Unudulmaz təhsil naziri LİDİYA RƏSULOVA

Unudulmaz təhsil naziri LİDİYA RƏSULOVA Tarixdə elə dövlət xadimləri olub ki, onlar xalq və millət üçün etdikləri xidmətlərə baxmayaraq, zaman-zaman unudulublar.

Bu günlərdə görkəmli ictimai və dövlət xadimi Lidiya Rəsulovanın anadan olmasının 80-ci ildönümü tamam oldu. Azərbaycanın tanınmış şəxsləri, ictimai və dövlət xadimləri Lidiya xanım haqqında xatirələrini bölüşdülər, onun xidmətlərindən danışdılar. Lidiya Rəsulova müasirlərinin yaddaşında çox prinsipial, peşəkar, təmiz və sədaqətli şəxsiyyət kimi qalıb.

O, rayon rəhbəri, Respublika Həmkarlar İttifaqının sədri, sosial müdafiə, təhsil naziri kimi mühüm vəzifələrdə işləyib. Lakin uzun illər bu böyük vəzifələrdə çalışmasına baxmayaraq, çox sadə həyat yaşayıb.

Lidiya Rəsulova Heydər Əliyev məktəbinin ən parlaq nümayəndələrindən biri idi.
O, Heydər Əliyevə, onun siyasi xəttinə ömrünün sonuna qədər sadiq qaldı.
Azərbaycanın ən çətin anlarında üç böyük nazirlik və komitə - Ali Təhsil, Maarif və Texniki Peşə Komitələri birləşərək, Təhsil Nazirliyi yaradıldı.
Heydər Əliyev məhz Lidiya xanımı təhsil naziri vəzifəsinə təyin etdi.


Onun vəzifəyə təyin olunduğu dövr çox çətin və keşməkeşli zamanlar idi. Bir tərəfdən, ölkədə yeni dövlət quruculuğu həyata keçirilirdi, digər tərəfdən, 1 milyona yaxın şəxs doğma torpaqlardan məcburi köçkün düşmüşdü, kadr çatışmazlığı və maliyyə qıtlığı hökm sürürdü.

Məhz belə şəraitində Lidiya xanım təhsil sisteminə rəhbərlik etməyə başladı. O, rəhbərliyi dövründə şəffaflığı pozmağa cəhd edən ən yaxın əməkdaşa belə güzəşt etmirdi. Həmin çətin illərdə yeni iş adamları və biznes nümayəndələri fəaliyyətə başlayırdı. Bu adamların istəyi, ilk növbədə, təhsil müəssisələrinin bina və yerlərindən istifadə etmək idi. Məhz Lidiya xanımın təşəbbüsü ilə zamanında təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan edən hüquqi-normativ sənəd imzalandı. Bu qərar sayəsində təhsil sisteminin maddi-texniki bazası mühafizə olundu.

Lidiya xanım büllur kimi təmiz rəhbər idi. Təhsil sistemində baş verən neqativ hallara qarşı çox barışmaz mövqe nümayiş etdirirdi. Bunu bütün təhsil ictimaiyyəti çox yaxşı bilirdi. O, iclaslarda bütün çıxışları sonadək diqqətlə və səbirlə dinləyər, sonda isə çox peşəkarcasına nəticə çıxarar və ədalətli qərarlar qəbul edərdi. Təəssüflər olsun ki, Lidiya xanım səhhətinin qəfil pisləşməsindən və ağır xəstəliyə düçar olmasından sonra bu məsul vəzifədə uzun müddət işləyə bilmədi. Məhz öz istəyi ilə də vəzifəsindən ayrıldı. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Lidiya xanıma olan diqqət və qayğılarını heç vaxt əsirgəmədilər, ömrünün sonuna qədər Lidiya xanımın müalicəsinə xüsusi diqqət ayrıldı.

Unudulmaz təhsil naziri LİDİYA RƏSULOVA Yazımın əvvəlində bəzi dövlət adamlarının tarixdə unudulmaqlarından bəhs etmişdim, Lidiya xanım Rəsulova isə onlardan fərqli olaraq unudulmaz təhsil naziri kimi xatirələrdə daim yaşayacaq.

Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: