Səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə attaşesi Samirə Ağayeva Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu kitabın gürcü dilinə tərcümə olunması və təqdimatının təşkili həmin tədbirlərin davamıdır. O, kitabın ərsəyə gəlməsi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin və Polşadakı səfiri Həsən Həsənovun təbriklərini çatdırıb.
Sonra kitabın müəllifinin qızı Afina Əliyeva çıxış edərək anası barədə xatirələrini danışıb, kitabın yenidən nəşr olunmasının məqsədlərini diqqətə çatdırıb. Bildirib ki, Gürcüstanda anadan olmuş Şəfiqə xanım sonradan gürcü dilini mükəmməl bilən alim kimi Azərbaycana dəvət olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışdığı illərdə Ş.Həmidovanın bir neçə tarixi əsəri, o cümlədən 1985-ci ildə bu kitabı çap olunub. Son dövrlər Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafına töhfə vermək məqsədilə kitabın gürcü dilinə tərcümə olunaraq yenidən çap etdirilməsi təşəbbüsü irəli sürüldü. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu təşəbbüsü dəstəkləyib və kitab yenidən çap olunub.
A.Əliyeva kitabın tərcümə olunmasına və çapına kömək etmiş şəxslərə təşəkkürünü bildirib, bunu anasının ruhuna hörmətin təzahürü kimi qiymətləndirib.
Sonra Gürcüstan Parlamenti Milli Kitabxanasının direktor müavini Mirian Xositaşvili, Gürcüstan Milli Elmlər Akademiyasının üzvü, akademik Zaza Aleksidze, tarixçi alim Quram Marxuliya və başqaları çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bu kitab ikitərəfli əlaqələrimizin inkişafına töhfədir, eyni zamanda, tarixi araşdırma mənbəyidir. Kitabda göstərilən faktlar, xalqlarımız və dövlətlərimiz arasındakı dostluğun qədim tarixə malik olduğunu bir daha sübut edir.
Kitabın Gürcüstanın ali və orta ixtisas məktəblərinə paylanılacağı bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.