"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2 MƏDƏD ÇOBANOV

II FƏSİL

ANTROPONİMİKA ONOMALOGİYANIN
BİR SAHƏSİ KİMİ


Onomalogiyanın əsas və ən geniş yayılmış sahəsini ant­roponimika təşkil edir. Antroponimika yunan dilində “ant­ro­pos” (insan) və “onuma” (ad) sözlərinin birləşməsindən əmə­lə gəlmişdir. Bu termin dilçilikdə insan adları haq­qın­da elm mənasında işlədilir. İnsan adlarının zərif və in­cə, tarixi və milli xüsusiyyətləri vardır. Məhz bunun nəti­cə­si­dir ki, ailədə yeni doğulan uşaqlara münasib adlar seçi­lib ve­rilməlidir. Xalqımızın çoxəsrlik ənənələrinə görə, yeni doğulan “övlad oğlandırsa, onun adında Azərbaycan kişi­lərinə məxsus bir məğrurluq, cəsurluq, əməksevərlik, qo­naq­pərvərlik, comərdlik və s. xüsusiyyətlər; yeni do­ğu­lan övlad qızdırsa, onun adında zə­rif­lik, incəlik, gözəllik, eyni zamanda məğrurluq və cəsur­luq xüsu-siyyətləri öz əksini tapmalıdır. Bu Azərbaycan xal­qının bütün tarixi dövrlərinə aiddir”. Bütün bu xüsu­siy­yətlər isə xalqımızın tarixən ya­rat­mış olduğu antropo­nim­lərdə də öz geniş ək­sini tapma­lı­dır. Məhz dilimizdəki bu xü­susiyyətləri öyrən­mək üçün dil­çilik elminin nəzəri şöbəsi olan onomalo­giyanın xüsusi və müstəqil bir sahəsi for­malaşmışdır. Bu sahə antro­po­nimika adlanır. Antropo­ni­mi­ka insan adları­nın öyrənilməsi ilə məşğul olur. Antro­po­nimikanın tədqi­qat sahəsinə ad, ata adı, familiya, tə­xəllüs və ləqəb daxil­dir. Həmçinin, antroponimika şəxs adla-rının əsası, mən­şə­yi, quruluşu, adqoyma ənənələri, antropo­ni­mik hadisə­lər, şəxs adlarının təşəkkülü, inkişafı və başqa dilə transli­terasiyası problem­ləri; tarixi sənəd-lərdə və bədii əsərlərdə işlədilən adların səciyyəvi an-troponimik xüsusiy­yətləri məsələlərinin araş­dırılması ilə də məşğul olur.
Cəmiyyətin hər bir üzvünün mənəvi inkişafı, onun mə­dəniyyət və əxlaqının yüksəldilməsi, vətəndaşlıq və insan­pərvərlik hisslərinin möhkəmləndirilməsi problemləri xal­qı­mızın daim diqqət mərkəzində olmalı və cəmiyyət üzv­lərinin estetik zövqünü oxşamalıdır. Bütün bunlar məişət estetikasının bir kateqoriyası olan xüsusi adlarda da öz parlaq ifadəsini tapmalıdır. Bu da cəmiyyətin estetik ənə­nəsinə uyğun olmalıdır. Başqa sözlə desək, cəmiyyət və onun üzvləri ilə bağlı olan sözlər-adlar adı altında qruplaş­dırılır. Deməli, antroponim termini ilə şəxsə verilən ad sistemi nəzərdə tutulur.
Hər bir tarixi dövrdə şəxs adları millilik, tarixilik və müa­sirlik prinsipləri əsasında təşəkkül etmişdir. Çünki hər bir şəxs adı istər dilçilik, istərsə də antroponimik vahid ki­mi onu yaradan xalqın milli təfəkkürü, dünyagörüşü, mə­nəvi zövqü, tarixi və mədəni inkişafı səviyyəsi ilə ya­xın­dan bağlıdır. Belə demək mümkündürsə, elə xalqın mə­dəniyyətinin ilk rüşeymləri də özünü xüsusi adlarda biruzə verir. Bu mənada, hər bir onomastik vahid kimi, ant­ro­ponimik vahidlər də xalqımızın qədim mədəni səviy­yə­sini gös­tərən ilk ictimai nişanədir; xalqın tarixi yara­dı­cılığının məhsulu və canlı tarixi əsəridir. Bu mənada, xalq yaratdığı və yaşatdığı antroponimlərin tarixi müəlli­fidir. Müəl­lifin əsərini təhrif etməyə isə heç kəsin ixtiyarı yoxdur və ola da bilməz. Əlbəttə, bu nişanələri və əsərləri dərindən öy­rənmədən xalqın tarixini aydın şəkildə tə­səvvür etmək ol­maz. Çünki hər bir antroponim xalqın milli ünvanıdır. Bu ün­vansız cəmiyyət tarixində keçinmək çə­tindir. Heç təsa­düfi deyil ki, Şərqli (F.Ağazadə) hələ 1927-ci ildə nəşr et­dirdiyi “Türk adları, ölçüləri və təqvimi” adlı məqa­ləsində adqoyma ənənəsində milli zəminə söykən­məyi və milli adlardan istifadə etməyi məsləhət görürdü”. Çünki antro­ponimlər dilimizin milli orijinallığını, ən qə­dim ün­sir­lərini mühafizə edib müasir dövrə çatdıran ka­teqo­riya­dır.
Dilimizdə xüsusi şəxs adı bildirən sözlər geniş mənada antroponim, dar mənada isə şəxs adı altında qruplaşdırılır. Bu, belə də, olmalıdır. Çünki antroponim adı altında bu və ya digər şəxsə vermək mümkün ola bilən bütün adlar; şəxs adı altında isə yalnız bir şəxsi başqasından fərq­ləndirən ad nəzərdə tutulur.
Fərdi adlar isə sadə, ahəngdar, məzmunlu və həyati ol­malıdır. Çünki həmin adlar həyatda insan cəmiyyətinə xid­mət edir.
ANTROPONİMİK VAHİDLƏR. Adların antroponimik xü­susiyyətlərini isə antroponimik vahidləri müəyyən­ləş­dir­mədən araşdırmaq olmaz. Odur ki, ilk növədə, ant­ro­po­nimik vahid anlayışını, onun meyarını müəyyənləş­dir­mək lazımdır. Müstəqil işlənə bilən antroponim (şəxs adı, ata adı, familiya, təxəllüs, ləqəb) antroponimik vahidlər he­sab olunur. Bu mənada, birinci növbədə antroponimika ter­min­­ləri məsələlərinin müəyyənləşdirilməsi dilçiliyi­mi­zin bu yeni sahəsi olan-antroponimika problemlərinin elmi şəkildə həll edilməsi üçün geniş imkan yaradır və tarixi onomastikanın bir sıra ümumi məsələlərinin aydınlaşdırıl­masına və inkişafına kömək edər.
Antroponimiya - adlar sistemi uzun bir tarixi inkişaf yo­lu keçmiş, müxtəlif dövrlərdə və müxtəlif şəraitdə for­ma­laş­mışdır. Odur ki, antroponimlərin yaradılması tari-xi­ni Azər­baycan dilinin tarixi leksikasından ayrılıqda düşün­­mək ol­maz. Bu adlar ayrılıqda da (ad, ata adı, familiya) ümu­­mişlək sözlər kimi öz sabit mənasını saxlayır. Azər­bay­can antroponimləri, əsasən, ümumişlək sözlərin bazası əsasın­da formalaşmışdır ki, bu da ünsiyyət prosesində bö­yük rol oynayır. Uzun tarixi inkişaf prosesində isə adlar­dan ata adı, familiya və həmçinin, ümumişlək sözlərdən-tə­xəl­lüslər və ləqəblər təşəkkül tapmış və müa­sir səviy­yə­yə gəlib çatmışdır. Buraya kimi deyilənlərdən aydın olur ki, antroponimik vahidləri antroponimik terminlərsiz hər­tə­­rəfli öyrənmək olmaz. Deməli, antroponimik vahidlər ant­­­­roponimikanın əsas tədqiqat obyektini təşkil edir. Ant­roponimik terminlər qrupuna aşağıdakılar daxildir: antro­ponim, antroponimiya, antroponimika, antroponimik əsas, antroponimləşmə, antroponimik sistem, matronim, andro­nim, eponim, elliptik xüsusi ad, fiktonim, antroponimikon və s. Öhdəmizdə olan zəngin Azərbaycan antroponimlər kartotekinin vediyi faktlara görə antroponimlərin aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirmək ön plana çəkilməlidir.

Antroponim - şəxs adını bildirən antroponimik vahiddir. Bu vahidlər sırasına ad, ata adı, familiya, təxəllüs və ləqəb daxildir.
1.Antroponimlər dilimizin müasir inkişaf səviyyəsi ilə (ədəbi dil, danışıq dili) əlaqədar olaraq iki qrupa bölünür:
Ədəbi antroponim - ədəbi dilin tələbinə uyğun dü­zəl­dilən adlardır: Namiq, Turan, Orxan, Aygün, Könül, Lalə və s.
Dialektal və yaxud məhəlli antroponim - şivə və ya dialekt leksikası üçün səciyyəvi olan sözlər əsasında düzə­lir: Xırxır İsmeyl, Cığcığ Həsən, İvraham, İbiş, Məhi və s.

2. Antroponimlər avtonimlərlə müxtəlif münasibətdə olur. Bu baxımdan da, onları iki qrupa bölmək olar:
Fərdi antroponim - hər hansı şəxsin yalnız adı, öz zöv­qünə uyğun olaraq qəbul etdiyi təxəllüs və yaxud ona kollektiv (xalq) tərəfindən qoyulan ləqəb. O cümlədən, Ya­­şar, Dönüş, Leyla, Leylan, Sevinc şəxs adları; Vur­ğun, Arif, Xəzri, Səbuhi təxəllüslər; Qres (Əli), Dəli (Mə­həm­məd), Xaşal (Əhməd), Dəlal (Novruz) və s. ləqə­b­lər­dir.
Ümumi antroponim - hər hansı kiçik və ya böyük kol­lektivi birləşdirir. Başqa sözlə desək, ümumi antroponim ən azı iki nəfərə aid olur. Ümumi atroponimə ata adı (hər bir atanın bir neçə övladı ola bilər), familiya (bir nəslə aid olan onlarla adam eyni familiyaya aid olur) və məhəlli-nəs­li ləqəb aiddir.
3. Antroponimlər ünsiyyət zamanı ifadə etdiyi məna-lılıq, ifadəlilik və bədiilik baxımdan da iki qrupa bölünür:
Bədii (poetik) antroponim - bədii əsərlərdə personajlara verilir və əsərin məzmunu ilə bağlı əlavə bədii məna kəsb edir.
Nəqli antroponim - bədii, xüsusilə, nəsr əsərlərində və nağıllarda personajlara verilir və heç bir əlavə bədii məz­mun kəsb edə bilmir.
4. Antroponimlər xalq arasında mövcud olub-olmama-sına görə də iki qrupa bölünür:
Real antroponim - müasir həyatda xalq arasında fəaliy­yətdə olan real adlardır. Məsələn: Müşviq, Şakir, Vaqif, Qoşqar, Nailə, Mailə və s.
Real antroponimin ikinci növü reprezentativ antropo­nim­­dir. Belə antroponimlər qeyri-rəsmi olaraq, müəyyən qrup şəxsi və ya xalqı bildirmək üçün şifahi nitqdə iş­lə­di­lir. Məsələn,”Məhəmməd və Əhməd” adları azərbay­can­lı­ları, “İvan” adı rusları, “Biciqo”adı gürcüləri bil­dir­mək üçün işlədilir.
Əfsanəvi antroponim - həyatda mövcud olmayan uy­dur­­­ma adlardır. Belə adlar, əsasən, əfsanəvi əsərlərdə, na­ğıl­lar­da personajlara verilir. Məsələn: Təpəgöz, Zümrüd, Dər­viş və s.
Həm real, həm də əfsanəvi antroponimlər, əsasən, dilin daxili imkanları, yəni milli dilin lüğət tərkibi əsasında dü­zəlir. Real antroponimlərin əsas mənbəyi canlı ümum­xalq dili, əfsanəvi antroponimlərin əsas mənbəyi isə folk­lor ma­terialları - nağıllardır. Real antroponimlər bədii­lik­dən, ob­raz­lılıqdan məhrum olduğu halda, əfsanəvi antro­ponim­lərdə nisbi bədiilik və obrazlılıq olur (əlbəttə, bədii antro­ponimlər buraya daxil deyil, onlar həyatiləşir, realla­şır). Real antroponimlər bədiiləşir, əfsanəvi antropo­nim­lər (Div, Əjdaha) isə həyatiləşmir, reallaşmır. Real antropo­nim­lər cəmiyyətdə rəsmiləşmə hüququna malik olduğu hal­da, əfsanəvi antroponimlər belə hüquqlardan məhrum­dur.
Antroponimiya - dilin lüğət tərkibində geniş bir lay təş­kil edən antroponimlərin məcmuundan ibarətdir. Məsələn, “Azərbaycan antroponimiyası”, “S.Vurğunun əsərlərinin ant­roponimiyası”, “Bakı şəhərinin antroponimiyası”, “Sar­­­van kəndinin antroponimiyası” və s.
Antroponimika - hər hansı bir xalqın antroponimiyasını, yaxud antroponimlərin məcmuunu kompleks şəkildə öyrə­nən elm sahəsidir. Antroponimika onomalogiyanın ən ge­niş yayılmış yarımşöbəsidir.
Antroponimik əsas - antroponim funksiyası daşıyan hər hansı kök sözdən ibarətdir: Adil (-ə), Vüqar (-lı), Çoban(-zadə), Əli(-yev) və s.
Antroponimik şəkilçi adın sonuna birləşib, onun səciy­yəvi cəhətlərini bildirən ünsürdür. Məsələn: Nizami Gən­cə-vi, Xətib Təbriz-i, Əli Sultan-lı, Əbdüləzəl Dəmirçi-zadə, Heydər Əli-yev, Həsən Həsənli (-zadə), Şahin Əli-li (-zadə) və s.
Appozitiv antroponim - müstəqil komponentlərə malik olan iki xüsusi adın birləşməsindən əmələ gələn mürəkkəb addır. Bu qrup antroponimlər, əsasən, nigahların meydana gəlməsi ilə bağlı olur. Məsələn, Cavanşır - Məmmədqu­luzadə (Cavanşir - C.Məmmədquluzadənin həyat yoldaşı Hə­­­midə xanımın ata familiyasıdır), Şlemova-Axundova (Şle­mova - P.Axundovun həyat yoldaşı Frida xanımın fa­miliyasıdır). Bu qrup familiyalara ara-sıra indi də rast gəlirik.

Antroponimləşmə - ümumi və yaxud xüsusi adların ant­ro­po­nimə çevrilməsidir. Məsələn, bənövşə - Bənövşə, nər­giz - Nərgiz, Şəki - Şəki (şəxs adı), Şamaxı - Şamaxı (şəxs adı) və s. Yəni, adların əsası ya ümumişlək söz (bənövşə, nərgiz), ya da xüsusi adlardan - onomastik va­hid­lərdən (Şəki, Şa­maxı) ibarət olur. Bu baxımdan, antropo­nim­ləşmənin də iki növü olur:
Ümumişlək sözlər əsasında düzələn antroponimlər: çi­çək - Çiçək, gözəl - Gözəl, vüqar - Vüqar, natiq - Natiq, güllü - Güllü və s.
Onomastik vahidlər əsasında düzələn antroponimlər: Şir­­van (ölkə) - Şirvan (şəxs adı), Qafqaz (toponim) -Qaf­qaz (şəxs adı), Araz (çay adı) - Araz (şəxs adı), Sa­valan (dağ adı) - Savalan (şəxs adı) və s. Bu nümu-nələr­dəki Şir­van, Qaf­­qaz, Savalan topoantroponim, Araz isə hid­roan­t­ro­­ponimdir.
Matronim - ana adından düzələn ad, ana adı (ata adı fun­k­siyasında), familiya matronim adlanır. Azərbaycan antro­ponimiyasında bu qrup atroponimlərə də rast gəlirik. Mə­sələn, şəxsi adlar: Anaqız, Anabacı, Anagəlin, Ana­xa­nım, Nənəxanım, Xanımana; ana adları (ata adları əvə­zin­də): Piri Ağqız oğlu, Nailə Niyar qızı; familiyalar: Xatın­uşağı, Xatınova, Gülsənəmuşağı, Gülsənəmova, Xaccayev (-yeva), Tükənov (-ova) və s.
Andronim - qadınların öz ərinin adı və ya ləqəbi ilə ad­lanmasından ibarətdir. Azərbaycan antroponimiyasında da bir qrup belə andronimə rast gəlirik. Məsələn, Nailə bilər, hamı ona “həkim arvadı”,- deyə müraciət edir; Şəfəq xa­nım uşaqlarını yaxşı tərbiyə edir. Elə buna görə də hamı onu “müəllim arvadı” adı ilə tanıyır. Bu cümlələrdəki “hə­kim arvadı”, “müəllim arvadı” andronimlərdir.
Eponim - mövcud şəxs adından, yeni onim və yaxud ant­­ro­ponim yaranması hadisəsidir. Azərbaycan antroponi­miyasında bir qrup adlara rast gəlirik ki, onlar yeni ant­roponimin yaranması üçün əsas ola bilər. Başqa sözlə de­sək, bir antroponimdən yeni bir antroponim törəyir. Mə­sələn, Vüqar şəxs adından Vüqar oğlu (Vüqar qızı - ata adı) və yaxud Vüqarlı familiyası düzəlir. Bu nümunədəki Vü­qar əsas, Vüqar oğlu (Vüqar qızı, ata adı) və Vüqarlı fa­mi­liyası törəmə ad və yaxud eponimdir.
Elliptik xüsusi ad - antroponimlərin nitqdə işlədil-məsi­nin müxtəlif formaları və yaxud çoxüzvlü antroponimin tərkib hissələrindən birinin və bir neçəsinin buraxılması (ixtisarı) ilə düzəlir. Azərbaycan antropo-nimiyasında da bu qəbildən olan antroponimlərə həm şifahi, həm də yazılı nitqdə rast gəlirik. Antroponimkada adların belə işlədil­mə­sinə elliptik xüsusi ad - antroponim deyilir. Məsələn, İlyas Yusif oğlu Nizami Gəncəvi, Səməd Vurğun Yusif oğlu Vəkilov, Mirzə Əjdər oğlu İbrahimov antroponimlərinin kompo­nent­lərinin birinin və ya bir neçəsinin buraxılması və ya ix­tisarı nəticəsində yaranan xüsusi ad forması, yəni Nizami Gəncəvi, Səməd Vurğun, Mirzə İbrahimov elliptik antro­ponimlərdir. Adların elliptik formasından, əsasən, şi­fahi nitq­də və bədii əsərlərdə personajların nitqində geniş isti­fadə olunur.
Fiktonim. Şəxsin əsl adı əvəzində işlədilən gizlin xarak­terli ad, familiya, təxəllüs və s. fiktonim adlanır. Azərbay­can antroponimiyasında, xüsusilə, yazılı mənbələr­də, inqi­labi-satirik əsərlərdə bir qrup antroponim xarakterli və ya antroponim əvəzi kimi istifadə olunan antroponimik ün­sür­­lərə də rast gəlirik ki, onlara şəxsin həqiqi adını, ata­sının adını, familiyasını və ya təxəllüsünü gizlətmək məq­sədilə qabaqcadan düşünülmüş şəkildə yaradılan və isti­fadə edi­lən xüsusi adlar aiddir. Məsələn, “A”(Həmid Aras­lı), “A.B” (Əzim Əzimzadə), “A.Q”(Abbasağa Qayı-bov), “A.Y.” (Ağababa Yusifzadə), “A.M.b.T-ov” (Əli-mərdan Top­çubaşov), “A.C.” (Abbas Mehdizadə), “A.Sur”. (Ab­­dul­la Tofiq Məmmədzadə), “A.Ş”. (Abbas Mirzə Şə­rif­zadə), “Adaş” (Cəlil Məmmədquluzadə), “Bur” (Üzeyir Ha­­cıbəyov), “Çalağan” (Salman Mümtaz), “Ço­ban” (Üze­yir Hacıbəyov) və s.
Fraza - ad - quruluşu və ifadə etdiyi mənasına görə fra­zem - ifadə xarakteri daşıyır. Belə adlar əsasən, feilin kö­mə­yi ilə düzəlir və mətni xarakter daşıyır. Bu qrup antro­ponimlərə Azərbaycan antroponimiyasında da rast gəlirik: Milçək­qapan Xalıqverdi (B.Bayramov), Əlimyandı Murtuz (Cə­lilabad rayonu), Oysandıq Qənirə (Başkeçid rayonu), Tal­təkər Əhməd (Bolnisi rayonu), Tək Mahmıd (Bolnisi ra­yonu), Çöpçıxardan Nənəş (Marneuli rayonu), Nəsib Ya­rıtmazov və s.
Antroponimikon - antroponimlər siyahısı və ya lüğə-tidir. Belə lüğətlərdə, əsasən, ad, familiya, təxəllüs, ləqəb və s. öz əksini tapır. Məsələn, Z.Marağayinin “Səyahət­namə” əsərində 200-ə qədər şəxs adının ləqəb-lərlə birgə siyahısı verilmişdir. C.Cabbarlının “Tarixi adlar” məqalə­sində “köh­nə ləqəblər” başlığı altında 150-yə qədər ləqəb və ləqəbin aid olduğu şəxs adı toplanmışdır. Azərbaycan ant­ro­ponimikasında antroponim lüğətlərinin tərtib edil­mə­si, artıq, bir ənənəyə çevrilmişdir. Məsələn, “Azər­baycan di­linin orfoqrafiya lüğəti” (1960) kitabının sonunda Ş.Sə­di­yev tərəfindən tərtib olunan “Şəxs adları lüğəti”ndə min­­­­dən çox, o cümlədən, 670-ə qədər kişi, 380-ə qədər qa­­dın adları verilmişdir. Ə.Abbasov və Ə.Əfəndizadənin tər­­tib etdiyi “Məktəblinin orfoqrafiya lüğəti”ndə (1972) 600-ə qədər ad, o cümlədən, 360-a yaxın kişi, 240-a qədər qa­dın adları toplanmışdır. Q.Məmmədlinin “İmzalar” (1977) kitab­çasında 3000-dən çox imza və təxəllüs toplan­mışdır.

M.N.Çobanovun “Azərbaycan şəxs adları” (1981) kita­bını xüsusilə qeyd etmək lazımdır. Azərbaycan antropo­nimikası tarixində ilk dəfə olaraq, həmin lüğətdə 2000-ə qədər şəxs adı, o cümlədən, 800-dən çox kişi, 1000-dən çox qadın və 100-ə yaxın həm kişilər, həm də qadınlar üçün ortaqlı və ya müştərək olan adlar verilmişdir. M.Şi­rəliyev, B.Abdullayev və Ş.Sədiyevin tərtib etdikləri “Azər­baycan şəxs adları” (1987) kitabında 1300-ə yaxın, o cümlədən, 600-ə qədər kişi, 700-ə qədər qadın adları veril­mişdir.
Antroponimlər - adlar etnik və milli işarə olub, onu ya­radan və yaşadan xalqın tarixi ünvanını özündə qoruyub sax­layır. Bu ünvanı mühafizə etmək isə hamının şərəfli borcu olmalıdır.
Antroponimiyanın ən qədim kateqoriyası olan şəxs adı anlayışı çox geniş mənalıdır. Heç təsadüfi deyil ki, elmi ədə­biyyatda “şəxs adı” kateqoriyasını bildirmək üçün 40-a yaxın müxtəlif termin səciyyəli sözlərdən və onların va­riant­larından istifadə olunur. Bizim mülahizəmizə görə, hə­min termin səciyyəli sözlərdən aşağıdakıların işlədil­məsi məqsədə daha uyğundur: şəxs adı, bədii ad, kişi adı, qadın adı, çox işlənən ad, az işlənən ad, milli ad, alınma ad, qədim ad, müasir ad, əsas ad, gizli (ad) imza.
Antroponimlərin üzvlənməsi. Yuxarıda qeyd olunduğu kimi, ad sistemi dəyişkəndir. İlk insan kollektivi zamanı hər şəxs bir adlılıq sitemindən, yəni şəxs adından istifadə edir­di. Qədim dövrlərdə insan kollektivində (ailə, nəsil və tirə zamanları) bir adlılıq ünsiyyəti təmin edirdi.
Tarixən get-gedə insan kollektivi böyüyür, qəbilə və tayfalara çevrilir. Bu zaman biradlılıq ünsiyyəti təmin et­mir və yeni bir nomenklatur terminə - ada ehtiyac du­yu­lur. Bu ehtiyacı ödəmək üçün xalq arasında ata adı, yə­ni iki­ad­lılıq (ad, ata adı,) sistemi yaranır. Əsrlər bir-biri­ni əvəz edir, nəsillər get-gedə böyüyür, qəbilə və tayfalar xalq ha­lında birləşir. Belə böyük insan kollektivində iki­adlılıq sis­temi ünsiyyəti təmin etmir, çətinlik törədir.
Buna görə də, insanlar ünsiyyəti asanlaşdırmaq məq­sə­dilə əvvəlcə doğulduqları yerin adı ilə əlaqədar, sonra isə öz mənəvi zövqlərinə uyğun olan təxəllüslər (təxəllüs ha­mı­ya aid deyildir) götürürlər. Beləliklə də, insan cə­miy­yə­tində üçadlılıq sistemi yaranır: Mirzə Haqverdi Səfa, Ələk­bər Namaz oğlu Qafil, Mirzə Ələsgər Növrəs və s.

Orta əsrlərin inkişaf mərhələsində (XI-XV əsrlərdə) isə, dünyanın ayrı-ayrı xalqları arasında, ilk növbədə, Avro­pa xalqları arasına familiya yaranır. Beləliklə də, cə­miy­yə­tin üzvləri arasında əvvəlcə hakim təbəqə, sonra isə bütün xalq arasında üçadlılıq sisteminin (ad, ata adı, fa­mi­liya) yeni növü (təxəllüsdən ayrılıqda bəhs olunub) ya­ra­nır. Fa­miliya kütləvi hal aldıqdan sonra təxəllüs azalsa da, ədə­biyyat, incəsənət və elm xadimləri arasında dörd-adlı­lıq sistemi meydana gəlir: Mirzə Fətəli Axundov Sə­buhi, Ab­basqulu ağa Bakıxanov Qüdsi, Səməd Yusif oğlu Və­kilov Vurğun və s.
Cəmiyyət üzvləri arasında ləqəbin yaranmasını da ad sis­teminə daxil etməyi lazım bilirik. Çünki antroponimi­yanın tarixi aspektdə tədqiqi göstərir ki, ləqəb də qədim zamanlardan yaranmış və ayrı-ayrı adamları bir-birindən fərq­­ləndirməyə xidmət etmişdir. Odur ki, ləqəb həm birad­lılıq, həm ikiadlılıq, həm üçadlılıq, həm də dör­dad­lılıq sisteminə aid ola bilər.
Ad sistemi müxtəlif xalqlarda müxtəlif olub. Avropa və Asiya ölkələrində bir sıra xalqların antroponimiyasına gö­rə ayrı-ayrı adamların ömrünün sonuna kimi bir neçə adı və familiyası olmalıdır. Məsələn, Vyetnam və Birmada adam­ların adı bir neçə dəfə dəyişdiyi halda, İspaniyada hər adamın bir neçə familiyası olmalıdır.
Azərbaycanlılarda isə ad tarixən ömürlük olmuş, birad­lılıqdan üçüzvlü adlılığa doğru inkişaf etmişdir: Vüqar (bi­rüzvlü), Vüqar Süleyman oğlu (ikiüzvlü), Vüqar Süleyman oğlu Natiqli (üçüzvlü) və s. Ad sisteminə görə əvvəlcə şəx­­sin adı, atasının adı və familiyası gəlir: Namiq Arif oğlu Şakirli, Nailə Şahin qızı Tahirli və s.
Antroponimiyanın ən qədim və ən işlək kateqoriyaların­dan biri adlardır. Adların yaranması tarixi də bu adı da­şı­yan xalqın tarixi qədər qədimdir. İlk insan kollektivi - ailə və ya qəbilə meydana gəldiyi zaman ailədə və ya qə­bilədə olan adamları (kişiləri, qadınları, oğlanları, qızları) bir-birindən fərqləndirmək ehtiyacı duyulur. Başqa sözlə de­sək, ailədə və ya qəbilədə ünsiyyət zamanı müxtəlif mü­na­sibət də olan cəmiyyət üzvlərini bir-birindən fərqlən­dir­mək ehtiyacı meydana çıxır. Bu ehtiyacı ödəmək üçün ailə­dəki adamların hərəsi bir cür çağırılmış və hərəsinə bir ad verilmişdir. Deməli, adlar ilk insan kollektivinin təşək­külü ilə əlaqədar olaraq yaranmağa başlamış və həmin kollektivin inkişaf tarixi ilə birlikdə inkişaf etmişdir.
Xüsusi adlar, o cümlədən, şəxs adları xalqın ço­xəsrlik mə­dəni fəaliyyətini, ümumxalq təfəkkürü yara­dıcı­lığının in­kişaf səvkiyəsinin məhsulu olub, ünsiyyəti sah­mana sa­lan əsas vasitədir. Belə ki, şəxs adları xalqın tarixi ilə bir­lik­də inkişaf edərək, tarixlə yoldaşlıq etmişdir. Bu nöq­teyi-nəzərdən insan kollektivinə xidmət edən adlar da ictimai ha­disədir. İctimaiyyətə, cəmiyyətə xidmət edən in­san adla­rının əsas vəzifəsi cəmiyyət üzvlərinin birini di­gərin­dən fərqləndirməklə yanaşı, insanlar arasındakı ün­siy­yəti sah­ma­na salmaqdan ibarətdir. Çünki hər bir antro­ponim (şəxs adı) müxtəlif semantik mənanı özündə sirli və gizli şəkildə saxlayan neçə-neçə əsrlərin və qəri­nələrin ya­di­ga­rıdır. Bu­na baxmayaraq, dildəki antro­ponimlərin funk­siya və se­man­tikası eyni olmayıb, onların hər biri müəy­yən məq­­səd­lə yaradılmış, xüsusi vəzifəyə - ün­siyyət vəzi­fə­sinə ma­lik­dir. Məhz buna görə də, antro­ponim anlayı­şında şəxs adı ka­teqoriyası aparıcı rol oyna­yır. Bu mənada, ant­ro­po­nim­lər sistemi də uzun bir tarixin məhsulu olaraq meydana gəl­­mişdir.
Buraya qohumluq bildirən sözləri də (ata, ana, oğul və qız, qardaş və bacı, əmi və dayı, xala və bibi, baba və nənə və s.) artırmaq olar. Çünki həmin sözlər bir qohumu baş­qa­sından fərqləndirməyə xidmət edir və ya kiçik insan kollektivində ad kimi işlənir. Doğrudur, qohumluq bildirən sözlər müstəqil və xüsusi adlar deyil, lakin onlar məhdud dairədə, xüsusilə, bir ailədə müvəqqəti olaraq adları əvəz edir və antroponimləşir. Başqa sözlə desək, qohumluq bil­dirən bu adlar antroponimlər üçün bir yardımçı vasitədir. Kiçik insan kollektivində, xüsusilə, bir ailədə xeyli əhə­miy­yət kəsb edən bu adlar isə böyük insan kollektiv­lərinə (xalq və millət) xidmət edən yeni antroponimlərin yaran­masına kömək etmişdir. Məsələn, Baba, Qardaş, Atabala, Dayı, Əmi, Atabəy, Ataxan, Ata, Baloğlan, Nənə, Ana, Ana­­qız, Qız, Qızbacı, Qızlargül, Gülüqız, Ayqız, Qardaş­xan, Xanımana, Anaxanım, Balaxanım, Anabacı, Əmican, Babaxan, Nənəqız, Nənəxanım, Qızgəlin və s.

* * *

Azərbaycan dilçiliyində antroponimikanın tədqiqat sa­hə­­sinə dair, hələlik, yekdil fikir yoxdur. Bu sahədə tədqi­qat aparan müəlliflərin mülahizələrində müəyyən dərəcədə fikir ayrılığı vardır.
H.Əliyev antroponimikanın tədqiqat sahəsi ilə əlaqədar olaraq yazır: “Buraya (antroponimiyaya -M.Ç.) şəxs ad­la­­rı, ata adları, ləqəblər, familiyalar, əzizləmə, kiçiltmə bil­dirən adlar, titullar və təxəllüslər daxildir”. Bizcə, əziz­lə­mə və kiçiltmə bildirən adlar antroponimik sistemə, antro­ponimik hadisələrə aid edilməlidir. Çünki xalqımızın adət-ənənələrinə görə, Azərbaycan dilində heç bir əziz-ləmə və ya kiçiltmə bildirən xüsusi şəxs adı yoxdur və ola da bil­məz. Çünki azərbaycanlı balası, əsasən, ona verilən adı ölənə kimi daşımış və indi də daşıyır. Ailədə uşağın körpə vaxtı əzizlənməsi və bəzən onun adının müəyyən dərəcədə dəyişdirilərək və yaxud təhrif edilərək işlədil-məsi, heç də, o demək deyil ki, Azərbaycan antroponi-miyasında xüsusi əzizləmə və ya kiçiltmə bildirən şəxs adları mövcud ola bilər. Bu anlayış Azərbaycan dilinə və onun antroponimik sisteminə süni şəkildə gətirilmədir. Titullar isə, ktemato­nimiyaya aid edilməlidir.
Azərbaycan antroponimikası ilə yaxından məşğul olan A.Qurbanov antroponimikanın tədqiqat sahəsini əsas adlar (şəxs adı, ata adı, familiya) və köməkçi adlar (ləqəb, tə­xəllüs, titul) olmaqla iki qrupa bölmüş və hər qrupun da özü­nə məxsus növlərini nəzərə alaraq cəmisi 6 kateqori­yada təhlil etmişdir.
Bəzi tədqiqatçılar antroponimik sistemə titul və fəxri adları aid etməyib, onları, ancaq, antroponimikanın təd­qi­qat sahəsinə aid etmişlər. Lakin, bu mülahizlərlə razı­laş­maq çətindir. Çünki titullar və fəxri adlar bilavastə ün­siy­yət zamanı istifadə edilmir və ünsiyyəti sahmana sal­mağa xidmət edə bilmir. Həmçinin, yeni antroponi­mi­nin yara­dılması üçün heç bir əsas ola bilmir (keçmişdə işlə­di­lən bə­zi titullar əsasında düzəldilən adlar buraya aid deyil). Məsələn, heç kəs M.İbrahimovla ünsiyyət zamanı ona xalq yazıçısı, yaxud S.Vurğunla ünsiyyət zamanı heç kəs ona Azərbaycan Xalq Şairi, - deyə müraciət etməzdi. Yaxud da, Zeynəb Xanlarova ilə söhbət edən heç bir adam ona Xalq Artisti deyə müraciət etmirdi, edə də bilməzdi. Bu mənada, titul və fəxri adların antroponimikada yox, kte­matonimikada öyrənilməsi daha münasib olardı. Çünki müa­sir dövrdə fəxri adlar cəmiyyətdə çox geniş vüsət almış və xalq arasında daha çox yayılmışdır. Odur ki, fəxri adları da öyrənmək məqsədəuyğundur.
Titul başqa xalqlarda olduğu kimi, tarixən Azərbay­canlılar arasında da geniş yayılmışdır: xan, bəy, paşa, sərdar, onbaşı, yüzbaşı və s. Şərq ölkələrində olduğu kimi, XII-XIII əsrlərdə Azərbaycanda da mollabaşı, mirzəbaşı; XVIII-XIX əsrlərdə isə münəccimbaşı titulları olmuşdur. İndi cəmiyyətimizdə belə titullar olmadığı üçün onlardan ətraflı bəhs etməyi lazım bilmədik.

SÖZ VƏ AD

İstər şifahi, istərsə də yazılı ünsiyyət bu və ya digər qa­nu­nauyğunluğa tabedir. Bu nöqteyi-nəzərdən “insan və mə­kan adları bildirən sözlərin də mühim üslubi mövqeyi var­dır”.
Məlumdur ki, ünsiyyət iki və daha artıq adam ara­sında olur. Bu zaman ünsiyyətdə olanlardan biri digə­rinə bu və ya başqa şəkildə müraciət edir.
Ünsiyyət zamanı söz və adlardan müvafiq surətdə isti­fadə olunur. Sözlə ad bir-biri ilə yaxından bağlıdır. Bəs, söz­lə adın ümumi və fərqli cəhətləri nədir? Hər bir ad müəy­­­yən səs tərkibinə və leksik mənaya malik ol­maq eti­barilə sözə bərabərdir. Bununla əlaqədar ola­­­­raq, dilçilik ədə­biyyatında bir-birinə zidd iki fikir vardır. Birinci müla­hizəyə görə, xüsusi şəxs adının mə­­nası yoxdur; ikinci mü­la­hizəyə görə xüsusi şəxs adın­da apelyativ (ümumi söz­lə­rin mənası) məna var­dır. Deməli, hər bir xüsusi şəxs adı ümu­mişlək sözlər əsasında təşəkkül tapdığı kimi, hər bir ümu­mi sözün mənası da onun əsasını təşkil etdiyi antro­po­nimin mə­na daşıyıcısına çevrilir. Bu məna daşıyıcısı ol­ma­dan cə­miy­yət üzvlərinin heç birinin adını təsəvvür et­mək olmaz.
Deməli, leksik məna daşıyan sözlər əsasında adlar tə-şək­kül tapır. “Söz ünsiyyət vasitəsi, ad isə onun (əş­ya və şəxsin - M.Ç.) nominativ funksiyasıdır.
V.İ.Lenin adlardan bəhs edərək yazmışdır: Ad fərqlən­di­rici nişandır, gözə çarpan bir əlamətdir ki, əşyanı bütöv halda yadda saxlamaq üçün həmin əlaməti mən əşyanın nüma­yən­dəsi, əşyanı səciyyələndirən bir əlamət hesab edi­rəm”.
Məsələn, insan və adam ümumi sözlərdir. Bu söz­lərin fərqləndirici nişanı Vüqar, Mail, Aydın, Nailə, Şə­­lalə və s. xüsusi adlardır. La­kin lüğət tərkibinin ta­ri­xi­liyi baxı­m­dan söz semantik mə­naya (çoxmə­na­lılığa, omonimliyə, si­no­nimliyə, antonim­li­yə) malik ol­duğu halda, ad konk­ret­dir, təkmənalıdır; sözlər quruluş eti­ba­rilə üç qrupa (sadə, dü­zəlt­­mə, mürəkkəb) bö­lün­dü­yü halda, adlar iki (sadə, mü­rək­kəb) qrupa bö­lünür. Yu­xarıda qeyd olunduğu kimi, adlar ümu­mişlək lek­sik mə­nalı sözlər əsasında formalaşır, yəni həm söz, həm də həmin söz əsasında formalaşan xüsusi ad eyni səs kompleksinə malik olur. Məsələn, dili­mizdə iş­lənən lalə, turac, bahar, vüqar, etibar və s. söz­lər başqa dilə (rus, gürcü) tərcümə olunduğu halda, hə­min sözlər əsasın­da formalaşan Lalə, Turac, Bahar, Vü­qar, Eti­bar və s. kimi xüsusi şəxs adları isə başqa dilə tərcü­mə olun­mur. Bir di­lin şəxs adları başqa dilə translite­ra­­siya edilir (Lalə -Lyal­ya, Turac - Turadj, Bahar - Ba­xar, Vüqar - Vyuqar, Eti­bar - Extibar). Müasir mərhələ­də xalq­lar bir-birilə inki­şaf et­məkdə olan siyasi, iq­tisadi, mədəni və s. əlaqə-lərinin geniş­lən­məsi şəraitində xü­susi adların bir dil­dən başqasına trans­literasiyası probleminin hərtərəfli təd­qiqi dilçiliyin - onomasti­ka­nın əsas obyekti olmalıdır.

ADLARIN ŞƏRTİLİYİ. İnsanlara verilən adlar isə şər­ti­dir. Bəs, şəxs adlarının şərti olması nə de­mək­dir? Məsə­lən: Sizin Kamran adı ilə tanıdı­ğınız bir qohumunuz və ya dostunuz vardır. Vaxtı ilə onu Kam­­ran yox, Yaşar ad­lan­dırmış olsaydılar indi siz də onu Yaşar kimi tanıyar və ona Yaşar adı ilə müraciət edərsiniz. Deməli, insanlara ve­ri­lən adlar şərtidir. Ad­lar şərti olsa da ömürlükdür, yəni onu daşıyan adam nə qədər yaşayarsa, həmin ad da ona xid­mət edir və dövlət tərəfindən rəsmiləşdirilir. Buna görə də, ayrı-ayrı şəxslərin adları, atasının adı, familiyası və həm­çinin, elm və ədəbiyyat xadimlərinin sonradan qəbul etdiyi təxəllüslər hamı üçün rəsmidir, onlar döv­lət tərəfindən qeydə alınır, qorunur, müxtəlif rəs­mi sə­nədlərdə, o cüm­lədən, pasport, vəsiqə və şəha­dət­na­mələrdə öz sabitliyini, müs­təqilliyini və toxu­nul­maz­lıq hüququnu daim saxlayır. Çünki adlar böyük bə­şəri əhəmiyyətə malikdir.
AD VƏ ANTROPONİM. Yuxarıda qeyd etdiyi­miz ki­mi, hər kəsin öz adı vardır. Bu, o deməkdir ki, hər hansı bir öl­kədə və ya inzibati rayonda nə qədər adam yaşa­yır­sa, o qə­dər də onların xüsusi şərti adları var­dır. Bu mütə­na­siblik ki­çik insan kollektivlərində, o cümlədən, ailədə və ya nəsildə bir-birinə uyğun gəl­sə də, böyük insan kollek­tiv­lərində (qəbilə, tay­fa, xalq, millət) pozulur. Lakin, bu ad­ların hamı­sı­nı antroponim kimi qiymətlən­dirmək olmaz. Çün­ki, hələ, lap qədim zamanlardan antropo­nimlər nə­sil­dən-nəslə keçərək, inkişaf edə-edə bu günkü səviy­yə­yə gə­lib çat­mışdır. Bu inkişaf prosesində isə, bəzi antro­ponim­lər öz ahəngdarlığı, mənəvi gözəlliyi, məna dolğun­lu­ğu ilə fərqlənir. Belə antroponimlər xalq ara­sın­da ge­niş şəkildə yayılır və çox işlək olur. Onlarla vali­deyn öz uşaqlarına belə adlar qoyurlar. Bu da, cə­miy­yət üzvlərinin sayına nis­bə­tən onların adını bil­dirən ant­ro­ponimlərin say­ca azal­ma­sına səbəb olur. Müa­sir dövr­də elə bir millət və ya xalq tap­maq müm­kün de­yil ki, həmin millət və xalq­ların sayı ilə onların şəxsi adlarının sayı arasında uy­ğun­suzluq olma­sın. Çün­ki insan kollektivi böyüdükcə, onun ya­şayış dai­rə­si də genişlənir. İnsanların sayı sürətlə artdığı halda, onla­rın xüsusi şəxsi adlarını bildirən sözlərinin sayı təd­ri­cən artır. Çünki dilin əsas lüğət fondu kimi, lüğət tər­kibinin bir hissəsini təşkil edən antroponimlər də təd­ri­cən formalaşır, inkişaf edir. Buna görə də, insanların sayına nisbətən ant­roponimlərin sayı azlıq təşkil edir. Məsələn, “Əhalisi 16 minə yaxın Quba şəhərində isə 16 min ada rast gəl­mirik. Bu­rada cəmi 600-ə qədər ki­şi, 700-ə qədər qadın adını qeydə almaq müm­kün­dür”.
Azərbaycan antropo­nim­­lərinin yayılması və se­man-tikası ilə tanışlıq üçün Bakı şəhərinin Səbayıl və Yasamal rayonları Vətəndaşlıq Və­ziy­­­yəti Aktlarının Qeydiyyatı Bü­rolarının arxiv sənədləri əsasında 1965-1970-ci illərdə ana­dan olan Azərbaycanlı uşaqların sta­tistik məlumatına nə­zər salaq. Səbayıl rayo­nun­da 14063 yeni doğulmuş uşa­ğa 1377, Yasamal rayo­nun­da isə 22872 yeni doğulmuş uşa­ğa 1367 ad veril­miş­dir.
Yuxarıdakı statistik məlumatdan aydın olur ki, Azər­baycan antroponimiyasında bir antroponim bir çox adama verilir. “Azərbaycan adlarının xarakterik cə­­­həti - rus ad­larından fərqli olaraq, çox adlılıqdır” (antro­ponimin zən­ginliyidir - M.Ç.). “Adların müxtə­lif­liyi, rəngarəngliyi; ən çox adlar bütün türkdili xalq­larda, iranlılarda, mon­qollarda işlənir”.
Gürcüstan Respublikasının Bolnisi rayonunda 1974-1975-ci illərdə 1686 uşaq, o cümlədən, 853 nəfər oğlan və 833 nə­fər qız anadan olmuşdur. Lakin uşaqların sayı ilə onların ad­la­rı­nın sayı arasında böyük fərq vardır. 1686 nəfər uşağın şəxsi adını bildirmək üçün 735 antroponimdən istifadə olun­muşdur.

Antroponimiyada geniş ərazidə yayılan və çox işlənən adlara “şah” adlar deyilir. Ş.Sədiyevin qeyd et­diyi kimi Qu­­ba şəhərində Arif, Tofiq, Cabir, Sə­nubər, Mənbərə, Fat­ma Bakı şəhərinin Səbayıl rayo­nunda 1965-1970-ci il­lər­də anadan olanlar arasında Elçin (118), Samir (110), İlqar (92), Azər (88), Eldar (84), Fuad (83), Rauf (77), Elxan (71), Emil (64), Oqtay (38); Lalə (141), Sevinc (138), Arzu (104), Gülnarə (100), Rəna (90), Təranə (87), Samirə (84), Leyla (81), İradə (80), Mehriban (75), Cə­milə (55); Yasamal rayonunda isə Fuad (25), Oqtay (37) “şah” adlar hesab olunur. Son onilliklərdə xalqımız arasın­da “Ar­zu qı­zım” mahnısının yayılması antroponimi­ya­mız­da əsl məna­da böyük bir sıçrayış əmələ gətirdi. 1966-cı il­də Arzu adı Səbayıl rayonunda 104 nəfər qıza, Yasamal ra­yo­nunda isə (150) nəfər qıza və 20 nəfər oğlana veril­mişdir.
Gürcüstan Respublikasının Bolnisi rayonunda isə 1974-1975-ci il­lərdə doğulanlar arasında Vüqar (18), Elçin (14), Namiq (12), Araz (10), İlqar (9), Arif (9), Natiq (9), Elşən (8), Könül (13), Sevda (13), Elmira (10), Rəna (9), Samirə (9), Təranə (8), Sevinc (8), Xalidə (8) kimi adlar “şah” adlar hesab olunur.
Hər bir antroponimin bu və ya digər ərazidə yayıl­ması və çox işlənməsi müəyyən dövrdə müxtəlif olur. Məsələn, Əhmədiyyə, Məmmədiyyə Şəki rayonunda “şah” adlar ol­du­ğu halda, Qubada təsadüfi hallarda işlənir. Bu adlara
Gür­­­cüstan Respublikasında yaşayan azərbay­can­lılar ara­sında isə az təsa­düf olunmur.
Şəxs adlarından bəhs edərkən, bir məsələni də unut­maq olmaz. Doğrudur, “şah” adlar dildə ahəng­dar­lı­ğın və mə­nə­vi gözəlliyin inkişafı ilə əlaqədardır. La­kin bunu da ant­roponimiyada müsbət hal kimi qiy­mət­­ləndirmək olmaz. Çün­ki bir antroponimin (adın) bir neçə nəfərə verilməsi şəxs ad­la­rının sayının azalma­sına, baş­qa sözlə desək, ant­ropo­ni­miya lüğətinin inkişafı­nın zəifləməsinə səbəb olur. Bu hall 1968-ci ilin ap­relində Moskvada keçirilən Ant­ro­po­nimi­ya müşavi­rə­sində də pislənmişdir.
İstər yazılı mətnlərdə və ya cümlələrdə, istərsə də şi­fa­hi nitqdə eyni sözün tez-tez təkrarlanması məna və məzmu­nun ağırlaşmasına, üslubun pozulmasına sə­bəb olduğu ki­mi, eyni bir məhəllədə, küçədə və ya eyni bir binada ya­şa­yan adamlar arasında adaşların və ya bir necə nəfərin ey­ni antroponimlə adlanması da ün­siy­yəti ağırlaşdırır və əmə­li cəhətdən çətinliklər tö­rə­dir. Məsələn: Bir kənddə “Xı­dır” adı bir neçə nəfərə qo­yulmuşdur. Xalq onları bir-birin­dən fərqləndirmək üçün hərəsinə bir ləqəb qoymuş­dur. İn­di söh­bət za­ma­nı onları dinləyiciyə ləqəblə­rinin köməyi ilə təq­dim edirlər: Dəli Xıdır, Xılloy Xıdır, Balaca Xı­dır, Ye­kə Xıdır və s.


III FƏSİL

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ ANTROPONİMİYANIN TƏDQİQİ
TARİXİNƏ DAİR


Cəmiyyət üçün vacib olan şəxs adları başqa xalq­lar­da ol­duğu kimi, Azərbaycanlılar və onların ulu ba­ba­ları ara­sın­da da qədim zamanlardan geniş yayıl­mış, nəsildən-nəs­lə keçərək müasir inkişaf səviyyə­sinə gə­lib çatmışdır. Şəxs adları dilin geniş yayılmış leksik laylarından biri kimi alim­­­lərin - dilçilərin diqqətindən ya­yınmamış və bu sahə­də geniş mülahizlər söylən­miş, əsərlər yazılmışdır. Türk di­lli xalqların şəxs adla­rının öyrənilməsi də elmin aktual mə­sə­lə­lərin­dən olmuş­dur. Türkologiyada antroponimi­ya­ya dair ilk tədqiqat əsər­ləri XX əs­rin əv­vəl­lərində mey­da­na gəl­miş­dir. Beləliklə də, ant­ro­poni­miya xüsusi tədqi­qat ob­yektinə çevrilmişdir. Bu sa­hədə V.A.Qordlevski­nin əsər­lərində antroponimiya mə­sə­lə­­lərinə toxu-nulmuş və bir sıra qiymətli müla­hizələr irəli sürülmüşdür.
Türkologiyada antroponimiyanın tədqiqi sahəsin­də A.N.­Sa­­moyloviçin də müəyyən qədər əməyi ol­muş­dur. O, ad qoyma məsələsilə əlaqədar V.A.Qord­levs­ki ilə müba­hi­səyə girişmiş və onun mü­lahizələrini də­qiq­ləşdirmişdir. Həm­çinin, Türkolo­gi­yada antropo­nim­lərin tədqiqi ilə əla­dar olaraq A.A.Divayevin, V.V.Rad­­lo­vun, N.F.Ka­tano­vun, F.Əmirxa­novun, A.A.Sa­­­tıba­lo­vun və başqalarının əməyini də qeyd etmək olar.
Əsrimizin ortalarından etibarən dünya xalqlarının dilçi­li­yində olduğu kimi, istər türkologiyada, istərsə də Azər­bay­­can dilçiliyində antroponimikanın bu və ya digər prob­lem­­lərinə həsr olunmuş dissertasiyalar mü­dafiə edilmiş, güclü onomatoloqlar nəsli yetiş­mişdir. Onlardan T.Janu­zakov, E.Bekmatov, Q.Sattarov və başqalarının əməyini xüsusi ilə qeyd etmək lazımdır.
Bütün bunları nəzərə alaraq, ölkəmizin dilçi alim­ləri kül­­lü miqdarda antroponimik material toplanışdır ki, bu da 1968-ci ildə Moskvada Ümumittifaq Antro­po­nimistlərin mü­şavirəsinin çağırılmasına səbəb ol­muş­dur. Bu müşavirə də xalqların antroponimi­kası­na və həm­çinin onomasti­ka­nın ümumi nəzəri prob­lem­lərinə aid 116 məruzə dinlənilib müzakirə olun­muşdur.
Bu müşavirədə Azərbaycan dilçilərindən Ş.Sədi­yev “Uşaq­lara ad seçməyin əsas qaydaları” möv­zu­sunda ma­raqlı məruzə etmişdir.
1971-ci ildə Qafqaz onomastikasına həsr olunmuş semi­narda 47 referat - məruzə dinlənilmişdir. Həmin mə­ruzə­lər­­dən 21-i antroponimikanın müxtəlif sahələ­rinə həsr olun­­muşdur. Bu seminarda Azərbaycan dil­çilərindən K.Ra­­mazanov “Azərbaycanda kişi və qadın adları” və Z.A.Sa­dıqov “Azərbaycan antroponi­mi­kası haqqında” mə­ruzə et­mişdir. Birinci məruzədə Azər­bay­can şəxs adlarının se­mantik xüsusiyyətləri, müştə­rək adların yaranma səbəb­ləri; ikinci məruzədə isə ad­ların çoxvariantlı olmasının sə-bəbləri, ərəb və fars mən­şəli adların işlənmə məqamları və s. şərh edil­­mişdir.
1977-ci ildə Vladiqafqaz şəhərində Qafqaz ono­mas­tika­sına həsr olunmuş İkinci Ümumittifaq Konf­ran­sı ke­çirildi. Həmin konfransın “Antroponimiya” bölmə­sin­də 18 mə­ruzə dinlənilib müzakirə edilmişdir. Bu konfransda Azər­­­bay­can dilçilərindən K.T.Rama­zanov “Azərbaycan-lıların şəxs adları”, B.T.Abdullayev “Azər­bay­can şəxs ad­ları lü­ğətinin tərtibi prinsipləri”, İ.Z.Ha­cıyev “Azərbaycan di­lin­də işlədilən ləqəb ad­larının yaranma səbəbləri və üs­lubu im­kanları”, Z.A.Sa­dıq “Azərbaycan dilində ad yara­dıcı­­lığı” möv­zu­sunda məruzə etmişlər.
1982-ci ildə Ufa şəhərində Türk dillərinin dialekto­lo­gi­ya­sına həsr olunmuş IX Regional Konfransı ke­çiril­miş­dir. Həmin konfransın “Onomalogiya və dia­lektologiya. Dia­lek­tologiyadan ali məktəb dərslik­ləri” bölməsində antropo­nimi­kanın aktual məsələ­lərinə dair 4 məruzə edil-mişdir.
1983-cü ildə Gürcüstan Respublikasının Telavi şəhə-rində Qaf­qaz Onomastikasına həsr olunmuş III Ümu­mit­tifaq Konf­ransı olmuşdur. Konfransın “Antropo­nimi­ya” böl­­məsində 19 məruzə oxunmuşdur. Həmin məru­zələrdən 4-ü Azərbay­can dilçilərinin payına düşmüş­dür. Bu kon-fransda M.Adi­lov, Y.Yusifov, M.Çoba­nov, A.Paşayev Azər­baycan antro­poni­miyasının müx­təlif problemlərinə dair məruzələrlə çıxış etmiş­lər.
1984-cü ildə Bakıda “Respublika ali məktəblə­rin­də Azər­­baycan dilinin öyrənilməsi vəziyyəti və onun təkmil­ləş­dirilməsi problemləri”nə həsr olunmuş Res­pub­lika El­mi-Metodik Konfransı keçirilmişdir. Konf­ransda ono­ma­lo­giyanın, o cümlədən antroponimiya­nın ümumi nəzəri mə­sə­lələrinə həsr olunmuş bir mə­ruzə dinlənilib müzakirə edil­mişdir. Həmin konf­rans­da yalnız bu sətirlərin müəlli-fi - dosent, professor M.Çobanov “Azərbaycan onomalo­gi­yası əsaslarının filologiya fakültə­lərində tədrisinə dair” (xüsusi kurs üzrə) adlı məruzə ilə çı­xış etmişdir.
1986-cı ildə Bakıda “Azərbaycan onomastikası prob-lem­­ləri”nə həsr edilmiş Ali məktəblərarası Res­publika Kon­f­ran­sı olmuşdur. Həmin konfransda “Ono­­malogi-ya”­nın müx­təlif sahələrinə dair 150-dən çox məruzə dinlənilib müzakirə edilmişdir. O cümlə­dən, “Antroponi-mika” böl­mə­­sində 27 məruzə din­lənil­mişdir. Konfransın “Antropo­ni­mika” böl­məsin­də Z.Budaqova, Ş.Sədiyev, H.Əliyev, Ə.Cavadov, Z.Ver­di­yeva və başqaları məruzə ilə çıxış etmişlər. Onların mə­ruzələrində elmin müasir tələblərinə uy­ğun olan bir sıra antroponimika problemləri, o cüm­lə­dən, ant­ro­ponimik kateqoriyaların əsas növləri, təxəl­lüs­lərin antroponimik xüsusiyyətləri, antroponimlərin çox va­riantlılığı və estetik zövqü, şəxs adlarının leksik - qram­matik cə­hət­ləri və s. öz geniş elmi əksini tapmışdır.
1988-ci ildə Bakıda keçirilmiş Azərbaycan ono­mas­tikası problemlərinə həsr olunmuş II Elmi-nəzəri konfran­sın yed­di bölməsində 190-a yaxın məruzə dinlənilmişdir. Konf­­ransın “Antroponimika” bölmə­sin­də Azərbaycan ant­roponimikasının aktual məsələ­lərinə dair 65 maraqlı mə­ruzə dinlənilib müzakirə olun­muşdur. Hə-min məruzə­lərdə antroponimik va­riant­lar və hadisələr, antroponim­lərdə emo­­sionallıq məsələləri, bədii və elmi üslublarda, folklor material­la­rında şəxs adlarının istifadə edilməsi, onun məz­mun və üslubi imkanları, Azərbaycan antropo­nim­lərinin müxtəlif xalqların antroponimiyasına təsiri və s. prob­lem­lər geniş müzakirə edilmişdir. Kon-fransda A.Qur­ba­nov, M.Adilov, H.Həsənov, T.Hacıyev, H.Əli­­yev, Z.Sa­dı­qov, A.Paşayev və bu sətirlərin müəl­lifi - M.N.Çobanov və başqaları ant­ro­ponimikamızın müxtəlif sa­hələrinə dair el­mi-nəzəri ba­xım­­dan maraqlı məruzə­lər etmiş, ayrı-ayrı mə­ruzələrdə qaldırılan məsələlər ətra­fında çıxışlarda və müzakirələrdə fəal iştirak et­miş, yeni-yeni elmi müla­hizə­lər irəli sür­müş­lər.
Azərbaycan onomastikası problemlərinin tədqiqinə və öy­rənilməsinə həsr olunmuş I və II Elmi-nəzəri konf­rans­lar­dan sonra onomastikamızın başqa sahələ­rin­də olduğu kimi, antroponimikamızın araşdırıl­ma­sı­na da maraq xeyli artmışdır. Bu mülahizəni Ba­kıda keçirilmiş Azərbaycan ono­mastikası prob­lem­lərinin öyrənilməsinə həsr olunmuş III Elmi-nəzri Konfrans (1990) bir daha aydın şəkildə təs­diq et­mişdir. Konf­ransın altı bölməsində 150, o cüm­lədən, “Antro­poni­mi­ka” bölməsində 46 məruzə dinlənilib müza­kirə edilmişdir. M.Adilov, A.Qurbanov, Ş.Sədiyev, Ə.Ca­vadov, H.Əliyev, Z.Sadıqov, Ə.Tanrıverdiyev və baş­qala­rının məruzələrində antroponimik kateqoriya və vahid­lər, antroponimlərin quruluşu və tarixi, üslubi im­kanları və s. məsələlər geniş təhlil olunmuşdur.
Son illərdə Azərbaycan onomastikasının tədqiqat sa­həsi xeyli genişlənmiş, hətta, ayrı-ayrı yazıçıların bədii və pub­lisistik əsərlərində, tarixi sənədlərdə və kitablarda is­tifadə olu­nan onomastik vahidlərin ifadə etdiyi məna ça­lar­ları, mənşəyi, üslubi imkanları və s. öyrənilməsi də ön plana çəkilmişdir. O cümlədən, N.Nəri­manovun anadan ol­masının 120 illiyinə həsr olunmuş Elmi-praktik Kon-frans­da da Azər­bay­can onomasti­kası problemlərinə dair İ.M.Bay­ramovun “N.Nəri­ma­no­vun əsərlərində antropo-nim və toponimlərin üslubi imkanları” və bu sətirlərin müəllifinin - M.N.Çobanovun “Nəriman Nərimanovun əsər­­lərində onomastik xüsusiyyətlər” adlı mə­ruzələri din­lə­nilmişdir.
1992-ci ildə Bakıda “Azərbaycan onomastikası prob­lem­ləri”nə həsr edilmiş IV Elmi-nəzəri Konfrans ke-çiril­miş­dir. Konfransın 3 bölməsində 120-yə yaxın, o cüm­lədən, “Antroponimika” bölməsində 40-dan çox mə-ruzə dinlə­nilib müzakirə olunmuşdur. Konfransda A.Qur-banov Azər­bay­can onomastikasının aktual prob­­lemləri və vəzi­fələri barədə ətraflı məlumat ver­mişdir. “Antroponi-mika” böl­mə­sində iştirak edən alimlərimizdən M.Məm-mədov, K.Ra­mazanov, A.Adi­­lov, Q.Mustafayeva, A.Bəşi-rova, A.Pa­şa­yev, Ə.Tan­rıverdiyev, F.Şahbazlı və başqaları öz çıxış­larında ant­roponimikamızın müasir vəziyyəti, an-tro­ponim­lə­rin poeziyada üslubi mövqeyi, elmi və pub-lisistik üslub­larda antroponimik cərgələrim iş­lə­dil­məsi qay­daları famil­liya və ləqəblərin mahiyyəti, alın­ma adlara müna­si­bət, ant­roponimlərin semantikası və millilik xüsu-siyyət­lə­ri və s. haqqında maraqlı mülahizələr söy­ləmişlər.
1986-cı ildə Bişkekdə “I Ümumittifaq türk ono­masti­kası” konfransı keçirilmişdir. Bu konfransda öl­kəmizin 36 şəhərindən və bir xarici ölkədən nü­ma­yəndələr iştirak edir­di. Konfransın ayrı-ayrı bölmələ­rində onomastikanın müx­təlif sahələrinə həsr olun­muş 180-dən çox məruzə dinlə­nil­mişdir. O cüm­lədən, “Antroponimika” bölməsində 41 mə­ruzə dinlə­nilib müzakirə edilmişdir. Həmin bölmədə Azər­bay­can dil­çilərindən Ş.Sədiyev, H.Əliyev və V.Mər­­da­nov iş­tirak etmişdir. Onların məruzələri­ndə ant­ro­po­nimik kate­qoriyalar, antroponimlərin sim­volik xü­su­siyyət­lə­ri, Azər­bay­can şəxs adlarının rus dilində ya­zılma qay­daları və s. məsələlər öz geniş əksini tap­mış­­dır.

* * *

Azərbaycan antroponimikası tarixinə dərindən nəzər sal­­dıqda məlum olur ki, Azərbaycan antroponi­miyası haq­qın­da ötəri olsa da ilk tədqiqat xarakterli yazının müəllifi ki­mi məşhur ədib A.Bakıxanov təşəbbüs göstərmişdir. O, 1843-cü ildə yazdığı “Adlar və titullar haqqında” əsərində ilk təşəbbüs kimi keçmişdə titul və mənsəb bildirən söz­lə­rin antro­ponimlərə çev­rilməsi prosesini, onların tarixi se­ma­si­oloji xüsusiy­yət­lərini şərh etmişdir. Azərbaycan ant­ro­po­ni­mi­yası­nın təd­qiqinə dair hələ XIX əsrin orta­lardan ilk tə­şəb­büs gösdərilməsinə baxmayaraq, əsrimizin 70-ci il­ləri­nə qədər sistemli şəkildə öyrənil­məmiş, ancaq, son 10-15 ildə antroponimika­mız müasir elmin təlbləri səviy­yə­sində təbqiq olun­mağa başlanmışdır. Antroponimi­ka­­mı­zın tədqi­qi tari­xi qısa bir dövrü əhatə etsə də, bu sahədə az-çox nai­liyyətlər əldə olunmuş, ali mək­təblərin filolo­giya fa­kül­tələri üçün bir neçə proqram, dərs vəsait­ləri, on­larla məqa­lələr nəşr olunmuş, dis­ser­tasiyalar yazıl­mış­dır. Bu da dilçi­liyimizdə antro­ponimi­kanın bu və ya digər nə­zəri və əməli məsə­lələrinin hərtərəfli öyrənil­məsi işinə bö­yük təkan ver­mişdir. Yuxarıda qeyd olunan müşa­virə və kon­frans­lardan sonra başqa xalqlarda ol­duğu kimi, Azər­bay­can antropo­nimikası da bəzi dilçi alimlə­ri­mizin nə­zər-diqqətini cəlb etmişdir. Bu sahədə Ş.Sədiyev, A.Qurbanov, M.Adilov, T.Hacıyev, Z.Sa­dıqov, H.Hə­sənov, H.Əliyev, Q.Da­daşo­va, A.Sa­lahova, L.Quli­ye­va, N.Qubışyeva, B.Ab­­­­­dullayev, G.Əsgərova, O.Mir­zə­yev və başqalarının təd­qiqatlarını xü­susilə qeyd et­mək lazımdır. Bu əsərlərdə antroponimi­ka­nın müxtə­lif problemlərinə toxunulsa da Azərbaycan antropo­ni­mi­kasının nəzəri əsasları sistemli şə­kildə öyrənil­mə­miş­dir. Məhz buna görə də, bu əsərdə ilk dəfə ola­raq, Azərbay­can antroponimikasının əsasları nə­zəri-cəhət­dən sistemli şəkildə təhlil olunmuşdur.
Antroponimikanın tədqiqi sahəsində Ş.Sədiyevin tə­şəb­büsü təqdirə layiqdir. O, 1959-cu ildə Azərbaycan dili ant­roponimlərinin tədqiqi ilə əlaqədar olraq, “İn­san ad­la­rı”, “Uşaqlara ad seçmək haqqında”, “Balalarımızn ad­ları”, “Yeni doğulanlar üçün ad seçməyin əsas qaydaları” əsərlərini və 1969-cu ildə “Adlar necə yaranmışdır” ki­tabını nəşr etdirmişdir.
M.Adilov “Şəxs adları haqqında”, “Şagirdlərin adları-na diqqət yetirin”, “Azərbaycan antroponimləri haqqın-da” (Z.A.Sadıqovla birkikdə) məqalələr çap etdirmişdir.
Z.A.Sadıqov “Azərbaycan onomastikası haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud dastanlarında şəxs ad­ları”, “Azərbaycan antoponimikasında fonetik vasitələr” məqalələrini nəşr etdirmiş və “Azərbaycan dilində şəxs ad-ları” mövzusunda namizədlik dissertasiyasını yazıb mü-da­­fiə etmişdir. A.Salahova “Bədii əsərlərdə ad məsələsi”, A.Axundov “C.Cab­barlının əsərlərində şəxs adları”, D.Dəmirli “Üzünü gör, adını eşitmə” adlı məqalələrini, H.Həsənov 1978-ci ildə “Söz və adların yaranması” və 1984-cü ildə “Söz və ad” kitablarını nəşr etdir­mişlər. Hə­min kitabda ad, adların yaranması və s. problemlər ümu­mi kütləvi şəkildə şərh edilmişdir.
Azərbaycan onomalogiyasının tədqiqi və bu sahədə aparılan işlərin sahmana salınması sahəsində profes­sor A.Qurbanovun fəaliyyətini və elmi tədqiqat işləri­ni xüsu­silə qeyd etmək lazımdır. Onomastika mə­sələləri, hələ, 70-ci illərdən onun nəzər diq­qətini cılb etmişdir. Onomas­tika, xüsusilə, antropo­ni­mi­ka ilə ya­xın­dan məşğul olan A.Qur­banov “Ad nədir və uşa­ğa necə ad qoymalı”, “Uşağa gözəl ad vermək hər bir valideynin borcudur”, “Gözəl və yaxşı ad insanın bəzəyidir”, “Onomalogiya şöbəsi”, “Poe­tik onomas­tika”, “Onomalogiya”, “Onomastik leksi­ka­nın ali mək­təblərdə öyrənilməsi” məqalələrinin və müxtəlif ki­tab­larının ayrı-ayrı bölmələrini, proqramlarını və “Azər­bay­can onomastikası” (1986), və “Azərbycan onoma­logi­ya­sı məsələləri” (1986) kitablarını çap etdir­mişdir. Bu kitablar onomalogiya sahəsində atılan ilk ümumiləşdiril-miş əsər­lər kimi çox qiymətlidir.
A.Qurbanovun “Azərbaycan onomastikası” kitabında Azər­bay­can onomastikasının öyrənilməsi tarixi, onomalo-gi­ya­nın şöbələri və onların tədqiqat obyekti və vəzifələri, müa­sir Azərbaycan ədəbi dilinin onomastik leksikasının tər­­kibi, onomastik vahidlərin təsnifi və s. geniş şəkildə təh­lil olunmuşdur. “Azər­bay­can onomalogiyası məsələ­lə­ri” kita­bında isə, Azər­baycan dilində onomastik vahid­lərin yaranması və dəyişməsi, onomastik vahidlərin poetik və üslubi xüsusiyyətləri, onomastik vahidlərin orfoqrafik və op­foepik problemləri elmin müasir tələbi nöqteyi-nəzə­rindən şərh olunmuşdur. Kitabın sonunda isə ilk dəfə ola­raq onomalogiyaya aid terminlər lüğəti veril­mişdir.
A.Qurbanovun 1987-ci ildə çap olunmuş “Ono­ma­lo­gi­yaya dair elmi-metodiki göstərişlər” kitab­ça­sında ono­mas­tik leksikanı toplamaq üçün göstərişlər, yazılı mənbə­lər­dən onomastik materialı seçmək və qeydə almaq, ono­mastik material toplamaq üçün zəruri olan sual və tapşırıq­lar metodiki baxımdan təhlil olunmuş və kitabçanın sonun­da nəzəri ədəbiyyatın siyahısı verilmişdir.
Azərbaycan onomalogiyasının tədqiqi ilə yaxından məş­­­ğul olan A.Qurbanov 1988-ci ildə “Azərbaycan dilinin onomalogiyası” kitabını nəşr etdirir. Həmin kitabda ono­malogiyanın ümumi-nəzəri məsələri, ono­mastika və ono­ma­­logiya problemləri, onomalogi­yanın nəzəri dilçili­yin bir şöbəsi olması problemi və ono­malogiyanın növləri ono­mas­tik mənbə və ono­mas­tik materialın toplanması və təd­qiqi metodları; Azər­bay­can onomastikasının öyrənil­məsi tarixi, onomastik va­hidlərin yaranması, dəyişməsi, üslubi xüsusiy­yət­ləri, or­foqrafik və orfoepik problemləri elmin müa­sir tələ­bi baxımından təhlil olunmuşdur. Həmçinin, kitabda onomalogiyanın yarımşöbələri ayrı-ayrı fəsillərdə şərh olunmuşdur: “Azərbaycan antroponimləri”, “Azər­bay­can etonimləri”, “Azərbaycan toponimləri”, “Azərbay­can hidronimləri”, “Azərbaycan zoonim­lə­ri”, “Azərbaycan kosmonimləri”, Azərbaycan kte­mato­nimləri”.
H.Əliyev 1985-ci ildə “Ümumi antroponimika prob­lem­ləri” kitabını çap etdirir. Bu kitabda onomalogi­ya­nın dilçi­liyin bir sahəsi olması və antroponimika haq­qında qısa mə­lumat verilmiş, rus diliçiliyində və tür­ko­logiyada antro­ponimkanın tədqiqi geniş şərh olunmuşdur.
B.Abdullayev isə 1985-ci ildə “Azərbaycan şəxs ad­la­rının izahlı lüğəti” kitabçasını nəşr etdirmişdir. Ki­tab­çada 1000-ə yaxın şəxs adı verilmişdir. On­lardan 600-dən çoxu ərəb, 200-dən çoxu fars, 150-yə qədəri isə Azər-bay­can mənşəli, 30-dan çox isə müxtəlif dillərə məxsus şəxs ad­larından ibarətdir. Göründüyü kimi, Azərbaycan dilinin zən­­­gin və rəngarəng antropo­nim­ləri kitabçada öz geniş ək­si­ni tapmamışdır.
Mərhum jurnalist Osman Mirzəyev “Adlarımız” (1986) kitabında 475 adın mənşəyini, ifadə etdiyi mənasını, bədii ədəbiyyatda işlənməsini və s. şərh etmişdir. Müəllif, həm­çinin, əsərə 715 kişi və 455 qa­dın adının siyahısını da əla­və etmişdir.
Azərbaycan antroponimiyasına dair çap olunmuş son əsər M.Ş.Şirəliyev, B.T.Abdullayev və Ş.M.Sə­diyevin bir­likdə tərtib və nəşr etdirdikləri “Azər­bay­can şəxs adları” kitabçasıdır. Kitabçada “Azərbaycan­ca-rusca adları lüğə­ti”ndə (kişi adları, qadın adları) adların mən­şəyi və izahı, familiyaların düzəldilməsi, doğu­mun qeydə alınması və müd­dəti və s. öz əksini tap­mışdır. Kitabçada 1370-ə qədər şəxs adı, o cümlədən, 667 kişi, 702 qadın adı verilmişdir. Bu isə, zən­gin Azər­baycan şəxs adlarının cuzi bir hissə­sini təşkil edir. Həm də kitabçadakı adların 80 %-ə qə­də­­rini alınma sözlər əsasında düzələn adlar təşkil edirdi. O cümlədən, kişi adlarının 519-u, qa­dın adla­rının isə 540-ı alınma sözlər əsasında düzələn adlardan ibarətdir. Əl­bəttə, antro­po­ni­miyamız üçün şəxs adlarının belə tələsik çap olunmsı, həm də əvvəlki nəşrə daxil olan şəxs adlarının bu kitabçaya sa­lınmaması, ancaq, təəssüf hissi doğurur.
Həmçinin, N.Xudiyev sovet dövrü Azərbaycan ədə­bi dili lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olsa da, yeri gəldikcə lüğət tərkibinin geniş sahəsini təşkil edən xüsusi adların öyrənilməsinə də diqqət yetirir. Bu sahədə onun “onomastik sistemin zənginləşməsi”nə həsr etdiyi tədqi­qat­­lar maraqlıdır. Müəllif özünə qə­dərki, təsnif-lər­dən fərq­li olaraq, onomastik siste­min ant­roponimik, topo­nimik və ktematonimik ol­maq­la 3 yarımşöbəsindən bəhs et­mişdir.
Q.Mustafayevanın “Adların üslubi imkanları” kitabı poe­­­tik onomastikaya həsr olunmuş ilk addımlardan biri ki­mi qiymətlidir. Əsərdə poetik onomastikanın əsas sahə­sini təş­­­kil edən poetik və yaxud üslibi antroponi-mikanın (şəxs adları, familiya, təxəllüs, ləqəb) tədqiqat obyekti, ono­mas­tikada onun yeri müəyyənləşdirilmiş, nəsr, dram və satirik əsərlərdə istifadə olunmuş şəxs adlarının ant­ropo­nimik xü­susiyyətləri təhlil edilmişdir.
G.Əsgərova “Folklorda şəxs adları” mövzusunda nami­zədlik dissertasiyası yazmışdır (1986). Azərbaycan das­tan­­ları və nağıllarından toplanmış antroponimik material­lar əsasında yazılmış bu əsərdə antroponimlərin etnolinq­vistik xüsusiyyətləri, köməkçi şəxs adlarının rolu, bədii üs­lubi xüsusiyyətləri öz elmi şərhini tapmışdır.
Yuxarıda adları qeyd olunan müəlliflərin tətdiqatlarında və müxtəlif elmi konfranslardakı məruzələrində antroponi­mi­kanın ayrı-ayrı məsələlərinə (bəzən həvəskar kimi) to­xu­nulsa da, Azərbaycan antroponimikasının nəzəri əsas­ları xüsusi tədqiqat obyekti olmamışdır. Məhz buna görə də, bu­rada Azərbaycan antroponimikasının nəzəri əsasları­na xeyli yer verilmişdir.

Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 37-75.


ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: