İsmayıl Həqqi «Şərqi-Rus» mətbəəsində, sonralar həmin mətbəə əsasında təşkil olunmuş «Qeyrət» və «Molla Nəsrəddin» nəşriyyatlarında işləmişdir.
Tiflis Dövlət Azərbaycan Dram Teatrında Mirseyfəddin Kirmanşahlı, Rza Təhmasib, Mustafa Mərdanov, Məmmədəli Sidqi, Abbas Qurbanov, Nəso Məmmədov, İbrahim İsfahanlı, Nürəddin Rzayev və başqaları ilə birgə müxtəlif rollar oynamış, tamaşaçıların rəğbətini qazanmışdır.
İsmayıl Həqqi mollanəsrədinçilər ilə, ələlxüsus Məhəmmədəli Sidqi ilə mütəzəm məktublaşmış, vəziyyət barəsində həmişə fikir mübadiləsi aparmışdır. O, məsləkdaşlarından birinə yazdığı məktubarın birində yazır: «...1910-cu ilin payızında redaktorumuz Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalını Məmmədəli Sidqiyə tapşırıb, Qarabağa istirahətə getdi. Haman bu sıralarda Sabirdən material da gəlirdi. Çünki xəstəliyi şiddət etdiyindən çox yaza bilmirdi...Sabirin şeiri olmayanda jurnalımız üçayaqlı kürsüyə bənzəyirdi. Bir tərəfdən də Mirzə Cəlilin kənarda olması, o tərəfdən Ömər Faiqin ciyər xəstəliyi nəticəsində daim kənddə qalması böyük əngəl törədirdi. Nəhayət, dekabr çatdı. Əvvəl Ömər Faiq şəhərə gəldi. Kənddə yaxşı dincəldiyindən ciddi çalışmağa başladı. Az keçməmiş böyük Sabir gəldi. Bir neçə gün başqa yerdə qaldıqdan sonra onu tamamilə idarəyə köçürüb, müalicə etdirməyə qərar verdik. Mirzə Cəlilin evi də idarənin yanında olduğundan idarə bir ümumi yaşayış halını almışdı...»
İbrahim İsfahanlının Gürcüstan Dövlət Teatr, Musiqi və Kino Muzeyi arxivində əlyazma şəklində saxlanılan xatirələrində İsmayıl Həqqiyə aid məqamlar da çoxdur.
İsmayıl Həqqi Cəlil Məmmədquluzadənin qonaqlarını, eləcə də Tiflisə gələn ziyalıları qarşılayaraq evinə dəvət edər, Tiflisin görməli yerlərini gəzdirər və onların problemləri ilə məşğul olardı. Tbilisidəki M. F. Axundov adına Azərbaycan Mədəniyyəni Muzeyinin əməkdaşı Cəmilə Hacıyeva söhbət zamanı dedi:
-Babamın 7 övladı olub: Niyazi, Ənvər, Ömər, Osman,Ayişə, Oktay, Solmaz. Mənim anam Ayişə idi. Bir neçə il bundan əvvəl dünyasını dəyişib.Anam məşhur ictimai və dövlət xadimi Teymuraz Cəfərli ilə birlikdə uşaq bağçasına gedib, bir böyüyüblər.Böyük oğlu Niyazini babam özü kimi qəzetçi görmək istəyib. Beləliklə, o, qəzetdə çalışıb.Ondan kiçik dayım Ənvər mühəndis ixtisasına yiyələnib. Rusiyanın Vladimir vilayətindəki meşə texnologiyası kombinatında çalışıb. O, 27 №-li Tiflis Azərbaycan məktəbinin (hazırda 73 №-li məktəbdir ) ilk məzunlarından olub. Ömər sürgün edilib. Osman bir vaxtlar Bakıda yaşamışdır.Tiflis Dövlət Azərbaycan Dram Teatrında aktyorluq edib, bir sıra maraqlı obrazlar yaradıb,kino-filmlərə çəkilib. Oktay Rusiyaya, Solmaz Bakıya köçüb. Göründüyü kimi, babam «xalq düşməni» kimi represiyanın qurbanı olduğundan onun övladlarına burda pis baxırdılar. Odur ki , onlar müxtəlif yerlərə üz tutublar.
Onu da quyd etmək istəyirəm ki, babam İran təbəəliyindən olsa da islamda məzhəb seçkiliyinə, sünni və şiəliyi yayanlara qarşı həmişə mübarizə aparmışdır. Bunu elə övladlarının adından görmək olar. Övladlarının adlarını Ömər, Osman qoyması o dövrlər üçün İran təbəələri arasında heç də az cəsarət tələb etmirdi. Bu barədə çox danışmaq olar. Fikrimin sonunda onu da qeyd etmək istəyirəm ki, hazırda onun evində mən və bacılarım yaşayır. Evimizin qabağında babamın vaxtilə yaşadığını əks etdirən xatirə lövhəsinin qoyulması üçün Tbilisidəki Azərbaycan ictimaiyyətinin şəhər meriyası qarşısında məsələ qaldırmasını arzu edərdim.
İsmayıl Həqqinin öz xatirələrindən də məlum olur ki, Mirzə Cəlil Qarabağa gedəndə jurnalı Əluqulu Qəmküsara, Məmmədəli Sidqiyə, eləcə də ona tapşırırmış.
Gürcüstan respublikasının əməkdar jurnalisti mərhum M.H.Bəxtiyarlı «Sovet Gürcüstanı» qəzetinin 27 iyun 1991-ci il tarixli nömrəsdə «Bizim İsmayıl Həqqi» adlı xatirəsində yazırdı: «Heç yadımdan çıxmır, o keçən günlərin tuthatut vaxtında eşitdim ki, gecə yarısı, adamlar yatandan sonra fövqəladə komissiya (ÇK) tərəfindən bizim İsmayıl Həqqini də aparıblar. Hara apardılar, nə üçün apardılar o binəvanı? Bunu heç kim bilmədi. Bu, mənə və başqalarına çox təsir etdi. Görün, belə bir peyğəmbər övladını, ellər atasını da həbsə almaq olardımı? Mən özüm-özümə düşündüm, belə bir adamın qəlbinə necə toxundular? Bu haqda kimə şikayət edəsən? Çox danışarsan, özünü də onun gününə salarlar. Zaman belə zaman idi. Danışanın dilini, eşidənin qulağını kəsirdilər».
Lomosonov adına Moskva Dövlət Universitetinin keçmiş professoru Əziz Şərif öz xatirələrində yazır:
İsmayıl Həqqi heç bir məktəbdə xüsusi təhsil almamışdısa da, azərbaycanca və farsca mükəmməl savad sahibi olmaqla bərabər, öz istedadı və səyi rəticəsində ruscanı da yaxşı mənimsəmişdi. Öz ictimai və mədəni fəaliyyətini, insanlara rəftarı, dostlara sədaqəti, bütün həyatı ilə o, Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı idi.Onun balaca mətbəəsi də maarif və mədəniyyət ocağı hesab edilirdi. Mətbəəni işlətməklə bərabər, o həm də artistlik edir,Tiflisdəki Azərbaycan teatrının hər quruluşunda müxtəlif rollar oynayırdı. Bu rollardan onun yaratdığı Hacı Qara səhnəmizin tarixində əbədi qalacaq kamil səhnə surətləri sırasındadır. O zaman, İsmaıl Həqqinin Tiflisin qədim məhəllələrindən biri olan Şeytanbazarda Vorontsov küçəsində (indiki Qorqasali) kitab mağazası var idi. Bakıda, Tiflisdə, eləcə də özünün bu məhəllədə yaratdığı «Şərq» mətbəəsində nəşr olunan ədəbi–bədii kitablar, dərsliklər və sair ləvazimatlar bu mağazada satılardı.
İsmayıl Həqqi 1937-ci il represiyasının qurbanı olaraq xalq düşməni kimi həbs edilmiş, şəxsi kitabxanası və arxivi «Fövqəladə komitə» tərəfindən məhv edilmişdir.
Siyasətlə heç məşğul olmayan, ömrü boyu xalqımızın maariflənməsinə çalışan bu böyük insan M.H.Bəxtiyarlının yazdığına görə haqsızlığa dözməyərək 1938-ci ildə həbsxanada vəfat etmişdir.
Nəhayət, İ.Stalinin ölümündən sonra bu represiya qurbanlarına gec də olsa bəraət qazandırılmış, «Vətən xaini» damğası üzərilərindən götürülmüşdür.
Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin 21.03.2001-ci il tarixli 22/8 6-9 nömrəli arayışında deyilir: «Zaqafqaziya Diyar Hərbi Tribunalının 27 sentyabr 1957-ci il tarixli qərarı ilə SSRİ Dövlət Daxili İşlər Komitəsinin fövqəladə iclasında 1938-ci il 28 iyun tarixli qərarı ilə cinayət məcəlləsinin 58-ci ( silahlı üsyan) maddələrinə uyğun olaraq ən ağır cəza (güllələnmə) verilən, 1884-cü il doğumlu vətəndaş İsmayıl Həsənzadə Həqqinin cinayət işinə hərəkətində cinayət tərkibinin mövcud olmadığına görə ona bəraət verilmişdir.
58-ci və 58 1-ci maddələri ilə, daha doğrusu, cəsusluq və silahlı üsyan deyilən ittihamlar ilə Gürcüstanda, eləcə də Azərbaycanda, ümumiyyətlə, Sovetlər məkanında zəka sahibləri nahaqdan güllələnmişdir. Təkcə Azərbaycanda Böyükağa Talıblı, Tağı Şahbazi, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid və başqaları olmaqla Azərbaycan Yazıcılar Birliyinin 27 nəfər üzvü bu represiyanın qurbanı olmuşdur.
Dövrün bu günkü meyar müstəvisindən baxaraq baş verənlərə dəyər verəndə bu zəka sahiblərinin taleyinə acıyır, onların, o cümlədən İsmayıl Həqqinin «cəsusluğunun», «vətənə xəyanətkarlığının», guya «silahlı üsyan» təşkil etdiyinin nə dərəcədə saxta olduğuna bir daha əmin oluruq. İnamla demək olar ki, dövrün sərt üzünə, amansızlığına, ədalətsizliyinə baxmayaraq bu zəka adamları, zəka sahibləri öz qeyrəti, halallığı, şəxsiyyəti ilə tarixin yaddaşında, xalqın qəlbində əbədi yaşayacaqdır.
Mirzə Məmmədoğlu
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.