi Rəna xanım verib. Aysu adı kimi safdır, gözəldir.
Məktəbəqədərki dövrdə anası Türkan xanım ona yazmağı, saymağı öyrədib. Hələ uşaq yaşlarından rəsm və digər əl işlərinə çox həvəs göstərib.
Aysu hazırda 27 nömrəli tam orta məktəbin 3-cü “ç” sinfində təhsil alır.
Anası deyir ki, Aysu yaşıdlarından çox fərqlənir. O, ürəyiaçıq, dərin düşüncəli, məntiqli bir qızdır. Böyüklərə hər zaman hörmət bəsləyir. Özündən kiçiklərə isə qayğı ilə yanaşır.
Qardaşı hələ körpədir. Aysu ev tapşırıqlarını yerinə yetirdikdən sonra Yunisə diqqət ayırmağı, onu əyləndirməyi, şənləndirməyi də unutmur.
Onun ilk uğuru birinci dəfə “5” qiymətini aldığı gün olub: “Həmin gün çox qürurlu və özümə inamlı idim deyir”.
Sinif müəllimi Afət xanım Məmmədova da öz şagirdi haqqında xoş rəydədir: “Aysu çox ağıllı, istedadlı, nizam-intizamlı və səmimi qızdır. Başqa şagirdlər uşaq qaynarlığına malik çox oynamağı, danışmağı, gülməyi, xoşladığı halda Aysu əksinə, sakitliyi, kənardan hər şeyi izləməsi, yoldaşları ilə olduqca mehriban rəftarı ilə fərqlənir və həm də sevilir. Əlaçıdır, verilən tapşırıqları sərbəst və düzgün yerinə yetirir. Səliqəlidir, dərs ləvazimatlarını qoruyur, sinif tədbirlərində fəaldır. Şeirə, ədəbiyyata, musiqiyə, rəsm çəkməyə marağı böyükdür. Hər bir işdə özü müstəqil qərar vermək bacarığına malikdir. Mən fəxr edirəm ki, xalqımızın belə hərtərəfli inkişaf etmiş övladları var. İnanıram ki, Aysu özünün fitri istedadı və parlaq gələcəyi ilə Vətənimizin, xalqımızın layiqli bir vətəndaşı kimi yetişəcəkdir”.
O, təhsildən əlavə vaxtlarında şeir öyrənməyi, kiçik nağıllar oxumağı, televiziyada intellektual səviyyəli verilişləri izləməyi və rəsm çəkməyi çox sevir. Gördüyü bütün gözəllikləri ağ kağız üzərində yaşına uyğun tərzdə təsvir edir və bundan böyük zövq alır. Yay tətilində rəsm dərnəyinə gedir. Dünyagörüşünü artırmaq məqsədilə doğmaları ilə gözintiyə çıxmağı, kukla teatrına və uşaq tədbirlərinə getməyi də xoşlayır.
Aysu gələcək peşə seçimində hələ ki, tam qərarlı deyildir. Amma, əlaçı şagirdimiz seçəcəyi peşəsindən asılı olmayaraq, gələcəkdə ən mükəmməl kadrlardan biri kimi püxtələşməkdə çox qərarlıdır. Kim bilir, bədii yaradıcılıqda rəsmə üstünlük verən Aysu bəlkə, illər ötdükcə, ata babası Rasim Əsgərovun əsərlərindən bəhrələnəcək, qadın rəssamı kimi tarixə düşəcəkdir.
Biz də öz növbəmizdə arzu edirik ki, Aysunu gələcəkdə seçəcəyi peşəsindən asılı olmayaraq, tanınmış insan kimi görək və onun uğurlarına valideynləri ilə birlikdə biz də sevinək!

BU GÜNÜN ŞAGİRDLƏRİ...Ay kimi, gün kimi parlaq Nuray...

2006-cı ilin son ayı, soyuq, şaxtalı qış fəsli Abbasovlar ailəsinə ən gözəl hədiyyəsini də gətirmişdir. Həmin ildə dekabr ayının 6-da ziyalı ailənin ilk və sevimli övladı Abbasova Nuray Samir qızı dünyaya gəlmişdir. Ona bu gözəl adı nənəsi Yeganə xanım verib. Mənası hər zaman “həyatının ay kimi, gün kimi parlaq keçəcəyinə inam”ı bildirir. Valideynlərinin söylədiyinə görə üzü-gözü daima işıq saçan Nuray elə körpəlikdən hamı tərəfindən sevilib. Sakitliyinə, ağlına və mehribanlığına görə fərqlənib.
Hələ uşaqlıqdan yazmağa, oxumağa böyük maraq göstərən Nuray hazırda təhsil aldığı sinfin nümunəvi şagirdidir. İndi o, 27 nömrəli tam orta məktibin 3-cü “Ç” sinfində oxuyur.
Nurayın valideynləri ali təhsillidir. Atası Samir bəy seçdiyi sahəsnin kamil bilicisi, anası Pərvanə xanım isə ixtisasca ingilis dili müəllimidir. Özündən kiçik qardaşı Nurlan da bu məktəbdə 1-ci sinifində təhsil alır.
Qeyd etdiyimiz kimi məktəbli qız tədris olunan bütün fənləri eyni həvəslə öyrənir və dərslərindən əla qiymətlər alır. Onun ən çox sevdiyi fənn riyaziyyat və ingilis dilidir.
Sinif müəllimi Afət xanım Məmmədova əlaçı şagirdini belə xarakterizə etdi: “Nuray çox ağıllı, istedadlı, olduqca həssas və çalışqan qızdır. Dərslərdə, sinifdaxili tədbirlərdə, xüsusilə riyaziyyat dərslərində çətin çalışmalar işlədikdə daha çox fəallıq göstərir. Davamiyyəti və özünü idarəetmə qabiliyyəti müsbətdir. Yoldaşları ilə mehriban davranır. İstənilən mətni ifadəli şəkildə üzündən oxuyur. Musiqiyə, rəsm çəkməyə, şahmat oynamağa marağı böyükdür. Məktəbdə “Gənc Heydərçilər” təşkilatının üzvüdür. Məqsədinə çatmağa qərarlıdır. Daim birinciliyə, qalibiyyətə can atır. Mən Nurayın işıqlı gələcəyinə indidən inanıram”
Nuray ibtidai sinif müəllimi Afət xanımı çox sevir və onu özünə ideal şəxsiyyət hesab edir.
Onun həyatında ən maraqlı gün ilk dəfə məktəb həyatına başladığı gündür. Məktəbə ilk qədəmlərini qoyan hər bir şagird kimi Nuray da həmin gün çox həyəcanlı və sevincli olub. Bu günün xüsusi özəlliyi onun ilk müəllimi, sinif otağı və ilk məktəbi ilə tanışlığında idi.
Məktəbli qız asudə vaxtlarını da səmərəli dəyərləndirməyə çalışır. Belə vaxtlarda o, kiçik nağıllar, hekayələr, uşaq ensiklopediyası, dinimizdən bəhs edən kitablar oxumağı çox sevir. Eyni zamanda məsələ-misal həll edir, təhsilə aid verilişləri izləyir və şeir əzbərləyərək, boş vaxtından düzgün bəhrələnməyə çalışır.
Nurayın arzuları böyükdür. Özü hələ kiçik olsa da, artıq, gələcəkdə hansı sənətə yiyələnmək istəyinə qərar verib. Məktəbli qız deyir ki, mən gələcəkdə iqtisadçı olmaq, bankda çalışmaq arzusundayam. İmkanım olan kimi əvvəl qocalara, daha sonra ata-ana himayəndəsindən məhrum olan uşaqlara və imkansızlara kömək etmək niyyətindəyəm. Ən böyük arzum isə gələcəkdə xeyriyyəçi kimi yeni məktəb binası, uşaq bağcası, xəstəxana və ziyarətgah tikdirməkdir.
Nuray isti ailə ocağında valideynlərinin, babasının, nənəsinin qayğısı, nəvazişi ilə böyüyüb boya-başa çatmağı böyük xoşbəxtlik hesab edir. Və bu qayğının sayəsində ağıllı, bilikli, layiqli bir övlad kimi onların başını uca etməyi ilə özünün ən böyük mənəvi borcu kimi dəyərləndirir.
Qəlbində xeyirxah hisslər yaşadan azyaşlı qızın, “Niyyətin hara, mənzilin ora” - ifadəsi ən çox xoşladığı atalar sözüdür.
Biz də öz növbəmizdə Nuray balamıza adı kimi, özü kimi nurlu, işıqlı ömür yolu arzu edirik. Arzuların, amalların çin olsun deyirik!..

BU GÜNÜN ŞAGİRDLƏRİ...Millət vəkili olmaq arzusundadır...

Məktəb bizə elm, bilik, yüksək nizam-intizam öyrətməklə yanaşı həm də bizi şəxsiyyət kimi formalaşdırıb, cəmiyyətə təqdim edən bir məbəddir. Bu məbəddə bizə təhsillə yanaşı insanlıq, yaşxılıq, doğruluq, vətənpərvərlik, milli mənsubiyyət, dinimizə və dilimizə sevgi kimi ali dəyərlər də aşılanır. Belə nəcib keyfiyyətlərə sahib olmağa çalışan şagirdlərdən birini yaxından tanımaq hamımız üçün xoş olardı.
Cəfərzadə Yusif Xalid oğlu 2007-ci il iyulun 15-də Lənkəranda ziyalı ailəsində dünyaya gəlib. Bu gözəl adı böyüdükcə Həzrəti Yusif (ə.s.ə) kimi güclü, Allaha yaxın bir insan olması diləyi ilə, yeganə övladına atası vermişdir.
Yusif körpəlikdə çox şirin, şən, qonaqpərvər bir uşaq olub. Evə qonaq gələndə onun sevincinin həddi-hüdudu olmurdu. Çoxlu şeir, nağıl, mahnı bilirdi. Ən çox sevdiyi mahnı “Əsgər marşı” idi. Bütün xarici avtomobil və telefon markalarını əzbər bilirdi. Yazmağa, saymağa, şəkilli kitablara, uşaq təxəyyülünə uyğun rəsmlər çəkməyə, plastilindən müxtəlif fiqurlar düzəltməyə böyük həvəs göstərirdi. Düzəltdiyi ilk fiqur bu gün də yaxşı yadındadır - bu avtomobil idi. Onun ilk və maraqlı əl işi.
Yusif, həm də çox dostcanlıdır. Milliyyətindən asılı olmayaraq hər bir kəslə tez bir zamanda dost olmağı bacarır. Hətta, bir dəfə dostu haqsızlıqla qarşılaşanda onu tək buraxmamış, ona kömək etmişdir.
O, hazırda 27 nömrəli tam orta məktibin 3-cü “Ç” sinfində təhsil alır. Bütün fənlərə eyni həvəslə hazırlaşır. Sinif əlaçısıdır. İbtidai sinif müəllimi Afət xanım Məmmədova da sevimli şagirdindən fəxrlə söz açdı: “ Yusif sinfin çox ağıllı, maraqlı, hazırcavab, istedadlı və fəal şagirdlərindən biridir. Verilən tapşırıqları səylə özü də vaxtında yerinə yetirir. Oxumağa, öyrənməyə həvəsi böyükdür. Təhsildəki çətinlik onu heç vaxt qorxutmur. Məktəb və sinif tədbirlərində yüksək qabiliyyət nümayiş etdirir. Yoldaşları ilə mehriban davranır. Yaşıdlarından fərqlənməyi, birinciliyi sevir. Liderliyə nail olmağa çalışır. Mən inanıram ki, Yusif özünün dərin düşüncəsi, dərrakəsi və parlaq gələcəyi ilə Vətənimizə, xalqımıza yararlı bir vətəndaş kimi yetişəcəkdir”.
Məlum olduğu kimi əlaçı şagirdimiz bu cür fəallığı, çalışqanlığı ilə daim müəlliməsinin və valideynlərinin etimadını doğrultmağa çalışır.
Yusif intellektli ailədə böyüyür. Atası Xalid bəy ixtisasca iqtisadçı, anası Maksudə xanım isə ingilis dili müəllimidir. O, babaları - Tahir, Rasim bəyin, nənələri - Tükəzban və Sevinc xanımın sevimlisidir. Yusif böyüyəndə, həyatı dərindən dərk edəndə doğmaları kimi ləyaqətli, xeyirxah və müdrik insan olmaq niyyətindədir.
O, sağlam əqidəli, sağlam ruhlu bir şagirddir. Tədris olunan fənlərdən ən çox riyaziyyatı sevir. Çətin məsələləri həll etməkdən böyük zövq alır. O, dərslərini hazırlamağa daha çox vaxt ayırır. Məktəbli oğlan dərsdənkənar vaxtlarında isə mütaliə edir, ünsiyyət dili kimi ingilis dilini öyrənir, müxtəlif intellektual verilişləri izləyir, idmanın tarixinə aid məlumatlar toplayır. Sağlamlığını qorumaq məqsədilə Sərhədçi İdman Kompleksində idmanın üzgüçülük növü ilə də məşğul olur. Bununla yanaşı vaxtını ailəsi ilə birlikdə daha maraqlı və əyləncəli keçirməyi də çox xoşlayır. Yay tətilini dağlar qoynu Lənkəranda babasının, nənəsinin əhatəsində keçirmək ona çox xoş olur.
Yusifin ən böyük arzusu gələcəkdə Millət Vəkili olmaqdır. O, Bununla yanaşı hərbi xidmətə gedib əsgər həyatı yaşamağı da özünün vətən qarşısındakı mənəvi borcu sayır.
Heydər Əliyev və Atatürk kimi dahi şəxsiyyətləri özünə ideal seçən qəhrəmanımız xalqına faydalı övlad olmaq, arzularını gerçəkləşdirmək, görəcəyi xeyirxah əməllərlə tarixin yaddaşında silinməz iz qoymaq niyyətindədir. Biz də öz növbəmizdə bu xeyirxah qəhrəmanımıza “Allah köməyin olsun, bu yolda uğur səni heç zaman tərk etməsin” deyirik. Amin!


BU GÜNÜN ŞAGİRDLƏRİ...Babasının davamçısı olacaqdır

Ölkəmizdə istedadlı uşaqların, gənclərin aşkara çıxarılmasına daim diqqət yetirilir. Və bu istiqamətdə dövlət səviyyəsində hər il mühüm layihələr həyata keçirilir. Qeyd etmək istərdik ki, "Şərqin səsi" və “Elm və Təhsil” qəzetləri bu sahədə öz iş təcrübəsi ilə Respublikamızda istənilən səviyyədə tanınmışdır. Bu qezetin fəaliyyəti nəticəsində biz yüzlərlə qürur doğuran övladlarımızla tanış oluruq. Belə istedadlı övladlardan biri də Fatimədir. Gəlin onu yaxından tanıyaq.

Tağızadə Fatimə Pərviz qızı 2007-ci il sentyabrın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Körpəlikdə sakitliyi, şirinliyi ilə hamının sevimlisinə çevrilən Fatimə bir il uşaq bağçasına, növbəti ildə isə məktəbəqədər hazırlıq kursuna getmişdir. O, indi də sevə-sevə xatırladığı müəllimlərinin köməkliyi ilə yazmağı, oxumağı, saymağı öyrənmişdir. Ən sevimli məşğuliyyəti isə rəsm çəkmək, kiçik şeir parçaları söyləmək olmuşdur. Öyrəndiyi şeirləri intonasiyalı və jestlərlə söyləməyi çox xoşlayırdı.
Məktəbli qız 1-ci sinfi Bakı şəhəri 328 nömrəli tam orta məktəbdə başa vurmuş, hal-hazırda isə 27 nömrəli tam orta məktəbin 3-cu “ç” sinfində təhsil alır. Fatimənin sevimli fənləri ana-dili, həyat bilgisi, informatika, riyaziyyat və ingilis dilidir. Yaşının az olmasına baxmayaraq, o, hər bir fənnin ayrı-ayrılıqda özünəməxsus elm dəryası olduğunu söyləyir.
Sinif müəllimi Afət xanım Məmmədova sevimli şagirdini belə xarakterizə etdi: “Fatimə əlaçı şagirdlər sırasındadır. Şəkli məktəbin “şərəf lövhəsi”ndə yer almışdır. İstedadlıdır, dərslərdə yüksək fəallıq göstərir, müəllimin izahını diqqətlə dinləyir. Məsələ tiplərinə və məntiq testlərinə böyük maraq gösdərir. 2-3 rəqəmli ədədlərin toplanıb çıxılmasını şifahi həll edərək, sürətlə cavab vermək bacarığına malikdir. Bununla yanaşı o, gözəl nitq qabiliyyətinə və hamını heyran edən güclü yaddaşa da malikdir. Oxuduğu şeir və hekayələr tez bir zamanda yaddaşına yazılır. İctimai işlərdə, keçirilən tədbirlərdə təşkilatçılıq bacarığı ilə fərqlənir. Sinifdə dəfələrlə həftənin lideri seçilib və hər zaman bu birinciliyi qorumağa çalışır. Həftənin bazar günləri “Zəfər” kursunun sınaq imtahanlarında iştirak edir. Mən onun gələcəkdə müəllimlərinin və valideynlərinin fəxri kimi öz biliyi, bacarığı sayəsində böyük uğurlar qazanacağına inanıram”.
Diqqətçəkən bir məqam da var ki, Fatimə yiyələndiyi elmə, biliyə görə ilk müəllimi Afət xanıma öz minnətdarlığını bildirir.
Məktəbli qız intellektli nəslin, ailənin övladıdır. Onun ata babası Asəf Tağıyev ixtisasca həkimdir, hazırda Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvüdür. Fatimənin atası Pərviz bəy polis orqanlarında çalışır. Anası Aytən xanım isə ixtisasca ingilis dili müəllimidir.
Fatimənin həyatında yaddaqalan günlər çoxdur. Bu sırada təhsil aldığı illərdə qazandığı bilik və bacarığına görə layiq görüldüyü Tərifnamə və Təşəkkürnamələr də xüsusi yer tutur.
Asudə vaxtını bacardıqca səmərəli keçirməyə çalışan məktəbli qız təhsildən əlavə ingilis dilini dərindən öyrənir, rus dili kursuna gedir. O, dünyagörüşünün inkişafında mühüm rol oynayan maraqlı kitablar oxumağı daha faydalı sayır.
Kiçik yaşlı bacısının dünyaya gəlişi ilə özünü xöşbəxt hiss edən Fatimə dərsdənkənar vaxtlarında Rəqibəni əyləndirməyə çalışır. Ev işlərində anasına yaxından kömək edir. Azyaşlı olmasına baxmayaq Azərbaycan mətbəxtini sevir, bəzən bacardığı tərzdə şirniyyatlar da bişirir. Bəzən isə körpəlikdən onunla birgə böyüyən gəlincikləri ilə oynayır.
Fatimənin həyatdakı idealı anasıdır. Əlbəttə ki, ana hər bir övlad üçün nümunə olacaq ilk varlıqdır. Çünki, bu zəhmətli həyatda ana qayğısını, məhəbbətini, ana fədəkarlığını əvəz edəcək heç bir qüvvə yoxdur. Aytən xanım da istəkli balası üçün məhz, belə nümunəvi analardandır.
Fatimənin arzuları çoxdur. Lakin, onun ən əsas məqsədi gələcəkdə babasının yolunu davam etdirmək, həkimlik peşəsinə yiyələnməkdir. Özü hələ uşaq olsa da dilsiz-ağılsız körpələrin sağlamlığını qorumaq arzusundadır. Belə ülvi hissləri - bu kiçik qızçığazın neçə zərif, həssas bir ürəyə malik olduğundan xəbər verir.
Biz də, öz növbəmizdə redaksiyamız adından Fatiməyə işıqlı həyat yolu və parlaq gələcək arzulayırıq. Arzuların çin olsun deyirik!


BU GÜNÜN ŞAGİRDLƏRİ...Azərbaycanın fəxri olacaqdır!

Əgər bədənimizin daha sağlam olmasını istəyiriksə, idmanla müntəzəm məşğul olmalıyıq. Idmanla məşğul olmaq hərəkətləri nizama salır, tənəffüs orqanlarını və qan dövranını yaxşılaşdırır. Sinir sisteminin funksiyasını tənzimləyir, əzələləri inkişaf etdirir, sağlamlığı möhkəmləndirir. Arif balamız da, idmanı həm sağlamlığı, həm də gələcəkdə Azərbaycanı bütün dünyada tanınmış idmançı kimi təmsil etmək naminə sevir.
Qurbanov Arif Rövşən oğlu 2007-ci il fevralın 26-da Bakı şəhərində zəhmətkeş ailəsində dünyaya gəlib. O, hazırda 27 nömrəli tam orta məktəbin 3-cü “ç” sinfində təhsil alır. Onun özündən böyük qardaşı Amin də bu məktəbdə 6-cı sinifdə oxuyur. Bacısı Sevilin isə hələ 3 yaşı var.
Arif dərslərini əla qiymətlərlə oxuduğuna görə sinfin əlaçı şagirdlərindən biridir. “Təhsil xəzinə, elm isə onun açarıdır” kəlamına yüksək qiymət verən məktəbli oğlan belə hesab edir ki, yaşından asılı olmayaraq, hər bir kəs elm öyrənməyə çalışmalıdır.
Sinif müəllimi Afət xanım Məmmədova şagirdi barədə qürur hissi ilə danışır: “Əlaçı şagirdlərimiz haqqında danışmaq bizə fəxarət hissi yaşadır. Arif çox ağıllı, istedadlı, tərbiyəli və öz üzərində çalışmağı sevən bir şagirddir. Nitqi aydın, yaddaşı möhkəm, oxuması isə sürətlidir. Dərsə davamiyyəti müntəzəmdir. Verillən tapşırıqlara qarşı diqqətli və məsuliyyətlidir. Imla, inşa, ifadə yazmaq, ələcə də şeiri mətnə çevirmək qabiliyyəti yaxşıdır. Riyazi hesablamalarda çətinlik çəkmir. İctimai işlərdə, keçirilən tədbirlərdə yüksək fəallıq göstərir. Əl qabiliyyəti yaxşıdır, plastilindən müxtəlif fiqurlar düzəldir. Mən bir müəllim kimi Arifin gələcəkdə cəmiyyətə xeyr verə biləcək bir insan olmasına inanıram”
Arif asudə vaxtlarında qəhrəmanların həyatından bəhs edən kitablar oxuyur, məsələ-misal həll edir və şəkil çəkir. O, yay tətilindən başlayaraq, idmamın akrobatika növü ilə məşğul olmaq və bir də, musiqi məktəbinin skripka bölməsində musiqi təhsili almaq arzusundadır.
Arifin kiçik olmasına baxmayaraq, gözəl düşüncələri var. O, Vətəni üçün xeyirli, mükəmməl vətəndaş olmaq istəyir. Bunun üçün ilk növbədə dərslərini yaxşı oxumağı, böyüklərin məsləhətinə qulaq asmağı qarşısına məqsəd qoyub. Məktəbli oğlan öz doğma yurdunu dünyada ən çox inkişaf etmiş ölkələrdən biri hesab edir. İstəyir ki, dünyada gedən müharibələrə son qoyulsun və həyatda sülh, əmin-amanlıq bərqərar olsun. Bəşəriyyətin bütün uşaqları valideynləri ilə birlikdə azad, xoşbəxt yaşasınlar.
Qəhrəmanımızın bu xeyrxah arzuları həqiqətən də əsl sülhsevərlikdir. Doğrudan da, insan özü-özlüyündə fərəh hissi keçirir. Və düşünür ki, gələcəyimiz olan bu fidanlar belə gözəl hisslərə, duyğulara malikdirlər.
Ümid edirik ki, Arif öz arzusuna, məqsədinə çatacaq və gələcəkdı doğma Vətəninə, xalqına, yararlı bir vətəndaş, eləcə də tanınmış idmançı kimi yetişəcəkdir. Biz də, redaksiyamız adından ona bu yolda yalnız uğurlar və nailiyyətlər arzulayırıq.


BU GÜNÜN ŞAGİRDLƏRİ...Gələcəyin həkim xanımı Aytac

Arzular, amallar insanı yaşamağa sövq edən amillərdir. Bu mənada insan istəyinə çatmaq üçün hər şeyi zərrə-zərrə öyrənməyə, qavramağa başlayır. Dünyaya göz açır, ilk dəfə addım atır, dil açır və bir də görür ki, artıq o, həyatın ilk pilləsində - məktəbin astanasındadır. Və hər şey də elə buradan başlayır. Şübhəsiz ki, təməl nə qədər möhkəm, sağlam olarsa, gələcək də, bir o qədər etibarlı olar. Təməli elm, bilik olan gələcəyin isə uğurlar gətirəcəyinə ümidlər böyükdür. Deyildiyi kimi, bu gün məktəbə qədəm qoyan hər bir şagird bilməlidir ki, onu qarşıda böyük sınaqlar gözləyir. Və bu sınaqda qalib gəlmək üçün indidən böyük güc toplamalıdır. Bu güc, bu silah isə yalnız onların elmidir, biliyidir. Növbəti qəhrəmanımız Aytac kimi.
Babalı Aytac Nazim qızı 2007-ci il mayın 27-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda 27 nömrəli tam orta məktəbin 3-cü “Ç” sinifində təhsil alır. Əlaçıdır, şəkili məktəbin “şərəf lövhəsi”ndən asılmışdır. Ibtidai sinif müəllimi Afət xanım Məmmədova Aytacı nəinki əla qiymətlərlə oxumasına, həm də təlim-tərbiyəsinnə görə dəyərləndirdi: “Aytac çox ağıllı, istedadlı, səliqəli və mehriban qızdır. Dərslərinə daim hazırlıqlı gəlir. Verilən tapşırıqları sərbəst yerinə yetirir. Yaxşı şeir demək, imla, inşa, ifadə yazmaq qabiliyyətinə malikdir. Sinfin ictimai işlərində, eləcə də “ Bayraq günü”, “Xocalı soyqırımı” günü , “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”, “20 Yanvar faciəsi” və digər tarixi günlərlə bağlı keçirilən tədbirlərdə fəal iştirak edir. Sinif yoldaşlarına qarşı qayğıkeş və diqqətçildir. Mən sevimli şagirdimin uğurlu gələcəyinə böyük ümid bəsləyirəm”.
Məktəbli qız hətta, “Zəfər” kurslarının təşkil etdiyi sınaq imtahanlarında da uğurla iştirak etmişdir. Əldə etdiyi yüksək nəticələrlə müəllimlərini və valideynlərini sevindirmişdir.
Aytac ilk dəfə əlinə məktəbli çantası alaraq, məktəbə yollandığı günü yaşadığı ən sevincli günü kimi qeyd etdi.
Onun özündən böyük bacısı Aysu hazırda 147 nömrəli Texniki Humanitar Liseydə 5-ci sinifdə təhsil alır.
Aytac mədəniyyətə-incəsənətə bağlı bir qızdır. Onun yaddaqalan günlərindən biri də, sinif yoldaşları ilə birgə paytaxtımızdakı muzeyləri gəzməsi, tarixi abidələr və memarlıq incilərimiz ilə daha yaxından tanışlığı olmuşdur. Etnoqrafiq muzeylərimiz onun yaddaşında xüsusi iz qoymuşdur. Təbii ki, bütün bunlar məktəbli qızın milli-mənəvi dəyərlərimizi dərindən öyrənməyə çalışdığını göştərir.
Şübhəsiz ki, hər bir məktəbli dərsdənkənar vaxtlarını məhz, ədəbiyyat, incəsənət, mədəniyyət sahələri ilə bağlasa, bu onların dünyagörüşlərinin artmasına və mənəvi cəhətdən zənginləşmələrinə də öz müsbət təsirini göstərər.
Aytac asudə vaxtlarında riyazi məsələlər həll edir, ingilis və rus dillərini dərindən öyrənir, əlavə kitab oxuyur, cizgi filmlərini və məktəblilərə aid verilişləri izləyir. Həmçinin ailə üzvləri ilə birlikdə gəzintiyə çıxır, maraqlı oyunlar oynayır.
Gələcəkdə uşaq həkimi olmağı arzu edən qəhrəmanımızın bu peşə seçimində əsas məqsədi körpələri, uşaqları və eləcə də xalasının nəvəsi - kiçik Cəmili xəstələnəndə müalicə etmək, onalara şəfa bəxş etmək istəyidir. Aytacın digər arzusu isə ağıllı, yararlı bir övlad kimi yetişmək, fəxarətli əməlləri ilə müəllimlərinə və valideynlərinə başucalığı gətirməkdir.
Biz də, öz növbəmizdə inanırıq ki, istedadlı qızımız uğur və nailiyyətləri ilə gələcəkdə hamımızın fəxrimiz olacaqdır. Elə bu inamla da, Aytaca elm, bilik, həyat adlı məktəbdə böyük müvəffəqiyyətlər arzulayırıq!


BU GÜNÜN ŞAGİRDLƏRİ... Böyük ümidləri doğrultmağa qadirdir

Ana torpaq! Doğma od-ocaq! Niyə adi bir torpaq parçası insan üçün bu qədər əziz olur, mənasını dərk etdikcə, daha da müqəddəsləşir?
Qürür hissi ilə qeyd edək ki, bizim Günəşli Azərbaycan ağıllı, istedadlı, parlaq zəkalı övladları birləşdirən yeganə anadır. Doğma Vətənin qoynunda boy atan, pərvazlanan, böyük ümidləri doğrultmağa qadir olan övladlardan biri də haqqında söz açdığımız Valehdir.
Valeh Saleh oğlu Əhədov 2007-ci il mayın 17-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bu adı Valehə valideynləri sevərək, seçmişlər. Körpəlikdə hərtərəfli, aktiv, təbiət qoynunda olmağı xoşlayan, tez dost qazanmağı bacaran, cox suallar verməyi sevən və hər şeyi bilmək istəyən, mehriban bir uşaq olub. Məktəbə getməmişdən əvvəl televiziya kanallarinda gedən intellektual oyunlara baxmağı çox sevirdi. Valeh artiq, 5 yaşından rəqəmləri tanıyırdı.
O, yazmağı-oxumağı anasının sayəsində öyrənmişdir. Rəsm çəkmək və şeir dinləmək azyaşlı oğlanın demək olar ki, əsas məşğuliyyəti olmuşdur.
Valehin valideynləri ən şərəfli peşənin nümayəndələridir. Atası Saleh bəy polis işçisi, anası Xoşbəxt xanım isə ixtisasca müəllimədir.
Valeh hazırda Bakıdakı 27 nömrəli tam orta məktəbin III “ç” sinifində təhsil alır. Sinif müəllimi Afət xanım Məmmədova şagirdi haqqında fərəh hissi ilə danışır: “Valeh sinifin əlacı, istedadlı, qabiliyyətli və sevimli şagirdlərindən biridir. Onun ən sevimli fənləri riyaziyyat, ana dili və ingilis dilidir. Bu fənlər onun dərslərə marağını daha da artırır. Verilən tapşırıqları səliqəli və vaxtında yerinə yetirir, testləri sərbəst həll edir. Riyazi hesablama qabiliyyəti güclüdür. Mətnləri sürətlə oxuyur. İmla, inşa və ifadəni səhvsiz yazır. Sinifdə və məktəbdə keçirilən tədbirlərdə, yarışlarda fəaldir. “Zəfər” kursunun sınaq imtahanlarinda iştirak edir. Yaxşı əl qabiliyyəti var. Şəkil çəkir, plastilindən muxtəlif fiqurlar düzəldir. Təbiət etibari ilə çox həssasdır, qürurludur. Hec kəsdən söz götürmür. Qərar qəbul etmək, liderliyi əlində saxlamaq bacarığı var. Bununla yanaşı, yoldaşları ilə də çox səmimi davranır.
Valideynləri onun tərbiyəsinə və təhsilinə ciddi nəzarət edirlər. Bir müəllim kimi Valehin gələcəkdə özünə layiqli yer tutacağına indidən inanıram” .
Məktəbli oğlanın özündən böyük bacısı Yasəmən hazırda 147 nömrəli Texniki Humanitar Liseydə 5-ci sinifdə oxuyur. O, təhsildən əlavə Azərbaycan Milli Konservatoriyasında skripka üzrə musiqi təhsili də alır.
Valəh asudə vaxtlarında riyaziyyatdan əlavə məsələ-misal həll edir, internetdə maraqlı nağıllar, hekayələr oxuyur və digər yeni bilgilər də toplayır. O, öz fantaziyasına uyğun rəsmlər çəkməyi, dostları ilə həyətyanı sahadə futbol oynamağı da çox xoşlayır. Erkən yaşlarından idmana böyük maraq göstərən Valeh yaxın gələcəkdə idmanın cüdo növü ilə məşğul olmaqda çox qərarlıdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, Valehin atası, professional idmançı kimi neçə illər idmanın ağır otletika növü ilə məşğul olub. O, dəfələrlə Beynəlxalq yarışlarda, Avropa və dünya cempionatlarında böyük uğur qazanıb. Eləcə də, dəfələrlə Azərbaycan cempionu və Respublika rekordçusu olub.
Xoşbəxtliyini arzularının gerçəkləşməsində görən Valehin hazırda ən böyük arzusu orta məktəbi uğurla başa vuraraq, yüksək balla ali məktəbə daxil olmaqdır. Gələcəkdə atasının davamçısı kimi polis işçisi olmaq niyyətindədir. Qəhrəmanımız bilir ki, bu peşənin məsuliyyəti böyükdür. Çünki, hər bir polis işzisi bu şərəfli işi ilə insanların, cəmiyyətin təhlükəsizliyinin məsuliyyətini öz çiyinlərinə götürmüş olur.
Bu mənada Valeh də arzularına çatacağına, Vətənə layiqli övlad olacağına inanır və gələcək uğurları üçün indidən böyük səy göstərir.
Biz də, öz növbəmizdə redaksiyamız adından gələcək asayiş keşikçimizə təhsildə və həyatda böyük uğurlar arzulayırıq. Qarşına qoyduğun arzulara, məqsədlərə çatmağında Tanrı sənin yardımçın olsun, uğur səni heç bir zaman tərk etməsnin deyirik! Amin!
Xanım Bilalqızı.

Biz də öz növbəmizdə istedadlı şagirdimizə gələcək arzularının reallaşmasında nöyük uğurlar diləyirik. Arzuladığı zirvələri fəth etməsini istəyirik. Yolun daim açıq olsun deyirik!

Xanım Bilalqızı,
"Şərqin səsi" qəzeti,
dekabr 2015-ci il;
"Elm və Təhsil" qəzeti,
yanvar, 2016-cı il.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: