Universitetdən ZiM.Az-a bildirilib ki, dünyanın 13 ölkəsindən mütəxəssislərin qatıldığı simpoziumda Asif Hacıyev “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə 1944-cü ildə sovet rejimi tərəfindən tarixi vətənlərindən Orta Asiya və Qazaxıstana sürgün edilən,
12 il xüsusi komendant rejimi şəraitində yaşayan, sürgün yollarının və qürbət güzəranının əzablarından on minlərlə soydaşları tələf olan Ahıska türklərinin 1958-ci ildən başlayaraq Azərbaycana köçünün tarixi, ölkəmizdə məskunlaşmalarının coğrafiyası, milli varlıqlarının sosial-mədəni aspektləri geniş şərh edilib. Ahıska türklərinin tarixi, etnik mədəniyyəti, folklor və ədəbiyyatı ilə 1980-ci illərdən məşğul olan, bu sahədə ölkəmizdə və Türkiyədə işıq üzü görən bir sıra kitab və məqalələrin müəllifi, folklor toplularının toplayıcısı və tərtibçisi olan Asif Hacıyev Azərbaycanda məskunlaşmalarının bu xalqın taleyində müsbət rol oynadığını, onların ana dillərini, mədəniyyətlərini, həyat tərzlərini, milli kimliklərini qoruyub saxlamalarına imkan verdiyini tarixi dəlillərlə göstərib.
Qeyd olunub ki, ahıskalılar Azərbaycanda daim dövlət orqanları və ictimaiyyətin diqqət və qayğısı ilə əhatə olunub, əmin-amanlıq şəraitində yaşayaraq mədəniyyətlərini inkişaf etdiriblər. Məhz Azərbaycanda Ahıska türklərinin ictimai təşkilatları formalaşıb, yazıçı və şairlər yetişib, musiqi kollektivləri, özfəaliyyət qrupları, mətbu orqanları yaranıb.
Məruzədə göstərilib ki, 1973-cü ildə, həmin dövrdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə ahıskalı gənclər respublikanın ali məktəblərinə müsabiqədənkənar qəbul olunmağa başlayıb və bunun nəticəsində Ahıska türklərinin müxtəlif ixtisas və peşələr üzrə ali təhsilli milli kadrları yetişib. Ahıska türkləri bu gün də Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Ölkəmizdə onların ictimai təşkilatları, Ahıska türklərinin Yazarlar Birliyi, özfəaliyyət dərnəkləri fəaliyyət göstərir, ahıskalılar Azərbaycanın dövlət orqanlarında, müxtəlif təşkilatlarda, sənaye-istehsalat, elm-təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrində təmsil olunurlar. Ahıska türkləri də Azərbaycanı öz doğma vətənləri kimi sevir, respublikanın inkişafı üçün çalışır, qayğılarını bölüşürlər. Qarabağ savaşında 81 Ahıska türkü şəhid olub, bir nəfər Milli Qəhrəman adına, onlarla ahıskalı müxtəlif mükafatlara layiq görülüb. Ahıska türklərinin mədəniyyətini Azərbaycan, Türkiyə və Gürcüstan mədəniyyətlərini birləşdirən həlqə hesab edən Asif Hacıyev bu ölkələr arasında strateji əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin bu xalqın vətənə dönüş prosesinin uğurla davam edəcəyinə əminlik yaratdığını vurğulayıb.
Məruzə tədbir iştirakçılarının marağına səbəb olub. Konfrans təşkilatçıları onu təşəkkürnamə, qazaxıstanlı heyət isə milli geyimlə mükafatlandırıb.
Qeyd edək ki, professor Asif Hacıyev simpoziumun hazırlanması və gedişatında məruzəçilikdən əlavə, elmi komitənin üzvü, bölmə sədri kimi də fəaliyyət göstərib, yekun toplantıda da bu beynəlxalq elmi tədbirin nəticələri haqqında çıxış edib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.