Nəinki Telavi rayonunda, eləcə də bütün Gürcüstanda
ən qədim və ən böyük kəndlərdən biri...
TELAVİ RAYONU:
Kaxet diyarının, eləcə də Gürcüstanın ən böyük və ən qədim rayonlarından biri də Telavi rayonudur.
Bu rayonun əhalisi 71.500 nəfərdir. Onun 12,8.%-ni, yaxud 9152 nəfərini soylaşlarımız
təmsil edirlər.
Gürcüstanın dündoğarında, Tbilisidən 147 km aralıda yerləşən Telavi şəhəri - həm Telavi rayonunun inzibati mərkəzi, həm də ölkə miqyaslı şəhərdir.
QARACALAR - Şərqi Gürcüstanın Telavi rayonunda kənd adıdır. Turdo çayının sol sahilində, rayon mərkəzindən 6 km quzeydə, dəniz səviyyəsindən 540 m yüksəklikdə yerləşən indiki Qaracalar kəndi əvvəllər ayrıca kəndlər olan Kəpənəkçi və Qarabağlılar kəndləri ilə birləşib və vahid kənd yaranıb.
Qaracalar kəndi əhalisinin sayına görə, Gürcüstanda soydaşlarımız yaşayan ən böyük kəndlərdən biridir… Əhalisi 9 min nəfərdən çoxdur.
Gürcüstanda azərbaycanlı kəndləri arasında Qızılhacılıdan sonra 1886-cı ildə Azərbaycandilli dünyəvi məktəb məhz Qaracalarda açılmışdır.
Amma təəssüflər olsun ki, bu kənddəki Azərbaycan məktəbi hazırda özünün ən ağır, ən acınacaqlı dövrünü yaşayır. Məktəbdə «sadəcə gürcü şöbəsi açılır» adı altında məktəb yavaş-yavaş gürcüləşdirilir... (?!) Belə davam eləsə, yəqin ki, 5 ildən sonra bu kənddə Azərbaycan məktəbi bağlanacaq!..
Yaxşı olar ki, əlaqədar təşkilatlar təcili olaraq bu barədə də fikirləşsinlər!.. Yoxsa sonra çox gec olacaq!..
Kəndin adının yaranması haqqında bir neçə mülahizə var:
Birinci mülahizəyə görə, Qaracalar kəndinin adı «Qaraca» və «-lar» şəkilçisinin birləşməsindən düzəlmişdir.
İkinci mülahizəyə görə, Qaracalar kəndinin adı «Qara Cəlal» şəxs adından əmələ gəlmişdir. Lakin kəndin yaşlı sakinlərinin dediyinə görə, bu fikir az inandırıcıdır.
Üçüncü mülahizəyə görə isə Qaracalar orta əsrlərdən Mil-Muğan düzlərində yaşamış Qılıclı tayfasının tirələrindən birinin adı olmuşdur.
Bu fikirlə razılaşsaq, deməli kəndin adı «Qaracalar» etnonimi əsasında yaranıb.
Kənd sakinlərindən özlərini «Kitabi-Dədə Qorqud»dakı Qaraca Çobanın nəvələri hesab edənlər də vardır, həm də onların sayı daha çoxdur.
Bizcə bu fikirdə daha böyük bir həqiqət vardır. Axı, «Kitabi-Dədə Qorqud» dastanlarındakı hadisələr həm də Gürcüstan ağzında cərəyan edirdi…
«ALAZAN» HİDRONİMİ VƏ «ƏHMƏDİTƏN» TOPONİMİ:
Əvvəlcə bu xüsusi adlarla bağlı olan bir rəvayətə diqqət yetirək:
«Deyilənə görə, Şərqi Gürcüstan, o cümlədən Kaxetidə türklər-azərbaycanlılar yaşayan bölgələrdə bir ağa olub. Onun iki nökəri varmış - birinin adı Alı, o birinin adı Əhməd imiş. Alı böyük qardaş, Əhməd isə kiçik qardaşmış. Onlar ağalarına çox sədaqətlə xidmət edərmişlər. Günlərin birində Alı sürünü Qanıx çayı boyunca hər tərəfi bürüyən meşəliyə tərəf aparır. Duman-çiskin hər tərəfi bürüyür. Axşam düşür, hava qaranlıqlaşır, lakin evə nə Alı qayıdır, nə də qoyun sürüsü. Gecə-gecədən keçir, Alıdan bir xəbər-əsər gəlmir, onu qonşu çobanlardan, kənd əhalisindən də xəbər alırlar.
Hər yerdən əli üzülmüş Əhməd səhərə kimi «ilan vuran yatırsa, o da yatır». Alı haqqında düşünür. Səhər açılmır ki, açılmır. Kənd xoruzlarının birinci banında Əhməd yerindən qalxıb çarığının dabanını bərkidir. Ağadan-nökərdən xəbərsiz Qanıx meşəsinə yollanır. Meşənin içərisinə doğru getdikcə göz-gözü görmür. Tez-tez: - «Alı!» - deyə meşəyə səs salır, sonra da qulaq verib dinləyir. Ancaq bir səs-səmir gəlmir. Hava işıqlaşır, duman-çən isə çəkilmir ki, çəkilmir. Alını səsləyə-səsləyə Əhməd gedir, hara gedir, özü də bilmir. Bir də baxır ki, hava yavaş-yavaş qaralır, axşam düşür, soyuq külək də asta-asta əsməyə başlayır. Ac-susuz Qanıx meşə-sinin qoynunda gecələməli olan Əhməd özü də meşənin ənginliklərində itib-batır. Aradan bir neçə gün keçir, duman-çiskin yavaş-yavaş çəkilir, göyün üzü açılır. Alı baxıb görür ki, Gəncəli kəndindən çox uzaq düşüb, sürünü kəndə tərəf çəkib gətirir. Aradan bir neçə gün keçəndən sonra Qanıx çayının yuxarı axarında Əhməd də havanın açılması ilə meşəliklərdə azğın düşdüyünü bilib Gəncəliyə qayıdır. Elə həmin vaxtlardan da xalq Qanıx çayını Alazan (Alı azan), Qanıx çayının yuxarı axını sahələrini isə Əhməditən (indi Axmeta) adlandırır.»
İndi də bu rəvayətdə adları çəkilən «Alazan» hidroniminin və «Əhməditən» toponiminin mənşəyinə nəzər salaq.
Bu onomastik vahidlərin hər ikisi mənşəyinə və təşəkkülünə görə türk-Azərbaycan mənşəlidir.
«Alazan» sözü - tərkibcə «Alı» antroponimi və «azan» feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Onun ümumi mənası «Alı azan» deməkdir.
Sonralar bu sözlər dilimizdə bir vurğu ilə deyilmiş və «Alı» sözünün son hecasındakı «ı» səsi düşmüşdür. Beləliklə də, «Alıazan» sözlərindən bir vurğulu «Alazan» sözü təşəkkül tapmışdır. Gürcü dilli mənbələrində isə bu söz «Alazani» kimi qeyd olunur. Bu sözün sonuna artırılan «i» səsi gürcü dilində ismin adlıq hal şəkilçisidir.
«Əhməditən» toponimi də təşəkkül tarixinə görə türkmənşəlidir. Bu toponim «Əhməd» antroponimi və «itən» feli sifətinin birləşməsindən əmələ gəlmişdir.
Bu toponim gürcü dilinə «Axmeta» şəklində transliterasiya olunub. Bu da təbiidir. Çünki türk-Azərbaycan dili üçün səciyyəvi olan «ə, h» səsləri gürcü dilində «a, x» səsləri ilə əvəz olunmuşdur.
Beləliklə, «Əhməd» sözünün tərkibindəki birinci «ə» səsi «a», «h» səsi «x», ikinci «ə» səsi «e» səsi ilə əvəz olunmuş, «d» səsi isə düşmüşdür. «İtən» feli sifəti isə «Əhməd» sözünün gürcü dilinə transliterasiyası zamanı yeni yaranmış «Axme» ünsürünə birləşmişdir. Bu birləşmə prosesində «itən» feli sifətinin tərkibindəki «i» sait səsi «Axme» ünsüründəki «e» sait səsilə yanaşı işlənə bilmədiyindən «e» səsinin məxrəc üstünlüyünə görə «i» səsi düşür, «tən» hecasındakı «tə» səsləri «ta» səslərinə çevrilir, «n» səsi isə düşür. Beləliklə də, «Əhməditən» toponimi gürcü dilinə «Axmeti» kimi transliterasiya olunmuşdur. (Onu da qeyd edək ki, Gürcüstanın indiki Axmeta rayonu ərazisində XVI əsrə aid edilən Allahverdi məscidi vardır. Lakin məscid çoxdan fəaliyyət göstərmir. Hətta, bir tarixi abidə kimi uçub-dağılmaq təhlükəsi qarşısındadır.)
Göründüyü kimi, Allahverdi sözü də türk-Azərbaycan dilinin lüğət tərkibinin qanunauyğunluğu əsasında təşəkkül tapmış bir onomastik vahiddir. «Alazan» hidroniminin və «Əhməditən» toponiminin türk-Azərbaycan köklü olması mülahizələrini həm yuxarıda qeyd edilən rəvayət, həm də linqvistik təhlil tam mənası ilə təsdiq edir.
P.S.:
ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı, eləcə də
Gürcüstandakı bu və ya
digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə
TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ
SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.
Ünvanlarımız:
M-Borcali@mail.ru
və ya:
info@zim.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.