Müəllif - M.N.Çobanov son illərdə Azərbaycan antroponimikasına dair geniş tədqiqat aparmış və antroponimiya problemlərinə dair bir neçə kitab və ondan çox mə-qalə və tezislər çap etdirmişdir. O cümlədən, müəllifin 1981-ci ildə “Azərbaycan şəxs adları” (Bakı), 1983-cü ildə “Azərbaycan antroponimiyasının əsasları” (Tbilisi), 1987-ci ildə “Familiya. Təxəllüs” (Tbilisi), 1990-cı ildə “Azər-baycan şəxs adlarının semantikası və orfoqrafiyası” (Tbilisi) kitabları çap olunmuşdur.
“Azərbaycan şəxs adları” kitabında antroponimiya, ad, adların əsası və semantikası haqqında məlumat, həmçinin, 2000-ə yaxın şəxs adlarının lüğəti (700-dən çox kişi adı, 1100-ə yaxın qadın adı, 100-ə yaxın müştərək ad, yəni həm kişilərə, həm də qadınlara verilən adlar) verilmişdir.
“Azərbaycan antroponimiyasının əsasları” kitabı Pedaqoji İnstitutların filologiya fakültələrinin tədris planında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proqramı əsasında hazırlanmışdır. Vəsait onomastikanın ən geniş sahəsi olan antroponimikaya həsr edilmişdir. Kitabda onomastika haqqında ümumi məlumat, antroponimiya və onun tədqiqat obyekti, ad, adların əsası və semantik qrupları, müştərək adlar, antroponimik hadisələr (polinim və palindromik adlar, adların abbreviasiyası), ad və antroponimin bir-birinə münasibəti, adların mənşəyi və quruluşu, fami-liya, təxəllüs, ləqəb, adqoyma ənənələri və s. hərtərəfli şərh olunmuşdur.
“Familiya. Təxəllüs” kitabı ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda ad və ad sistemi, atanın adı, familiya, təxəllüs, ləqəb və s. geniş təhlil olunmuş, həmçinin, vəsaitin sonunda ilk dəfə olaraq, “Azərbaycan təxəllüs lüğəti” verilmişdir. Bu lüğətə 600-ə yaxın təxəllüs daxil edilmişdir. Lüğətdə təxəllüsü daşıyan şəxsin adı, atasının adı, familiyası, təxəllüsü, (nadir hallarda ləqəbi), sənəti və yaşadığı dövr haqqında məlumat ensiklopedik lüğətlərə məxsus qısa məqalələr şəklində verilmişdir.
“Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası” kitabı ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə ad kateqoriyaları və onların üzvlənməsi, antroponimik vahidlər, adların əsası və semantikası, orfoqrafiiyası və s. məsələlər geniş şəkildə şərh olunmuş, kitabın sonunda isə 3000-ə yaxın şəxs adları lüğəti verilmişdir.
Azərbaycan antroponimikasının tədqiqi tarixinə dair verilən qısa xülasədən aydın olur ki, son onillikdə antroponimiyamızın araşdırılması inkişaf etmişdir. Bu mülahizəni son illərdə ali məktəblərin filologiya fakültələrində aparılan xüsusi kurslar Azərbaycan onomastikasına həsr olunmuş Elmi konfranslar və yaxud ayrı-ayrı Elmi konfransların “Onomalogiya” bölməsində oxunmuş məruzələr, tez-tez dövri mətbuatda nəşr olunan məqalələr, çap olunan metodiki göstərişlər, tədris proqramları və vəsaitlər bir daha təsdiq edir.
IV FƏSİL
AZƏRBAYCAN ANTROPONİMLƏRİNİN
İNKİŞAF TARİXİNƏ DAİR
Azərbaycan xalqı qədim zamanlardan cəmiyyət üzvlərinin birini digərindən fərqləndirmək üçün onlara müxtəlif adlar vermişlər. İnsan cəmiyyətinə xidmət edən belə adlar və yaxud antroponimlər tarixən çox nadir hallarda dəyişikliyə uğrayır və əsasən sabit olduqları üçün dilin müxtəlif sahələrinə dair ən qədim xüsusiyyətləri mühafizəkarcasına qoruyub nəsildən-nəsilə verərək, müasir dövrümüzə qədər gətirib çıxarmışlar. Çünki şəxs adları da dilin inkişaf tarixi ilə əlaqədardır; adların tarixi dilin tarixi qədər qədimdir. Odur ki, istər müasir, istərsə də tarixən xalqımız arasında geniş yayılmış şəxs adlarının toplanıb diçilik baxımından təhlil olunması antroponimiyanın mühim vəzifəsi olmalıdır. Kartotekamıza daxil olan Azərbaycanın bir neçə minlik şəxs adları üzərində tarixilik nöqteyi-nəzərdən müşahidələr aparmalı olduq. Həmin müşahidələrə əsasən Azərbaycan şəxs adlarının tarixi inkişaf prosesini iki mərhələyə bölmək olar: 1) Qədim Azərbaycan şəxs adları. 2) Müasir Azərbaycan şəxs adları.
Azərbaycan antroponimikası ilə yaxından məşğul olan A.Qurbanov isə antroponimlərimizin inkişafı tarixini dörd mərhələyə bölmüşdür:
1.Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin sonuna qədər);
2. XIII-XVIII əsrlərdə Azərbaycan antroponimləri;
3. XIX əsərdə Azərbaycan antroponimləri;
4. XX əsrdə Azərbaycan antroponimləri.
1. QƏDİM AZƏRBAYCAN ŞƏXS ADLARI. Azərbaycan dilinin tarixini öyrənmək üçün müxtəlif mənbələrdən istifadə edildiyi kimi, antroponimlərimizin tarixi təşəkkülü məsələlərinin tədqiqində də müxtəlif mənbələrdən istifadə edilməlidir.
Azərbaycan antroponimiyasının tarixini öyrənmək üçün istifadə etdiyimiz mənbələri iki qrupa bölmək olar: a) xüsusi mənbələr, b) ümumi mənbələr.
Xüsusi mənbələr dedikdə, hər şeydən əvvəl, Azərbaycan antroponimiyasının tədqiqi zamanı istifadə olunan və bilavasitə Azərbaycan dilində yazılmış mənbələr; ümumi mənbələr dedikdə isə istər Azərbaycan dilinin, istərsə də antroponimiyasının tarixinin tədqiqi zamanı istifadə olunan “yəni, əksərən türk dilləri ailəsinə mənsub dillərin vahid xalq dili halında formalaşmasından əvvəlki dövrdə qəbilə və tayfa dilləri əsasında yazılmış kitabələri və s. ümumi ilk mənbələr” nəzərdə tutulur.
Qədim Azərbaycan şəxs adlarını tədqiq edərkən Azərbaycan xalqının mədəni, ictimai-siyasi və ədəbi həyatında mühüm yer tutan “Kitabi - Dədə Qorqud” dastanlarını, M.Qağanqatlının “Aqvan tarixi” əsərini, qədim əfsanə və nağılları, həmçinin, tarixi mövzuda yazılmış əsərləri, o cümlədən, Anarın “Dədə Qorqud” povestini, C.Cabbarlının “Od gəlini” pyesini xüsusi; qədim türk yazılı abidələrini, o cümlədən, “Orxon-Yenisey” kitabələrini, Y.Balasaqunlunun “Kutadqu bilik”, əsərini ümumi; həmçinin, başqa dillərə məxsus bir sıra mənbələri, o cümlədən, XII əsr müəllifi K.Qandzaketsinin “Tarix” əsərini, müasir tədqiqatçılardan M.İ.Artamonovun “İstoriya Xazar”, L.N.Qumilyevin “Drevniye tyurki” və onlarla tədqiqatçıların qədim və orta əsrlərə dair əsərlərini yardımçı mənbələr kimi götürmüşük. Həmin əsərlərdəki şəxs adlarının semantik məna qruplarını, adların nitq hissələri ilə ifadəsini, komponentlərinin tərkibini və s. xüsusiyyətlərini araşdırmışıq.
Azərbaycan dilinin, eləcə də, bu dilin tarixən xidmət etdiyi xalqın keçmişini və müasir vəziyyətini öyrənmək üçün antroponimlər və yaxud şəxs adları da qiymətli mənbədir. Antroponimlər xalqımızın uzaq keçmişini və tarixi inkişafını özündə əks etdirən bir güzgüdür, söz abidələridir. Elə abidələr ki, onlarda dilimizin ən qədim səciyyəvi xüsusiyyətləri mühafizə olunmuşdur. Məlumdur ki, Azərbaycan xalqının qədim tarixinə dair mənbələr bütövlükdə bizə gəlib çatmamışdır. Xalqımızın tarixinin müəyyən səhfələrini açmaq üçün antroponimlər, toponimlər və s. bizə müəyyən qədər material verir. Odur ki, qədim xüsusi adları, o cümlədən, tarixə yoldaşlıq edən antroponimləri dilçilik baxımından təhlil etmək vacibdir. Şübhəsiz ki, bu çətin və mürəkkəb problemin həlli üçün xalqımızın tarixi ilə bağlı olan yazılı mənbələrin, arxiv sənədlərinin, şifahi xalq yaradıcılığı materiallarının və digər mənbələrin kompleks şəkildə öyrənilməsi müsbət nəticələr verə bilər.
Qədim dövr Azərbaycan antroponimiyasını da inkişaf prosesinə görə üç mərhələyə bölmək olar:
1.Qədim, yəni XII əsrə qədərki dövrdə Azərbaycan antroponimləri,
2. Orta əsrlərdə, yəni XIII-XVII əsrlərdə Azərbaycan antroponimləri.
3. Yeni dövrdə, yəni XVIII-XIX əsrlərdə Azərbaycan antroponimləri.
QƏDİM, YƏNİ XII ƏSRƏ QƏDƏRKİ
AZƏRBAYCAN ANTROPONİMLƏRİ
Azərbaycan dilinin qədim antroponimik sistemini öyrənmək üçün M.İ.Artamonovun “Xəzərlərin tarixini öyrənmək üçün birincidərəcəli mənbə” hesab etdiyi “Aqvan tarixi” dilçilik, xüsusilə onun yeni yaranmış onomalogiya şöbəsi üçün də maraqlıdır. Azərbaycan tarixinin təxminən minillik bir dövrünü əhatə edən bu əsərin ikinci kitabı VII əsrdə Bərdədə, Cavanşirin sarayında yaşamış Musa Qalakətliyə məxsusdur. Həmin əsərdə çoxlu miqdarda Azərbaycan sözləri ilə yanaşı qədim zamanlarda xalqımız tərəfindən yaradılmış bir qrup antroponimlər də işlənmişdir: Avçi (Ovçu), Alp, Qazan, Qonaq, Qor, Tanqrıxan, Ağbuqi (Ağ buğa) və s.
Qədim erməni yazılı mənbələrində də Azərbaycan sözləri ilə yanaşı onlarla Azərbaycan antroponimləri də işlənmişdir. O cümlədən, XI əsr yazılı mənbəyi olan “Povestvovanie Aristakosa Lastvireçi”də də Azərbaycan mənşəli Alp, Aslan, Sultan antroponimləri və Türkestan toponimi işlənmişdir.
XIII əsrdə yaşamış erməni salnaməçisi Sibat Sparapetin qeydlərində qədim silah adları əsasında düzələn Azərbaycan antroponimlərinə də təsadüf olunur. Qluç Arslan (qılınc) və Poltaçı (balta sözündəndir) və s.
XII əsr müəllifi Kirakos Qandzakesinin “Tarix” əsə-rində göstərilir ki, türk (Azərbaycan - M.Ç.) antroponimləri Azərbaycanda yaşayan xristianlar arasında da geniş şəkildə yayılmışdır. Məsələn, Yuxarı Xaçen hakimi Vaxtanqın (1141-ci il), arvadının adı Arzu xatun, Mamikonyan qardaşlarından birinin adı Aslan bəy, Xaçen Knyazı Həsən Calalın oğlu Atabəy, Alp Arslan, Qulu, Gürcü Xatun (çar Tamara nəzərdə tutulur), Qara Bahadur, Qaracuq (Qaraçıq), “Kitabi - Dədə Qorqud” dastanlarında isə Qaraca Çoban işlədilmişdir.
XII-XIII əsr erməni şair Frikin şeirlərində Azərbaycan sözləri ilə yanaşı Azərbaycan antroponimlərinin işlədilməsinə də təsadüf olunur: Buqa, Qazan və s.
XIII əsr Azərbaycan antroponimiyasında və sonrakı dövrlərdə Avçi (ovçu) şəxs adının işlənməsinə də təsadüf olunur. Məsələn, XVII əsr Azərbaycan şairlərindən biri də Məlik bəy Avçıdır.
Azərbaycan antroponimiyasında Qulu, Gül, Təhmasib adları da qədim zamanlardan işlək olmuşdur. Məsələn: XVI əsrdə yaşamış məşhur sənətkarlardan biri Təhmasib Qulu Gül azərbaycandilli varsaq qəbiləsindən olmuşdur.
V.L.Qukasyan yazır: “Aqvan tarixi”ndə qeyd olunur ki, Cənubi Dağıstandandakı Hun savirlərin başçısı Eltəbər Alp (Alp İltver) Zaqafqaziya ölkələri ilə əlaqələrini möhkəmlətmək məqsədi ilə 632-ci ildə Arana şan-şöhrətli Avçi Qaraxanı, Ermənistana isə Xursan Tornağının valisini göndərir”. Xursan 982-ci ildə yazılmış “Hüdud al-elam” əsərində Şirvanşahlığın üç vilayətindən (Şirvan, Layzan, Xursan) biri kimi qeyd olunur. Akademik V.F.Mironskinin fikrincə Xursan təxminən Şabran-Müşkür ərazisinin (Quba rayonunun cənub hissəsini) əhatə edirmiş.
Y.Nemət hunların türkdilli xalqlarla əlaqəsindən bəhs edərək, bir neçə şəxs adının türkdilli olmasını ehtimal edir. Hun adları: Mundzuk, Aybirs, Eşkəm, Ylək, Yrnək və Dənqiz - eləcə də Atillanın arvadının adı Ariqkan ehtimal ki, türk mənşəlidir.
Xalqımızın tarixən yaratmış olduğu zəngin folklor materiallarından məlumdur ki, Qız qalası haqqında altı əfsanə və rəvayət toplanıb nəşr edilmişdir. Onlardan üçü “Yaşayan əfsanələr”də, ikisi “Yanardağ əfsanələri”ndə, biri isə 20 cildik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası”nın birinci cildində nəşr olunmuşdur. Qız qalası haqqında olan əfsanə və rəvayətlə bağlı olaraq, xalq şairi R.Rza “Qız qalası” poemasını, N.Xəzri “Qız qalalı - dağla qızı” adlı əsərini yazmışdır. Qız qalası ilə bağlı olan qədim əfsanələrimizdə xalqımızın qədim mənəviyyatı ilə yaxından səsləşən bir qrup şəxs adlarına da təsadüf edirik. O cümlədən, Xan Dəmir, Uğur kimi kişi adları; Yaşılbəyim, Durnaxanım, Xəzəriyyə kimi ahəngdar qadın adları indi də öz təravətini itirməmişdir.
Türk və ya Ana dilimizin qədim sözləri əsasında formalaşan şəxs adlarına oğuzların soykökü ilə bağlı erkən orta əsrlərdə yaranmış tarixi əfsanədə də rast gəlirik. Bu əfsanənin birində deyilir ki, Yafət (Yafəs) türklərin ulu babalarıdır. Monqollar və türklər eyni nəsnəni nəqil edirlə ki, (Nuh) Yafəti Gündoğana göndərir. Türklər Yafəti Bulcaxan (Abdulcaxan) adlandırmış və adlandırırlar. Burcaxanın (Abdulcaxanın) Nuhun oğlu və ya nəvəsi olduğunu dəqiq bilmirlər. Əfsanəyə görə, Bulcaxanın Dib-Yakuy (Dib Bakuy) adlı oğlu varmış, onun da Qaraxan, Orxan, Qazxan və Türkxan adlı oğulları varmış.
Hələ, erkən Orta əsrlər əfsanəsində özünə yer tapmış və XVII əsrin yazılı mənbələrində bu günə qədər gəlib çatmış olan Qaraxan, Orxan, Qazxan və Türkxan adları azərbaycandilli sözlər əsasında təşəkkül tapmış şəxs adlarıdır.
“Erkən Orta əsrlərdə türkdilli ədəbiyyat da özünə-məxsus bir inkişaf yolu keçirir və zəngin, güclü folkloru əsasında yazılı abidələri də meydana gəlir”. Bu müna-sibətlə İ.S.Brakinski yazır: “V-XIV əsrlərdə meydana gələn runik və uyğur abidələri bir xalqın yox, bütün türkdilli xalqların ümumi ədəbi fonduna daxildir”. İ.V.Stablevanın mülahizəsi bu fikri daha geniş əhatə edir: “Çünki bu əsrlərdə Mərkəzi və Orta Asiyada, Cənubi Sibirdə vahid ümumtürk ədəbi dili hökm sürürdü”.
Buradan belə nəticəyə gəlmək olur ki, erkən, Orta əsrlərdə yaradılmış türkdilli mənbələrdə türkdilli xalqların hamısının payı olduğu kimi, həmin mənbələrdə işlədilmiş şəxs adlarını da türkdilli xalqların hamısının antropo-nimiyası üçün ortaqlı və ya müştərək hesab etmək olar.
Orxon-Yenisey abidələrində qeyd olunan Göytürk hökmdarının vəziri Bilgə Tonyuğuq, Göytürk dövlətini yenidən qurub möhkəmləndirən Kutlıq xan və onun övladı Gültəkinin adları türkdilli sözlər əsasında formalaşmışdır. “Yoluq Təkin Göytürk tarixini xatirələr şəklində əbədiləşdirir”. Yoluq, Təkin qədim türkdilli sözləri əsasında formalaşmış antroponimlərdir.
XI əsrin məşhur filoloq alimi M.Kaşğarlının “Divani - lüğət-it-türk” əsərində qədim türk hökmdarı Alp Ər Tunğa (Əfrasiyab), şair Cuci adlarına da təsadüf olunur. Alp Ər Tunğa, Cuci adları da türk mənşəlidir.
Türkdilli xalqlar üçün müştərək olan qədim mənbələrdən biri də XII şairi Yusif Balasaqunlunun “Kutadqu bilik” poemasıdır. Türk xalqlarının ədəbiyyatında ilk poema olan bu əsər və əsərin yazıldığı şərait antroponimiya üçün xeyli məlumat verir. Bu əsər Qaraxani hökmdarlarından olan Tafqaç Buğra Qaraxan Əbu Əli Həsən ibn Süleyman Arslan Qaraxana həsr edilmişdir. Xaqan da bu əsəri yüksək qiymətləndirərək, onun müəllifinə “Xas Hacib” fəxri adı vermişdir. Burada qeyd olunan Tafqaç, Buğra, Qaraxan, Arslan və əsərin qəhrəmanlarının adları Gündoğdı (Gündoğdu), Aytoldı (Aydoldu), Okdülmüş (Odqurmuş) türk mənşəli antroponimlərdir.
Azərbaycan ədəbi dillinin təşəkkül dövrünü zəngin tarixi sənədlər və bədii dil materialları əsasında tədqiq edən professor T.Hacıyev “Dədə Qorqud” kitabının leksik-semantik və qrammatik xüsusiyyətləri ilə yanaşı əsərdə geniş şəkildə büruzə verən səciyyəvi onomaloji cəhətləri də araşdırmış və bir növ, xalqımızın tarixən yaratdığı qədim onomastik laylaları üzə çıxarmışdır. Dastanı dilçilik baxımından hərtərəfli tədqiq edən müəllif bu münasibətlə yazır: “Onomastika xalqın tarixini əks etdirən faktlardandır. İnsan adlarının yaratdığı təbəqələr xalqın tarixi inkişafının mərhələlərinə uyğundur” Azərbaycan antroponimiyasının tarixinə dərindən nəzər saldıqda bu mülahizə özünə bəraət qazandırır. Bu proses xalqımızın tarixində də özünü göstərmişdir.
İslama qədərki və İslam dininin qəbulundan sonrakı dövrlərdəki antroponimik təbəqələrə nəzər saldıqda bu fərq daha aydın şəkildə nəzərə çarpır. “Dinin yeniləşməsi onomastika sistemini də dəyişir. Türkdilli xalqlar İslam dinini qəbul etməklə ərəb ad sistemini götürdülər”. Burada onu da qeyd etmək lazımdır ki, türkdilli xalqlar müəyyən mərhələdə ərəb ad sisteminə keçsə də əsrlər boyu yaratmış olduğu öz ənənəvi türkdilli şəxs adlarını unutmamışlar. Bu xalqların dilində ərəb dilinindən alınma sözlər aparıcı rola malik ola bilmədiyi kimi, antroponimiyasında da ərəb adları üstünlük qazana bilməmişdir. Bunu erkən Orta əsrlərdə yaradılmış “Kitabi-Dədə Qor-qud” dastanlarında işlədilmiş 100-ə yaxın şəxs adı da təsdiq edir. Dastandakı şəxs adları türk dilli xalqların qədim onomaloji mənzərəsini parlaq şəkildə əks etdirir: Qorqud, Bayandır, Ulaş, Salur, Qazan, Uruz, Səlcuq, Dondar, Qaragünə, Qarabudaq, Aruz, Qoca, Qazlıq, Bayburd, Bamsı, Beyrək, Yeynək, Duru, Sarı, Qulmaş, Qaracıq, Çoban, Qarangüc, Dəmirgüc, Əmən, Alp, Ərən, Duxa, Domrul, Basat, Uşun, Səkrək, Qanlı, Qanturalı, Dirsəxan, Buğac, Qanıqtan, Qoğan, Aslan, Qıyan, Bəkil, Əkrək, Qılbaş, Burla, Banıçiçək, Yengə, Selcan, Qaracıq, Ağca, Tərsuzamış və s.
Bunlardan başqa müxtəlif yazılı mənbələrdə də türk -Azərbaycan mənşəli qədim adlara təsadüf edilir. O cümlədən, Oral, İmir, Soraq, Çırpan, Alay, Göyüş, Qutluq, Bakı, Düyər, Aman, Uğur, Ardıc, Diri (Aşıq Qurbani də Diri kişinin nəslindən olmuşdur) kimi kişi adlarına və Bəyim, Aşxanım, Axçalı, Çəmən, Gülöyşə, Aylan kimi qadın adlarına da təsadüf edilir.
T.Hacıyevin qeyd etdiyi kimi, “bu adlar da, adqoyma mərasiminin özü də Orxon-Yenisey kitabələrindəkinə tamam uyğun gəlir. Ümumi sistemdən kənaraçıxma cüzidir; həm də bu adların, hələ, mənşətə yeni daxil olduğu görü-nür, - onların ataları ilkin qayda üzrə adlanır. Qəflət Qoca oğlu Şirşəmsəddin, Alp Rüstəm; dastandakı qeyri-oğuz adlarında da qədim ad sistemi ilə analogiya qalır: Qıpcaq Məlik, Qara Təkur Məlik, Şöklü Məlik, Sunu Sandal Məlik, Ağ Məlik Çeşmə və s. Müasir məişətimizdə vətəndaşlaşan sözlər (dini mənşəli: Məhəmməd, Həsən, Hüseyn, Fatimə və s. Adi adlar: Zeynəb, Zübeydə və s.) dediyimiz kimi sonrakı dövrlərin əlavəsidir. Deməli, əsərin onomastik sistemi də VIII-IX əsrlərdən əvvələ gedir”.
Qədimlik, tarixilik və milli kalorit baxımından C.Cabbarlının “Od gəlini” pyesindəki personajların adları da maraqlıdır. Çünki əsərdə İslam dininin Azərbaycanda zorla qəbul etdirməyə başlandığı dövrün hadisələri öz əksini tapmışdır. Odur ki, Azərbaycanda İslam dini tam qəbul edilmədiyi və ərəb istilası olmadığı dövrdə Azərbaycan dilində ərəb mənşəli antroponim də ola bilməzdi. Məhz bu tarixi şəraiti nəzərə alan müəllif öz personajlarına Azərbaycan dilinin daxili imkanları əsasında yaradılmış adlar vermişdir: Elxan, Solmaz, Qorxmaz, Dönməz, Gülgün, İldırım, Sönməz, Yanardağ, Oddamı və s. Göründüyü kimi bu adlar “Dədə Qorqud” dünyası və epoxası ilə səsləşir.
Müasir Azərbaycan antroponimiyasında bir sıra qədim qıpcaq mənşəli antroponimlərə də təsadüf olunur. O cümlədən, kişi adları: Altunbəy,Əzəlbəy, Dəmir və s. Qadın adları: Ulduz, Çiçək, Sünbül, Aybikə, Qaraqaş, Minbikə və s. Bu qrup qıpçaq adlarına Başqırd antroponimiyasında da rast gəlmək olmur: Altınbay, İzelbay, Timer, Kamil, Soleyman, Foat, Əiün, Yakun, İzel, Karabay, Ayhılıu, Karasəs, İlqiz, İondoz, Səsək, Səmbəl, Aybikə, Qarağaş, Minlebike.
XII əsrə qədərki Azərbaycan dilinin inkişafı və təşəkkülü problemlərini zəngin mötəbər mənbələr əsasında araşdıran V.İ.Aslanov yeri gəldikcə dilimizin qədim xüsusiyyətlərini açmaq məqsədilə xüsusi adlara - antroponimlərə də müraciət etmişdir. O, həmin tədqiqatında həm dilimizin tarixi, həm də antroponimiya üçün maraqlı olan bir sıra qədim şəxs adlarını da üzə çıxarıb, dilimizin qədim xüsusiyyətlərinin öyrənilməsində onların əhəmiyyətini qeyd etmişdir. O, bu münasibətlə yazmışdır: “Bu baxımdan bizə əsl adı ərəb mənşəli olan, lakin sonralar qazandığı adla məşhurlaşan Toğrul, Alp, Arslan, Toğan, Bərgü, Yarıq, Qızıl Arslan, Körpə Aslan, Təpər (Mühəmməd), Ağ Sunqur, Qara Sunqur və bunlarla yanaşı eldəgizlər, atabəylər; sülalə, xalq, tayfa və qəbilə adları çox şey verir.
Müəllif qədim Azərbaycan dilinin linqvistik xüsusiyyətlərini dərindən araşdırmaq üçün xüsusi yazılı mənbələrin azlığı və ya çox nadir halda olduğunu nəzərə alaraq, ərəb dilli mənbələrində geniş şəkildə işlənmiş türkdilli xalqlara məxsus olan şəxs adlarını üzə çıxarmışdır. Bu münasibətlə müəllif yazır: “Orta əsr ərəb mənbələrində biz eyni zamanda Kəkcə, Kəktaş, Saruq, Bilik, Artuq, Çapıq//Çabıq, Tapuq, Yoluq, Aslantəkin, Əftəkin, Qaratəkin, Aytəkin, Yarıxtəkin, Yeltəkin, Sevtəkin, Sübhtəkin, Gülüştəkin, Tağtəkin, Taştəkin, Təktəmir, Taştəmir, Sayıcı, Sarucu, Alış, Tutaş, İtgü, Bilkin, Seqman, Səkman, Güntoğdı, Yağıbasan, Qaymaz, Soqmas, Atamış, Titər (Tütər?), Ağartmış, Ağlamış, Aldatmış, Yüzatmar tipli minlərlə adlara təsadüf edirik. Bütün bunlar bizə belə bir istiqamət verir ki, Azərbaycan antroponimiyasının tarixinin öyrənilməsində ərəb dilində yazılmış əsərlərdən də mötəbər mənbə kimi istifadə etmək olar. Və bu vacibdir.
Orta əsrlər ərəb tarixçisi İbn Tanrıberdinin əsərlərinə istinad edən müəllif yazır: “681-ci ildə Alban Yepiskopu İzrailin rəhbərliyi altında din xadimlərindən ibarət nümayəndə heyəti Hun hakimi Alp-eltəvərim (Təpər) yanına getmişdir.
X əsrdə İran şahı Sultan Mahmud eyni zamanda Səbüktəkin kimi tanınmış və onun sevimli qulunun adı Ayaz olmuşdur. Bütün yuxarıda sadalanan və bu qəbildən olan başqa şəxs adlarının çoxu Azərbaycanla bağlıdır və VI-XII əsrlər Azərbaycan dilinin leksik, qrammatik tərkibini və fonomorfoloji quruluşunu öyrənmək üçün əvəzsiz mənbədir”.
Müasir Azərbaycan antroponimiyasında olduğu kimi, xalqımızın tarixən yaratmış və yaşatmış olduğu şəxs adlarının bir qrupu, hələ, lap qədim zamanlardan xalqımız arasında geniş yaylmışdır. Həmin adlar öz idealı və mənəvi gözəlliyini indi də saxlayır. Bu nöqteyi-nəzərdən “Azərbaycan xalqının islamiyyətə qədərki və heç bir əsərlə müqayisəyə gəlməyən ən dürüst və etibarlı tarixi”, “II-VI əsrlər qədim Azərbaycan dillinin, eyni zamanda bu dövr üçün xalqımıza xas olan adət-ənənələri özündə əks et-dirən “Kitabi - Dədə Qorqud” dastanları zəngin antroponimlər qalereyasını xatırladır.
“Kitabi - Dədə Qorqud” dastanlarında biz “Azərbaycan ədəbi dilinin inkişafı tarixində... hələlik, ilk ədəbi şəxsiyyətlə” Dədə Qorqudun ümumiləşmiş obrazı ilə qarşılaşırıq. Burada Dədə Qorqud “Hikmət və müdriklik təcəssümü kimi çıxış edir”. Bunu dastanın “Müqəddimə”sinin ilk sətirindən aydın şəkildə görmək olur. Məsələn, “Oğuzun ol kişi tamam bilicisi idi. Nə dersə olardı... Qorqud Ata Oğuz qovmunun müşkülünü həll edirdi. Hər nə iş olsa, Qorqud Ataya danışmayınca işləməzlərdi. Hər nə ki buyursa qəbul edərlərdi”.
Azərbaycan xalqı arasında təkcə adamların deyil, hətta, bütün əşyanın adlarının da Qorqud tərəfindən qoyulmuş olduğu barədə rəvayət vardır. Bu rəvayətdə deyilir ki, bütün şeylərə ad qoymuş Dədə Qorqud sonradan dərk etmişdir ki, dörd adı yanlış qoymuşdur, buna görə də, aşağıdakı misraları söyləmişdir:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyran demədim mən Dədə Qorqud,
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikənə sökən demədim mən Dədə Qorqud!
Qədim zamanlardan xalqımız arasında geniş yayılmış və dillər əzbəri olan bu şeir parçasında qeyd edildiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanının ayrı-ayrı boylarında Dədə Qorqud gənclərə ad qoyub. Məsələn, Dədə Qorqud “Dirsə xanın oğlu Buğacın boyunu bəyan edər” boyunda Dirsə xanın oğluna buğanı öldürdüyü üçün Buğac; “Bayburanın oğlu Bamsı Beyrək boyunu bəyan edər” boyunda Bayburanın oğluna qırx nəfər igid yoldaşı ilə beş yüz nəfər qarətçiyə qələbə çalıb bəzirganları azad etdiyinə görə Bamsı; “Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” boyunda Aruz Qocanın oğluna at basdığı üçün Basat adını verir.
Dədə Qorqudun ad qoyması haqqındakı rəvayəti Əbdül Qazi Xivəli də XVII əsrdə qeydə almışdır.
Yakutlarda belə bir inam varmış ki, Günəş qəhrə-manlara ad qoyur, onların adını göndərir.
Dədə Qorqud dastanının idealı, məzmunu, mənası, insanlara münasibəti və bədii dili kimi, bu personajların adı da canlı və həyatidir. Dastanın nəsr və nəzm dili bir-biri ilə ahəngdar olduğu kimi, dastanın dili ilə obrazların adı da bir-birinə tam həmahəngdir. Dastanın məzmunu isə boylardakı adların dolğun mənaları və məntiqliyi ilə oxucunu və dinləyicini valeh edir: Dastanda adlar arasındakı həmahəngdarlıq həm kişi, həm də qadın adlarında özünü doğlun şəkildə bürizə verir. Məsələn, Bəkil-Beyrək, Aruz-Uruz, Dönəbilməz-Dözən, Dəmirgüc-Qaplangüc, Banıçiçək-Burlaxatun və s.
Yuxarıda qeyd olunanlardan başqa, müxtəlif mənbə-lərdə özünə yer tapmış olan bir qrup şəxs adlarını da türkdilli, o cümlədən, Azərbaycan antroponimlərinə daxil etmək olar:
V əsr: Bəhram, Qazan xan, Avçı (Ovçu), Tarxan, Tonyuquq, Birgə xan və s.
VI əsr: Xosrov Pərviz və s.
VII əsr: Çolpan Tarxan, Alp Eltəbər, Cavanşir, Musa Şəhəvat və s.
VIII əsr: İsmayıl ibn Yasar,Əbdül Abbas Əl-Əkma və s.
IX əsr: Buğay asi Şarabi, Babək və s.
X əsr: Əbu Abdulla əl-Məraği, əl-Müğəlləsi, Bərakəveyh Zəncani və s.
XI əsr: Buğra xan, Kutılmış, Elbasan, Salar, Alp Ər Tunğa, Gündoğdı, Aytoldı, Xəttat Nizami Təbrizi və s.
XII əsr: Börküyarıq, Şəmsəddin Eldəgəz, Aybək, Turanşah, Toğrul ibn Arslan, Cahan Pəhləvan, Qızıl Arslan, Əbu Bəkr Özbək, Yağıbasan, Ağ Sunqur, Atabəy, Qutluq İnanc, Aytoğmış, Ömər Gənci, Yusif ibn Tahir, Eynəlqüzzat Miyanəçi və s.
Yuxarıda deyilənləri ümümiləşdirərək Azərbaycan antroponimiyasının müasir dövründə olduğu kimi, qədim dövrlərdən xalqımız arasında geniş yayılmış şəxs adlarını da semantik cəhətdən aşağıdakı qruplara bölmək olar:
1. Xeyirxahliq bildirən sözlər əsasinda düzələn antro-ponimlər. Dastanda bir qrup şəxs adlarına təsadüf etdik ki, onlar xeyirxahlıq bildirən sözlər əsasında, hələ, qədim zamanlardan formalaşmışdır. Bu qrup adlar, əsasən, kişilərə verilmişdir. Məsələn, Bayındır - dolandıran; dövlətləndirən, yarıdan; Uruz-pay, mükafat; Dondar-geydirən, paltar verən, xələt verən, dolandıran; Yeyinək-xeyirxah, xoşdilək, Qıyan-qıyan, kömək edən, yardım edən; Həmid-dua və şükür edən, mədh edən, tərif edən, Ənsə-kömək edən və s. adların məntiqi mənası bu gün də öz təravətini saxlamışdır.
2. İgidlik və rəşadət bildirən sözlər əsasinda düzələn antroponimlər. “Kitabi-Dədə Qorqud” dastanının hər səti-rində insan varlığına, onun fiziki qüvvəsinə, ağılının qüdrətinə, iradəsinə, igidlik və qəhrəmanlığına, hər zəhmətə qatlaşmasına və çətinliklərə qalib gəlməsi səhnələrinə rast gəlirik. Bu dastanın ayrı-ayrı boylarında qəhrəmanlıq, ataya-anaya hörmət və məhəbbət, dostluq və fədakarlıq, qadına ehtiram, ana və bacı hüququnu üstün tutmaq, onun namusunu müqəddəscəsinə qorumaq, doğruluq və inam, səmimiyyət və etibarlılıq kimi yüksək insani keyfiyyətlərlə qarşılaşırıq. Bu zəngin insani key-fiyyətlər dastanın əsas qəhrəmanları olan şəxslərin adında da öz bədii əksini tapmışdır. Məsələn: Qazan - qeyrətinə və rəşadətinə görə ad qazanan, Buğac - buğanı qətil etdiyinə və yıxıb öldürdüyünə görə ad alan; Salur - tayfaya və orduya yaxşı başçılıq və sərkərdəlik etdiyinə görə; Bamsı - qırx nəfər igid yoldaşı ilə beş yüz nəfər qarətçiyə qələbə çaldığına görə; Alp - qəhrəman, Əvrən - qəhrəman, Uran - qoşunu qaytaran, Düyər - düyən, düşmənin əl-aya-ğını bağlayan, Dözən - səbirli, tədbirli, təmkinli, Əmən - inanılmış, mötəbər, etibarlı; Elin, Ulaş, Bəkil, Bahadır, Bəkduz, Beyrək, Dələk, Doğsun, İmran, Dönəbilməz; Barlıq abidəsində işlənmiş Külük - şanlı, məşhur; Tural, Qocər kimi igidlik və qəhrəmanlıq bildirən adlar həm ifadə etdiyi məna, həm də ahəngdarlığı ilə insanı valeh edir.
3. Gözəllik və zəriflik birdirən sözlər əsasında düzələn antroponimlər: Boyu uzun Burla Xatun, Banıçiçək; Qutluqxanım və s.
4. İnsanın zahiri görnüşünü bildirən sözlər əsasında düzələn antroponimlər: Bığı qanlı, Bəkdüzəmən, Qaraca Çoban, Kök Amaş və s.
5. İctimai-siyasi həyatla bağlı anlayışları bildirən sözlər əsasında düzələn antroponimlər: Yallıqtikin, Kağan, Eltəris, Qazan xan, Bayındır xan, Baybura bəy, Selcan xatun və s.
Türk dillərinin qədim yazılı abidələrində və Dədə Qorqud dastanında işlənmiş adlar tərkibi etibarilə müxtəlifdir:
Sadə adlar: Azərbaycan dilinin lüğət tərkibi üçün sadə kök sözlər səciyyəvi olduğu kimi, dastanda və Orxon-Yenisey abidələrinin dilində də sadə kök sözlər əsasında formalaşmış adlar aparıcı rol oynayır. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilmişdir.
Kişi adları: “Kitabi-Dədə Qorqud” dastanında: Qazan, Budaq, Uruz, Aruz, Qoca, Alp, Duxa, Domrul, Dirək, Uran, Əzrən, Sarı, Bəkil, İmran, Xaçan və s. Orxon-Yenisey abidələrində: Buğa, Ərən, Oğuz, İnal, Yamtar, Tonra, Udar, El və s.
Qadın adları: “Kitabi-Dədə Qorqud” dastanında: Çeşmə, Pəri, Burla xatun; Orxon-Yenisey abidələrində: Umay və s.
Düzəltmə sözlər əsasında düzələn sadə adlar. Qə-dim abidələrimizin dilində də bir qrup düzəltmə kök sözlər əsasında formalaşmış şəxs adlarına təsadüf edilir. Bu, o deməkdir ki, hələ, qədim zamanlardan dilimizdə morfoloji yolla sözyaratma prosesi özünü göstərdiyi kimi, həmin sözlər əsasında formalaşmış şəxs adları da yaranmışdır.
Abidələrimizdə işlənmiş şəxs adlarının əksəriyyəti isim, sifət və saylarla bu və ya digər leksik və qrammatik şəkilçinin birləşməsindən əmələ gəlmişdir.
İsimlərlə leksik şəkilçinin birləşməsindən düzələn antroponimlər: Buğac (buğ+ac), Qazlıq (qaz+lıq), Buğacıq (buğa +cıq), Qolça (qol+ça), Oxçu (ox+çu), Ərən (ər+ən) feili sifət şəkilçisi.
İsimlərlə qrammatik şəkilçinin birləşməsindən düzələn antroponimlər: Elin (el+in yiyəlik hal şəkilçisi), Dölək (döl+ək şəxs şəkilçisi).
Sifətlərlə leksik şəkilçinin birləşməsindən düzələn antroponimlər: Qaracıq (qara+cıq), Yalançı (yalan+çı), Yalıncıq (yalın+cıq), Yeynək, Yeyin (abidələrimizin dilində yaxşı mənasında işlənmiş yek//yey sözü ilə arxaik -nək, -in şəkilçisinin birləşməsindən düzəlmişdir). Ağca (ağ+ca), Elik (el+ik) və s.
Feillə leksik şəkilçinin birləşməsindən düzələn antroponimlər: Qiyan (qiy+an), Dəzən (dəz+ən), Bilgə (bil+gə), Turan (tur//dur+an) və s.
Feillə qrammatik şəkilçinin birləşməsindən düzələn antroponimlər: Düyər (düy+ər), Doğsun (doğ+sun), Doğan (doğ+an), Tutuq (tut+uq) və s.
Mürəkkəb adlar. Qədim abidələrimizin dilində sadə, düzəltmə adlarla yanaşı bir qrup mürəkkəb kök sözlər əsasında formalaşan mürəkkəb antroponimlər də işlənmişdir.
İsimlə isimin birləşməsindən düzələn antroponimlər: Bu qrup antroponimlər həm kişilərə, həm də qadınlara verilmişdir.
Kişi adları: Şahmərdan, Qılbaş, Qocər, Azər və s. Bu antroponimlərdən Azər antroponimin düzəlməsi tarixi daha maraqlıdır. Bu antroponim iki komponetdən ibarətdir.
Qədim türk yazılı abidələrində (VII-VIII əsrlər) olan Gültəkin abidəsində (böyük abidə) “az” və “yaz kırkız” xalqı, Tonyukun abidəsində “çelki Az eri bultım” (çöl Azlarından bir adam tapdım), “Az yerim” (Azların yerindənəm) kimi etnonim və etnotoponimik söz və ifadələrdən aydın olur ki, hələ, qədim zamanlardan “Az” adlı türk dilli qəbilə və ya tayfa olmuşdur. Ər//Er isə hələ qədim zamanlarda Gültəkin abidəsində “igid”, kişi”, “döyüşçü” mə-nasında işlənmişdir. Anarın “Dədə Qorqud” povestində belə bir səhnə ilə rastlaşırıq. Qaraca çoban öküzlə yer şumlayır. Beyrəyin 14 yaşlı oğlu ona kömək edir.
“Çoban:
-Dədə, bu oğlana ad qoyasınca varmıdır?
Dədə Qorqud:
-Bəli, -dedi, -ad oğlana layiqdir... Onun adını Azər qo-yuram. Qoy azərlər çox olsun. Qoy Azərlər çoxalsın”.
Göründüyü kimi, Azər antroponimi “Az” etnonimi ilə “ər” sözünün birləşməsindən əmələ gəlmişdir.
Dastanda işlədilən obrazlardan biri də Şirşəmsəddindir. Bu antroponim fars dilində aslan mənasında işlədilən “şir” zoonimi ilə ərəb dilində günəş mənasında işlənən “şəms” kosmonimi və -əddin şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.
Qadın adları: “Kitabi-Dədə Qorqud” dastanlarında qadınlar - analar və bacılar ceyrana, gül-çiçəyə bənzədilir. Qadınların ağılı, tədbiri, hazırcavablılığı, ərə və ailəyə mə-həbbəti, onların incə və ülvi insani keyfiyyəti öz şəxsi adlarında da əksini tapır. Məsələn, Banıçiçək, Selcan, Canqız, Günay, Aysel, Günel və s. Bu adların ifadə etdiyi məna və ahəngdarlığı hamını indi də heyran etməkdədir.
İsimlə ismi sifətin birləşməsindən əmələ gələn antroponimlər. Qədim zamanlarda bu qrup adlar, əsasən, kişilərə verilirdi. Məsələn, Dəmirgülü (Dəmir+güc+ü//+lü), Qabangücü (qaban + güc + ü//lü), Dəmirdonlu (dəmir + don + lu), Bığıqanlı (bığ+ı + qan+lı) və s.
İsimlə felin birləşməsindən düzələn antroponimlər də qədim abidələrimizin dilində geniş şəkildə işlənmişdir. Məsələn, Qorqud, İlalmış, Qanturalı və s. Qorqud antroponimi, hələ, qədim zamanlardan xalqımızın oda sitayiş et-məsi ilə əlaqədar olaraq yaranmışdır.
Yunan alimi, filosof-tarixçi F.Simoqatda VI-VII əsrlər Qafqaz əfrafı - Odlar diyarı türklərinin inamı, əqidəsi, dini baxımları və mənəvi keyfiyyətlərindən bəhs edərək yazırdı: “Türklər odu hər şeydən uca tutur, havaya və suya ehtiram göstərir, torpağa tərif nəğmələri oxuyur, göyləri yaradana sitayiş edir, onu Tanrı adlandırırlar... Onlar bu Tanrıya at, buğa və qoyundan qurban verir və özlərinin kahini o adamı hesab edirlər ki, o peyğəmbərlik edib gələcəyi qabaqcadan xəbər verə bilsin”.
Yuxarıda deyilənlərdən göründüyü kimi, türklər odu hər şeydən üstün tutur. Heç təsadüfi deyildir ki, oda inamla əlaqədar olaraq Qorqud antroponimini yaratmışlar. Oda inam indi də xalqımız arasında davam etməkdədir. Xalq arasında oda, ocağa inamla əlaqədar olaraq belə ifadələr vardır: ocaq haqqı, küllük haqqı. Bu inamlar, hətta, öz əksini bir sıra antroponimlərdə də göstərir: Ocaq, Ocaqqulu, Ocaqverdi və s.
Müasir Azərbaycan antroponimiyasında olduğu kimi, qədim zamanlarda da antroponimlər müxtəlif üzvlü (birüzvlü, ikiüzvlü, üçüzvlü) olmuşdur:
Birüzvlü antroponimlər yalnız bir antroponimik vahidlə (ya şəxsi ad, ya təxəllüs, ya da başqa antroponimik vahidlə) ifadə olunur: Orxan, Göytürk, Gültəkin, Yoluğ, Qazan, Aslan, Poltacı (balta sözündəndir), Sultan, Domrul, Eşkəm, Qulu, Basat və s.
İkiüzvlü antroponimlər, əsasən, şəxs adı, təxəllüs və ya şəxsin milliyyətini bildirən etnonimlə ifadə olunur: Qluc Arslan (qılınc sözündəndir), Qara Bahadur, Qaraca Çoban, Xan Dəmir, Qara Sunqur, Ağ Sunqur və s.
Çoxüzvlü antroponimlər, əsas etibarilə şəxs adı, ata adı və təxəllüslə ifadə olunur: Həsən Calalın oğlu Atabəy, Məlik bəy Avçı, Alp Ər Tunğa, Qara Təkur Məlik, Sunu Sandal Məlik, Ağ Məlik Çeşmə, Atabəy Qutluq İnanc və s.
Qədim antroponimiyamızda ərəb dilinin antroponimik sisteminin təsiri də nisbətən güclü olmuşdur. Bu heç də təsadüfi deyil, çünki VII-IX əsrlərdə Azərbaycan ərəb işğalına məruz qalmış, bu təsir özünü xalqımızın həyat tərzinin bütün sahələrində olduğu kimi, antroponimiyamızda da özünü göstərmişdir. Məsələn, Əbu Abdulla əl-Məraği əl-Müğəlləsi, Yusif ibn Tahir, Əbu Bəkr Özbək və s. Lakin bu təsir XII-XIII əsrlərdən sonra nəzərəçarpacaq dərəcədə zəifləyir, onun yerini fars dili antroponimiyasının antropomik sistemi tutmağa başlayır.
XIII-XVII ƏSRLƏRDƏ
AZƏRBAYCAN ANTROPONIMIYASI
Azərbaycan xalqının ictimai, siyasi, iqtisadi və mədəni həyatında XIII-XVII əsrlər ayrıca bir mərhələ təşkil edir. Xüsusilə, XIII əsrin axırlarında Elxanilər dövlətinin yaranması və Elxanilər dövründə Azərbaycan intibahının inkişaf yoluna qədəm qoyması, Marağada Rəsədxananın təşkili, Təbrizdə “Rəbi-Rəşidi” adlı böyük elm ocağının açılması, XIII əsrin axrı və XIV əsrin əvvəllərində ilk dəfə Azər-baycan dilində poetik əsərlərin yaranması, XV-XVI əsrlərdə Şirvanşah İbrahim və onun övladlarının, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının hakimiyyəti altında siyasi, ictimai və iqtisadi həytda müəyyən nailiyyətlər qazanılması, Səfəvilər dövlətinin güclənməsi, monqol istilasının vurduğu yaraların sağaldılması və təsərrüfatın inkişafı, Azərbaycanın Qərb və Şərqin bir sıra ölkələri ilə siyasi və iqtisadi əlaqəyə girməsi, Azərbaycanda yeni intibah nəslinin yetişməsi və Azərbaycan dilinə güclü meyl göstərilməsi, XVII əsrdə mərkəzi dövlətin zəifləməsi, qanlı feodal müharibələrinin gedişi, klassik üslubda bədii əsər yaratmaq meyllərinin artması və s. Azərbaycan xalqının antroponimiyasına da öz təsirini göstərmiş və onun inkişafına müəyyən dərəcədə təkan vermişdir. Bu dövr Azərbaycan antroponimiyasında həm türkdilli xalqlarla müştərək olan, həm xalis Azərbaycan adları, həm də ərəb və fars dillərindən alınma adlar geniş yayılmışdır. Lakin antroponimiyamızda aparıcılıq rolu Ana dili sözləri əsasında düzələn adlara məxsus idi. Bunu aşağıdakı nümunələr də təsdiq edir:
XIII əsrdə: Ərtoğrul bəy Şəmsəddin Xoylu, Tutar, Əfzəlləddin Xunəci, Zülfüqar Şirvani, Nəsrəddin Tusi, Şihabəddin Xoylu, Nəcməddin Naxçivani və s.
XIV əsrdə: Nizam Təbrizi, Hafiz Naxçıvani, Əhvədi Marağalı, Qara Yusif, Şeyx Dursun, Eldar, İzzəddin Həsənoğlu və s.
XV əsrdə: Uzun Həsən, Əhməd padşah, Fərrux Yasar, Cəfər Təbrizi, Ağqoyunlu Yaqub, Cahan şah, Kamaləddin Şirvani, Baysunqur, Əbdülbaqi Bakuvi, Seyid İmadəddin Nəsimi, Pəri, Peykər, Vahid Təbrizi və s.
XVI əsrdə: Bayram Xoca, Vəlican Təbrizi, Şahgəldi ağa, Qorçubaşı Padar, Ayaz, Mühiyyəddin, Məhəmməd Bərdəi, Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili, Əhdi Bağdadi, Katibi, Taclı xanım Şahbəyim, Aşıq Abbas Tufarqanlı, Pərixan Həqiqi, Həbibi, Xacə Rəhmətulla və s.
XVII əsrdə: Hüseyn Xələf oğlu Bürhan, Xanverdi, Xudaverdi, Rəcəbli Təbrizi, Məhəmməd Əmani, Fədai, Məsihi, Saib Təbrizi, Əlican İsmayıl oğlu Qövsi Təbrizi, Sadıq bəy Əfşar, Sarı Aşıq (Haqq Aşığı, Qərib Aşıq), Məlum, Nadir, Cəfərqulu xan Nəva, Mirzə Məhəmməd Ordubadi, Mirzə Sadıq Ordibadi, Rəşid, Sahib, Mirzə Saib Təbrizi və s.
Azərbaycan antroponimləri XIII-XVII əsrlərin ədəbi- bədii materiallarında da geniş təqdim olunmuşdur. Bunu aşağıdakı adlar da əyani şəkildə sübut edir.
Kişi adları: Əhməd Hərami, Xoca Rüstəm, Güləfrux (“Dastani-Əhməd Hərami”), Fərhad, Şavur, Hörmüz, Xosrov, Gəray, Müqabil, Fəğfur (Arif Ərdəbilli “Fərhadnamə”), Şapur, Keyvan, Bəhram, Xacə Şərəf, Bədr, Mehrab, Behzad, Mehr, Müştəri, Hacib (Əssar Təbrizi, “Mehr və Müştəri”), Məcnun, Məhəmməd, Cəlaləddin Həbib, Siracəddin Süleyman, Abdulla Çələbi, Ərtən, Əli, Atabəy, Qara Yoluq Osman bəy (Qazi Bürhanəddinin həyat və fəaliyyəti ilə bağlı adlar), Rəis, Keya, Fəxrəddin, Seyid Əli (Nəimi, “Vəsiətnamə”), Şeyxi, Hacı Bayraməli Bəktaşi, Rəfi, Mürtəza, Zülqədər oğlu Əlibəy, Nəsrəddin, Osman Qarayölük, Həllac Mənsur, Kərxi, Şibli, Ədhəm, Əttar, Cəlaləddin Rumi (Nəsiminin həyat və fəaliyyəti ilə bağlı adlar), Təhmasib (Kişvərinin əsərlərində), Sam Mirzə, Şeyx Heydər, Rüstəm Mirzə, Şərif Həsənxan, Hüseynbəy, İbrahim, Əlvənd Mirzə, Sultan Murad, Şeybani xan, Sultan Səlim, Şeyx Səfi (Şah İsmayıl Xətainin həyat və fəaliyyəti ilə bağlı adlar), Səba, Ahı, Huşu, Göz (Ş.İ.Xətai, “Dəhnamə”), Ayas paşa, Cəfər bəy (Füzulinin həyat və fəaliyyəti ilə bağlı adlar), Nizamülmülk, Xızır, Vamiq, Qarun, Qeys, Nofəl, İbn Səlam (Füzuli, “Leyli və Məcnun”), Zahid, Rind (Füzuli, “Rindü-Zahid”) və s.
Qadın adları: Güləndam (“Dastani-Əhməd Hərami”), Gülüstan, Məhinbanu, Şirin, Məryəm (Arif Ərdəbili “Fərhadnamə”), Nahid, Şəməbanu (Əssar Təbrizi, “Mehr və Müştəri”), Aləmşahbəyim (Həliməbəyim), Məşuqə (Ş.İ.Xətai, “Dəhnamə”), Şirin (Nizami, “Xosrov və Şirin”, Füzuli, “Leyli və Məcnun”) və s.
XIII-XVII əsrlər Azərbaycan antroponimiyasını istər qədim, istərsə də yeni dövr antroponimiyasından fərqləndirən əsas cəhət, xüsusilə, XVI əsr antroponimiyasının bədii antroponimlərlə (alleqorik adlarla) daha zəngin olmasıdır. Bu sahədə Füzuli sənətkarlığını xüsusilə qeyd etmək lazımdır. O, əsərlərində irəli sürdüyü ideya və məzmundan aslı olaraq, bir növ alleqorik personajlar qalereyası yaratmışdır. Onun personajları arasında kosmonim, fitonim, təbabət və s. anlayışları bildirən sözlər əsasında düzələn onlarla antroponim vardır. Məsələn, Günəş, Ay, Mərrix (Mars), Ütarid, Bürcis, Zöhrə (Venera), Zühəli (Saturn), (“Yeddi cam”), Bəng, Badə, Ərəq, Buzə, Həbid, Əfyun, Bərş, Məcun (“Bəngü-Badə”), Aluçə, Alu, Gilas, Zərdalu, Alma, Armud, Heyva, Nar, Narınc, Turunc, Badam, Kissə, Fındıq, Fısdıq, Qarpız, Gərmək, Xiyar, Hindivanə, Qovun, Şamama (“Söhbətül əsmar”), Ürək, Səfra, Sevda, Bəlğəm, Qan, Məzac, Səhhət, Ruh, Ədavət, Qəm, Xovf, Kizb, Kin, Həsəd, Həsrət, İztirab, Möhnət, Heyrət, Əql, Pəhriz, Mərəz, Zəf, Qızdırma, Başağrısı, Hüsn, Eşq, Məhəmməd, İşvə, Kirişmə (“Səhhət və Mərəz”) və s.
Yuxarıda qeyd edildiyi kimi orta əsrlərdə də antroponimiyamız çox zəngin və rəngarəng xüsusiyyətlərə malik olmuşdur. Qədim dövrlərdə olduğu kimi, XIII-XVII əsrlərdə də antroponimiyamızda da avtonimin adı, atasının adı, təxəllüsü, titulu, ləqəbi və s. arasında üzvlənmə halları müxtəlif olmuşdur:
Birüzvlü və yaxud yalnız şəxs adından və ya təxəllüsdən ibarət olan antroponimlər: Dursun, Eldar, Ayaz, Nadir, Rəşid, Həqiqi, Həbibi, Fədai, Sahib, Məlum və s.
İkiüzvlü, yaxud şəxs adı və tituldan ibarət olan antroponimlər: Şeyx Dursun, Cahan şah, Şahgəldi ağa, Abdal bəy (Dədə bəy), Sultan Murad, Şeybani xan, Sultan Səlim, Ayas paşa, Əhməd paşa, Cəfər bəy; Aləmşahbəyim (Həliməbəyim) və s.
İkiüzvlü, yaxud şəxs adı və təxəllüsdən ibarət olan antroponimlər: Şəms Təbrizi, Nəsrəddin Tusi, Şihabəddin Xoylu, Pəri Peykər, Məhəmməd Qarabaği və s.
Üçüzvlü, yaxud şəxs adı, titul və təxəllüsdən ibarət olan antroponimlər: Qara Məhəmməd Durmuş, Şah Qasim Ənvər, Dədə Ömər Rövşəni, Şah İsmayıl Xətai, Aras xan Rumlu, Qazı xan Təkəli, Abdulla xan Ustaclı, Məhəmməd Əmin Şirvani və s.
Çoxüzvlü, yaxud şəxs adı, ata adı, titul və təxəllüsdən ibarət olan antroponimlər: Əhməd Əbu Abbas Qazi Bürhanəddin, Yusif Məhəmmədcan oğlu Qarabaği, Səəddin-Mahmud Əbdülkərim oğlu Şəbüstəri, Əli Rza Abbasi Təbrizi və s.
Tədqiqata cəlb olunan materiallar üzərində apardığımız müşahidələr göstərir ki, XIII-XVII əsrlər Azərbaycan antroponimiyasında xalis Azərbaycan antroponimləri ilə yanaşı olaraq, onlarla ərəb, fars və monqol adları da işlədilmişdir.
XVIII-XIX ƏSRLƏRDƏ
AZƏRBAYCAN ANTROPONİMLƏRİ
XVII əsrin sonlarından etibarən Azərbycanda feodal çəkişmələri başlayır və mərkəzi dövlət zəifləyir. Azər-baycan XVIII əsrin ikinci yarsında bir sıra xanlıqlara parçalanır ki, bu da ölkənin vəziyyətini ağırlaşdırır. Yeni yaranmış Qarabağ, Gəncə, Naxçıvan, Şəki, Bakı, Quba, Təbriz, Dərbənd, Qaradağ, Ərdəbil və s. xanlıqların gər biri ayrıca müstəqil siyasət yeridirdi. XIX əsrin ilk illərindən Azərbaycanı ələ keçirmək üçün Rusiya, İran, Türkiyə arasında çəkişmələr baş verir və müharibələr gedirdi. Bu da Rusiya-İran dövlətləri arasında 12 oktyabr 1813-cü ildə bağlanan “Gülüstan sülh müqaviləsi”nə əsasən Azərbay-canı iki yerə parçalanmasına və onun Qarabağ, Gəncə, Talış, Şəki, Şirvan, Quba, Bakı və Dərbənd xanlıqlarının Rusiyanın hakiməyyəti altına kəçməsinə səbəb oldu. Şübhəsiz, bu da ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatına mənfi təsir göstərdiyi kimi, xalqımızın uzun əsrlər boyu yaradıb-yaşatdığı dil vahidlərinə - onomastik vahidlərə də mənfi təsir göstərməyə bilməzdi. Buna baxmayaraq, Ana dilimizin saflığı, mədəniyyəti-mizin inkişafı uğrunda ziyalılarımız öz qüvvə və bacarıqlarını əsirgəmirdilər. Azərbaycan milli mətbuatının və teatrının yaradılması və inkişaf etdirilməsi, mədəniyyət, ədəbiyyat və elmdə müasirlik və intibah meyllərinə diqqət daha da güclənir...
XVIII-XIX əsrlər xalqımızın və milli mədəniyyətimizin tarixində xüsusi səciyyə daşıyan bir dövrdür. Bu dövrdə xalqımızın mənəvi qidası olan Islam dininə və əsrlər boyu mədəniyyətimizlə yaxından bağlı olan Şərq mədəniyyətinə, o cümlədən, ərəb-fars mədəniyyətinə qarşı “haqlı-haqsız” hücumlar edilir. Rus mədəniyyətinin “müsbət” təsiri isə pərdələnir və həddindən artıq şişirdilir. Bütün bunlar, ilk nöbədə, təsirini dildə, onun lüğət tərkibində və lüğət tərkibinin qədim və zəngin bir layı olan qrammatik vahidlərdə də öz əksini tapırdı. Bu da təsadüfi deyildir. Çünki onomastik vahidlər xalqın tarixi ünvanı, mənəvi və fiziki varlığı deməkdir. Xalqı öz soy kökündən, tarixindən, varlığından uzaqlaşdırmaq, özünü-özünə yadlaşdırmaq üçün, ilk növbədə, onu öz tarixi ünvanından mərhum etmək həmişə ön plana çəkilmişdir. Məhz Çar Rusiyası da ucqarlara, o cümlədən, Azərbaycana münasibətində bu planla hərəkət edirdi. Bir tərəfdən tədricən tarixi toponimlərimiz dəyişdirilir, digər tərəfdən isə antroponimik vahidlərimiz çarizmin dəftərxana sisteminə uyğunlaşdırılması adı altında rus antroponimik for-mantlarına (-ov, -yev, -ova, -yeva, -ski, -skaya) uyğun-laşdırılırdı. Beləliklə də, bir növ “mədəni” yolla özümüz-özümüzdən uzaqlaşdırılırdıq... Buna baxmayaraq, xalqımızın tarixi ünvanını, soyadını özündə qoruyub saxlayan onomastik vahidlər, o cümlədən, toponim və antroponimlərimiz öz aparıcılıq rolunu daha da artırırdı. Onomastik vahidlərimiz rəsmi olaraq dəyişdirilsə də, xalq onu öz qəlbində, öz ana dilində unutmayıb, qoruyub saxlamış və gələcək nəslə daha təmiz, daha səlis şəkildə təqdim etmişdir. Məsələn, Gəncə və onlarla başqa toponimik vahidlərimiz yüz ildən çox öz ilkin tarixi adından rəsmi şəkildə uzaqlaşdırılsa da, onlar əməli şəkildə xalqımızın qəlbində daim yaşamış və özünə yenidən həyat vəsiqəsi almışdır. Axı, xalqın tarixini zorla təhrif etmək, dəyişdirmək olmaz. Çünki tarixin öz ədalətli qanunları vardır. Bu qanunlar qarşısında hamı - ən böyük dövlət xadimi də, sərkərdə də acizdir. Bütün bunlara baxmayaraq, onomastikamız daha da inkişaf edirdi. Belə inkişaf antroponimiyamızda da öz gözəl bəhrəsini verirdi. Antroponimlərimiz bir tərəfdən tarixi adlarımız və milli sözlərimiz əsasında yeni təşəkkül tapan adlar, digər tərəfdən isə dilimizdə vətəndaşlaşmış ərəb-fars mənşəli adlar və həmin dillərdən alınma sözlər əsasında düzələn adlar hesabına daha da zənginləşmişdir. Bu mülahizəni tarixi sənədlərdə, arxiv materiallarında, dövrü mətbuatda, elmi və bədii əsərlərdə işlədilmiş yüzlərlə antroponimik vahidlər də təsdiq edir.
XVIII əsrdə geniş istifadə dairəsinə malik olan antroponimlər:
Kişi adları: Allahverdi, Ağası xan, Molla Vəli Vidadi, Səfa Kərbəlayi Valeh, Dilqəm, İbn Kəşan, Fətəli xan Müştəri, Mehdi Şəqayi Sabit, Səyyad, Fəraqi, Xurşid, Həmrah, Hüseyn, Şəms, Əbdürrəhman Sultan, Muradxan, Xançoban, Dəli Kazım, Şəhriyar, Şirzad, Ərdəşir şah, Həzrətqulu, Xacə Şəban, Əmir Aslan, Aqil, Molla Cəbrayıl, Cavanşir, Piri, Sarı, Çobanoğlu, Məhəmməd, Osman, Hacı Əbdülqadir xan, Hacı Məhəmməd xan, Ağa Məsih, Şəfi Əfəndi, İbrahim xan, Əliağa, Şəhabəddin bəy, Cavad xan, Mədəd, Cahangir xan, Sadiq, Vərqa, Topdağıdan, Ənnağı oğlu və s.
Qadın adları: Heyran, Sənubər, Pərizad, Şamama, Sərvinaz, Bəsdi, Əsləm, Səadət, Xurşudbanu, Şahsənəm, İnci, Gülşa, Maral, Pərixanım, Ağqız, Sona, Güllü, Ceyran, Gözəl, Zeynəb, Pəri, Yetər, Şamamabəyim, Zöhrəbəyim, Telli, Dönə, Xanıxanım və s.
XIX əsrin istər tarixi sənədlərində, istərsə də arxiv materiallarında və ədəbi-bədii əsərlərdə istifadə olunan antroponimlər, əsasən, müasir antroponimiyamızla səsləşdiyi üçün onlardan nümunələr verməyi lazım bilmədik. Bu dövr üçün əsas səciyyəvi cəhət bir qrup qabaqçıl ziyalılarımızın familiya qəbul etməsi (bu barədə geniş məlumat almaq üçün “Familiya” bəhsinə baxmalı), Azərbaycan antroponimlərinin kütləvi şəkildə qonşu gürcü, erməni, yunan və Dağıstan xalqlarının antroponimik sisteminə təsiridir. Hazırda yuxarıda adları çəkilən xalqların antroponimiyasında yüzlərlə Azərbaycan adları fəal şəkildə işlənməkdədir. O cümlədən, “...beş cildlik “Erməni şəxs adları lüğəti”ndə əhatə olunan onomastik leksikanın 50 faizini türk və ya Azərbaycan mənşəli şəxs adları (və həmin adlar əsasında düzələn familiyalar. - M.Ç.) təşkil edir.
XVIII-XIX əsrlərdə də antroponimik vahidlərin üzvlənməsində müxtəliflik özünü göstərir.
Birüzvlü, yaxud şəxs adlarından və ya təxəllüslərdən ibarət olan antroponimlər: Saleh, Sahib, Kamil, Ziyad, Məhcur, Nərgiz, Leyli, Züleyxa, Səadət; Məzlum, Məlali, Məhzun, Ürfani, Bikəs, Zəmiri, Mədədi, Raci və s.
İkiüzvlü, yaxud şəxs adı, təxəllüs və ya tituldan ibarət olan antroponimlər: Mirhüseyn Ləmbərani, Şakir Şirvani, Məhcur Şirvani, Baba Şirvani, Vəli Ərəş, Fətəli xan, Ağası xan, Mirzə Həsən, Şah İsmayıl, Nadir şah, Şah Abbas, Pənah xan, Zərri şah və s.
Üçüzvlü, yaxud şəxs adı, ata adı, “oğlu” antropoformantı, təxəllüs və tituldan ibarət antroponimlər: Molla Pənah Vaqif, Cəfərqulu xan Nəva, Ağa Məsih Şirvani, Hüseyn xan Müştaq, Hacı Çələbi xan, Şahsevən Əhməd xan. Üçüzvlü, yaxud şəxs adı, ata adı, “oğlu” antropoformantından (“oğlu” formantı, əsasən, nəsil, familiya məqamında işlədilirdi) ibarət antrotoponimlər: Əhməd Boşqara oğlu, Vəli Sarı oğlu, Yolçu Həsən oğlu, Məhəmməd Verdi oğlu, Aqil Qoca oğlu və s.
Çoxüzvlü, yaxud şəxs adı, ata adı, familiya, təxəllüs və tituldan ibarət olan antroponimlər: Mirzə Məhəmməd ibn Məhəmməd Nasir Əstrabadi Kövkəb, Kərbəlayi Allahi Arif Şirvani, Mirzə Fətəli Axundzadə (Axundov) Səbuhi, Abbasqulu ağa Bakıxanov Qüdsi, Mirzə Cəfər Topçubaşov, Nasir Mustafa ağa Qiyasbəyov, Molla ağa Hacı Tağızadə, Məşhədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə, Hacı Seyid Rza Əmirzadə, Mirzə Əbdürrəhim Şeyx Abutalıbzadə, Məhəmməd Pəri Nazzadə və s.
II. MÜASİR AZƏRBAYCAN ŞƏXS ADLARI. Müasir Azərbaycan şəxs adları dedikdə müasir mərhələdə xalqımız arasında geniş yayılmış ahəngdar, müsbət mənalı minlərlə antroponimlərimiz nəzərdə tutulur. Müasir dövrdə antroponimlərimizin inkişafı tarixini izləmək məqsədilə 1980-ci illərdə Azərbaycan və Gürcüstan Respublikalarının Qazax, Bolnisi, Marneuli, Dmanisi, Qardabani və Laqodexi rayonlarının bir sıra kənd sovetliklərinin Təsərrüfat kitabları əsasında araşdırmalar aparmışıq. Həmin araşdırmalar zamanı təxminən 20 minə yaxın Azərbaycan şəxs adları nəzərdən keçirilmişdir. O cümlədən, kişi adları 9758, qadın adları isə 10083. Müşahidə etdiyimiz areallada 9758 kişiyə ad vermək üçün 972, 10083 qadına ad vermək üçün 863 antroponimdən istifadə olunmuşdur.
Zəngin, çoxcəhətli və maraqlı xüsusiyyətlərə malik olan müasir Azərbaycan antroponimləri semantik cəhətdən ümumi adlardan fərqlənir. “Adların semantikası onların daşıdığı informasiyadan (mənadan -M.Ç.), onun dil, nitq və xüsusi onomastik funksiyasından, üslubi və estetik mənasından irəli gəlir”. “Deməli, onomaloji semantika - semantikanın tamamilə xüsusi, dil və nitq səviyyəsində özünü göstədən tipidir”. Burada bir cəhəti də qeyd etmək lazımdır ki, antroponim - şəxs adı semantik nöqteyi-nəzərdən həmin adı daşıyan adamın xarakteri ilə əlaqədar deyil. “Təbii ki, antroponim həmin adı daşıyan adamın şəxsi əlamətlərini əks etdirə bilməz və əks etdirmir...”.
Müəllifin öhdəsində olan minlərlə şəxs adları kataloqundakı antroponimlərin hamısı da həyat və məişətin bu və ya digər sahəsini əks etdirən ümumişlək sözlər əsasında formalaşmış, tarix boyu xalqımızın ünsiyyətinə xidmət etmişdir.
Müasir dövr antroponimiyamız üçün səciyyəvi olan əsas cəhət ölkədə baş verən yeni ictimai-siyasi və iqtisadi dəyişikliklərdə (İnqilab, Zəfər, Aprel), maarif və mədəniyyət anlayışları ilə (Maarif, Mədəni, Alim), İnqilab rəhbərlərinin və dövlət xadimlərinin adları ilə (Nəriman, Əzizbəyov, Telman) ilə əlaqədar olaraq bir qrup adların yaranması; həmçinin, mətbuat, radio və televziya verilişləri, kinofilmlərin nümayiş etdirilməsi və bədii tərcümə vasitəsi ilə başqa dillərin antroponimiyasından alınan adlarla (Hamlet, Ofeliya, Roza, Raya, Rima, Qalya, Valya) səciyyələnir. Bütün bunlara baxmayaraq, aparıcılıq rolunu yenə də milli adlarımız özündə saxlayır. Şübhəsiz ki, bu da antroponimiyamızın qədim kökə möhkəm bağ-lılığı ilə əlaqədardır. Başqa sözlə desək, antroponimiyamız Ana dilinin öz daxili imkanları hesabına daha da zənginləşir.
Valideynlər öz övladlarına - oğlanlarına ərlərə layiq igidlik, qəhrəmanlıq, mərdlik, qoçaqlıq, comərtlik, cəsarətlilik anlayışlarını özündə təcəssüm etdirən adlar verir; qızlarına isə folklorumuzda və klassik ədəbiyyatda dedildiyi kimi, qadını həyatın özülü və bəzəyi, səadət mənbəyi, şərəfli ana hesab edərək. Qadınlara məxsus saf məhəbbət, ağıllı və müdrik məsləhət, ismət və gözəllik mücəssiməsi, incəlik və zəriflik, namusluluq və qeyrətlilik kimi mənəvi anlayışları özündə birləşdirən ahəngdar və məzmunlu adlar qoyurlar: Nüşabə, Leyli, Şirin, Tomiris, Güləndam, Selcan, Təranə, Dürdanə, Hüsniyə, Aygül, Aynur, Elgül və s.
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 76-111.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.