Bəzən tale adamı elə insanlarla görüşdürür ki, onunla görüşdüyün ilk an, ilk təəssürat ömür boyu yadında qalır və sonrakı zamanlarda da bunu həmişə şirin bir xatirə kimi xatırlayırsan.
Talenin belə xoş anlarının birində redaksiyada şair Vilayət Rüstəmzadə ilə görüşdüm. Şeirlərini mətbuatda oxumuşdum, ancaq özünü görməmişdim. "Azərnəşr"in binasında gənc müəlliflərlə söhbət zamanı Vilayət gəlib bizimlə görüşdü, söhbətə qoşuldu və çox ciddi yaradıcılıq məsələlərindən söhbət açdı. İlk görüşdə onun poeziya haqqında, poeziyanın görkəmli nümayəndələri haqqında dediyi sözlər bu gün də yadımdadır. O, şeirin ən böyük ustadlarından Cavid, Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli, Rəsul Həmzətov, Sergey Yesenin, Nikolay Qumilyov, Anna Axmatova, Konstantin Simonov, Yevgeniy Yevtuşenko və başqaları haqqında həm danışır, həm də onların əsərlərindən konkret misallar gətirir və bu misalları özünəməxsus formada şərh edirdi. Həmin görüş bu günə kimi xəyalımda canlanır. Görüşdə gördüyüm qaynar təbiətli, çağlayan ürəkli Vilayət sonra mənim iş yoldaşım və dostum oldu. Mən də onun maraqlı həmsöhbətlərindən birinə çevrildim. Mən "Azərnəşr"də işə başlayanda Vilayət yalnız redaktor kimi deyil, həm də tərcüməçi və bu sahənin ən yaxşı mütəxəssisi sayılırdı. Sonra o, tərcümə redaksiyasının müdiri oldu. Onun hər söhbəti ədəbiyyatın, sənətin çox vacib mövzularına həsr olunurdu. Vilayət emosiya ilə, çox şirin bir ləhcə ilə danışardı. Gətirdiyi misalların mənbəyini, şeirin, bədii sözün estetikasını ürəyəyatımlı bir üslubda şərh edərdi.
...İllər keçdi. Bizim dostluğumuz daha da gücləndi. O, etdiyi tərcümələrdən, yazdığı şeirlərdən həmişə bizə oxuyardı. Mən də, onun digər gənc yoldaşları da Vilayəti böyük qardaş timsalında qəbul edər, çox şeyi onunla məsləhətləşərdik. Beləliklə, o, bizim həm iş, həm də sirr yoldaşımıza çevrilmişdi.
Vilayət rus dilini mükəmməl bilməklə yanaşı, gözəl tərcüməçi idi. Onun tərcümələrini fərqləndirən cəhətlərdən biri də o idi ki, tərcümə etdiyi dili bildiyi kimi, doğma dilini də, demək olar ki, bütün şivə və ləhcələrini çox gözəl bilirdi. Ona görə də tərcümə etdiyi mətnlər canlı idi, koloritli idi və eyni zamanda əsərini tərcümə etdiyi müəllifin bütün hiss və həyəcanlarını olduğu kimi dilimizdə əks etdirə bilirdi.
Bundan başqa, Vilayətin şairliyi, tərcüməçiliyi ilə yanaşı, məsələlərə tənqidi bir baxışı da vardı. O, tənqidi rəyləri də əsaslı şəkildə elə şərh edirdi ki, əlavə söz söyləməyə ehtiyac qalmırdı.
Vilayət şux, deyib-gülən, zarafatcıl, nikbin adam idi. Mən onu, demək olar ki, heç zaman qəmgin görməmişəm. O, kədəri özünə yaxın buraxmazdı. Görüşəndə də, danışanda da, ayrılanda da elə isti münasibət yaradardı ki, bu gözəl təəssürat hissi uzun müddət adamda ovqat yüksəkliyi yaradardı.
"Azərnəşr"də, sonra isə "Yazıçı" nəşriyyatında birgə işlədiyimiz dövrlərdə dostluğumuz daha da möhkəmləndi. O zaman mən şeirlər yazardım, radioda "Bulaq" verilişinin müəlliflərindən biri kimi çıxış edirdim. Vilayət həmişə mənim yaradıcılığımı izləyər, qiymətləndirər və öz dəyərli məsləhətlərini verərdi. Tək mənimlə yox, gənc şairlərlə, tənqidçilərlə və öz həmyaşıdları ilə söhbətlərdə Vilayət ən yaxşı dost, yoldaş kimi, həmkar kimi adama qol-qanad verər, heç vaxt adamı məyus etməzdi. Heç zaman onun dilindən kiminsə haqqında yersiz söz, qərəzli fikir söylədiyini eşitməmişəm. Onun tənqidləri də çox məharətli, xoşagəlimli idi. Sözü elə deyərdi ki, adamın ruhu inciməzdi.
Vilayət sazlı-sözlü, ağır Borçalı elinin nümayəndəsi idi. Aşıq sənətinin, xalq yaradıcılığını çox gözəl bilərdi. Ona görə də öz əsərlərində, tərcümə etdiyi kitablarda həmin kolorit, xəlqilik özünü aydın göstərirdi.
Vilayət həm də çox yaxşı redaktor idi. Təəssüf ki, bizdə ayrı-ayrı şairlərin redaktorluq fəaliyyəti barədə əsərlər yazılmır. Məsələn, istərdim ki, kim isə Vilayətin gördüyü təcrümə işlərini, redaktə etdiyi kitabları təhlil etsin, gördüyü işlərə qiymət versin. Təəssüf ki, bəzən redaktə işinin nə qədər çətin və şərəfli olduğunu çox zaman yaddan çıxarırlar. Halbuki bu, ayrıca bir sənət növüdür. Onun özünəməxsus qanunları, estetikası mövcuddur. Sözün, sənətin, əsərin üzərində iş görmək, onu təhlil etmək, öz dilinə çevirmək asan məsələ deyil. Burada elə incə məqamlar var ki, onu yalnıız bu sahədə çalışan adamlar yaxşı bilir və dərk edir. Bəzən bir tərcümə haqqında müxtəlif rəylər, müxtəlif fikirlər əmələ gəlir. Bu da təbiidir. Məsələn, belə bir fikir də var ki, guya yaxın dillərdən (türk, başqırd, türkmən) əsər tərcümə etmək və görülən bu işi tərcümə saymaq o qədər də düzgün deyil. Təxminən keçən əsrin 20-30-cu illərində bu barədə də geniş müzakirələr olmuşdu. Hətta bəziləri indi də hesab edir ki, türk dilindən azərbaycancaya əsər tərcümə etməyin heç bir əhəmiyyəti yoxdur. Halbuki zaman göstərdi ki, bu dillər nə qədər yaxın olsa da, onların hər birinin özünəməxsusluğu var ki, orfoqrafik fərqlə yanaşı, fonetik və sintaktik fərqlər də var ki, onu birbaşa, olduğu kimi yazmaq olmur. Belə mətnləri tərcümə etmədən qarşı tərəfə ötürmək mümkün deyil. Bu gün türk, türkmən, qazax, özbək dilində olan hər hansı bir əsəri eynilə bizim dildə çap etmək mümkün deyil. Onun üzərində tərcüməçilər, mütəxəssislər işləyir. Bu cür iş görülməsə, həmin əsərləri olduğu kimi bizim oxucuya vermək olmaz. Vilayət bu məsələlərdə çox həssas idi, türk nəsrindən, şeirindən bir-birindən gözəl, fərqli misallar gətirirdi. Bizə doğma olan türk dilindən çevirmələr zamanı çox incə mətləbləri asanlıqıa üzə çıxarır, məna və məzmun fərqlərini aşkarlayırdı. Axı neyləməl olar? Dil nə qədər eyni kökdən olsa da, zaman bunların arasında müəyyən fərqlər yaradıb. Təsvirdə, şeir bənzətmələrində, qafiyələrdə də elə fərqlər olur ki, tərcümə etmədən oxucu tərəfindən dərk edilmir. Onlar mütləq tərcümə edilməli, ya da onlara ayrıca izah verilməlidir. Buna görə məsələyə ümumi sözlərlə deyil, konkret misallarla yanaşmaq lazımdır. Vilayət bunları çox gözəl bilirdi. Və bildiklərini də dostlarına ürəklə söyləyir, onlarda da müəyyən fikir formalaşdırırdı. Vilayət təkcə rus şeirini, sovet ədəbiyyatını deyil, həm də türk şeirini, türk ədəbiyyatını yaxşı bilirdi. ümumiyyətlə, Vilayət mütaliəli adam idi. Onun söz bazası çox zəngin idi. Bu onun həm öz əsərlərində, həm də etdiyi tərcümələrdə açıq-aydın görünürdü.
Vilayətlə bizim dostluğumuz davamlı oldu. Həmişə onunla əlaqə saxlayırdım. Bizim dostluğumuzun bir yadda qalan məqamı da var. Mən ailə quranda yaxın dostlarıma, o cümlədən Vilayətə ürəyimi açdım. Vilayət həmişə olduğu kimi ürəklə dedi: "Sənin toyunda ən gözəl sözləri mən deyəcəyəm. Toyunda tamada olacağam". Belə də oldu. Vilayət mənim həyatımın ən böyük mərasimində məclisin başında dayandı, həm məclisi yola verdi, həm də məclisə xüsusi gözəllik verdi. Onun dediyi sözlər, xeyir-dualar, bizim dostlar haqqında söylədiyi fikirlər indi də onu gözümün qarşısında canlandırır. Vilayət bizim dostluq aləmimizin ayrıca məkanı, "vilayəti" idi. O, həqiqətən də adı kimi özünə bənzər bir vilayət yaratmışdı. Həmin vilayətdəki Vilayətin özü də yaratdığı mühitdə bizim üçün söz-sənət beşiyi idi.
Son illər biz onunla tez-tez görüşər, söhbət edərdik. Bir dəfə mənə dedi ki, sən rəsmi adamsan. Sən ləqəb götürmürsən. Amma mən sənə həmişə Omaroğlu deyəcəyəm. Doğrudan da, məni harda görürdüsə, "Omaroğlu, necəsən?"- deyə, salamlayardı.
Mən dövlət işində çalışanda da rəsmi tədbirlərdə Vilayətlə görüşərdik. Tədbir bitəndən sonra Vilayət yaxınlaşar, yenə gülümsəyərək "Omaroğlu, necəsən?", - deyə soruşar, mən də ürəklə "yaxşıyam, qardaş, yaxşıyam" deyərdim. Soruşardı: "Şeirdən uzaq düşməmisən ki?" "Şeirdən uzaq düşmək olar?" - sözümü eşidəndə: "Bu, vacib məsələdir"- deyərdi. - "Harada olsan da, sənəti, şeiri əldən buraxma. Sənət bütün vəzifələrdə səni saf saxlayacaq. Sənətin saflığı bütün məqamlarda səni qoruyacaq".
Mən qədim şumerlərin "Bilqamıs" dastanını dilimizə çevirəndə də tez-tez Vilayətə dost kimi, müəllim kimi müraciət edər, onunla görüşər, hər bir sözün bugünkü formada, deyimdə necə səslənəcəyini müzakirə edərdik. ümumiyyətlə, Vilayət təkcə mənə deyil, bütün sənət dostlarına, özündən sonra gələn gənc nəslə həmişə qayğı göstərərdi. Mən sonrakı dövrlərdə Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru olanda da Vilayətlə, demək olar ki, hər həftə görüşərdim, ya o mənim yanıma gələrdi, ya da zənglşərdik. Bəzən ona "Ağsaqqal, filan məsələ barədə sənin fikrin nədir?" - deyə müraciət edərdim. Dostların bəziləri zarfatla ona "Starik" deyərdilər. Əsasən Rusiyadakı dostları onu cavan yaşlarından belə çağırırdılar. çünki o, elə gənc yaşlarından bu adı qazanmışdı. Mən isə hərdən ona "Borçalının böyük oğlu, necəsən?"- deyə halını xəbər alardım. O, bu sözləri eşitcək sevinərdi. Beləliklə, Borçalıoğluyla Omaroğlunun dostluğu uzun müddət davam etdi.
Çox təəssüf ki, Vilayət həyatdan tez getdi. Buna baxmayaraq, Vilayətin işıqlı, nurlu həyatı, gözəl dostluğu bizə yadigar qaldı. Həm əsərləri, həm övladları, yaxın dostları Vilayəti həmişə yada salır. O, daim işıq, nur içində xatırlanır. Bu da onun həyatı ilə, keçdiyi ömür yolu ilə bağlıdır. Vilayət özündən sonra heç bir yerdə qara ləkə buraxmayıb. Onun getdiyi yollar işıqlı olub. Məhz insanlara bəslədiyi münasibət də bu işıqdan keçir. Bu səbəbdən də dostum haqqında yazımın adını "İşıqlı adam" qoydum.
İsmayıl Vəliyev,
filologiya elmləri dokoru, professor
2010.
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.