ZiM.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə görkəmli ədəbiyyatşünas alimin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq görkəmli alim Qəzənfər Paşayevin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb, alimin hamı tərəfindən eşidilən, rəğbətlə qarşılanan ziyalı olduğunu söyləyib. “Qəzənfər müəllimin hər bir yazısı, əsəri ədəbiyyatda bir hadisəyə çevrilir. Çünki o hər şeydən yazmayıb, yazanda da elə sanballı, elə dəyərli əsərlər ortaya qoyub ki, bu əsərlər zaman-zaman sevilərək oxunacaq. Bir sıra alimlərə, ədiblərə onun açıq məktubları var ki, bunları bir yerə yığsaq, böyük bir əsər ortaya çıxar”, - deyə K.Tahirov qeyd edib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli professor Qəzənfər Paşayevin elmi fəaliyyətindən, Nəsimi irsinin araşdırmaçısı kimi elmimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Qəzənfər Paşayev əsərlərində Kərkük ədəbiyyatını Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi vermiş, ölkəmizdə Kərkükşünaslıq elminin əsaslarını yaratmışdır. Ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq “Nəsimi divanının İraq nüsxəsi”ni aşkara çıxararaq nəşr etdirib və tədqiq edib öyrənmişdir. Klassik Azərbaycan və Kərkük ədəbiyyatına dair əsərlərində Qəzənfər müəllim mövzunu dərindən öyrənməsi, materiala yaxından bələdliyi, səviyyəli şəkildə təqdim etməsi ilə yadda qalır.
Akademik “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin Nəsimişünaslıq elminə böyük töhfə olduğunu, Nəsiminin bir daha Azərbaycan ədəbiyyatına məxsus olduğunu sübut etdiyini qeyd edib.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayeva Milli Kitabxananın rəhbərliyinə tədbirin təşəbbüskarı olduğu üçün minnətdarlığını bildirib, kitabların Azərbaycan ədəbiyyatına və elminə böyük töhfə olduğunu, respublika kitabxanalarına, universitetlərinə paylanılacağını və növbəti tirajla çap olunacağını söyləyib.
Kitabın ərsəyə gəlməsində maddi-mənəvi dəstəyini əsirgəməyən tanınmış iş adamı - “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü, filosof Tahir Gözəl Nəsimi irsinin özəlliklərindən danışıb və bu nəşrə dəstək olduqları üçün məmnunluğunu dilə gətirib və Nəsimi yaradıcılığından geniş söz açıb.
Qeyd edilib ki, Qəzənfər paşayevin Kərkük ədəbi isrinə olan sevdasının nəticəsidir ki, bu kitab oxucuların ixtiyarına verilib.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, professor Rəhim Əliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktor müavini, şair-publisist Vaqif Bəhmənli və başqaları çıxış edərək görkəmli Azərbaycan ziyalısı, ədəbiyyatşünaslıq elminin ağsaqqalı, professor Qəzənfər Paşayevə elmimizin və ictimai fikrimizin inkişafındakı rolundan danışıblar və ona fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə Şamaxıdan gəlmiş və Nəsiminin üç minə qədər qəzəlini əzbər bilən Hacı Fərəc Əliyev ustadın qəzəlini səsləndirib.
Sonda professor Qəzənfər Paşayev çıxış edərə kitabın ərsəyə gəlməsindən, xüsusilə də İraq divanının necə tapılmasından söhbət açıb. Alim bildirib ki, latın qrafikasında işıq üzü görmüş bu kitab Nəsimini daha geniş auditoriyaya çatdırılmasına kömək olacaq. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də tədbirin təşkilatçılarına və bütün iştirakçılarına, xüsusilə də onun yaradıcılığı ilə bağlı xoş sözlər səsləndirən alimlərə öz təşəkkürünü bildirib.
Tədbir başa çatdıqdan sonra professor Qəzənfər Paşayevilə xatirə şəkli çəkilib və ziyalıya bundan sonrakı yaradıcılığında bir daha yeni-yeni nailiyyətlər arzulanıb.
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.