QAZAX-BORÇALI İGİDLƏRİNİN ROMAN TƏCƏSSÜMÜ

QAZAX-BORÇALI İGİDLƏRİNİN ROMAN TƏCƏSSÜMÜ Kitablar aləmində

2005-ci ilin yay fəsli idi, Türkiyənin Ərzurum şəhərində düzənlənən beynəlxalq elmi simpoziumda iştirak edirdim. Tədbirin təşkilatçısı Əli Qafqazyalı (Ali Kafkasyalı) məni, Azərbaycandan Əflatun Saraçlıyı, Məhərrəm Qasımlıyı evinə dəvət etmişdi. Əli müəllimin “Qafqazyalı” soyadının kökəni ilə maraqlandıq. Söhbət yumaq sayağı çözülməyə başladı. Əli müəllimin əsli Azərbaycanın Qazax bölgəsinin İkinci Şıxlı kəndindəndir. Babası Məmməd Kişi 1921-ci ildə Sovet Qızıl Ordusunun Gürcüstana geçişi əsnasında öldürülmüş, atası Hacı Kişi öc almaq məqsədilə başına qoçaqlar toplamaqla Sovet rejiminə qarşı çıxaraq, Qazax, Borçalı, Türkiyə dolaylarında igidliklər göstərmiş, 1930-cu illərdə Türkiyəyə köçərək Qars şəhərində məskunlaşmıştır.

Türkiyədə yenicə işıq üzü görmüş “Qafqaz qoçaqları” (Kafkas Koçakları) kitab-romanında bir ailənin Qazaxdan Qarsa köç taleyi kəlmələrə axıdılır.


Bu sənədli-bədii romanın yazarı Əli Qafqazyalı 1953-cü il Qars doğumlu olub burada boya başa çatmışdır. 1974-cü ildə Rize müəllimlik litseyini, 1977-ci ildə Bursa Təhsil İnstitutunu bitirdikdən sonra Qars, Rize, Diyarbəkir vilayətlərində müəllim işləmişdir. 1990-cı ildə Ərzurum Atatürk Universiteti Türk dili və ədəbiyatı müəllimliği proqramını tamamladıqdan sonra bir müddət Fransada çalışmışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin magistraturasına daxil olaraq, professor Azad Nəbiyevin elmi rəhbərliyilə magistraturanı tamamlamış, 1996-cı ildə “Aşıq Mikayıl Azaflının yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi qazanmışdır. 1997-ci ildən Ərzurum Atatürk Universitetində yardımçı dosent, 2007-ci ildən dosent və 2012-ci ildən professor vəzifələrində çalışmaqdadır. Bir müddət Giresun Universitetində Fənn-Ədəbiyyat (dəqiq və sosial elmlər) fakültəsi dekanı vəzifəsini yerinə yetirmişdir. Hal-hazırda Ərzurum Atatürk Universiteti Eğitim (təhsil) Fakültəsinin professorudur. “Sürgündəki aşıqlıq gələnəyi”, “İran coğrafiyasında Türklər”, “İran Türk aşıqları və milli kimlik”, “İran Türkləri aşıq mühitləri”, “İran Türk ədəbiyatı antologiyası”, “Mikayıl Azaflının həyatı, sənəti, əsərləri”, “Azərbaycanın alim qadınları”, “Çağdaş Azərbaycan qadın sənətkarları”, “Qoca qartal Azaflı” vs kitabların müəllifidir.

“Qafqaz qoçaqları” sənədli romanı bu yaxınlarda Anqarada “Karınca” nəşriyatında nəfis şəkildə yayımlanmışdır. Müəllif əsəri Bolşevik zülmünün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qoçaqlarının əziz xatirələrinə ithaf etdiyini qeyd edərək: “Qəhrəmanların dastanları yazılmazsa, xalq satqınların yalanlarını oxuyar” deyə əlavə etmişdir.

Əlbəttə, el qəhrəmanları haqqında biz daha çox qaçaqlar sözünü işlətməyə alışmışıq. Bu kitab-romanın sərlövhəsindəki qoçaqlar deyiminin anlamını müəllif əsərin təqdimat hissəsində belə izah edir: “Bolşevik inqilabı sonrası Qafqazda müxtəlif dəstələr meydana gəldi: Türkiyəyə qaçıb dövlətin verdiyi payı alıb geridə qalanları və keçmişi unudaraq orada yaşayan qaçaqlar. Dəyəri olmayan bir həyat yaşamaq, sadəcə canlılıqlarını davam etdirmək üçün hər cür xainliklə məşğul olan alçaqlar. Zülmə qarşı səbr olmaz deyib bolşevik Sovet əsarətinə qarşı savaşan qoçaqlar”. Müəllif özü əsərini “qorxaqların, alçaqların xəyanətini, qaçaqların, qoçaqların qəhrəmanlığını və fədakarlığını tamamilə gerçəklərə söykənərək anladan bir sənədli roman” olaraq səciyələndirir.
Romanda zaman 1917-ci il Sosialist inqilabından etibarən 1934-cü ilə qədərki bir dövrü əhatə edir.
Əsərin süjet axışını Şıxlılı Aloy Hacının başından keçənlər – Sovet rejiminə qarşı mübarizələri, Qazax, Borçalı yörələrində, Çıldır, Qars həndəvərlərindəki igidlikləri təşkil edir.

Aloy Hacının atası Məmməd Baba olaraq bilinən Şıxlı Məhəmməd Bayram oğlu kənddə özünümüdafiə birliyi qurmuş, Sovet Ordusunun Gürcüstana keçmək üzərə Azərbaycan sərhədinə yaxınlaşdığında düşmən gülləsinə tuş gəlmişdi. Məmməd Babanın əlindəki tüfəng Nuri Paşanın Ordusu Bakıya gedərkən ayaq barmaqları donduğuna görə İkinci Şıxlı kəndində qalan və uzun müddət müalicə olunduqdan sonra Türkiyəyə qayıdan Türk zabitlərdən birinin hədiyyə etdiyi Osmanlı tüfəngi olmuşdur.

Baş qəhrəman İkinci Şıxlı kəndindən qorxu-hürkü bilməz mərd Aloy Hacıdır. Olayların məhvərində o dayanır. Aloy ləqəbi qarapapaq şivəsində alov, od, atəş anlamlı “aloy” sözündən törəmədir. Atasının Sovet ordusu əsgərləri tərəfindən qətlə yetirilməsindən sonra əlinə silah alıb düşmənə qarşı mücadiləyə başlamışdır. Hakim və müzəffər bir sərkərdə tavrına malik Aloy Hacı həbsxanadan qaçmağa müyəssər olmuş, illər boyu dağlara sığınmış, kommunist üsul-idarəsinə qarşı savaşmış, tez-tez Türkiyəyə gedib gəlmişdir, Rus və Erməni təqibçilərə qan qusdurmuşdur. Sovet yönətimi kommunist düzən qurmaq adına Aloy Hacıgilin bütün mal varlıqlarını, öküzlərini, camışlarını, beş yüzdən artıq qoyun sürüsünü, xalı, kilim və qiymətli əşyalarını, xülasə köpəklər, eşşəklər və bir neçə axsaq qoyundan başqa bir şeyi qalmayan ata ocağını söndürmüşdü. Millətini, vətənini sevən, dini və milli dəyərlərə bağlı, igidliyi və dik duruşuyla böyük kiçik hər kəsin hörmətinin qazanmış bu cəsur qoçağın fədakarlıqlarıyla öyünməyə haqqımız var.
Rəğbət doğuran surətlərdən biri dəstə başçısı Qoçaq Nurudur. Onun şöhrəti Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyəyə yayılmışdı. Qafqaz Türk ləhcələriylə birlikdə Rusca və Ermənicə də bilmişdir. Aloy Hacı ilə birlikdə on il dağlarda dolaşmışdır. Bir çox Türk düşmənini, vətən, millət xainini ortadan qaldırmışdır. Təcrübəli, zəkalı, insaf və mərhəməti əldən buraxmayan, düşməni belə arxadan vurmayan, dinc, çevik bir qəhrəmandır.
Romanda hadisələr Azərbaycanın Qazax bölgəsində başlayıb Türkiyənin Qars bölgəsində bitir. Eyni zamanda əhvalatların çox qismi Gürcüstanda cərəyan edir. Xüsusən “Aloy Hacının Gürcüstana qaçışı”, “Qafqaz qoçaqlarının intiqam üçün Qazax-Borçalıya gedişi”, “Qafqaz qoçaqlarının Çeka rəisini öldürməsi”, “Gürcüstan səfəri”, “Minbaşı Qəhrəman Paşazadənin Tiflisdən qaçırılması” və digər bölümlərdə olayların cərəyan mərkəzi Gürcüstandır.
Bu vəsiləylə əsərdə Gürcüstan məkan obrazı çoxişləkdir.
Kür çayı belə tərif edilir: “Öncə Gürcüstana keçən Kür nəhri Tiflisi addım-addım dolaşdıqdan sonra Borçalı bölgəsinə yönəlir. Borçalı kəndlərinə yetişincə sanki onlardan uzaqlaşmaq istəməz kimi Borçalıya qədər tək məcrada irəlilədiyi halda Qarayazı, İlməzli, Kosalı, Kəpənəkçi, Nazarlı ovalarından ayrılmaq istəməz”.
Əsərdə “amacımız xalqın məruz qaldığı zülmün qarşısını almaq, məzlumları qorumaq, onların intiqamını almaqdır” şüarıyla hərəkət edən qoçaqların sığınma, barınma yeri Borçalı ormanındakı Dəvə Boynu dərəsidir. Buraya ilk olaraq Əmiraslan Tomtullu, Sədi Tomtullu, Aslan Gülalı oğlu, Əmrah Gülalı oğlu, Aloy Hacı, İbrahim Tamıoğlu, Hacıxəlil, Mehdi bəy, bir az sonra Məhəmməd Qarabağlı gəlirlər.
Romanda Tiflis, Rustavi şəhərləri, Arıxlı, İlməzli, Keşəli, Kirəç-Muğanlı, Lecbəddin, Ləmbəli, Nazarlı-Kosalı, Sadaxlı kəndləri, Borçalı ormanı, Faxralı ormanı, Qarayazı ormanı, Qozluq ormanı, Keşəli kolluğu, Salahlı kolluğu, Ağstafa qoruğu, Ağlağan, Alagöz (Ələyəz), Göydağ, Qaraxaç, Ləlvər, Lök dağları, Tüklüburun təpəsi, Dağdaş qayası, Kəklik qayası, Qarğıdalı düzü, Çömçə dərəsi, Dəvə Boynu dərəsi, Matos dərəsi, Oy dərəsi, Qazax yaylaqları, Yağılca yaylaqları, Dilican yolu, Hayvalı Yalı, Daş Körpü, İmir Körpüsü, Sınıq Körpü, Xram çayı, Kür irmağı, Qarabulaq çayı, Qaraxan çayı, Aran çalası, Xram çalası, Tiflis Cümə Məscidi, Meydan, Narınqala, Orbeliani hamamı, Şeytanbazar, Şah Abbas Məscidi vs toponimlərə rast gəlirik.
Əsərdə Məmməd Babanın, Aloy Hacının səmimi dostları, silahdaşları cərgəsində Gürcüstanlıları da görürük. Onlardan biri əsərdə böyük hörmətlə xatırlanan Lecbəddinli Məhəmməd Qarabağlıdır. Məmməd Babanın cənazə mərasimində Məhəmməd Qarabağlı başda olmaqla Borçalıdan bir çox insanlar da iştirak etmişdir. Məhəmməd Qarabağlı Qazaxlılara üz tutub: – Biz Gürcüstan Türkləri sizinlə nəfəs alırıq, – deyir.
Diqqəti çəkən bir fakt: Qazax-Borçalı bölgəsinin Sovet əleyhdarları olan qeyrətli kişiləri məsləhətləşmələr üçün Lecbəddin kəndində Məhəmməd Qarabağlının evində yığışırlar. Bu toplantıda “Bir millətin alimlərini, ziyalılarını, zənginlərini, sənətkarlarını aradan qaldırmaq o milləti sürü halına gətirmək deməkdir” fikrini irəli sürən Məhəmməd Qarabağlı giley-güzarını belə ifadə edir: “Sanki fabrikimiz var, neft quyularımız var. Bir neçə qoyun, bir neçə tarla ilə burjuamı olunur. Boş sahələrdə qoyun-quzu bəsləməklə xalqa pislikmi edirik. Onlarca kimsə bizimlə çörək yeyir. Nökərlərdən ikisinin uşağını Qori seminariyasında oxuduram”.
Əsərdən önəmli bir fakt da üzə çıxır. Qarsdakı ünlü Qarabağlı karvansarayının sahibləri Lecbəddinli Qarabağlı sülaləsinin törəmələri olmuşlar. Karvansaray sahibi Mahmud Qarabağlı, qardaşıoğlu Həmzə Qarabağlı əsərdə ehtiramla anılır.
Gürcüstanlı obrazlar sırasında Arıxlıdan Koxalı Hacıxəlil, Arıxlı İsa bəy, pəhləvan cüssəli Gülməmməd oğlu Əli, Şəfi, Keşəli Süleyman Əfəndi, Qarayazılı Binnət, Lecbəddinli Əhməd Əfəndi, Ləmbəli Süleyman, Sadaxlı Osman, Yırğançaylı Hasan ağa, eləcə də yüzbaşı Gürcü Vaso, Tiflisdə tərcüməçi çalışmış Kamal və başqalarının mərdanəliyi əsərdə önəmli yer tutur. Yırğançaylı Hasan ağa mərd igid, Qoçaq Nuru dəstəsinin sədaqətli qəhrəmanı, Aloy Hacının vəfakar dostu olaraq təqdim edilir.
Arıxlı kəndindən məşhur Koxalı Hacıxəlilin xarakteri əsərdə dolğun yaradılmışdır. Gəncliyində Xram çayı sahillərində qaçaq dəstəsi qurmuş olan Hacıxəlil sonra Qoçaq Nurunun, Aloy Hacının və başqalarının da daxil olduğu dəstəyə qoşulmuş, Türkiyəyə keçmiş, mühacir (köçkün) haqqlarından faydalanaraq Ərdahan Gölə yaxınlığındakı Boğatəpə kəndində yerləşmişdir. Hacıxəlilin dəstə üzvlərindən İsa bəy, Koxalı Rəhim, Qurban ağa, Mansır ağa, Qarayazılı İsmayıl, Hümmət Təmənoğlu qardaşları barədə də kitabda oxunaqlı parçalar vardır.
Romanda müsbət obrazlarla mənfi obrazlar xeyir ilə şər kimi yanyanadır. Lələ ləqəbli Qarayazı istihbarat rəisinin öldürülməsi, casus İt Dişli Vəlinin öldürülməsi bölümlərində vəzifə, şöhrət, pul-para üçün şərəfini, namusunu satan, daha doğrusu, xalqımıza xəyanət edən bu cür alçaqların iç üzü açılır. Sovet yönətimi kütlələrə zülmü artırmış, şəhər və kəndlərimizdə kişiləri, qadınları, gəlinləri, uşaqları sürgünə göndərmişdilər, ailə ocaqlarını söndürmüşdülər. Qarayazılı İsmayıl Təmənoğlunun xanımı Güləndamın diliylə bu cür şər qüvvələr belə ifşa olunur: – Xalqını satan alçaq, şərəfsiz, Rusun köpəyi. Ürəyin varsa Rus yoldaşlarınla bərabər qoçaqların önünə çıxın. Bu qamçıların hesabı səndən soruşulacaqdır.
Əsərdə Qazax-Borçalıdan Qarsa doğru qaçaqaç köçləri, qarapapaq-tərəkəmə ailələrinin Qars yörələrində məskən qurmaları sənədli dillə təhkiyə olunur: “Mustafa Kamal Atatürk Qafqazdan gələn hər kəsə ev vermiş, işyeri vermiş, kəndlərə yerləşənlərə hazır evlər, tarlalar, çayırlar, yaylaqlar vermişdir. Məsələn, Nəbi Yurdu yaylağını Hümmətgilə, İsa Çayırı yaylağını Darçınlı Yasinə, Giziroğlu yaylağını Şamiloğullarına, Börülük yaylağını İman və Şevqi bəyə, Boğatəpə yaylağını Görarxı Ayvazoğlu, Kəpənəkçi, Koxalı, Qoçulu kimi on böyük ailəyə vermişdir. Eləcə də Qarsın bütün ətraf kəndləri və mərkəzdəki bir çox məhəllə bizim buradan gedən adamlarla məskundur. Qarsda gəzdikcə insan özünü Qazaxda, Gəncədə, Tiflisdə zənn edir”.
Əsərdə qoçaqların sazsevərliyi, ozan məclislərində Səməd Vurğunun, Çıldırlı Aşıq Şenlikin şeirləri üstündə aşıq mahnıları oxunması, Dərya Məhəmmədin, Şərif Şikəstənin məclisləri, qurutlu xəngəl, Gürcü xəngəli, Tərəkəmə kətəsi, fəsəli, sup xarço, xaçapuri süfrəsi etnoqrafiya, aşıq sənəti, folklor motifləri olaraq diqqəti çəkir.
Romanda sənədlilik nə qədər əyani, bilinən faktlara söykəncəlidirsə, bədiilik də bir o qədər kamildir, güclüdür. Burada təbiət gözəlliklərinin, qəhrəmanlıq səhnələrinin bədii təzahürü canlıdır, zəngindir.

Örnək olaraq, Qafqaz sıra dağlarının təsviri: “Məclislərin üst başında oturub Oğuz ellərinə boy boylayıb soy soylayan Dədə Qorqud kimi Qafqaz dağları – əfsanəvi Qaf Dağı da Qafqazların mərkəzinə qurulub göylərə baş çəkən bəyaz papağı, Qaradəniz sahillərindən Xəzər sahillərinə, Ərzurum yaylaqlarından Təbriz önlərinə qədər yayılan yaşıl çəmənləriylə Qafqaz xalqlarını himayə edib onlara həyat verməkdədir”.
Yaxud təbiət peyzajı: “Xallı kəpənəklər bir tərəfdən çiçəklərdən öpüş alıb göyə uçarkən bir tərəfdən də birbiriləriylə cilvələşməkdədir. Bir neçə yabanı arı da onlar kimi çiçəkdən çiçəyə qonub çiçək ətri əmir”.

Əzizim canım ata,
Damarda qanım ata,
Vətən üçün can verdin,
Şərəfim şanım ata.

Gül adamlar,
Çığ düşər gülə damlar,
Əl ələ verib getti
O igid gül adamlar.

Əzizim arxa haray,
Su gəlir arxa, haray,
Qəribəm yad ölkədə,
Çağırram arxa haray, –

bayatı örnəkləri təsvir edilən hadisələrlə bədii baxımdan uyumludur.

Əsərdə dahi Nizami Gəncəlidən bu misralar örnək gətirilir:

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yerüzünün fatehi ədalətdir, ədalət.
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
Ədalət səadətlə abad eylər ölkəni.

Bu misralarda keçən zülmkarlığa nifrət və ədalətin qələbəsi Əli Qafqazyalının sözü gedən sənədli-bədii əsərinin də başlıca qayəsinə çevrilir.
“Qafqaz qoçaqları” romanı yazar, ədəbiyyatşünas Məti Osmanoğlu tərəfindən Azərbaycan dilinə də uyğunlaşdırılıb nəşr həyatını gözləyir.
Türkiyə oxucusunun rəğbətlə qarşılayıb yüksək dəyərləndirdiyi bu əsər Azərbaycan oxucularına da qiymətli ərmağan olacaqdır.

Şurəddin MƏMMƏDLİ,
filologiya elmləri doktoru, Ardahan Universitetinin professoru.
“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
Türkiyə Respublikasındakı nümayəndəliyin rəhbəri,

Türkiyə.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: