Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız...

Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız... Asif HACILI,
filologiya elmləri doktoru,
professor



Qədim Tiflis – çoxsəsli, çoxdilli, çoxdinli, nəğməli və süfrəli, müdrik və comərd şəhər. Və bu cazibəli məkanın Azərbaycan ruhunu əks etdirən Meydan məhəlləsi. Qoca Tiflisin döyünən ürəyi olan Azərbaycan-türk məhəlləsi Meydan!

Siyasət və ibadət, ticarət və sənət, dostluq və sədaqət, şəfqət və qəzəb, sevinc və hüznün çulğaşdığı ecazkar aləm. Məscid, kilsə, sinaqoqun yanaşı durduğu dostluq məkanı.

Tiflisin Meydan məhəlləsi – Turanlı Şeyx Sənanın gürcü Xumara ilahi eşqinin şahidi, Göy məscidi, Şeytanbazarı ağuşuna almış ana qucağı, dahi ədiblərimizin ruhu dolaşan yurd yerimiz.


Tiflisin Meydanı – Azərbaycan türklərinin tarixi məskəni, Borçalının mənəvi mərkəzi. Borçalı ellərindən, Sarvan, Başkeçid, Çörük-Qəmərli, Barmaqsız, Ağbulaq, Qarayazı, Qaraçöpdən gələn yollarım tuşlandığı hədəf. Bu yollarla gəlib Tiflis həndəvərində Soğanlıqdan, Ortacaladan, Nəftuluxdan keçərək şəhərə çıxırsan. Tariximizin izi ilə Sənan dağını, Narınqalanı, Təbriz, Abbasabad, Tatar meydanlarını, Siracxana yoxuşunu, Bülbül calasını, Müctəhid, Qeybulla, Qumarbazlar, Nəbatat bağlarını, Koroğlu qayasını, Qoşa qalanı, İsgəndər qalasını, Aşağı məhləni, Paronbəyov, Təklə karvansaralarını, Gümüşün yolunu, Qoçoğlunun suyunu, Gorxananı, Seyidabadı, Mirzaabadı, Basqalları, Şıxlını, Şahtaxtını, Seyidləri, əcdadlarımızın ruhunu yaşadan digər tarixi məntəqələrimizi adlayıb, hədəfə yaxınlaşırsan. Meydanın əsas incilərinə – Cümə məscidinə, Göy hamama, tarixi memarlıq abidələrinə və Qafqazın qaynar ticarət mərkəzi olmuş Şeytanbazara, buranın rəngarəng satış cərgələrinə, zəngin dükan və emalatxanalarına, baqqalxana, dabbaqxana, zərgərxana, qəssabxana, kababxana, çayxanalarına çatırsan. Bu dediklərimizdən bu günümüzə qədər qalmışlarını gerçəkdən, qeyb olmuşlarını isə xəyali dolaşırsan.

Bir qədər aralıda, Kür qırağı Metex yolunda Göy məscidin qalıqları, Narınqala səmtdə Cümə məscidi, 150 illik tarixi olan Tiflis Azərbaycan Teatrı, Nəbatat bağında isə Panteon – qəbirləri qorunub qalmış görkəmli azərbaycanlıların qərib məzarlığı... səni gözləyir.

Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız... Nadir memarlıq abidəsi olan Göy məscid və ya Şah Abbas məscidi (başqa adları: Tatar-Türk, Şiə məscidi) səfəvilər dövründə, 1524-cü ildən başlayaraq Kürün sol sahilində Metex qalası ilə üzbəüz sal qaya üzərində tikilib, lacivərd ətəklərini çayın suları yalayıb. Qafqazın ən gözəl məscid-camelərindən olub. 1950-ci illərdə türk cəlladı Lavrenti Beriyanın əmri ilə dağıdılıb. Görüntüsü rus rəssamı Nikanor Qriqoryeviç Çernetsovun 1839-cu ildə çəkdiyi rəsmdə qalıb. Rəsm S.Peterburqda Rus etnoqrafik muzeyində saxlanılır. 1790-cı ildə Bağdad Universitetinin ilahiyyat və tarix fakültələrini bitirmiş, Qafqaz müsəlmanlarının ilk şeyxülislamı olmuş Məhəmmədəli Hüseynzadə uzun illər Tiflis Şah Abbas məscidində axundluq etmişdir. Şeyxülislam olaraq Qafqazda böyük nüfuz qazanan Məmmədəli Hüseynzadə görkəmli publisist, yazıçı və ideoloq Əli bəy Hüseynzadənin babasıdır.



Meydanda yerləşən və hazırda fəaliyyətdə olan Cümə məscidi ilkin olaraq 1723-1735-ci illərdə osmanlılar dövründə inşa edilib. XIX əsrin ortalarında italyan memarı Covanni Skudiyerinin layihəsi əsasında bərpa edilib, sonradan yenə dağıdılıb. 1864-cü ildə Hacı Zeynalabdin Tağıyevin ianəsi ilə təmir olunaraq genişləndirilib. Müasir Tiflisin fəaliyyətdə olan yeganə müsəlman ibadətgahıdır. Son dəfə 1998-ci ildə bərpa olunub. Narınqala səmtində yamacda qırmızı kərpicdən tikilmiş məscid islam və Qərb üslublarını birləşdirir. İki mehrabı və iki minbəri olan orijinal memarlıq abidəsidir. Məsciddə tarixən hər iki məzhəbin nümayəndələri birlikdə ibadət edib və bu gün də etməkdədir.

Tiflisin, əsasən, Meydan-Şeytanbazar məhəlləsində formalaşmış Azərbaycan mədəni mühiti məzmunca zəngin və rəngarəng olmuş, XIX əsrin 20-ci illərindən başlayaraq, A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, H.Cavid, A.Şaiq, H.Ərəblinski, S.Ağamalıoğlu, F.Köçərli, S.Ruhulla, E.Sultanov, Ü.Rəcəb, Ö.F.Nemanzadə, H.Minasazov, F.Şeyda, M.Kirmanşahlı, Ə.Salahlı, M.Mərdanov, Z.Hacıbəyov, M.Şahtaxtlı, İ.İsfahanlı kimi görkəmli şəxsiyyətlərin adı ilə bağlanmışdır. Tiflis Azərbaycan ədəbi mühiti bütövlükdə milli ədəbi prosesin, təhsil, mətbuat, teatrın inkişafında böyük rol oynamışdır. M.F.Axundovun əsərləri hələ XIX yüzilin əllinci illərindən Tiflisdə rus və gürcü dilində səhnələşdirilmişdir. 1872-ci ildə isə azərbaycanlı sənət xadimləri Azərbaycan türkcəsində ilk teatr tamaşası göstərmişlər. Tiflis ədəbi mühitini və teatr tarixini hərtərəfli araşdırmış professor Abbas Hacıyevin yazdığı kimi, M.F.Axundovun «Sərgüzəşti-vəziri-xani sərab» əsərinin üçüncü pərdəsi 1872-ci ildə Tiflisin Paronbəyov karvansarasında səhnələşdirilmiş və bununla Tiflis Azərbaycan Teatrının və bütövlükdə milli teatrımızın tarixi başlamışdır. Nəhayət, türk-müsəlman maarifpərvərlərinin ianəsi və yerli ziyalıların fədakarlığı sayəsində 1912-ci il aprelin birində Tiflisin Şeytanbazar məhəlləsində Tiflis Azәrbaycan Xalq Evinin – «Auditoriya»nın, mahiyyət etibarilə, Azәrbaycan teatr һәvәskarları üçün xüsusi binanın açılışı olmuşdur. Əziz Şərifin qeyd etdiyi kimi, həmin ildәn etibarәn һökumәt tәrәfindәn rәsmən tәsdiq edilmiş müsәlman dram cәmiyyәti fәaliyyәtә başlamışdır. «Auditoriya»da məskunlaşmış teatr truppaları 1922-ci ilə qədər fəaliyyət göstərmiş, həmin ildən isə fəaliyyətini Tiflis Dövlət Türk Dram Teatrı kimi davam etdirmişdir. Rusiya imperiyasının müxtəlif yerlərinə, 1919-cu ildə isə Türkiyəyə qastrol səfərlərinə çıxan bu teatr böyük yaradıcılıq uğurları qazanmış, 1934-cü ildə isə Ahıska Türk Səyyar Kolxoz-Sovxoz Teatrının yaradılmasına dəstək olmuşdur.



Lakin İbrahim İsfahanlının təbirincə desək, «türk teatrları arasında mümtaz yerlərdən birini tutan» Tiflis Azərbaycan Teatrı 1947-ci ildə bağlanmışdır. Uzun illərdən sonra, 2004-cü ildə yerli ziyalıların təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə Tbilisi Azərbaycan Dövlət Dram Teatrı rəsmən bərpa olunmuş, teatra azərbaycanlıların sıx yaşadığı Meydanda xüsusi bina ayrılmışdır. Lakin teatra verilmiş binanın xeyli hissəsini kənardan gəlib burada məskunlaşmış şəxslər və şirkətlər zəbt etdiyindən teatrın heyəti səmərəli fəaliyyət göstərə bilmir. Qeyd edək ki, ərazilərimizi işğal etmiş bədnam qonşuların nümayəndələri son dövrlərdə Meydanın digər tarixi memarlıq abidələrini də pul gücünə ələ keçirməkdədirlər.

Tiflis Azərbaycan mühiti milli mətbuatımızın və təhsilimizin inkişafında da böyük rol oynamışdır. «Ziya», «Ziyayi Qafqaziyyə», «Kəşkül», «Şərqi-Rus», «Molla Nəsrəddin» kimi mətbuat orqanlarının fəaliyyəti məhz Tiflisin Azərbaycan mühiti ilə bağlı olmuşdur. Qədimdən türk-islam təhsil və elminin mərkəzlərindən biri olmuş, XI əsrdə məşhur filosof Hübeyş Tiflisinin fəaliyyətdə olduğu Tiflisdə XIX-XX yüzillərdə dünyəvi təhsil ocaqları açılmış, xüsusən Qori seminariyası maarifçi Azərbaycan ziyalılarının yetişməsində əhəmiyyətli rol oynamışdır. Sovet dönəmində Azərbsycan türkcəsində həm orta, həm də pedaqoji təhsil müəssisələri yaranıb. Bu baxımdan, N.Nərimanov adına Tiflis Türk Pedaqoji Texnikumu, Borçalı Türk Pedaqoji Texnikumu, Ahıska ərazisində pedaqoji və peşə məktəbləri ayrıca qeyd olunmalıdır.

Deyilənlərdən başqa, Tiflisin tarixi mərkəzi olan Meydanda və ətraflarda milli tariximizlə bağlı bir çox abidə və mərkəzlər var. Bunlardan Azərbaycan Mədəniyyət Mərkəzi, M.F.Axundzadənin, N.Nərimanovun, C.Məmmədquluzadənin ev-muzeyləri, 73 və 64 saylı Azərbaycan məktəbləri, Heydər Əliyev parkı, M.Ş.Vazeh, M.F.Axundzadə, İ.İsfahanlı küçələri, “Gürcüstan” qəzetinin redaksiyası və təbii ki, Nəbatat bağında yerləşən Görkəmli Azərbaycanlıların Panteonu mənəvi xəritəmizdə yer tutmağı vacib anlamlardır.



Tiflisin Azərbaycan tarixi, mənəviyyatı, mədəniyyəti, ədəbiyyatı ilə bilavasitə bağlı olan mühüm məntəqələrindən biri Nəbatat bağında yerləşən Görkəmli Azərbaycanlıların Panteonudur. Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi tarixi şəxsiyyətlərimizin uyuduğu bu memorial məzarlıq tarixi bir məkanın – XVII əsrdə Tiflisin Seyidlər məhəlləsində salınmış müsəlman qəbiristanlığının qorunub qalmış cüzi bir hissəsidir. Xalq arasında “Gorxana” adlandırılan Tiflis müsəlman qəbiristanlığında Azərbaycanın bir çox dövlət, siyasət, mədəniyyət, elm, din, ədəbiyyat xadimləri, bütün Qafqazda tanınan məşhur sülalələrin nümayəndələri dəfn olunubmuş. Lakin tariximizin bir parçası olan bu qədim məzarlıq da, Kür üstündə ucalan lacivərd Göy məscid kimi XX əsrin ortalarında oxşar motivlərlə sökülüb, ərazisi Nəbatat bağına verilib. Əvvəllər Çar bağı adlanmış Nəbatat bağının genişləndirilməsi barədə keçən əsrin əllinci illərində verilmiş qərar Tiflis müsəlman məzarlığının dağıdılması ilə nəticələnib. Məzarlıq ləğv edilir, buradakı qəbirlər, türbələr, kiçik məscid sökülüb. Bəzi mərhumların nəşi 1960-cı illərin ortalarında qohumları tərəfindən başqa qəbiristanlığa köçürülüb. Lakin dörd əsrlik tarixi olan “Gorxana” qəbiristanlığındakı tarixi məzarların və türbələrin böyük əksəriyyəti dağıdılıb və ya itib-batır. Şahidlər və tədqiqatçılar bu məzarlıqda, yuxarıda qeyd etdiklərimizdən başqa, Abdulla ağa Bakıxanov, Əliqulu Qəmküsar, Mehdiqulu xan Vəfa, Hüseyn Əfəndi Qayıbov, Behbud ağa Şahtaxtinski, Eynalı bəy Sultanov, Həmzət bəy Qayıbov, Fərəc bəy Sultanov, İbrahim İsfahanlı, Müzəffər Nərimanov, Rzaqulu Nəcəfov, Məmmədhəsən Hacınski və digər bir çox məşhur şəxslərin dəfn olunduğunu müəyyənləşdirmişlər. Bu məzarlıq əslində Tiflisin azərbaycanlı, müsəlman-türk tarixinin canlı salnaməsi idi. Lakin böyük bir dövrü və ərazini əhatə edən Tiflis müsəlman qəbiristanlığındakı yüzlərlə məzardan hazırda yalnız Nəbatat bağındakı panteonda olan bir neçə qəbir qalıb. Bu məzarların, bütövlükdə Görkəmli Azərbaycanlılar Panteonunun qorunmasında və abadlaşmasında hələ 1970-ci illərdə o vaxtlar Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin, son dövrlərdə isə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xüsusi xidmətini qeyd etməliyik.

Tiflis şəhəri, Meydan məhəlləsi, Şeytanbazar, Sənan dağı, Narınqala, müsəlman məzarlığı və onun yadigarı olan Görkəmli Azərbaycanlıların Panteonu tariximizin mühüm bir parçalarıdır və milli mənəviyyatımızın da vacib anlamlarından olmalıdırlar. Bu qutsal məkanlarda şərəfli ömür sürmüş əcdadlarımızın ruhları dolaşır və onların xatirəsini unutmamalıyıq, oralara baş çəkməliyik, amallarını yaşatmalıyıq. Eyni zamanda, unutmamalıyıq ki, dost və qardaş ölkə olan Gürcüstanda – Tiflisdə, Borçalıda tarixi şəxsiyyətlərimizin ləyaqətli varisləri, milli ənənəmizə, mənəvi dəyərlərimizə, dilimizə, vətənimizə, Azərbaycan – Gürcüstan dostluğuna sadiq soydaşlarımız yaşayır...

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: