Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub 2016-cı il oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin 60 illik yubileyi qeyd edilib.

ZiM.Az xəbər verir ki, tanınmış qələm sahibinin 60 illik yubiley gecəsində iştirak edən elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri yazıçı-publisistin yaradıcılığından söhbət açıblar.

Əvvəlcə təqdim olunan videoçarxda Salatın Əhmədlinin ömür kitabından səhifələr vərəqlənib. Bildirilib ki, Ağstafa rayonunun Poylu qəsəbəsində dünyaya göz açan S.Əhmədli Azərbaycan Dövlət Universitetini bitirib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri kimi fəaliyyət göstərən yubilyar, həm də bu ali təhsil ocağında Yeni Azərbaycan Partiyasının qadın təşkilatının rəhbəridir.

Gecənin aparıcısı Əməkdar Artist Mehriban Zəki qeyd edib ki, yazıçı indiyə qədər saysız mükafatlara layiq görülüb. O, 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi (AYB) xanım yazarın əsərlərini 12 cilddə nəşr etdirib.

AYB-in katibi İlqar Fəhmi qurumun rəhbərliyinin ona ünvanladığı təbrik məktubunu oxuyub və fəxri diplomu yazara təqdim edib. Bildirib ki, S.Əhmədlinin ömür yolu həqiqətən də gənclik üçün böyük örnəkdir.

Akademik Teymur Bünyadov yazıçı-publisistin yaradıcılığa başladığı ilk gündən uğurlarının şahidi olduğunu söyləyib. 2008-ci ildə “Xalq Şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub”, “Ömrünü Qazaxda yaşayan şair”, “Həcc ziyarəti”, “Hüseyn Cavidin ev muzeyi”, “Sənsiz”, “Azərbaycan poeziya çələngi” (tərtibçilərindən biri), “Heydər Əliyevin dil siyasəti” və “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyaları və digər elmi-publisistik əsərləri ilə birgə “Analar köç edəndə”, “Yol gedir Naxçıvana”, “Bir elatın dastanı”, “Kişilik səngəri” və “Uçurulmuş sədlər”, “Başdaşı əhvalatı” kitabları, oxucuların ixtiyarına verilən onlarca bədii-publisistik, elmi-monoqrafik (tədqiqat, poeziya, nəsr, dilçiliklə bağlı) kitabları müəllifin yaradıcı təxəyyülünün məhsulu olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov S.Əhmədlini ədəbiyyatımız üçün dəyərli yazıçı-publisist, elmimiz üçün yorulmaz araşdırıcı-alim, cəmiyyətimiz üçün isə dəyərli şəxsiyyət kimi yüksək keyfiyyətlərə malik olduğunu söyləyib. Bildirib ki, yorulmadan çalışan, yazıb-yaradan Salatın xanımın ömründən müəllimliyə, yazıçılığa, analığa, nənəliyə, vətəndaşlığa ayrılan cığırlar onu səadətə qovuşdurub. Hər cığırın başında tükənməz məhəbbətlə qarşılanıb, ondan müasirlərinə sonsuz sevgi, tükənməz enerji bəxş olunub.

AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov çıxış edərək S.Əhmədlinin çoxşaxəli yaradıcılığından və folklorumuza xüsusi diqqətindən söhbət açıb. Onun anası - 101 yaşlı Güləbətin nənənin dilindən yazıya aldığı “Hər kim yüz il unutmasa” kitabında yer alan el saxlancları, həzin bayatı və oxşamaların gələcək araşdırmaçı alimlər üçün tədqiqat obyekti olacağını deyib.

Yazıçı-publisistin qələm dostları Əli Rza Xələfli, Gülxani Pənah onun yaradıcılığında Qarabağ müharibəsi və Xocalı soyqırımına həsr etdiyi əsərlərin xüsusi yer tutduğunu, bu əsərlərin bir çox dillərə tərcümə edildiyini söyləyiblər. Bu günədək 2 roman, 8 povest, 200-dən çox hekayə, 200 bayatı müəllifi olan yubilyarın Qarabağ hadisələrinə həsr etdiyi “Başdaşı əhvalatı” kitabının rus və ingilis dillərinə tərcümə edilərək 59 ölkədə yayımlandığını bildiriblər.

Tədbirdə yubilyarın ailə üzvləri - nəvəsi Qəndab Əhmədova, həyat yoldaşı Tağı Əhmədov yazıçı-publisistin qayğıkeş ana, gülərüz nənə, vəfalı ömür-gün yoldaşı və ailəcanlı ev xanımı kimi görünməyən tərəflərindən söhbət açıblar.

Tədbirdə Xalq artistləri Azər Zeynalov, Mələkxanım Əyyubova, Fidan Hacıyeva, Nuriyyə Əhmədova və başqalarının ifasında yubilyarın sözlərinə yazılmış mahnılar, muğam və təsniflər səsləndirilib.

Sonda S.Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


.











© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: