ETEATS-də bir gün

ETEATS-də bir günİlyas Əfəndi VƏFALI

Kimdən yazacağımı, hardan başlayıb harda yazını tamamlayacağımı düşünərkən o yerdə ayıldım ki, artıq Balaxanı Əməliyyat Şirkətinin ETEATS (Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının təmiri sexi) sexinin ərazisindəyəm. Sex rəisi Balaəhməd Məmmədov, baş mühəndis Natiq Mirzəyev, şəbəkə rayonunun rəisi Elxan Allahverdiyev, elektrik aborotoriyasının müdiri Cavid Səlimov məni xoş əhval-ruhiyyə ilə qarşıladılar, xoş gəldin söylədilər. Gəlişimin məqsədini, məramını bildikdə məsləhət gördülər ki, birinci olaraq elektrik laborotoriyasından başlayım. Çünki mən özüm də bir zamanlar bu kollektivdə əmək fəaliyyətinə başlamışam, nə az, nə çox düz 6 il elektrik laborotoriyasında çalışmışam. Sexin hər bir əməkdaşı ilə mən isti münasibətdə olmuşam. Ziyalı olduğum üçün hər bir kəsin də mənə qarşı xüsusi ehtiramı, hörməti və rəğbəti olub, bu gün də davam edir. Nə isə ilk öncə kollektiv üzvləri ilə görüşməyə qərar verdim. Mexaniki emalatxananın əməkdaşları Qəhrəman Şıxəliyevlə, Əjdər Paşayevlə, Vidadi Xəlilovla, Asif Qəmbərovla salamlaşdım, kef-əhvalları ilə maraqlandım. Üz tutdum şəbəkə rayonuna növbə rəisi Mətləb Bayramovla, Azər Məmmədovla, Vaqif Camalovla və sürücü Bayramla görüşdüm. Şəbəkə rayonunun inzibati binası ilə maraq¬landım. Müasir üsulla tikilmiş bina məndə xoş əhval-ruhiyyə yaratdı. Geniş kabinetlər, geniş otaqlar, geniş dəhliz, mətbəx, hamam-tualet səliqə-səhmanıyla göz oxşayırdı, istilik sistemi öz yerində, bir sözlə, mühəndis və fəhlələr üçün yaradılmış şərait yüksək səviyyədə idi. Və bunların hamısı mühəndislərin, texniki işçilərin, fəhlələrin əməyinə verilən qiymət idi.

LABORANTLAR

Sexin elektrik laborotoriyası yenidən tikilib istifadəyə verilib. Laborantlar üçün xüsusi otaqlar, mantyorlar üçün ayrıca otaqlar, iş üçün xüsusi otaqlar, hamısı da səliə-səhmanlı...
Elektrik laborotoriyasının müdiri Cavid Səlimovdur. O, 1963-cü ildə Kürdəmir rayonunun Karrar kəndində dünyaya gəlib. 1990-cı ildə Azərbaycan Neft Kimya Akademiyasının Avtomatika fakültəsini bitirib. 1990-cı ildə Balaxanı NQÇİ-nin avtomatika sexində elektrik mantyoru işləyib. 1995-1997-ci illərdə isə 5-ci mədəndə mühəndis energetik kimi fəaliyyət göstərib. 1997-ci ilin avqust ayında onun yüksək səviyyəli ixtisas sahibi olduğunu nəzərə alaraq Balaxanı NQÇİ-nin müdiriyyəti tərəfinfən Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri Sexində Elektrik Laboratoriyasına müdir vəzifəsinə təyin olunub və o gündən bu günə qədər elektrik laborotoriyasının müdiridir. YAP-ın üzvüdür. Sex partiya təşkilatının katibidir. Ailəlidir, iki qız övladı var. Laboratoriyanın iş rejimi barəsində danışmasını xahiş etdim. Dedi ki, laborantlarla özün görüşüb söhbət aparsan daha yaxşı olar. Elə də etdim.

İlk müsahibim Sevda Əhmədova oldu. Onun əmək fəaliyyəti ilə maraqlandım. Qeyd etdi ki, 1982-1994-cü illərdə Lenin rayonunun (indiki Sabunçu) Sosial Təminat İdərəsində işləyib. Əmək fəaliyyətinə kargüzar kimi başlayıb, sonra müfəttiş, daha sonra baş müfəttiş olub. 1986-cı il də Bakı Plan İqtisad texnikumunu bitirib. 2000-ci ildən Balaxanıneft NQÇİ-nin ETEATS-də laborant işləyir. Həmkarı Naibə Fətəliyeva və Çiçək Şıxıyeva ilə birlikdə mədənlərin sifarişlərini yerinə yetirirlər. Əsas işləri elektrik qoruyucularının sarğacı, elektrik qoruyucularının əsasən yüksək gərginlikli, yəni 0.4-0.6 kva el.qoruyucularının laboratoriya şəraitində yoxlanması və təmiri, elektrik ölçü cihazlarının yoxlanması və təmiri, rezin əlçəklərin, elektrik ştanqların, transformator yağlarının yoxlanmasından ibarətdir.
Naibə Fətəliyeva 1991-ci ildə Azərbaycan Neft Kimya Akademiyasının mühəndis energetika fakültəsini bitirib və təyinatla bu sexə göndərilib.
Bu sətirləri yazarkən yadıma olmuş bir əhvalat düşdü. Əziz oxucu, qeyd etdiyim kimi, mən özüm də nə az-nə çox düz 6 il elektrik laboratoriyasında işləmişəm. Kollektivin hər üzvü tərəfindən özümə doğmalıq, səmimiyyət, hörmət, ehtiram qazanmışam. Hər birisi mənim üçün əzizdir, doğmadır. Günlərin bir günü Sevda xanım öz bağından mənə pay-sovqat gətirir. Mən işlə əlaqədar mədənlərdə olarkən iş yoldaşlarım Cavid, Bəxtiyar Emin gilası yeyirlər, nuş canları olsun, bir dənə də gilas mənə saxlamırlar. Bundan xəbər tutduqdan sonra aşağıdakı misraları yazıb Sevda xanıma təqdim etdim.

Öz bağından pay gətirdin,
Dadından xəbərim yoxdu.
Albalıdı, ya da gilas
Dadından xəbərim yoxdu.

Cavid yedi, ya Bəxtiyar,
Emindəki, edib nübar.
Ürəyimdə qaldı qübar
Dadından xəbərim yoxdu.

Ay bağçalı, barlı Sevda,
Alma, heyva, narlı Sevda,
Heç insafın varmı, Sevda,
Dadından xəbərim yoxdu.

Umsundurdun, eh, İlyası,
Niyə etdin onu asi.
Payın gətir olsun razı,
Dadından xəbəri olsun.

Sevda xanım şeiri oxuyub işin nə yerdə olduğunu anladı və səhəri gün 5 kqdan artıq gilas gətirdi, iş vaxtı qutardıqdan sonra mənə verdi. Xahiş etdi ki, gilası evə aparım həyat yoldaşım mürəbbə bişirsin. Elə də etdim və o gilas payı üçün bu gün də Sevda xanıma öz minnətdarlığımı bildirirəm. Bu olmuş əhvalatı qələmə aldığım üçün yəqin ki, məni bağışlayar. Kollektivdən xoş təəssüratla ayrılıram. Kollektivin hər bir üzvünə cansağlığı, uzun ömür, səadət, xoşbəxtlik və işlərində müvəffəqiyyətlər arzulayıram.


Qaynaqçı Qəhrəman

Qəhrəman Şıxıyev 1959-cu il mayın 1-də Qərbi Azərbaycanda, Qafan rayonunun Xələc kəndində doğulub. 1976-cı ildə orta məktəbi bitirib və həmin il Bakıda 7 nömrəli peşə məktəbində qaynaqçı peşəsinin sirlərinə yiyələnib. 1978-ci ildə peşə məktəbini bitirib hərbi xidmətə - ordu sıralarına çağrılıb. 1980-ci ilin mayında ordu sıralarından təxris olunub. 1980-ci ildən istesalatda çalışır. Balaxanı Əməliyyat Şirkətinin Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının təmiri Sexində 5-ci dərəcəli qaynaqçıdır. Ona tapşırılan işlərin öhdəsindən yüksək ustalıqla gəlir. Bir sözlə dəmirdən nə isdəsən düzəldir. Öz işinə olduqca tələbkardır, məsuliyyətlidir. Həm də şən, zarafatçıl, insandır. Onu yaxşı tanıdığım, xasiyyətlərinə bələd olduğum üçün tam əminliklə deyə bilərəm ki, kollektivdə heç kəs onun zarafatlarından, atmacalarından nə inciyər, nə də küsər.
Əziz oxucu, Qəhrəmanla bağlı bir haşiyəyə çıxmaq istərdim. 2009-cu ilin mayın 1-i idi. Sex rəisinin xahişi ilə həmin gün Balaxanıneft NQÇİ-dən sexə aid olan sənədləri gətirməli idim. Elə oldu ki, sənədlərin hazırlanmsı bir az vaxt apardı. Mən sexə daxil olanda artıq saat 11:30-u göstərirdi. Mərhum sex rəisi Rafiq Feyzullayev baş mühəndis Baləhməd Məmmədovla, qəza xidməti Şəbəkə rayonun rəisi Aqil Abbasovla söhbət edirdi, birdən gözü mənə sataşdı və gülərək dedi: bu da mənim sevimli işçim, saat 12-nin yarsıdır elə bil işə deyil Milli parkda dincəlməyə gəlir. Gör bir kimlərlə işləyirik. Həmin anda Qəhrəmanla rəhmətlik MirTeyyub Nəsibov laboratoriya üçün böyük su çəni düzəldirdilər və bu məqam məni sanki ayıltdı. Rəisə cavab verməyin əsil məqamı idi. Və özümdən asılı olmayaraq, rəisə dedim:
- Bu gün çox əlamətdar bir gündür. Gərək bunu nəzərə alaydınız.
–Nə əlamətdar gün, başına at təpib? 1 may sovet dönəmində qeyd olunurdu, indi qeyd etmirik, yoxsa ürəyindən 1 mayı qeyd etmək keçir.
Dedim: -Əsla yox!!! Ancaq nəzərinizə çatdırım ki, bu gün Qəhrəman Şıxəliyevin doğum günüdür, 50 yaşı tamam olur, onu təbrik etmək, ona can sağlığı arzulamaq əvəzinə, onu 15 metr hündürlükdə su çəni düzəltməyə məcbur etmisiniz.
Rəhmətlik MirTeyyub: - Rafiq müəllim, İlyas şairdir, həmişə həqiqəti söyləyir, haqq aşiqidir. Doğrudan da bu gün Qəhrəmanın doğum günüdür, ancaq, 50 illik yubileyindən mənim də xəbərim yox idi, sağolsun İlyas müəllim.
Sex rəisi, baş mühəndis, qəza xidməti rəisi bir-birlərinə baxaraq çiyinlərini çəkdilər. Məsələ məlum idi, nə etməli?! Mən isə təkidlə: - Ancaq bir çıxış yolu var, - söylədim: -Mütləq qeyd etmək lazımdır. Allaha da xoş olar bəndəsinə də.
- Nə deyirik, sən deyən olsun, şair qardaş, - dedilər.
Qısa vaxt kəsiyində hər şey təşkil edildi. Sexin mexaniki emalatxanasında olan böyük otaqda kollektivin bütün üzvlərinin iştirakı ilə Qəhrəman Şıxəliyevin 50 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Hamı kimi məndə Qəhrəmana uzun ömür, cansağlığı arzuladım və aşağıdakı misraları ona ünvanladım.

Ələnəcək zirvəyə qar, başa qar,
50 yaşı başa vurub 100-ə var.
Görüm səni hər an xoşbəxt, bəxtiyar,
Gözəl insan, gözəl günün mübarək!
Ay Qəhrəman, özəl günün mübarək!

2009-cu ilin 1 mayı Qəhrəmanın yaddaşında əbədi həkk olunan gün oldu. Qəhrəmanın həyat yoldaşı Çiçək xanım da 1989-cu ildən bu sexdə işləyir. mühərriklərin sarğacı ilə məşğul olur. Ailənin 1 oğlu, 1 qızı var. 3 qız nəvəsi, 1 oğul nəvəsi var. Allah saxlasın!..
Qəhrəmana ailə səadəti, ailə xoşbəxtliyi arzulayıram. Yüz yaşasın!!!


Peşəsinin ustası

Əjdər Paşayev 1954-cü il dekabrın 20-də Laçın rayonunun Lolabağır kəndində doğolub. 1975-ci ildən elektrik peşəsində işləyir. 1980-ci il Bakı Neft Energetika texnikumunun neftin mexanikləşməsi fakültəsini bitirib, istesalatdan ayrılmadan 1994-2003-cü illər Barmekdə (indiki “Azərişıq”) elektrik kimi fəaliyyət göstərib. 2003-cü ildən yüksək səviyyəli mütəxəssis kimi yenidən Balaxanıneft NQÇİ-nə qaytarılıb. Baş energetik Qədir Allahverdiyevin köməkçisi olub. Dəfələrlə yaxşı işinə görə Fəxri fərmanlarla mükafatlandırılıb. Əjdər Paşayev öz peşəsinin vurğunudur. Ondan özü barəsində danışmağı xahiş etdim. Qeyd etdi ki, vəzifəmiz Balaxanı Əməliyyat Şirkətinin bütün mədənlərinin və sexlərinin, eləcə də, neft quyularını fasiləsiz olaraq dayanaqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Şirkətin ərazisində olan elektrik stansiyaların, yarım-stansiyaların, elektrik qurğuların, yüksək gərginlikli hava xəttlərində olan nasazlıqları vaxtında və operativ şəkildə aradan qaldırırıq, profilaktik işlər görürük. Neft quyularında mancanaqlara bərkidilmiş elektrik mühərriklərinin, elektrik dayaqlarının, şitlərinin torpaqlanmasını həyata keçiririk, bir sözlə, təhlükəsizliyini təmin edirik. Neftin hasilində bizlərin, yəni elektrik və energetiklərin böyük rolu var. Bu danılmaz faktdır. Bu qeydləri qələmə alarkən yadıma yenə bir olmuş əhvalat düşdü, torpaqlanma məsələsi ilə əlaqədar günlərin bir günü 4-cü mədən ərazisində bütün elektrik avadanlıqlarının torpaqlanmasını həyata keçirirdim, köməkçim rəhmətlik Fuad Quliyev idi. Əjdər əmi lətifəsi sizdən uzaq, deyecəksən ki, o hadisənin mənə nə dəxli var. Dəxli odur ki, həmin mədənin energetiki adaşın Şəmkirli balası Əjdər idi. Çünki apardığım torpaqlanmanın nəticəsi heç cürə adaşını razı salmırdı, gah mənim bu ildə səriştəsiz olduğumu, gah da körpücük adlanan cihazın yararsız olduğunu deyirdi. Heç cürə ipə-sapa yatmırdı ki, yatmırdı.
Mən isə inadla körpücük adlanan aparatın tamamən yararlı olduğunu söyləyirdim və səhərisi gün mühəndis Bəxtiyar Quliyevlə birlikdə həmin işləri təkrar-təkrar yoxladıq, nəticə eyni idi. Şəmkirli balası isə pərt idi. Torpaqlanma işləri bərbad, ürəkaçan deyildi. Bəxtiyar Quliyev məndən xahiş etdi ki, bunları poetik şəkildə qələmə alım, elə oradaca bu misralar yarandı.

Mancanaqda mühərriklər bad-ayaq,
Düzəltmisən sən onları nə sayaq.
Qaydasında deyil nə şit, nə dayaq,
İşlərində çoxdur minus, ay Əjdər!

Əjdər əmi, bu sətirlərin sənə aidiyyatı yoxdur, Torpaqlanmadan söhbət açdın, bu olmuş hadisə də yada düşdü və adaşın energetik Əjdər də bu misralarla tarixə yazıldı.

Ə.Paşayev işindən də, mən fəxrlə deyə bilərəm ki, özündən də çox xalqını, millətini, doğulduğu torpağı, Vətənini, Dövlətini sevir. Vətənpərvərlik canında və qanındadır! Laçından söhbət düşdükdə “Kaş o yerləri görəydim, - söylədi: - Laçının uğrunda canımı da qurban verərəm, - dedi.
Əjdər Paşayev onu da qeyd etdi ki, ehtiyatda olan zabitdir – leytenantdır. Ailəlidir. 2 oğlu, 1 qızı, 4 nəvəsi var.
Allah amanında! - deyib ayrıldım.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: