
Həmin sənədlərdə Gürcüstan türklərini bəzən huntürk,
bəzən buntürk və s. adlandırıblar.
Bu günkü yazımız Azərbaycandan və Borçalıdan bir xeyli aralı olan, az qala tamamilə diqqətdən kənarda qalan – Muxran çökəyi haqqındadır.
Muxran çökəyi, Şida Kartli bölgəsində, Tbilisi-Qori şosse yolunun ətrafında yerləşir. Həmin ərazidə gürcü kəndlərilə yanaşı əhalisi kompakt şəkildə gürcüstan türklərindən ibarət olan altı kənd var:
1.Sixisdziri (Qala-altı); 2.Sakadaqiano (Tatuşağı); 3.Xidiskuri (Körpü qulağı); 4. Çanqilari (Qarabağlılar); 5. Ferma;
6. Hasanalılar (rəsmən Ağayani kimi gedir).


Bu adı çəkilən əsas kəndlərin heç birində nə uşaq bağçası, nə də həkim məntəqəsi vardır. Uşaq bağçalarının olmamasının nəticəsi isə baha başa gəlir: I-ci sinifə gedən məktəbli elə bəri başdan öz gürcü sinif yoldaşından geridə qalır və proqramı mənimsəmək yox ki, orta məktəbi elə bitirir, heç düz-əməlli gürcü dilini belə öyrənməmiş olur. Həmin kəndlərin içində məktəbin normala yaxın olması Sixisdziri kəndinin məktəbini hesab etmək olar. Elə bu səbəbdəndir ki, ətraf kəndlərdən xeyli uşaq, məsafənin bir neçə kilometr uzaq olmasına baxmayaraq, Sixisdziri kəndində təhsil alırlar. Məktəbin laihəsinin zamanında 8-illik olmasına baxmayaraq, hazırda 12-illikdir, 34 müəllimi, 419-şagirdi vardır.
Fikrimcə ən acınacaqlı vəziyyətdə Xidiskuri kəndidir. Xidiskuri kəndi rəsmi qeydiyyata görə, 200 evdən ibarətdir (elə evlər var ki, qeydiyyata alınmamışdır). Əhalisinin sayı isə 1000 nəfərin üzərindədir. Onların öz məktəbləri olmadığından uşaqları səpələnmiş durumdadırlar: bir qismi qonşu Ksani kəndinin məktəbində, bir qismi - Sakadaqiano, bir qismi - Sixisdziri, bir qismi - Tbilisidə, bir qismi isə evdə ,,təhsil” alırlar.
Həmsöhbətimiz Xidiskuri kənd sakini, Yunis Məmmədovla söhbətimizdə o bildirdi ki ,,Şevardnadzenin hakimiyyəti dönəmində dəfələrlə Təhsil Nazirliyinə müraciət etsək də, heç bir nəticə əldə edə bilmədik. Çox istəyirik ki, bizim özümüzün öz məktəbimiz olsun. Uşaqlarımızın əksəriyyəti Tatuşağının məktəbinə gedib-gəlirlər, oranın təhsil səviyyəsi isə o qədər aşağıdır ki, məktəbi bitirən şagirdlərin çoxu yazıb oxumağı belə zor öyrənirlər. Onun ucbatından mən nəvəmi Tbilisinin məktəbinə qoymuşam. Bizim kəndin bəzi ,,ağsaqqalları” məscid tikmək arzusundadırlar, kəndimizdə isə yeni nəsil adına canavarlar yetişir, canavarları da məscidə doldurduqca mömin olacaqlarından şübhə edirəm. Ona görə də bizə öncə uşaq bağçası və məktəb lazımdır”.
Sakadaqianoya gəldikdə isə, məktəb 3-mərtəbəli binadadır, özünün geniş idman zalı ilə birlikdə. Lakin məktəbdə 20 ildir ki, heç bir təmir işi aparılmayıb və durumu son dərəcə acınacaqlıdır. Sakadaqiano kəndi iki kənddən ibarətdir: 160 evdən və əhalisinin 1000 nəfədərdən ibarət kəndin yalnız azərbaycanlılar yaşayan hissəsinə Tatuşağı deyirlər, 30-35 ailədən, milliyətcə osetinlər olan hissəsi Xidiskuri ilə Tatuşağının arasında yerləşib. Məktəbin binası da osetinlər yaşayan ərazidədir. Məktəbdə 20-nəfər müəllim işləyir, onların arasında yerli azərbaycanlılardan heç yoxdur. Şagirdlərin sayı 193-dür. Buradan 12-nəfəri svan uşağı, 70-nəfəri Tatuşağı, 111-nəfəri isə Xidiskurili uşaqlarıdır (I-ci sinifdə 6-sı tatuşağı, 13-ü xidiskurilidir). Məktəbdə təhsil səviyyəsi bəlkə də ölkə üzrə sonuncu yerdədir, o üzdən onların uşaqlarının əksəriyyəti Sixisdziri məktəbində təhsil alırlar. (Ferma kəndi də həmçinin). (məktəbin direktoru-Lia Tatunaşvili).
Hasanalılar kəndi rəsmən 27 evdən ibarətdir. Bu kənd Ağayani kəndindən 1,5-2 km arlı olmasına baxmayaraq, yenə də sənədlərdə Ağayani kimi gedir. Bunların uşaqlarının məktəbə getməsi üçün isə 6-km yolu kros etmələri gərəkir.
Və nəhayət, Qarabağlılarla (Çanqilar) Fermaya gəldikdə isə vəziyyət son dərəcə ağırdır: 65 evdən və 400 nəfərdən ibarət Qarabağlı şagirdləri təhsilini Ferma kəndində alırlar. Fermada isə məktəb doqquz illikdir. Məktəbdə 25-nəfər müəllim, 243-nəfər şagird vardır. Kənddə rəsmən 330 ev vardır, əhalisi isə 1500-ün üzərindədir. Uşaqların böyük əksəriyyəti məktəbə ya heç getmir, ya da II-III sinifdən sonra çıxırlar. Qız uşaqlarını oxutmaq əvəzinə, 12-13-14 yaşları tamam olan kimi evləndirmək adəti dəbdədi.
Cambul MƏMMƏDLİ,
2009-cu il, “Varlıq” qəzetinin ilk nömrəsi.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.