Dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirakı tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verirdi. Prezident İlham Əliyev forumdakı nitqində bir daha diqqətə çatdırdı ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Dövlət başçısı, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ərzində qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrildiyni bildirdi: “Biz idarə heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda, demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var”.
Hazırkı dövrdə enerji təhlükəsizliyinə dair təhdidlər, Rusiya–Ukrayna müharibəsi, münaqişələrin alovlanması, miqrant axının daha geniş vüsət alması, qaçqınlar və yenidənqurma, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya, insan hüquqlarının pozulması, ərzaq təhlükəsizliyi, yoxsulluq problemləri və digər fundamental təhdidlər ciddi narahatlıq yaradıb. Bu baxımdan Bakıda 9-cu dəfə keçirilən Qlobal Forumu Davos İqtisadi Forumu və Münxen Təhlikəsizlik Konfransı ilə müqayisə etmək olar. Lakin bir faktı diqqətə çatdırmaq istərdim. Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı müvafiq olaraq iqtisadi və təhlükəsizlik məsələlərini əhatə edir. Bakı Qlobal Forumu isə siyasi, qlobal və universal xarakter daşıyır. Bununla yanaşı, həmçinin beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri gündəmdə saxlayır.
Dövlət başçımızın nitqi beynəlxalq aləmdə böyük maraqla izlənildi. Möhtərəm Prezidentimiz ermənilərə və dünya erməniliyinə bir daha ciddi mesaj göndərdi. O, üçtərəfli bəyanatın müddəalarının yerinə yetirlməsinin vacib olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirliməsi sülh və sabitliyin təmin olunmasının təməl sütunudur.
Möhtərəm Pezidentimizin ATƏT-in Minsk qrupu, status məsələsinin müzakirə mövzusu olmadığı və bunun postmüharibə dövründə heç bir sənəddə öz əksini tapmaması barədə fikirləri ermənipərəst qüvvələrə sərt xəbərdarlıq oldu: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Aərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır”.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.